Müəllif: Cahangir HÜSEYNOV Moskva
Rusiya yığması "Bakı-2015" birinci Avropa Oyunlarına ən çox nümayəndə ilə qatılmış komandalardan biridir. Onun tərkibində 317-si Olimpiya idman növü təmsilçisi olmaqla, 367 idmançı yer alıb. Rusiyadan Bakıya 6 Olimpiya çempionu da gəlib. Rusların iddiası çox böyükdür - komanda hesabında birinci yer.
Rusiya Dövlət Duması sədrinin birinci müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr JUKOV "R+"a müsahibəsində Avropa Oyunlarının Rusiya üçün önəmi, idmanı siyasi maraqlara tabe etmək cəhdləri və Rusiya-Azərabycan münasibətləri haqqında danışıb.
- Hörmətli Aleksandr Dmitreviç, Bakıda keçirilən birinci Avropa Oyunlarının açılışını və idman meydançalarının yarışlara hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Fikrimcə, açılış mərasimi Azərbaycan milli mədəniyyət və incəsənətinin elementləri ilə çox təsirli alındı. Yaddaqalan məqamlar çox oldu. Odur ki, təşkilatçıların çox gözəl işlədiklərini söyləmək olar.
İdman arenaları və obyektlərinə gəlincə, şəxsən mənim bu istiqamətdə aparılan işlərin vaxtında başa çatdırılacağına, onların keyfiyyətinin heç kəsi narazı salmayacağına heç bir şübhəm yox idi. Bakı oyunlara əla hazırlaşıb.
- Açılış mərasimində iştirak edən fəxri qonaqlar arasında Rusiya prezidenti də var idi. Vladimir Putinin Bakıya gəlməsini Azərbaycan prezidentinin Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarına yollanmasına cavab addımı sayırsınızmı?
- Hesab edirəm ki, Putinin birinci Avropa Oyunlarının Rusiyanın Milli bayramı ilə eyni günə təsadüf etmiş açılışında iştirak etməsi Vladimir Vladimiroviçin ölkənizə hörmətinin göstəricisidir. Biz Azərbaycanı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşımız sayırıq. Bu, siyasi və iqtisadi əməkdaşlığa da aiddir. Bizim xalqlarımızı qədim mədəni və idman ənənələri birləşdirir. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Böyük Vətən müharibəsində qələbənin 70 illiyilə bağlı tədbirlərə qatılmaq üçün Moskvaya səfər etmişdi. Odur ki, mən nəzakət naminə cavab səfərindən yox, iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq münasibətlərindən danışardım.
- Soçi ilə təsadüfən paralel aparmadıq. Əsas mahiyyəti yarışda ən güclüsünü müəyyən etmək olan idmandan tez-tez siyasi intriqa, təzyiqlər və yekəxana "öyüd-nəsihət" üçün istifadə olunur. Hazırda bununla Azərbaycan üzləşib, ilyarım əvvəl isə Rusiya qarşılaşmışdı. Dünyanın idman ictimaiyyəti beynəlxalq yarışlara siyasi çalar vermə cəhdlərinə sinə gərmək iqtidarında deyilmi?
- Beynəlxalq idman ictimaiyyəti idmanın siyasətdən kənarda qalmasını vacib sayır. Bu, Beynəlxalq Olimpiya Komitəsinin qurumun prezidenti Tomas Bax tərəfindən hazırlanmış və ötən ilin dekabrında təsdiqlənmiş yeni strategiyasının əsas məqamlarından biridir. Bu prinsip bir müddət əvvəl BMT Baş Assambleyası tərəfindən də təqdir edilib. Siyasi məqamlar idmana təsir göstərməməlidir. İdman insanların birliyinə, sülhə, qarşılıqlı hörmət və ümumbəşəri dəyərlərə əməl olunması ilə inkişafa xidmət edir. İdmanın ayrı-ayrı dövlətlərin və ya şəxslərin maraqlarına tabe edilməsi cəhdləri şübhəsiz ki, müşahidə olunur. Biz bunu yaxşı görürük. Amma hazırda belə tendensiyaların perspektivi yoxdur.
- Rusiyanın nəhəng beynəlxalq yarışlara hazırlıq təcrübəsi var. Avropa Oyunlarının Təşkilat Komitəsinin işinə rusiyalı mütəxəssislər də qoşulubmu?
- Birinci Avropa Oyunlarına hazırlığı London Olimpiadasını hazırlamış təcrübəli komanda həyata keçirir. Onunla Soçi Olimpiadasının təşkilində iştirak etmiş bəzi mütəxəssislər əməkdaşlıq edirlər. Bu, xüsusilə təntənəli açılış və bağlanış mərasimlərinin təşkililə məşğul olan mütəxəssislərdir. Onu da deyim ki, hazırda oyunlara Rusiyadan 50 könüllü də cəlb olunub. Onlar komandaların nümayəndə heyətlərinə, hakimlər korpusuna, tibbi personala kömək edir, həmçinin Azarkeşlər evində rusiyalı idmançılar üçün təbrik şənliklərinin təşkilində iştirak edirlər. Bakıda çalışan əcnəbi könüllülər arasında ən böyük heyət Rusiyaya məxsusdur.
- Müsahibələrinizin birində demisiniz ki, "Bu gün Rusiya ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq durmadan inkişaf edir". Misal kimi, birinci Avropa Oyunlarının medallarının Soçi Qış Olimpiadası üçün medallar hazırlamış Rusiyanın "Adamas" və Azərbaycanın "Azərsuvenir" şirkətləri tərəfindən hazırlanmasını göstərmisiniz. Bəs iki ölkənin olimpiya komitələri arasında əməkdaşlıq hansı səviyyədədir?
- Bu əməkdaşlıq ən yüksək səviyyədədir. Bizim əla işgüzar və dostluq münasibətlərimiz var. Bu, birinci Avropa Oyunlarına hazırlıq zamanı əlavə impuls qazanıb. Rusiya Olimpiya Komitəsi bu yarışları ilin idman təqviminin əsas hadisələrindən biri kimi qiymətləndirir. Bakıya bizdən Olimpiya çempionları Aliyə Mustavina və Hacımurad Qasalovun başçılıq etdiyi böyük komanda yollanıb. Son il ərzində bizim aramızda daim əlaqə olub, bir çox məsələləri müzakirə etmişik. Əməkdaşlığımız birmənalı olaraq müsbət, səmərəli xarakter daşıyır.
- ROK Avropa Oyunları ərəfəsində Bakıda Rusiya və Azərbaycan Azarkeşləri Evi açıb...
- Biz oyunlar zamanı iki ölkə azarkeşlərinin yalnız öz atletlərinə azarkeşlik etməyəcəklərini, həm də bir-birlərinə ürəkdən dəstək verəcəklərini düşünmüşük. Fikrimizcə, xalqlarımız arasında əsrlərdən gələn dostluq münasibəti, ümumi idman tarixi belə düşünməyə əsasdır. Azarkeşlər evi yalnız birinci Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri, Rusiyanı və Azərbaycanı təmsil edən idmançılar haqda maraqlı məlumatlar əldə edə biləcəkləri məkan deyil. Ora ünsiyyət üçün, fikir və təəssürat mübadiləsi üçün də nadir məkandır.
Rusiya Olimpiya Komitəsi ölkədən kənarda ilk dəfə belə ev açıb. Hesab edirik ki, o, iki ölkənin xalqları arasında dostluq münasibətlərinin inkişafına kömək etməli, qonaqpərvərlik, mədəni əlaqələr mərkəzinə çevrilməlidir. Qonaqlar tərəfindən böyük maraqla qarşılanmış Soçidəki Azarkeşlər Evinin təcrübəsi göstərir ki, insanların belə təşəbbüslərə münasibəti çox yüksəkdir.
- Dövlət Dumasının bədən tərbiyəsi, idman və gənclərlə iş komitəsinin sədri İqor Ananski mətbuata açıqlamasında bildirib ki, Rusiya yığması bu yarışda, təxminən, 40 medala iddialıdır. Sizin proqnozunuz necədir? Rusiyanın hansı idman növlərində rəqibi yoxdur? İlk həftədə əldə edilmiş nəticələr haqqında nə deyə bilərsiniz?
- Biz komandamızın qarşısında konkret medal planı qoymamışıq. Şübhəsiz, yığmamız heyətinə və potensialına görə, "Bakı-2015"in ən güclülərindəndir. Hədəf də buna uyğundur - komanda hesabında birinci yer. Rəqabətə gəlincə, sinxron üzgüçülükdə bizimkilərin əla çıxış etdiklərini görürsünüz. Ruslar bu növdə bütün yarışları qazanıblar - 4 qızıl medal. Kişi və qadın gimnastlarımız da yaxşı çıxış edirlər. Bundan başqa, yunan-Roma və sərbəst güləşçilərimiz çox sayda medal əldə ediblər. Bəlkə də hansısa idman növünə daha çoxuna ümid edirdik, hansısa idman növündə gözlədiyimizdən daha yaxşı çıxış edirik. Hər halda, hesab edirəm ki, ilk həftə Rusiya yığmasına layiq, uğurlu keçib.
- Rusiya ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün ərizə verməyi düşünürmü?
- Hazırda bizim yaxın illər üçün nəhəng idman tədbirlərinin təşkilinə dair formalaşmış və kifayət qədər dolğun qrafikimiz var. Burada müxtəlif dünya çempionatlarından, o cümlədən futbol üzrə dünya çempionatından, qış Universiadasından söhbət gedir. Odur ki, Rusiya diqqətini, ilk növbədə, bu tədbirlərin təşkilinə yönəldib. Amma hazırda bizim bir sıra şəhərlərimiz istənilən miqyasda idman tədbirini ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Bunun üçün lazımi infrastruktur, idman qurğuları var. Bu məsələni müzakirə edəcəyik.
- Artıq ənənə halına çevrilmiş, payızda Moskvada keçiriləcək Rusiya olimpiyaçıları balına qonaq qismində Azərbaycan idmançıları da dəvət alacaqlarmı?
- Bu haqda mütləq düşünəcəyik.
- Müsahibəyə görə, çox sağ olun! Rusiya yığmasına uğurlar arzulayırıq!
MƏSLƏHƏT GÖR: