Müəllif: Nadir XOSROVOĞLU Bakı
Azərbaycanda keçirilən ilk Avropa Oyunları artıq sona yaxınlaşır. Demək olar ki bütün yarışlar Bakida keçirilir, yalnız kanoe və kayakda avarçəkənlər Mingəçevirdə mübarizə aparırdılar. Ümumilikdə, bu yarışlarda 15 dəst medal oynanılırdı. "Kür" bazasında keçirilən yarışlarda Macarıstan idmançıları ən yaxşı nəticə göstərdilər - 5 qızıl və 5 bürünc medal. Komanda hesabında ikinci yerə Almaniya (3-3-1), üçüncü yerə isə Belarus (3-0-2) millisi sahib cıxdı.
Avarçəkmə üzrə Azərbaycan millisinin əsas medal ümidi dunya çempionu Valentin Demyanenko idi. Və o, ümidləri doğruldaraq, kanoeçilərin 200 metr məsafəyə yarışında gümüş medal qazandı.
Valentin Demyanenko ilkin mərhələdə 38,978 saniyə nəticə göstərərək, 1-ci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb. Demyanenko finalda kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə göstərərək, 2-ci pilləyə yiyələnib. Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub. Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.
Valentin Demyanenko "R+"a yarışlarda güclü rəqabətin olduğunu bildirib: "Turnirin səviyyəsi həddindən artıq yüksəkdir. Digər idmançılar kimi, mən də Avropa Oyunlarının medalçısı olmaq istəyirdim. Qarşıma məqsəd qoymuşdum və buna çatdım. Daha yaxşı nəticəyə imza atmaq olardı. Amma turniri gümüş medalla bitirmək də pis nəticə deyil. Şadam ki, medalçıların sırasında yer alıram".
Aktivində Avropa və dünya çempionatlarının medalları olan Demyanenko I Avropa Oyunlarında medal qazanmasının sürpriz olmadığını qeyd edib: "Biz hər bir yarışda medal qazanmağa çalışırıq. Hazırda avarçəkmə Azərbaycanda inkişafdadır. Bəlkə bəziləri avarçəkmə yarışında Azərbaycanın medal qazanacağını gözləmirdilər. Amma biz dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmişik və medallar qazanmışıq. Böyük təcrübəmiz var, ona görə ilk Avropa Oyunlarında iddialı olduğumuzu hər kər bilirdi".
Titullu idmançımız qızıl medal qazana bilməməsini bəxtsizliklə əlaqələndirdi. Onun sözlərinə görə, kiçik səhv və qeyri-dəqiq hesablama çempionluğa mane oldu: "200 metr sprinter məsafəsi sayılır. Burada mikrosaniyə də sözünü deyir. Qızıl medal üçün demək olar ki, santimetr çatmadı. Yürüşün qalibi olan Henrikas Juştautas istedadlı idmançıdır, cəmi 20 yaşı var. Ümid edirəm ki, gələcəkdə ona yenə rəqib olacağam. O zaman sözümü deyəcəm. Gizlətmirəm ki, qızıl medal gözləyirdim. Bu mənada gümüş medal məni bir qədər kədərləndirdi. Çempionluq tamam başqa hisslərdir. Həmin hissləri Mingəçevirdə yaşamaq istəyirdim".
Valentin Demyanenko eyni zamanda komanda yoldaşlarının medalsız qalmasını da şərh edib. Avarçəkmə üzrə Avropa Oyunlarının mükafatçısı həmkarlarının qısa zamanda uğur qazanacağına inandığını dedi: "İdmanda hər bir nəticə mümkündür. Avarçəkmə üzrə komandamız kifayət qədər güclüdür. Amma elə alındı ki, medalsız qaldılar. Tezliklə onların da ilk növbədə, ən azı mənim kimi nəticəyə imza atacaqlarına inanıram. İstərdim ki, hamısı qalib gəlsin, medal qazansın və nəticələrindən razı qalsınlar. Sadəcə olaraq uğur qazanmaq üçün səbrli olmalısan. İnanıram ki, Azərbaycanda güclü avarçəkmə nəsili yetişəcək".
Mingəçevirdəki şəraitdən razı qalan dünya çempionu ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı: "Belə yüksək təşkilatçılıq gözləmirdim. Hər şey ideal keçir. Mingəçevirdə bütün idmançılara yüksək şərait yaradılıb. Onlar hamısı yarışdan və şəraitdən razı qaldılar. Azərbaycanda əsl idman atmosferi var. İnsan yalnız uğur qazanmaq istəyir. İlk Avropa Oyunları bu yarışda təmsil olunan bütün növlərin inkişafına təkan olacaq".
İlk Avropa Oyunlarında avarçəkmə üzrə yekun nəticələr barədə danışan Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov nəticədən razı qaldığını söylədi. Federasiya rəhbərinin sözlərinə görə Valentin Demyanenko ilk Avropa Oyunlarında qazandığı uğurlu nəticəni gələn il Braziliyada keçiriləcək olimpiadada yaxşılaşdırmalıdır: "İlk Avropa Oyunlarının avarçəkmə yarışlarının Mingəçevirdə keçirilməsi region üçün çox vacibdir. Ətraf rayonlardan çoxlu sayda azarkeşin kompleksə gəlməsi müsbət haldır. İdmançılarımızın çıxışı zamanı onlara dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa Oyunları Mingəçevirin tarixində yazılacaq. Bu yarışın ab-havası bütün insanlara qələbə təəssüratları bəxş edib. Qazanılan gümüş medal böyük coşğuyla qarşılandı. Avarçəkmə yeni inkişaf mərhələsinə qədəm qoyduğundan belə hallar bizi sevindirir. Yekun nəticədən razıyam. Əlbəttə, Demyanenko qızıl medal arzusunu reallaşdıra bilmədi. Amma gümüş medal, üstəlik 4 növdə idmançılarımızın finalda mübarizə aparması yaxşı nəticədir. Komandamızın çıxışından razıyam. Avqust ayında bizi dünya çempionatı gözləyir. Yarış Rio de Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Təkcə Demyanenko deyil, bütün komandadan lisenziya gözləyirəm. Biz çox istəyirik olimpiadada ilk medalımızı qazanaq. Artıq olimpiadada uğur qazanmaq vaxtı çatıb".
MƏSLƏHƏT GÖR: