Müəllif: Sənan NADİROĞLU Bakı
Bakı 2015 ilk Avropa Oyunlarında tarix yazan komandalarımızdan biri taekvondo üzrə millimiz oldu. Komanda hesabında Azərbaycan yığması 3 qızıl, 1 gümüş və 1 bürünc olmaqla mükafat qazanan millimiz 13 ölkə arasında ən yaxşı nəticə göstərdi. İkinci sırada Böyük Britaniya millisi qərarlaşdı. Onlar 3 medal qazansalar da, əyarına görə digər komandaları arxada qoyublar. Azərbaycan yığması ilə eyni sayda medal qazanan və 3 dəfə finalda üz-üzə gəlib, yalnız birində uduzduğumuz Rusiya siyahıda ilk "üçlük"ü qapayır. Ümumilikdə isə medal qazanan 13 ölkədən yalnız 5-i çempionluq sevinci yaşayıb.
Taekvondoçularımızdan Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) Avropa Oyunlarını çempion kimi başa vurublar. Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) 2-ci yeri tutduğu halda, Patimat Abakarova (49 kq) "bürünc"lə kifayətlənib.
Sözsüz ki, millidə ən böyük qələbə gənc Ayxan Tağızadənin möhtəşəm performansı oldu. 68 kq-da çıxış edən gənclər arasında Avropa Çempionatının mükafatçısı güclü rəqiblərinə qalib gəlməklə, hamını yaxşı mənada təəccübləndirdi.
Onun rəqibləri sırasında isə Olimpiya çempionu, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) və Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı Aleksey Denisenko (Rusiya) var idi.
"Mənim çəkimdə rəqabət güclü olduğu üçün hər görüşüm çətin keçdi. Yarımfinalda prezident İlham Əliyevin arenada olduğunu dedilər. İnanın, sanki mənə əlavə güc gəldi. Azərbaycan Prezidentinin dəstək üçün arenaya təşrif buyurması məsuliyyətimi artırırdı. Ancaq qələbə haqqında düşünürdüm. Finalda qalib gələndən sonra cənab prezident mənə zəng edərək qələbə münasibətilə təbrik etdi. Bu zəng böyük əhəmiyyət kəsb edir. Prezident söylədi ki, peşəkar şəkildə mübarizə aparmışam. İndi Olimpiada haqqında düşünmək lazımdır və Rioya lisenziya qazanmaqla orada da sözümü deyə bilərəm. Bu sözlərdən sonra ümidləri doğrultmağa borcluyam", - deyə A.Tağızadə bildirib.
80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqaninin qızıl medala yolu daha asan idi, çünki təcrübəli idmançı döyüşlərin çoxunu böyük üstünlüklə vaxtından əvvəl xeyrinə bitirdi.
"R+"a müsahibəsində Milad Beiqi qızıl medal qazansa da, qələbəni dərk etməyə müəyyən vaxt lazım olduğunu dedi: "Bütün rəqiblərimə qalib gələndən sonra çempion oldum. İndi bir qədər yorğun olduğum üçün uğurun əhəmiyyətini tam anlamıram. Müəyyən vaxt lazımdır. Məşqçilərə demişdim ki, qızıl medal qazanacağam. Sözümə əməl etdim. Qarşıdan Yay Olimpiya Oyunları gəlir. Çox istərdim, Azərbaycanı həmin yarışda layiqincə təmsil edim".
Taekvondoda daha bir qızıl medalı dünya və Avropa çempionumuz Radik İsayev qazandı. Onun üçün ən çətin görüş finalda rusiyalı Vladislav Larinə qarşı oldu. Larini 4:3 hesabı ilə məğlub edən Radik titulları sırasına Avropa Oyunlarının qalibi adını da əlavə etdi.
"R+"a müsahibəsində Radik İsayev final görüşünə xüsusilə hazırlaşdığını deyib: "Rəqibimdən revanş almaq istəyirdim, çünki bundan öncə iki dəfə ona uduzmuşdum. Larin diqqətli idmançıdır. Səhvə yol vermir və bununla rəqibinin işini çətinləşdirir. İstənilən halda qalib gəldiyimə görə xoşbəxtəm. Məni dəstəkləyən hamıya, məşqçilərimə təşəkkür edirəm. İndi çox xoşbəxtəm".
Taekvondoçularımızın qızıl medalı daha çox ola bilərdi. Amma gənclər arasında dünya çempionumuz Fəridə Əzizova qızıl medalın bir addımlığında büdrədi. Ardıcıl üç qələbədən sonra finalda Anastasiya Barişnikovaya (Rusiya) bir xal fərqi ilə uduzdu. Məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyən Fəridə rus idmançıya əvvəllər də uduzduğunu söylədi: "Barişnikovaya əvvəllər də uduzmuşam. Onunla görüşlər mənim üçün yaxşı başa çatmır. Çox məyus oldum. Finalda uduzmaq idmançıya pis təsir edir. Qızıl medal qazanmaq arzusundaydım".
İlk Avropa Oyunlarını 5 medalla başa vuran taekvondo yığmamızın çıxışı uğurlu alındı. Nəticədən razı qalan Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev uğurların davamlı olacağına inandığını söylədi: "Millimiz ümidləri doğrultdu. Üç qızıl medal komandamızın gücündən və hazırlığından xəbər verir. İdmançılara söyləmişəm ki, arxayınlaşmaq olmaz. Qarşıda lisenziya xarakterli turnirlər gəlir. Biz Yay Olimpiya Oyunlarında da uğur qazanmalıyıq".
MƏSLƏHƏT GÖR: