14 Mart 2025

Cümə, 22:41

BRAVO, SER ELTON!

Bakıda əfsanəvi musiqiçi ser Elton Conun konserti keçirildi

Müəllif:

01.10.2007

Bədxahların söz-söhbətlərinə baxmayaraq, Bakıda əfsanəvi Britaniya ifaçısı Elton Conun konserti baş tutdu! Tofiq Bəhramov adına Respublika stadionunda çıxış edən Britaniya imperiyası ordeni komandoru və əlahəzrət İngiltərə kraliçasının cəngavər tituluna layiq gördüyü ser Elton Con bir daha sübut etdi ki, 60 yaşı olmasına baxmayaraq, səsi əvvəlki kimi gurdur, barmaqları yenə də royalın dilləri üzərində cövlan edir, hərəkətləri quş kimi yüngüldür, geyimləri isə qeyri-adidir. 

Əsl adı Redjinald Kennet Duaytdır və artıq az qala 40 ildir ki, səhnədədir. Bu müddət ərzində 250 milyon səs yazısı satmağa nail olduğundan, bütün dövrlərin kommersiya baxımından ən uğurlu müğənnilərindən biri sayılır. Qeyd edək ki, planetin ən qeyri-adi ifaçılarından birinin Bakıya gəlişini Heydər Əliyev Fondu təşkil etmişdi. 

Planlaşdırılan konsertdən bir neçə gün qabaq Bakıya tədbirin bilavasitə təşkili ilə məşğul olan böyük bir nümayəndə heyəti gəldi. 10 yük maşını Bakıya işıqlandırma texnikası və səhnə avadanlığı çatdırdı. Qalan supermüasir avadanlığı müğənninin komandası xüsusi yük təyyarəsilə gətirdi. E.Con isə Bakıya bilavasitə konsert günü şəxsi təyyarəsində gəldi və "Hyatt Regency" otelinin prezident otağında yerləşdirildi. Buna qədər o, Soçidə və Moskvada çıxış etmiş, Soçidə "Soçi-2007" Altıncı Beynəlxalq İnvestisiya Forumu çərçivəsində möhtəşəm "Soçi. Qələbələr zamanı!" buz şousunda iştirak etmişdi.    

Məxsusi olaraq bu konsert üçün T.Bəhramov adına stadionda 26 000 mövcud yerdən başqa, səhnənin qarşısında 400 VİP-persona üçün tamaşaçı meydançası qurulmuşdu. Təhlükəsizlik məqsədilə bir neçə sıra mühafizəçi düzülmüşdü. Stadionun girişində polis tamaşaçıları diqqətlə yoxlayırdı. VİP-qonaqların arasında bütün elitanı - nazirləri, yüksək səviyyəli məmurları, incəsənət ustalarını, şou-biznes nümayəndələrini görmək mümkün idi. 

Konsertə Azərbaycan Prezidenti İlham Əliyev və birinci ledi Mehriban Əliyeva da təşrif gətirmişdilər. Müğənni səhnəyə dövlət başçısı və ölkənin birinci xanımı öz yerlərini tutandan beş dəqiqə sonra çıxdı.

Ser Elton Con tamaşaçıların qarşısında üstündə parıldayan bəzəklər olan qara uzunətəkli pencəkdə, göy lampaslı qara şalvarda, parlaq göy köynəkdə və daim taxdığı qara eynəkdə göründü. Sinəsini naxışlarla işlənmiş qızıl xaç bəzəyirdi. Tamaşaçılar onun ilk mahnılarını, o cümlədən hələ 70-ci illərdə yazılan  "Rocket man" mahnısını alqışlarla qarşıladılar. Ser Eltonun mahnılar arasındakı fasilədə mikrofona "sağ olun!" deməsi hamını məftun etdi. Növbəti məşhur "Sacrifice" kompozisiyasını tamaşaçılar artıq ayaq üstə dinləyirdilər. Konsertdə bu yaxınlarda vəfat etmiş möhtəşəm opera müğənnisi Luçano Pavarottiyə həsr olunmuş mahnı da səsləndi. Demək olar ki, 2 saat davam edən konsert ərzində Elton Con təxminən 20 mahnı ifa etdi. Onların arasında  "Crocodile rock", "I'm still standing", "Don't let the sun go down on me", "Blessed" kimi məşhur hitlər də vardı. 

Mərhum şahzadə Dianaya həsr olunmuş "Candle in the wind" kompozisiyası dinləyicilərin xüsusilə ürəyindən oldu. Hər yerdə ənənəvi alışqan alovlarını mobil telefonların yanan ekranları əvəz etdi. İşıqlanan nöqtələrdən görü-nürdü, müğənninin sadiq pərəstişkarları stadionun kənarından belə onu izləməkdən həzz alırdılar.


MƏSLƏHƏT GÖR:

465