Müəllif: Ceyhun NƏCƏFOV Bakı
"R+" futbol dünyasında baş verənlərin siyasi tərəfləri haqda rusiyalı politoloq Andrey Suzdaltsev ilə söhbətləşib.
- Korrupsiya qalmaqalı əslində futbol ölkəsi olmayan ABŞ-da başladı. Üstəlik, bütün dünyada FİFA məmurları ilə bağlı istintaqı ABŞ aparır...
- Blatterin rəhbərliyi dönəmində FİFA güclü, müstəqil təşkilata çevrilib və onun nəhəng büdcəsi var. O, özünü təmin edə bilən qurum olduğundan müxtəlif ölkələrin dəstəyinə ehtiyac duymur. FİFA-nın qərarları siyasi xarakter daşıyır. Çünki futbol üzrə dünya çempionatlarının keçirildiyi məkanlar siyasi düşüncələrlə bağlıdır. Bütün bunlar nəhəng beynəlxalq idman qurumu üzərində nəzarət qurmağa çalışan ABŞ-da narahatlıq yaradırdı. Odur ki, Blatterin devrilməsi FİFA-nın nəzarət altına alınması prosesində əsas vəzifə idi.
- Rusiyalı oliqarxlardan biri deyib ki, "zavodu ala bilmirəmsə, onun direktorunu alıram"...
- Blatterə qarşı çıxan Avropa Futbol Federasiyası - FİFA-dır. Blatter FİFA prezidentliyinə keçirilmiş seçkidən qalib çıxsa da, UEFA ilə qarşıdurma şəraitində rəhbərlik etdiyi qurumda heç bir islahat apara bilməyəcəyini anlayırdı. Bu səbəbdən də o, mübarizədən imtina etdi və istefa verdi.
- Demək, UEFA ABŞ ilə əlbirdir?
- Blatterin devrilməsində UEFA prezidenti Mişel Platininin öz maraqları var. Platini özü FİFA-ya başçılıq etməyin əleyhinə deyil. Üstəlik, avropalılar dünya çempionatlarının təşkilində müəyyən imtiyazlar istəyirlər. Platininin Blatterin yerini tuta biləcəyini düşünmürəm. Güman ki, FİFA-nın yeni rəhbəri İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn olacaq. Bir sıra amillərə əsasən, o, bu posta daha real namizəddir.
ABŞ-a gəlincə, xatırladım ki, 2022-ci il mundialına ev sahibliyi etməyə Qətər və Birləşmiş Ştatlar iddialı idilər. FİFA üstünlüyü Qətərə verdi. Belə addımlar bağışlanmır və ABŞ FİFA-dan qisas almaq qərarına gəldi. FİFA-nın 2018-ci il mundialını Rusiyaya verməsi isə amerikalıları qıcıqlandıran daha bir məqamdır. Rusiya-Qərb qarşıdurması fonunda bu çempionat dünyada Moskvanın nüfuzunu ciddi şəkildə artıra bilər. ABŞ isə öz növbəsində Rusiyaya bu imkanı vermək istəmir. Burada söhbət sırf siyasətdən gedir.
- Belə olan təqdirdə Rusiyada dünya çempionatının keçirilməsi sual altındadırmı?
- Bəli. Onlar hansısa yollarla bu qərarı ləğv edəcəklər. Bu, uzun proses olacaq. Rusiyada dünya çempionatının təşkili qərarının ləğvi FİFA-ya yeni rəhbərin seçimindən sonra baş verəcək. Yəni, təxminən 8-10 ay sonra.
- Futbol aləmində nəhəng maliyyə vəsaitləri fırlanır. Mütəxəssislər söhbətin trilyon dollarlardan getdiyini deyirlər. FİFA kimi təşkilat korrupsiyadan kənarda qala bilərmi?
- Bütün beynəlxalq təşkilatlar müəyyən dərəcədə korrupsiyaya bulaşıb. Məni heyrətləndirən ABŞ prokurorluğunun FİFA-nın son 24 aydakı fəaliyyətini araşdırmasıdır. Bu vaxtadək qurumun rəhbər heyətində dəfələrlə dəyişikliklər olub. Yəni, Amerika prokurorluğu istintaq əvəzinə FİFA-nın fəaliyyətinin monitorinqini aparır.
- Bəs Rusiya cavab olaraq hansı addımları ata bilər?
- Rusiya dünya çempionatına ev sahibliyi etmək hüququnu özündə saxlamaq üçün əlindən gələni edəcək. Amma, əlbəttə ki, bu məsələdə Rusiyanın imkanları məhduddur. FİFA məmurları dolayısı ilə göstərir ki, təşkilata yeni prezidentin seçilməsindən sonra qurum Rusiyada dünya çempionatının təşkilşi məsələsinə yenidən qayıdacaq. Moskva mundialın ev sahibinin obyektiv seçilib-seçilmədiyilə bağlı araşdırmalara qarşı deyil. Sadəcə istintaqın formatı təəccüblüdür - beynəlxalq təşkilatda araşdırmanı ABŞ prokurorluğu aparır.
- Futbol dünyasındakı çaxnaşmalar Azərbaycanda da narahatlıq yaradır. 2020-ci il Avropa Çempionatının 1/4 final matçları Azərbaycanda oynanmalıdır...
- FİFA ilə bağlı qalmaqalın AÇ-2020-yə hər hansı təsir göstərəcəyini düşünmürəm. Bu qərar UEFA tərəfindən Avropa standartlarına uyğun qəbul olunub və təşkilat ölkə seçiminə məsuliyyətlə yanaşıb. Heç bir problem olmayacaq. UEFA Avropa futbolunun ayaqda qalmasını təmin etməyə çalışır. Bunun FİFA-da ortaya çıxmış siyasi vəziyyətlə sığ bağlılığı yoxdur.
MƏSLƏHƏT GÖR: