15 Mart 2025

Şənbə, 00:37

QƏRİBƏ TƏSADÜF

ABŞ konqresinin komitəsində qondarma "erməni soyqırımı"nın tanınması, Türkiyədə Kürd terrorçularının aktivləşməsi ilə üst-üstə düşdü

Müəllif:

15.10.2007

ABŞ Konqresinin NümayƏndƏlƏr Palatasının Xarici Əlaqələr Komitəsi Osmanlı İmperiyasında ermənilərin guya soyqırıma məruz qaldığını əks etdirən qətnamənin lehinə səs verib, "erməni soyqırımı" ilə bağlı qərar layihəsini qəbul etdi. "Konqres ABŞ prezidentini, hər il erməni soyqırımının ildönümündə - aprelin 24-də səsləndirdiyi ənənəvi müraciətində, milyon yarım erməninin sistematik və qəsdlə məhv olunmasını, soyqırım kimi qiymətləndirməyə çağırır", - deyə qətnamədə bildirilir.

Qeyd edək ki, bu qətnamənin qəbul olunduğu iclasdan 3 saat əvvəl prezident Corc Buş konqresmenlərə müraciət edərək, onları sənədin əleyhinə səs verməyə çağırmışdı. "Biz hamımız 1915-ci ildə baş vermiş faciəli hadisələrə görə, təəssüf edirik. Amma bu qətnamə, tarixə məxsus olan kütləvi qətllərə doğru cavab deyil və o bizim NATO üzrə əsas müttəfiqlərimizdən biri ilə münasibətlərimizə və terrorla qlobal müharibəyə böyük zərbə olardı", - deyə ABŞ prezidenti bəyan edib.

Dövlət katibi Kondoliza Rays və ABŞ-ın müdafiə naziri Robert Geys də Konqresə ünvanladıqları məktubda "soyqırım" haqqında qətnamənin qəbulunun "ABŞ-ın milli maraqlarına təhlükə yaradacağını" vurğulayıblar.

Bundan başqa, vaxtilə dövlət katibi postunu tutmuş 8 diplomat, o cümlədən Genri Kissincer, Kolin Pauell, Madlen Olbrayt, Ceyms Beyker və digərləri də konqressmenlərə müraciət imzalayaraq, qətnamənin əleyhinə səs verilməsini istəmişdilər. 

Bu qətnamənin müzakirəsi Türkiyənin özündə də hiddətlə qarşılandı. Corc Buşla telefon söhbətində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq etdi ki, Konqresin bu addımı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərəcək.

Prezident Abdulla Gülün C.Buşa ünvanladığı xəbərdarlıqda da eyni fikir səslənib və qondarma "soyqırım" haqqında layihənin "mənfi təsiri"nə diqqət yetirmək tövsiyə olunub. 

Qeyd edək ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınması, Türkiyə ərazisindəki kürt terrorçularının aktivləşməsi ilə eyni vaxta təsadüf edir. Yalnız son terror aktı nəticəsində 13 nəfər türk hərbçisi həlak olub. Bəzi konqresmenlərin fəallığının, terrorçu Kürd Fəhlə Partiyasının (erməni lobbisi bu təşkilatı da dəstəkləyir) aktivliyi ilə eyni vaxta təsadüf etməsi bir sıra suallar ortaya çıxarır. Bu sualların cavabını isə "Region+" növbəti sayında analiz etməyə çalışacaq.


MƏSLƏHƏT GÖR:

347