25 Dekabr 2024

Çərşənbə, 08:42

XOŞ SÜRPRİZ

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa Oyunlarının bürünc medalını qazanıb

Müəllif:

23.06.2015

İlk Avropa Oyunlarında medal qazanan idman növləri sırasında triatlon da var. Azərbaycanda yeni yaradılan üçnövçülük hazırda formalaşma dövrünü yaşayır. Bununla belə, komandamızın lideri Rostislav Pevtsov mükafata layiq olduğunu sübut etdi. Bakı 2015 ilk Avropa Oyunlarında medal qazanan triatlonçu azarkeşlərə bu idman növünün gələcəyinə nikbin baxmağa imkan verdi. 

Bilgəh çimərliyində keçirilən üçnövçülük yarışlarında Azərbaycan 1 bürünc medala layiq görülüb. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı mübarizə aparıb. Böyük Britaniya təmsilçisi Qordon Benson qızıl medala sahib çıxıb, portuqaliyalı Joao Silva isə gümüş mükafata yiyələnib. Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışı 1 saat 49 dəqiqə 4 saniyəyə qət edərək 3-cü olub. Digər triatlonçumuz Aleksandr Yatçenko finişə çatmayıb.

İlk Avropa Oyunlarında triatlon yarışlarında bürünc medal qazanan Rostislav Pevçov mükafatçılar sırasına düşdüyünə görə özünü xoşbəxt hesab etdiyini deyib. İdmançımız qazandığı mükafatın həm özü, həm də federasiyası üçün vacib olduğunu bildirib: "Bürünc medal qazanmağımı uğurlu nəticə hesab edirəm. Etiraf edim ki, bu gün maksimum bacarığımı göstərdim. İlk Avropa Oyunlarında triatlon yarışlarında zəif rəqib yoxdur. Ola bilər hansısa mərhələdə onlar o qədər yaxşı çıxış etməsinlər. Ümumilikdə, zəif rəqib yox idi. Mükafatçılar sırasına düşdüyümə görə özümü xoşbəxt hesab edirəm".

Pevçov ilk Avropa Oyunlarına ciddi hazırlaşdığını söyləyib: "Federasiyamız bu yarışa ciddi hazırlaşıb. Mötəbər yarış Bakıda keçirildiyindən, hər bir idmançımız medal qazanmaq istəyirdi. Sevinirəm ki, medalçılar sırasında adım var. Təşkilatçılıq haqda ancaq xoş sözlər deyə bilərəm. Açılış mərasimi Azərbaycanın bu yarışa necə hazır olduğunu göstərdi. Bütün idmançılarımız açılışdan böyük stimul aldı".

İdmançımız qazandığı bürünc medalla ilk Avropa Oyunlarında sürpriz etdiyini düşünür. Çünki azarkeşlər ənənəvi idman növlərindən daha çox medal gözləyib. Pevçovun çətin rəqabətdə ilk üçlüyə daxil olması gözlənilməz olub: "Azərbaycanda güləş daha çox sevilir. Əsasən döyüş növləri medal qazanır. İlk Avropa Oyunlarında da həm karate, həm də güləşçilər bizi sevindirdi. Triatlondan çoxları medal gözləmirdi. Çünki triatlon o qədər məşhur deyil. Amma medal qazanmaqla xoş sürpriz etdim. Dostlar zəng vuraraq söyləyir ki, bu medal hamıya sübut etdi ki, hər yarışda medal qazanmaq olar. Triatlon maraqlı yarışdır. Sadəcə ona düzgün yanaşmaq lazımdır".

Triatlonçu "R+"a söylədi ki, istirahət etməyə vaxtı olmayacaq. İndi əsas məqsəd 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır: "Bakıda birinci yeri tutmaq daha yaxşı olardı. O zaman Braziliyada keçiriləcək dünya çempionatına lisenziya əldə edə bilərdim. Bundan sonra, əsas hədəfim Rio-de Janeyroya yollanmaqdı. Avropa Oyunlarında qazandığım uğur məni daha da həvəsləndirəcək. İlk olaraq olimpiadaya lisenziya əldə etmək vacibdir. Sonra olimpiadada uğurlu çıxış barədə düşünmək mümkündür. Bu mənada məşqləri dayandırmaq olmaz. Bir sıra beynəlxalq turnirlərdə iştirak edəcəyik. Lisenziya xarakterli turnirlərdə gücümü göstərməliyəm".

Triatlon idman növünün ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Pevçov ilk Avropa Oyunlarından sonra marağın artacağına inandığını bildirdi: "İlk Avropa Oyunlarından sonra triatlona maraq daha da artacaq. Çünki mötəbər yarışa olan diqqəti hamı görür. Bütün yarışlarda çoxlu sayda azarkeş olur. Deməli, ölkədə idman sevilir və dəstəklənir. Triatlon ölkədə yeni olsa da artıq özünəməxsus maraq dairəsi toplayıb. Qazandığımız bürünc medal gənclərdə həvəs yaradacaq".

İdmançı təşkilatçıların mükafatçılara təqdim etdiyi medalın dizaynı barədə yüksək fikirdə olduğunu dedi: "Çox gözəl medalım var. Üzərində maraqlı elementlər çoxdur. Tərtibat tərəfdən yaxşı işlənib. Bir az ağırdır, amma daşımağa gücüm çatacaq".

Pevçov həmçinin qazandığı mükafatı ailəsinə və azarkeşlərə həsr etdiyini dedi: "Ailəm hər zaman yanımdadır. Bu mənada qazandığım mükafatlarda onların rolu az deyil. Məşqçilərim mənə inanır. Bütün bildiklərini mənə öyrədirlər. Onlara təşəkkür edirəm. Medalı ailəmə və azarkeşlərə həsr edirəm. İdmançı dəstəkləndikdə daha çox uğur qazanır. Triatlon ölkədə yeni növ olmasına baxmayaraq dəstəksiz qalmadı. Bu mənə daha böyük uğurlar qazanmağa güc verəcək. Ən böyük arzum Braziliyada Azərbaycan üçün medal qazanmaqdır".


MƏSLƏHƏT GÖR:

648