Müəllif: Çingiz ƏZİZLİ Bakı
2012-ci ilin avqustunda idman həvəskarları London Olimpiadasında baş verən gözlənilməz hadisələrə şahidlik edirdilər. Turniröncəsi idman funksionerləri, idmançılar və azarkeşlər də daxil olmaqla, hər kəs olimpiyaçılarımızdan yüksək nəticələr gözləyirdi. Onlar Olimpiya bayrağı altında yarışırdılar və Azərbaycan yığmasının aktivinə qızıl medallar yarışın ən son mərhələlərində gəlməyə başladı.
Birinci Oyunların təşkilatçıları isə yarışların proqramını elə qurublar ki, turniri məhz güləşçilər açıblar. Bu dəfə Azərbaycan idmançıları obrazlı ifadə etsək, "Qızılsız bir günümüz olmasın!" şüarı ilə çıxış ediblər və onlar 6 yarış gününün 5-də yığmaya qızıl medal qazandırıblar.
Avropa Oyunlarında Azərbaycan güləşçiləri, ümumilikdə, 15 medal əldə ediblər. Onların 6-sı qızıl medaldır. İndiyədək azərbaycanlı güləşçilər heç bir qitə birinciliyində bu sayda medal əldə etməmişdilər. Bir il əvvəl Finlandiyada keçirilən Avropa Çempionatında Azərbaycan güləşçiləri 3-ü qızıl olmaqla, 10 medal əldə etmişdilər. 2013-cü ildə Gürcüstanda təşkil olunmuş Avropa birinciliyində isə onların qazandıqları 7 medal arasında "qızıl" yox idi. İndiyədək güləşçilərimiz üçün qazanılmış qızıl medalların sayına görə ən uğurlu qitə birinciliyi 2010-cu ildə Bakıda keçirilmiş Avropa çempionatıdır. O zaman azərbaycanlılar 7 qızıl medal əldə etmişdilər.
Bu il güləş üzrə Avropa Çempionatı yoxdur və Avropa Oyunları Yay Olimpiya Oyunları öncəsi ABŞ-da keçiriləcək lisenziyalı dünya birinciliyi ərəfəsində uşaqlar üçün sanki son məşq rolunu oynayırdı.
Bundan başqa, medalların qazanılması baxımından güləşin Azərbaycan yığması üçün əhəmiyyətini nəzərə alsaq, Avropa Oyunları onların gələn il Braziliyada keçiriləcək Olimpiadaya hansı şanslarla yollanacaqlarını göstərib. Odur ki, "Bakı-2015" düşünməyə xeyli mövzu verir.
Yunan-Roma güləşi
Yunan-Roma güləşçilərimiz Avropa Oyunlarında əla çıxış edərək, ümumilikdə, 6 medal qazanıblar. Onlardan 2-si qızıl, 2-si gümüş, 2-si bürünc medaldır. Bu nəticəni güləşçilərin son 2 ildəki nəticələri ilə müqayisə etsək, onların irəliyə doğru böyük addım atdıqlarını görərik. Son iki ildə keçirilmiş dünya və Avropa çempionatlarında "klassik"lərimiz bircə "qızıl" belə əldə edə bilməyib, yalnız "gümüş" və "bürünc"lə kifayətlənməli olublar. Odur ki, Bakıda keçirilən Avropa Oyunlarında 2 qızıl medalın qazanılması güləşçilərimizin ABŞ-da keçiriləcək dünya çempionatında uğurlu çıxış etmələri, 2016-cı il Olimpiadasına mümkün qədər çox lisenziya qazanmaları üçün yaxşı imkan sayıla bilər.
"Bakı-2015"də qızıl medal qazanmış Rəsul Çunayev və Elvin Mürsəliyevin özünəinamı bu qələbələrdən sonra daha da arta bilər. Məsələ ondadır ki, bu iki güləşçi indiyədək Avropa və ya dünya çempionatı kimi turnirlərdə yuxarı yaş həddində qızıl medal qazanmayıblar.
Lakin Olimpiya Oyunlarında medallar Avropa Oyunları, dünya və Avropa çempionatlarındakı kimi, 8 kateqoriyada yox, 6 kateqoriyada oynanılır. Rioda keçiriləcək Olimpiadada yunan-Roma güləşində 71 və 80 kiloqram çəki dərəcələrində yarış olmayacaq. "Bakı-2015" də R.Çunayev və Rafiq Hüseynov məhz bu çəki dərəcələrində "qızıl"a və "gümüş"ə sahib çıxıblar. Çunayev artıq 66 kiloqramadək olan çəki dərəcəsinə qayıtmaq niyyətini açıqlayıb. Bu məqsədə nail olmaq üçün o, Həsən Əliyevlə mübarizədən qalib ayrılmalıdır. Odur ki, bu iki güləşçidən biri böyük ehtimalla, Braziliyaya yollanmayacaq.
Ümumiyyətlə, güləşçilərimizin çıxışını qiymətləndirən zaman qeyd olunmalıdır ki, onların psixoloji baxımdan güclənmələrinə, təzyiqlərə, o cümlədən tribunalardan gələn basqılara daha yaxşı sinə gərməyi öyrənmələrinə ehtiyac var. Bundan başqa, güləşdə hər zaman sözünü demiş Rusiya yığmasının Bakıda 8 kateqoriyadan 5-də "qızıl"a sahib çıxdığını unutmaq olmaz. Odur ki, Azərbaycan güləşçiləri ABŞ-da keçiriləcək dünya çempionatında, xüsusilə isə Rioda yüksək kürsüyə sahib çıxmaq üçün daha ciddi çalışmalıdırlar.
Sərbəst güləş
Yunan-Roma güləşçilərimiz kimi, sərbəst güləşçilərimiz də "Bakı-2015"i 6 medalla başa vurublar. Bu medallardan 2-si qızıl, 4-ü bürüncdür. Rioda medalların oynanacağı çəki dərəcələrini nəzərə alsaq, Azərbaycanın sərbəst güləşçiləri Bakıda 4 medal qazanıblar. 70 kiloqram çəki dərəcəsində Ruslan Dibirhacıyevin və 61 kiloqramda Hacı Əliyevin qazandıqları "bürünc"lər yalnız dünya və Avropa çempionatları baxımından əhəmiyyətlidir. Çünki gələn il keçiriləcək Olimpiadada bu çəki dərəcəsində medal oynanılmayacaq.
Sərbəst güləşçilərimizin çıxışını qiymətləndirərkən bir sıra müsbət məqamları da qeyd etmək lazımdır. Bunlardan birincisi, London Olimpiadasındakı zəfərdən sonra müxtəlif səbəblərdən kölgədə qalmış, səviyyəsini bərpa edəcəyinə şübhələrin olduğu Toğrul Əsgərovun qayıdışıdır. O, Avropa Oyunlarında özünə xas olan yüksək səviyyəli döyüş nümayiş etdirdi. Toğrul bu ruhda davam edərsə, onun Rioda qələbə qazanmaq şansı yüksək olacaq.
İkincisi, Xetaq Qazyumovun çıxışıdır. 97 kiloqram çəki dərəcəsində qalib gələn Qazyumov 2014-cü ildə Avropa və dünya çempionatlarında 2-ci yeri tutmuş və hər iki yarışın finalında rusiyalı rəqibi Abdusalam Qadisova məğlub olmuşdu. Bakıda o, Qadisovu yarımfinalda məğlub edib və ümid edək ki, bu, uğurun Xetaqın tərəfinə keçməsinə səbəb olacaq. Bununla yanaşı, Xetaq Qazyumov Rioya yollanmaq üçün komandadaxili mübarizədə Olimpiya çempionu Şərif Şərifova da qalib gəlməlidir.
Ötən il Finlandiyada keçirilmiş Dünya Çempionatının qalibləri olmuş Hacı Əliyevlə Ruslan Dibirhacıyev Avropa Oyunlarında bürünc medalla kifayətlənməli olublar. Lakin artıq qeyd edildiyi kimi, Rioda sərbəst güləş üzrə 61 kiloqramadək və 70 kiloqram çəki dərəcəsi oynanılmayacaq. Odur ki, Əliyevlə Dibirhacıyev Olimpiadaya yollanmaq istəyirlərsə, çəki dərəcələrini dəyişməli olacaqlar. Bununla yanaşı, hər iki idmançının ciddi rəibləri var. Bu, 65 kiloqramadək çəki dərəcəsində döyüşən T.Əsgərov və 74 kiloqramadək çəki dərəcəsində çoxdan uğurlu çıxış edən C.Həsənovdur.
İstənilən halda, Azərbaycan yığmasının sərbəst güləşçiləri həm ABŞ-da keçiriləcək dünya birinciliyində, həm də Braziliyada düzənlənəcək Olimpiadada digər ölkələrdən, ilk növbədə, Rusiya və İrandan olan rəqiblərlə ciddi mübarizə aparmalı olacaqlar. Rusiyanın sərbəst güləşçiləri Bakıda 5 qızıl, 2 bürünc medal əldə eliblər. ABŞ da idmanın bu növündə güclü idmançılara malikdir. Yüngül çəki dərəcələrinə gəlincə, Cənubi Koreya, Çin və Yaponiya güləşçilərini də yaddan çıxarmaq olmaz.
Qadın güləşi
Qadın güləşində Azərbaycan idmançıları Avropa Oyunlarını 2-si qızıl olmaqla, 3 medalla başa vurublar. Bu, London Olimpiadasından sonrakı dövr üçün yığmanın ən yaxşı nəticəsidir. 2013-2014-cü illərin Avropa çempionatlarında, 2014-cü ildə keçirilmiş dünya birincilyində qadın güləşçilərimiz 2 medalla kifayətlənmişdilər. 2013-cü ildə keçirilmiş dünya çempionatında isə onlar yalnız bir medal qazana bilmişdilər.
Hər zaman olduğu kimi, bu dəfə də rəqiblərinə meydan oxuyan Mariya Stadnik olub. Onun döyüşlərini izləmək hər zaman zövqvericidir. Sürəti, effektivliyi, müxtəlif texniki bacarıqları Stadniki istənilən turnirin favoritlərindən birinə çevirir. Azərbaycanın ABŞ-da keçiriləcək dünya birinciliyində və Braziliya Olimpiadasında da əsas gözləntiləri Stadnikdəndir. Ümid edək ki, Mariya üçüncü cəhdində Olimpiya çempionu adını qazana biləcək. Rioda ona bir qədər bəxt lazımdır. Mariyada qalan bütün keyfiyyətlər var.
Avropa Oyunlarının daha bir qalibi Anjela Doroqan üçün Bakı uğuru yuxarı yaş dərəcəsində ilk ciddi nailiyyətdir. Amma obyektiv olsaq, onun ABŞ-da bu uğuru təkrarlaması asan olmayacaq. Bununla yanaşı, Doroqan artıq qələbənin dadını bilir və bu hiss onu keyfiyyətcə yeni səviyyəyə yüksəlmək işində yardım edə bilər.
"Bakı-2015"də 55 kiloqramadək çəki dərəcəsində bürünc medal Natalya Sinişaya qismət olub. Amma onun çəki dərəcəsi də Olimpiada da oynanılmır. Odu ki, Natalya ya 53 kiloqram çəki dərəcəsinə keçməli və Doroqanla mübarizə aparmalı, ya da 58 kiloqramadək çəki dərəcəsində İrina Netreba ilə yarışmalı olacaq. Yeri gəlmişkən, Netreba "Bakı-2015"də çempionluğun bir addımlığında qalıb.
Rioya aparan yol
Avropa Oyunları göstərdi ki, Azərbaycan güləşçiləri güləşin yeni qaydalarına uyğunlaşıblar. Qeyd edək ki, güləşdə aparılmış islahatlar bu idman növünü daha baxımlı və maraqlı edib. İndi atışlar daha çoxdur, təsadüflər minimuma enib, meydanda qələbəni bir qayda olaraq, bunu daha çox istəyən, qalibiyyət uğrunda daha çox çalışan əldə edir. İndi döyüşlərin dinamikliyi də nəzərəçarpacaq dərəcədə yüksəlib.
Avropa Oyunları Azərbaycanın güləş dünyasının liderləri arasında təsadüfən yer almadığını da təsdiqləyib. 2008-ci ildə keçirilmiş Pekin Olimpiadasından başlayaraq, Azərbaycan yığmasına medal gətirən əsas idmançılar məhz güləşçilərdir. 2012-ci ildə Londonda onlar bu mövqelərini daha da gücləndiriblər. Odur ki, Rioda güləşçilərimizdən medal gözləntiləri maksimum olacaq. Əlbəttə, bu, idmandır və hər hansı idmançının medal qazanacağına əvvəlcədən zəmanət vermək olmaz. Lakin, medal perspektivi məhz güləşdə daha real görünür. İndi, sadəcə, bu potensialı reallaşdırmaq qalır.
Rioya aparan yol isə 2015-ci ildə Las-Veqasda keçiriləcək yarışdan keçir. "Bakı-2015" birinci Avropa Oyunlarını bu çətin və uzun yola çıxmazdan əvvəl edilmiş son məşq saymaq olar. Bu çətin yolun 14 ay sonra yetişəcək sonunda Azərbaycan güləşçilərinin ünvanına dəfələrlə "bravo" qışqırmaq ümidi ilə...
MƏSLƏHƏT GÖR: