14 Mart 2025

Cümə, 23:38

BAKI UĞRUNDA DÖYÜŞ

Bakının qafqaz türk islam ordusu tərəfindən sentrokaspi diktaturasından azad edildiyi gündən 89 il keçir

Müəllif:

01.10.2007

17 sentyabr 1918-ci ildƏ AzƏrbaycan Demokratik Respublikasının Milli Şurası tərəfindən formalaşdırılan ilk milli hökumət Gəncədən Bakıya köçdü. Yarım il ərzində hökumət öz səlahiyyətlərini tam həcmdə icra edə bilmirdi. Bakıya - ölkənin siyasi, ictimai və mədəni mərkəzinə sahib olmaq uğrunda şiddətli mübarizə gedirdi. Bu əsrin əvvəllərində olduğu kimi, keçən əsrin əvvəllərində də Bakıda böyük dövlətlərin maraqları çarpazlaşmışdı. Şəhər uğrunda mübarizə yox, əsl müharibə gedirdi. Hər bir müharibədə olduğu kimi, bu müharibədə də bütün vasitələr "yararlı" idi. Yalnız birindən başqa - Azərbaycan xalqının azad və müstəqil olmaq istəyindən. O vaxtdan 89 il keçib.

 

Hamıya lazım olan Bakı

 

Bu hadisələr isə 1917-ci ilin oktyabrında (köhnə stillə), Peterburqda Müvəqqəti hökumətin süqutundan bir həftə sonra Bakıda hakimiyyəti Bakı Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinin (Baksovet) ələ keçirməsi və Stepan Şaumyan başda olmaqla hökumət yaratması ilə başladı. Bu hökumət keçmiş sovet tarixinə "26 Bakı komissarı hökuməti" kimi daxil oldu. Bu hökumətin məqsədlərini onun başçısı 1918-ci ilin iyul ayında Rusiya XKS sədri V.Leninə ünvanladığı teleqramda aydın ifadə etmişdi: "Biz Bakını Rusiya üçün xilas etməliyik". Komissarların Bakını necə "xilas" etmələrini 1918-ci ilin Mart hadisələri əyani şəkildə göstərir. Bu vaxt Bakı, Şamaxı, Quba və başqa bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirilmişdi.

Aprelin 13-də Bakı bolşeviklərinin rəhbəri Stepan Şaumyan Moskvaya təntənəli hesabat verdi: "3 gün - 30, 31 mart və 1 apreldə Bakıda şiddətli döyüşlər getdi. Bir tərəfdən, Qırmızı Qvardiya, bizim yaratdığımız Qırmızı Beynəlmiləl Ordu, qısa müddətdə yenidən qurmağa nail olduğumuz Qırmızı Donanma və erməni milli hissələri, digər tərəfdən isə, çoxlu rus zabitinin də qoşulduğu "müsəlman diviziyası" və "Müsavat" Partiyasının başsılıq etdiyi silahlı müsəlman quldur dəstələri döyüşürdü... Düşmən darmadağın edildi... Bizim silahlı qüvvələrimiz vardı. Təxminən 600 nəfər. "Daşnaksütun"un təxminən 3-4 min nəfərlik milli hissələri də sərəncamımızda idi. Bu sonuncuların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri aşılayırdı... Biz buna şüurlu şəkildə getdik".   

Xatırlatmaq lazımdır ki, bu zaman 1914-cü ildə başlanan və Rusiya, İngiltərə və Fransanın Almaniya və onun müttəfiqlərinə qarşı apardığı Birinci Dünya Müharibəsi hələ davam edirdi. Almaniyanın müttəfiqləri sırasına Türkiyə də daxil idi. Lakin bu müharibə böyük dövlətlərə öz maraqlarını gerçəkləşdirmək uğrunda mübarizə aparmağa mane olmurdu. Onların ən böyük marağı isə, şübhəsiz, Bakıya, daha dəqiq desək, Bakı neftinə sahib olmaq idi. Yuxarıda adı çəkilən raportunda Şaumyan qeyd edirdi: "İndi artıq neft bizim sərəncamımızdadır. Biz ilk üç şxunanı təmsilçimiz Saak Ter-Qabriyelyanla (Stalin onu tanıyır) Həştərxana yola salmışıq. O, Həştərxanda yaşayacaq".

O zaman Bakıdakı Britaniya hərbi missiyasının rəhbəri ingilis generalı Denstervil də açıq danışır. Tiflisdə 1935-ci ildə rus dilində çapdan çıxan "Britaniya imperializmi Bakıda və İranda 1917-1918-ci illərdə" xatirələr kitabında general yazır: "Beləliklə, planımız Xəzər dənizi üzərində hökmranlıq idi, buna isə yalnız Bakını işğal etməklə nail ola biləcəyimizdən, deməli, bu şəhəri düşmənin əlinə keçməkdən qorumaq lazım gəlirdi. Bakı həddən artıq böyük əhəmiyyətə malik olduğundan, ona yiyələnmək üçün istənilən risk özünü doğruldurdu". Daha sonra: "Bakını ələ keçirməyimiz aşağıdakı nəticələrə gətirib çıxarardı: düşmənin neft ehtiyatlarına çıxışının və Mərkəzi Asiyanın qapılarının bağlanması".  

General onu da iddia edirdi ki, Almaniyanın Lenin, onun vasitəsilə isə Bakı bolşeviklərilə şəhərin almanlara maneəsiz təslim edilməsi barədə razılaşması vardı. "Şəhərin türklər tərəfindən işğalı almanlar üçün ingilislər tərəfindən işğaldan heç də yaxşı deyildi".

Lakin böyük dövlətlərin paytaxtlarında hansı planların qurulmasına baxmayaraq, tarixin axarını geri döndərmək mümkünsüzdür. Xüsusən də orada əsas şey - xalqın istəyi olmadıqda. Azərbaycan xalqı, onun qabaqcıl ziyalıları bir dövlətin istibdadının digər dövlətin işğalı ilə əvəzlənməsinə yol verə bilməzdilər. Xalqın maraqlarının ifaçısı olan Milli Şura ölkənin müstəqilliyini təkbaşına qoruya bilmədiyindən, kömək üçün Türkiyəyə müraciət etdi. Azərbaycana kömək etmək üçün Qafqaz Türk İslam Ordusu yaradıldı və onun tərkibinə azərbaycanlılardan ibarət silahlı hissələr də daxil olundu. Ordu Bakı yürüşünü başladı. 

 

Hakimiyyətin dəyişməsi

 

Paytaxtda bolşevik hakimiyyətinə silahlı müqavimət, Qızıl Ordunun Qafqazdakı məğlubiyyətləri, QİO-nun Bakı istiqamətində uğurla irəliləməsi, Bakı Sovetində təmsil olunan siyasi partiyaların maraqlarının müxtəlifliyi şəhərdə hakimiyyətin dəyişməsinə gətirib çıxardı. 26 Bakı komissarı hökuməti şəhəri müstəqil idarə edə bilmirdi, Rusiyadan isə zəruri hərbi yardım gəlmirdi. Hökumətin opponentləri - eserlər, menşeviklər və daşnaklardan ibarət blok Baksovetin 25 iyul 1918-ci il tarixli fövqəladə toplantısında "İngilislərin Bakıya dəvət edilməsi və bütün sosialist partiyaların təmsilçilərindən hökumət yaradılması" barədə qətnamə qəbul etdi. Qeyd etmək lazımdır ki, üzdəniraq erməni Milli Şurası ingilislərin Bakıya gəlməsinin fəal tərəfdarı idi və onun təmsilçiləri İrandakı Britaniya missiyası ilə əlaqə saxlayırdılar. Bolşeviklər bu koalisiyada iştirakdan imtina etdilər və 31 iyul toplantısında səlahiyətlərindən əl çəkdiklərini bildirdilər. Beləliklə, Bakıda hakimiyyət Müvəqqəti Sentrokaspi Diktaturasının (MSD) əlinə keçdi.

Baksovetin yerli əhaliyə qarşı törətdiyi cinayətlərin ağırlığını dərk edən bolşevik-daşnak rəhbərliyi yaranmış yeni durumda Bakıda qalmağı özü üçün təhlükəli saydı. Şəhərə ingilislərin, yaxud QİO-nun gəlməsi onlara xoşagələn heç nə vəd etmirdi. Odur ki, iyulun 31-də komissarlar gəmiyə minərək, bolşeviklərin əlində olan Həştərxana yollanmaq qərarına gəlsələr də, yola çıxan gəmilər elə həmin gün axşam Sentrokaspi Diktaturasının əmrilə saxlanıldı və geri qaytarıldı, komissarlar isə həbs olundular. Lakin Petrov və Əmirovun dəstələrinin təhdidilə ertəsi gün səhərə yaxın onlar azad edildilər. Bir neçə gündən sonra - avqustun 13-də Şaumyana və onun komandasına "Türkmən" gəmisinə minərək, Həştərxana getməyə icazə verildi. Dənizə çıxandan sonra, gəmi Kasnovodska üz tutdu. Orada komissarlar yerli tətil komitəsinin tələbilə həbs olunaraq,  həbsxanaya salındılar, daha sonra isə güllələndilər. İttihamın bəndlərindən birində deyilirdi ki, komissarlar "əhalini mövcud hakimiyyəti devirməyə çağırırdılar, üsuli-idarənin zor gücünə dəyişdirilməsinə hazırlıq aparırdılar". 

Lakin Bakıdakı yeni hakimiyyət Qafqaz Türk İslam Ordusunu dayandırmaq iqtidarında deyildi. Sentrokaspi qoşunları dalbadal məğlubiyyətlərə məruz qalırdı. İyulun 30-da general Baqratuninin yanında keçirilən hakimiyyət nümayəndələri, siyasi partiya təmsilçiləri və hərbi mütəxəssislərin iştirakı ilə keçirilən hərbi müşavirədə daşnaklar cəbhəyə dərhal 1 000 nəfər göndərməyi vəd etsələr də, cəmi 21 nəfəri səfərbər edə bildilər.  

Qeyd edək ki, əksəriyyəti ermənilərdən ibarət olan MSD qoşunlarına general Dokuçayev komandanlıq edirdi, onun qərargah rəisi isə erməni Avetisov idi. Hərbi nazir postunu artıq adını çəkdiyimiz və milliyyətcə erməni olan general Baqratuni tuturdu. Eserlər, menşeviklər və daşnakların hakimiyyətə gəlişilə ingilis qoşunlarının Bakıya gətirilməsi üçün hazırlıq işləri sürətləndi. Atıq avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ingilis hərbi qulluqçularının ilk qrupu Bakıya gəldi. 

General Denstervil xatirələrində qeyd edir ki, ingilislər Bakının işğalına bir qədər də əvvəl hazırlaşmağa başlamışdılar. Hələ 1917-ci ilin dekabrında o, "İrana səfər etmək üçün missiya hazırlamaq" tapşırığını almışdı. 1918-ci ilin yanvarında Bağdada gələn general burada hərbi kontingent formalaşdırmağa başladı. Yanvarın 27-də 12 zabit, 2 katib və qızıl-gümüş yüklənmiş 41 "Ford" avtomobili dəniz yolu ilə Bakıya getmək üçün Bağdaddan İranın Ənzəli limanına yollandı. General Denstervilin dəstəsi fevralın ortalarında Ənzəliyə çatsa da, o zaman Ənzəliyə nəzarət edən bolşeviklər ingilisləri Bakıya buraxmadılar. General buranı tərk edərək, Həmədana getmək məcburiyyətində qaldı. Yaranan durumu nəzərə alaraq, London Həmədanda qalmağı və Bakıya getmək üçün başqa yollar axtarmağı əmr etdi.

 

"Bakıda vəziyyət qarışıqdır"

 

General Denstervil yazır: "Orada (Bakıda - M.M.) elələri də vardı (xüsusən, ermənilər) ki, şübhəsiz, bizim gəlişimizi gözləyirdilər və irəliləməyimizə yardımçı olmaq üçün bura emissarlar göndərə bilərdilər". Aprelin 23-də generalın yanına Erməni Milli Konqresinin nümayəndəsi (Denstervil dəqiqləşdirir - "ixtisasca həkim") gəldi və Bakıya səfəri tezləşdirməyi xahiş etdi. Söhbət Bakıdan olan Araratins soyadlı bir həkimdən gedir.

Martın axırında 30 piyadadan ibarət dəstə, aprelin əvvəlində isə 12 zabit və bir o qədər də əsgərlə bilikdə general Bayron general Denstervilin sərəncamına verildi. Mayda Həmədana 50 zabit və 150 əsgərdən ibarət daha bir dəstə gəldi. Həmədanda olarkən Denstervil çaparlar vasitəsilə daim Bakıdakı durum barədə məlumat alırdı. Mayın əvvəlində durum belə idi: "...Bakıda vəziyyət qarışıqdır. Bu problemi bütövlükdə Qafqaz problemindən ayrı nəzərdən keçirmək lazımdır. Hazırda erməni koloniyası və bolşeviklər Qafqaz İslam Ordusunun hücumundan müdafiə olunur. Ermənilərə ürəkdən nifrət edən gürcülər onlara kömək etmirlər... Asayişi yalnız qoşun bərpa etməyə qadirdir, qoşunumuz isə yoxdur...". 

Avqustun 17-də Ənzəlidən Bakıya "Prezident Krüger" gəmisilə Denstervilin başçılığı altında ingilislərin əsas qüvvələri gəldi. General öz qərargahı ilə birlikdə "Avropa" otelində (hazırda - "LUKoyl"un Azərbaycan təmsilçiliyi - M.M.)yerləşdi. Lakin ingilis əsgər və zabitlərinin döyüşə girmələri cəbhədəki vəziyyəti heç cür dəyişə bilməzdi - QİO günbəgün Bakıya daha da yaxınlaşırdı. Avqustun 31-i üçün QİO Binəqədi, Digah, Məhəmmədi kəndlərini ələ keçirdi. 

Tezliklə, general Denstervil müqavimətin mənasız olduğunu anladı və sentyabrın 10-da evakuasiya barədə qərar qəbul etdi. Lakin MSD rəhbərliyi ingilislərin şəhəri tərk etmələrinə qadağa qoydu və bildirdi ki, onlar bunu yalnız dinc əhali evakuasiya olunandan sonra edə bilərlər. Dərhal döyüşmək bacarığı və istəyi olmamaqla bağlı qarşılıqlı ittihamlar səsləndirildi.

MSD rəhbərliyi ingilislərin hərəkətlərindən narazılıqlarını açıq ifadə etməyə, onları götürdükləri təəhhüdləri yerinə yetirməməkdə qınamağa başladı. Sentyabrın 4-də Denstervil MSD-dən məktub aldı. Məktubda deyilirdi ki, "Bakıda hakimiyyət devrildikdən sonra, Leninin nümayəndələri burada koalisiya hökuməti yaratmaq istəyir, bizi hər cür hərbi ləvazimatla təchiz etməyi və türklərə qarşı mübarizədə ən səmərəli yardım göstərməyi vəd edirdilər. Bir şərtlə ki, ingilis qoşunları Bakı və ətrafını tərk etsin. Bütün bu müddət ərzində isə siz Bakıya cəmi min nəfərdən bir qədər çox adam və 16 top gətirdiniz".

Sentyabrın 5-də Denstervil MSD-dən olan "müttəfiqlərinə" yazır: "...Mənə məlumat verdilər ki, Bakıda 10000 silahlı müdafiəçi var və onları sadəcə düzgün təşkilatlandırmaq və düşmənin qarşısını almaq üçün ingilislərdən ibarət kiçik yardımçı dəstə ilə möhkəmləndirmək lazımdır. Siz intizam və dəyanət baxımından mənim ümidlərimi doğrultmadınız".

Digər bir məktubunda general hiddətini bildirir: "Deyirlər ki, ingilislər Bakıya kifayət qədər qoşun göndərməməklə ona xəyanət etdilər. Bu, yolverilməz bir iftiradır. İngilis əsgərləri şücaətlə döyüşdülər və sizdən ötrü həyatlarını qurban verdilər". İnsan itkiləri ilə bağlı, general Denstervil öz kitabında yazır ki, "son döyüşlərdə ümumi itkilərimiz - 180 nəfər ölən, yaralanan və itkin düşən". 

14 sentyabr axşam  saat 11:00-da ingilislər "Kursk" və "Abo" gəmilərinə minərək, Bakını tərk etdilər. Səhərisi isə şəhər öz xilaskarlarını - Nuru Paşanın başçılıq etdiyi  şanlı  Qafqaz Türk İslam Ordusunun döyüşçülərini qarşılayırdı.


MƏSLƏHƏT GÖR:

459