25 Dekabr 2024

Çərşənbə, 09:25

KARATEÇİLƏR ÜMİDLƏRİ DOĞRULTDULAR

Azərbaycanın karate üzrə millisi Avropa Oyunlarının ən güclü komandası oldu

Müəllif:

23.06.2015

Bakıda keçirilən ilk Avropa Oyunlarında azarkeşləri ilk olaraq karateçilərimiz sevindirdilər. İki gün ərzində 6 medal qazanan döyüş ustalarımız mötəbər yarışın ən yaxşı komandası seçilməklə gücünü göstərdi. 12 dəst medalın sahibini tapdığı yarışda millimiz 4 qızıl və 2 bürünc əldə etdi. Yığmamızın üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Rəfael Ağayev (75 kq), İrina Zaretskaya (68 kq) və Ayxan Mamayev (84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Niyazi Əliyevlə (67 kq) İlahə Qasımova isə (55 kq) 3-cü olmağı bacardı. Türkiyə millisi daha çox - 9 medal qazansa da, mükafatların əyarına görə komandamızdan geri qaldı. Yekunda karate yarışlarında yalnız 12 ölkə təmsilçiləri mükafatçılar sırasında yer aldı.

Tarixi Avropa Oyunlarında Azərbaycan idmançılarının ilk medalını xanım idmançımız İlahə Qasımova qazandı. 55 kq-da çıxış edən karateçi yarımfinalda məğlub olmasaydı qızıl medal uğrunda yarışa biləcəkdi. Lakin məşqçilərin dediklərinə düzgün əməl etməyən İlahə 3-cü yer uğrunda görüşdə uğur qazanmaqla bürünc medalı boynundan asdı. Bu birinci  Avropa Oyunlarında komandamızın ilk mükafatı  oldu. 

Qızıl medala gəlincə, Avropa Oyunlarının ilk azərbaycanlı çempionu kimi Firdovsi Fərzəliyev tarixə düşdü. 60 kq-da çıxış edən gənc idmançımız bütün rəqiblərinə qalib gəlməklə karyerasının ən böyük mükafatına sahib çıxdı. Finala gedən yolda əzmkarlıq nümayiş etdirən Fərzəliyev çempion olmaqla məşqçilərin etimadını doğrultdu. 

75 kq-da təmsil olunan Rəfael Ağayevdən yalnız qızıl medal gözlənilirdi. 4 qat dünya və dəfələrlə Avropa çempionu olan karateçi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla sürprizə imkan vermədi. Bütün görüşlərini minimal hesablı qələbəylə başa vuran titullu idmançımızın taktikası diqqətə səbəb oldu. Biz tatami üzərində hər zaman gördüyümüz istiqanlı Rəfaeli deyil, səbrli və təmkinli idmançını gördük. Rəqibin səhvini gözləyən və şansını maksimum dəyərləndirən Rəfael yekunda ilk Avropa Oyunlarının qalibi oldu. 

Ayxan Mamayev 84 kq-da qitənin ən güclü olduğunu təsdiqlədi. İlk görüşdə almaçıq sümüyündən zədələnən idmançı bu barədə nə həkimlərə, nə də məşqçilərə məlumat verib. Çünki həkimlər zədənin ciddi olduğunu təsdiqləsəydi idmançı yarışı tərk edəcəkdi. Belədə sona qədər bütün görüşlərini zədəylə, amma yüksək səviyyədə keçirən Mamayev ilk Avropa Oyunlarında qızıl medala sahib  çıxdı. 

68 kq-da İrina Zaretskayanın qələbə qazanması karateçinin Azərbaycan millisində yerini möhkəmlətdi. Ardıcıl 5 görüşdə qələbə qazanan Zaretskaya mükafatlandırma mərasimində dövlət himnimizi ürəkdən oxumaqla alqışa layiq görüldü. Mərasimdən sonra əslən Ukraynadan olan karateçi Azərbaycan himninin öyrənmə sirrlərini R+a açıqladı: "Karate yığmamızda çox gözəl ənənə var. Biz hər məşqdən sonra Azərbaycan himnini əzbər oxuyuruq. Komandaya yeni gələndə bir qədər pis oldum. Himni bilmirdim, hamı oxuyanda sözləri dinləməklə kifayətlənirdim. Sonradan komanda yoldaşım Fəridə himni oxumağı öyrətdi. Söz vermişdim, qızıl medal qazanandan sonra Azərbaycan himnini fəxrlə oxuyacam. Sevinirəm ki, arzuma çatdım".

67 kq-da Niyazi Əliyevdən gözləntilər çox olsa da, karateçi finala qədər irəliləyə bilmədi. Qızıl medal şansını itirən idmançımız bürünc medal uğrunda görüşdə yüksək ustalıq nümayiş etdirdi. İnamlı qələbə qazanan Niyazi Əliyev mötəbər yarışı bürünc medalla başa vurdu. 

İlk Avropa Oyunlarında möhtəşəm nəticə göstərən karate üzrə yığmamızda kapitan Şahin Atamovun uğursuzluğuna üzüldük. Qrup mərhələsində özünə bənzəməyən dünya çempionatının finalçısı pley-offa vəsiqə qazana bilmədi. Bununla yarışın ən böyük sensasiyasına çevrilən karateçimiz Avropa Oyunlarında arzuladığı mükafatına qovuşmadı. 

Azərkeşlər kimi millinin baş məşqçisi Rəhman Hətəmov da idmançıların çıxışından razı qalıb. "R+"a müsahibəsində mütəxəssis ilk Avropa Oyunlarının nəticələrini yüksək qiymətləndirib: "Karateçilərimiz onlara bəslənən etimadı doğrultdu. Azərbaycan karateçiləri hər bir yarışdan Vətənə medalla qayıdıb. Bakıda keçirilən yarış bizim üçün ikiqat əhəmiyyətli idi. İlk Avropa Oyunlarının proqramına karate məhz ölkəmiz tərəfindən daxil edildi. Dövlət başçısı İlham Əliyev bizə inandığı üçün bu idman növünü oyunların proqramına daxil etdi. Çünki  bizə inanırdı. Bu gün əminliklə deyə bilərəm ki, idmançılarımız hər bir yarışda layiqli çıxış etmək üçün sona qədər yarışırlar".

Baş məşqçi ilk Avropa Oyunlarının açılış mərasimi barədə danışarkən yetirmələrinin həmin tədbirdən böyük güc aldığını dedi: "Açılışdan 1 gün sonra karateçilər mübarizəyə qoşulur. Ona görə idmançılara sərbəstlik verdim.  Dedim əgər kimsə bu mərasimdə iştirak etməsə onu başa düşərik. Yorğunluq ola bilər, çünki, idmançı yarışa az vaxt qalarkən həyəcanlı olur. Açılışda parad zamanı azarkeşlərin dəstəyi həm də əks təsir göstərə bilər. İdmançılarımızın çoxu açılışda iştirak etmək istədiyini bildirdi. Mərasimdən sonra isə dedilər ki, belə möhtəşəm ab-hava onlara əlava güc verdi. Onlar mütləq qızıl medal uğrunda yarışacaqlar".

Rəhman Hətəmov karate üzrə dünya və Avropa çempionu Rəfael Ağayevin Avropa Oyunlarında çıxışına toxunaraq onun qrupdakı çıxışından razı qalmadığını deyib: "Rəfael dünyanın məşhur karate ustasıdır. Bütün dünya ona qarşı hazırlaşır. Onun məşqlərini internetdən axtarırlar. Çünki Ağayevi məğlub etmək onların ən böyük arzusudur. İlk Avropa Oyunlarında qrupdakı çıxışı zamanı Ağayev bütün potensialını göstərmədi. Sonra biz istədiyimiz Rəfaeli gördük. Azarkeşlər onu hücuma səsləyirdi. Amma bizim taktikamız fərqlidi. Risk etməyə ehtiyac qalmır. İstənilən hesabla qələbə elə qələbədir. Ona görə Ağayevi risk etməyə qoymadım".

Karate üzrə Azərbaycan millisinin baş məşqçisi yarışın əvvəlində çıxış etməyin çətin olduğunu etiraf etdi: "Azərbaycan idmançılarından ilk olaraq karateçilər mübarizəyə qoşuldu. Bu böyük məsuliyyətdir, həm də həyəcandır. Ani səhv bütün komandanın nəticəsinə təsir edə bilər. Çox həyəcanlı dəqiqələr yaşadıq, bununla belə qalib olduq. Bizim qələbəmiz xalqımızın uğurudur. Ölkəmizi layiqincə təmsil etdik. Dövlət başçısı İlham Əliyev hər zaman karate haqda yüksək fikirlərdə olub. Cənab prezidentə təşəkkür edirik. Bizə hər cür şərait yaradılıb. Ona görə bu gün bütün rəqiblərimiz bizdən çəkinir".



MƏSLƏHƏT GÖR:

665