
ƏSL OLİMPİADA
"Bakı-2015" birinci Avropa Oyunlarının gümüş mükafatçısı, moldovalı sərbəst güləşçi Pyotr İANULOVUN "R+"a müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-"Bakı-2015" birinci Avropa Oyunlarında finaladək irəliləmək və gümüş medal qazanmaq çətin oldu?
- Çox çətin oldu. Avropa Oyunlarına ən titullu, təcrübəli güləşçilər gəlib. Finala gedən yolda Avropa və dünya çempionatlarının mükafatçıları ilə qarşılaşmaq lazım gəlirdi. Finalda tanınmış Rusiya idmançısına məğlub oldum.
Avropa Oyunlarında medal qazanmaq mənim idmançı həyatımın vacib mərhələsi idi. Bu, uzun, ciddi çalışmanın nəticəsidir. İndi növbəti turnirlərə hazırlaşacağıq.
- Avropa Oyunlarının təşkili səviyyəsini necə qiymətləndirirsiniz? Məşqlər, istirahət üçün yaradılmış şərait necədir?
- Dünya və Avropa çempionatlarında iştirak etmişəm. Odur ki, təşkilatçı ölkənin gördüyü işlərin səviyyəsi haqda fikir yürüdə bilərəm. Azərbaycan yarış iştirakçıları üçün əla şərait yaradıb. Aeroportda qarşılanmadan tutmuş, Atletlər kəndində yerləşməyə, nəqliyyatla təmin olunimaya, istirahətin təşkilinədək hər şey ən yüksək səviyyədədir. Avropa Oyunlarının açılış mərasimi xüsusilə emosional məqam idi. Komandaların möhtəşəm Olimpiya stadionuna çıxışı yaddaqalan oldu. Daha sonra başlayan açılış mərasimi möhtəşəm idi. Heydər Əliyev adına İdman Komleksində güləş yarışının təşkilinin də yüksək peşəkarlıqla həyata keçirildiyini söyləmək lazımdır. Ən kiçik detaladək, hər şey nəzərə alınıb. Təşkilatçılar güləşçilərin yarışının əla keçməsi üçün bütün işləri görüblər.
- Asudə vaxtınızda Bakını gəzməyə macal tapdınızmı?
- Bəli. Komandamız buraya yarışların başlamasından xeyli əvvəl gəlib. Məqsəd idmançıların iqlimə uyğunlaşmasına kömək etmək idi. Bu imkandan istifadə edərək Qız qalasına getdik, İçərişəhəri gəzdik. Sərt pəhrizə baxmayaraq - yarışöncəsi müəyyən çəkini qoruyub saxlamalıyıq - özümüzü saxlaya bilmədik və Azərbaycan mətbəxinin ləzzətli xörəklərinin dadına da baxdıq.
Son dəfə Azərbaycanda 2012-ci ildə keçirilmiş Qran-pri zamanı olmuşam. 3 ildə Bakı daha da gözəlləşib. Küçələr təmiz, binalar gözəldir. Dünyanın istənilən şəhəri bunları arzulayar.
- Əldə etdiyiniz uğura Moldovadan hansı reaksiya gəldi?
- Finaladək telefonumu bağlamışdım - özümü toparlamalı, fikrimi yarışa cəmləməli idim. Finaldan sonra telefonumu açar-açmaz saysız-hesabsız SMS-lər, zənglər almağa başladım. Qohumlarım, dostlarım, tanışlarım məni təbrik edirdilər. Moldovanın müxtəlif şəhərlərindən də təbriklər gəlir.
- Bu yarışda ən çox yadınızda qalan nə oldu?
- Konkret bir məqamı, bir anı fərqləndirmək çətindir. Birinci Avropa Oyunları ilə bağlı hər şey məndə ən xoş təəssüratlar yaradıb. İstər Bakını gəzərkən, istərsə də yarışlarda iştirak edərkən çox maraqlı anlar yaşadıq. Onlardan hansınısa fərqləndirmək mümkün deyil.
Güləş yarışının keçirildiyi gözəl sarayda qeyri-adi idman bayramı atmosferi hökm sürürdü. Tamaşaçılar tərəfindən bu cür dəstəyin olması güləşçiləri ruhlandırır. Odur ki, Avropa Oyunlarının keçirildiyi günlərdə bütün yarışlar maraqlı keçdi. Azərbaycanda güləşin bu qədər populyar olması çox xoşuma gəldi. Tamaşaçılar güləş yarışlarını izləmək üçün tribunaları doldururdular. Nəticədə yarışlar daha baxımlı alınırdı. Bu idman növünü sevən, başa düşən, emosional şəkildə azarkeşlik edən tamaşaçıların qarşısında döyüşmək istənilən güləşçi üçün xoşdur.
Qeyd etmək istəyirəm ki, Azərbaycan əsl Olimpiada keçirdi. Olimpiya oyunlarının Bakıda keçirilən birinci Avropa Oyunlarından yaxşı təşkil edilə biləcəyini düşünmürəm.
Moldova komandası birinci Avropa Oyunlarında yaradılmış şəraitdən razıdır
Azərbaycan birinci Avropa Oyunlarında iştirak etmək üçün bütün komandalara ən yüksək şəraiti yaradıb. Bunu "R+"a açıqlamasında Moldova Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nikolaye Pyatak bildirib.
"Moldova yığması "Bakı-2015" birinci Avropa Oyunlarında 12 idman növü üzrə 86 idmançı ilə təmsil olunub. Moldovalı idmançılar və nümayəndə heyətinin üzvləri yekdilliklə bu fikirdədirlər ki, Azərbaycan bütün komandalara yarışlarda iştirak etmək üçün ən yaxşı şəraiti yaradıb. Qonaqların Bakıya gəlişinin asan və xoş olması üçün bütün lazımi işlər görülüb. İdmançıların qidalanmasından tutmuş, məşqlərə, istirahətədək", - deyə N.Pyatak bildirib.
Onun sözlərinə görə, Moldova MOK-un nümayəndə heyəti yarışlara hazırlığın gedişilə tanış olmaq üçün Bakıya sfər edibmiş: "Görülən işlərin miqyası, gözəl Olimpiya stadionu, möhtəşəm arenalar və digər idman infrastrukturu bizi valeh etmişdi. Birinci Avropa Oyunlarının açılış mərasimi də möhtəşəm idi. Azərbaycan idman yarışlarının təşkili səviyyəsinə görə Avropa standartlarını geridə qoydu. Nümayəndə heyətimizin hər bir üzvü Bakını çox bəyənib. Təmiz, səliqəli, gözəl və bənzərsiz şəhər. Bakı gələcək Olimpiada şəhəridir. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram. Qoy qitə və dünya miqyasında keçiriləcək gələcək yarışlarda daim Azərbaycan himni səslənsin, bayrağı dalğalansın".
MƏSLƏHƏT GÖR: