25 Dekabr 2024

Çərşənbə, 09:34

ƏSAS - QƏLƏBƏYƏ KÖKLƏNMƏKDİR

Rəfael AĞAYEV: "Həmin an mütləq sakitlik tələb etməliydim"

Müəllif:

23.06.2015

I Avropa Oyunlarının qalibi, karate üzrə dəfələrlə dünya və Avropa çempionu Rəfael Ağayev mötəbər yarışda qızıl medal qazanmaqla ona bəslənən ümidi artıqlaması ilə doğrultdu. 

Dünya və Avropa çempionumuz A qrupunda ilk görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə qalib gələrək, qrup səddini adlayıb. Rəfael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev qızıl medal uğrunda italiyalı Luici Busa ilə gücünü yoxlayıb. Karateçimiz rəqibini son saniyələrdə vurduğu bir dəqiq zərbə ilə məğlub edib. O, bununla da millimizə Avropa Oyunlarında qızıl medal qazandırıb.

Rəfael Ağayev "R+"a müsahibəsində yarışdan əvvəl ancaq qələbə haqqında düşündüyünü deyib: "Yarımfinala qədər öz çıxışımdan narazı qaldım, özümü kökləyə bilmədim. Türkiyə idmançısı ilə çox çətinlik çəkdim. Mənim rəqiblərim dünyada ən güclülər idi. İtalyanlı ilə 9 dəfə qarşılaşmışam. 7-də qalib, ikisində məğlub olmuşam. Finalda qələbə qazanmaqla qızıl medala layiq görüldüm. Çox xoşbəxtəm. Yarışdan əvvəl ancaq çempionluq barədə düşünürdüm. Biz uzun müddətdir bu yarışa hazırlaşırdıq. Çünki ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük uğurdur. Biz idmançılar da çalışmalıyıq ki, layiqincə çıxış edək".

Rəfael Ağayev çıxışı zamanı zaldakı azarkeşlərin onu alqışlamasına etiraz etməsinə aydınlıq gətirdi: "Bəzən insan fikrini cəmləyir. Yerdən "Rəfael" deyəndə fikrim yayınır. Ona görə finalda sakit şəkildə mübarizə aparmağa çalışdım. Dəstək olan insanlara təşəkkür edirəm. Məndən inciməsinlər, sadəcə, mütləq sakitlik tələb etməliydim. Ona görə əlimlə işarə eləməli oldum. Bizə dəstək olan insanların qazandığımız uğurlarda payı çoxdur. Amma elə anlar olur ki, idmançı fikrini cəmləməkdə çətinlik çəkir". 

Məşhur idmançımız "R+"a müsahibəsində mötəbər yarışda fərqli taktika seçdiyini etiraf etdi: "Əsas nəticə idi. 5:0 və ya 1:0 hesabı bir-birindən ciddi fərqlənmir. Düz qeyd etdiniz ki, əksər görüşlərdə riskə getmirdim. Öz vaxtımı gözləyirdim. Zamanında həlledici zərbəni vurmaqla qələbə qazanırdım. İlk olaraq özümü zədədən qorumağa çalışdığımı söyləməliyəm. Digər tərəfdən, risk hər zaman doğrulmur. Rəqiblərim hər zaman hücuma keçməyə məcbur olur. Yaxşı başa düşürlər ki, əks halda, onlar üçün xal qazanmaq çətindir. Baş məşqçi də mənə zamanımı gözləməyimi tələb etmişdi. Ani səhv bütün planları poza bilərdi. Qrup mərhələsində bir görüşdə uduzmağım həmin qarşılaşmada səhvə yol verməyimlə bağlı idi. Mənim üçün əsas yekun nəticədir - qızıl medal məndədir".

İlk Avropa Oyunlarının qalibi uğurlarının davamlı olacağına inandığını söylədi: "İnanıram ki, bu, daimi olacaq. Ən böyük şərəf odur ki, qızıl medalı qazanırsan, sonra onu qorumağa çalışırsan. Nə qədər gücüm var, o qədər Azərbaycanın Dövlət Himnini səsləndirəcəyəm. 2014-cü il mənim üçün uğursuz oldu. Fevral ayında zədə aldım. İki dəfə əməliyyat olundum. İdmandan ayrı düşdüm. Bu gün dünyanın ən xoşbəxtiyəm. Bu qələbəmi, anam başqa olmaqla, Azərbaycan xalqına həsr edirəm".

Karatedə bütün mümkün titulların sahibi ilk Avropa Oyunlarının medalının onun həyatında mühüm rol oynayacağını bildirməklə yanaşı, qazanmaq istədiyi mükafatın adını açıqladı: "Karyeram ərzində çoxlu sayda Avropa və dünya çempionu olmuşam. Bir sıra mötəbər turnirlərdə qələbə qazanmışam. İndi Avropa Oyunlarının qalibi oldum. Yarışın medalı mənim kolleksiyamda əsas yerdə olacaq. Bu tarixi biz birgə yazmışıq. Təşkilatçılar tərəfindən hazırlanan medal çox gözəldir. Dizayn cəhətdən sadə və özəlliyi ilə seçilir. Karyeramda çatmayan yeganə medal olimpiada ilə bağlıdır. Bildiyiniz kimi, karate Olimpiya Oyunlarının proqramına daxil edilməyib. Məhz bu səbəbdən, bu yarışda iştirak etmək arzum hələ reallaşmayıb. Nə vaxtsa bu baş versə, yaşım imkan versə, böyük həvəslə Olimpiadada iştirak edəcəyəm".

Titullu karateçi idmanda proqnoz verməyin mümkün olmadığını söyləməklə, medal qazanmayan komanda yoldaşlarına dəstək oldu: "İlk Avropa Oyunlarında uğur qazanan bütün idmançıları təbrik edirəm. Amma medal qazana bilməyənləri tənqid etməyin əleyhinəyəm. İdmanda hər şey ola bilər. Bəzən güclü idmançı bir səhvə görə uduzur. Psixoloji hazırlıq yerində olmayanda, istədiyini göstərə bilmir. Bütün bunlar onu göstərir ki, hərtərəfli hazır olmaq vacibdir. Komanda yoldaşımız Şahin Atamovdan hamı medal gözləyirdi. Sadəcə alınmadı. Atamov kifayət qədər güclü idmançıdır. Millimizin kapitanıdır. Onun ən böyük qələbələrinin qarşıda olduğuna əminəm".

Rəfael Ağayevə qazandığı qızıl medalı Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.



MƏSLƏHƏT GÖR:

616