14 Mart 2025

Cümə, 23:38

AZƏRBAYCAN DİPLOMATİYASINDA BALKAN PAYIZI

Bakı-zaqreb münasibətləri yeni mərhələyə qədəm qoyur

Müəllif:

01.10.2007

Oktyabrın əvvəlində Xorvatiya prezidenti Stepan Mesiç rəsmi səfərlə Azərbaycana gələcək. Xatırladaq ki, 2005-ci ilin iyununda Azərbaycanın dövlət başçısı İlham Əliyev Xorvatiyaya rəsmi səfər edib və Mesiçin bu səfəri cavab xarakteri daşıyır. Bakı görüşü həmçinin xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın ilk günlərində Zaqrebə etdiyi səfərin davamı olacaq. Xarici siyasət idarəsinin rəhbəri Xorvatiyada siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərə dair müzakirələr aparıb, həmçinin əməkdaşlığın hüquqi-normativ bazasının möhkəmləndirilməsinə dair fikir mübadiləsi edib.

Xorvatiya siyasi, ticari, mədəni, turizm, energetika və humanitar sahələrdə səmərəli əməkdaşlıq üçün perspektivli ölkədir. Bu fikirləri həmçinin Azərbaycanın həm Balkan regionunda, həm də ümumilikdə Avropada mövqelərinin möhkəmlənməsi, transkontinental nəqliyyat və enerji layihələrinin reallaşdırılması perspektivi haqda da söyləmək mümkündür. Ümumiyyətlə, Xorvatiya strateji cəhətdən vacib region olan Cənub-Şərqi Avropada Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından Bakı üçün əhəmiyyətli ölkədir.

Postyuqoslaviya məkanında nüfuzlu siyasətçi olan Xorvatiya prezidentinin şəxsiyyəti də az əhəmiyyət daşımır. Qeyd edək ki, İlham Əliyevin Zaqrebə səfəri zamanı qəbul edilmiş birgə bəyannamədə məhz Mesiçin prinsipial mövqeyi Xorvatiyanın Dağlıq Qarabağ münaqişəsinə dair dəqiq yanaşmasının əks edilməsinə səbəb olmuşdu. Sənəddə rəsmi Zaqrebin BMT Nizamnaməsinə və ATƏT-in sənədlərinə sadiqliyi, problemin Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə tərəfdar olduğu qeyd edilib. Bu mühüm sənəd iki ölkənin vacib beynəlxalq problemlərə vahid yanaşmasının əks edilməsi, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün yaxşı zəmin yaradır.

Xorvatiya prezidentinin Bakı səfəri zamanı prioritet sahələrdən biri iki ölkənin siyasi əməkdaşlığının möhkəmləndirilməsi və onların beynəlxalq qurumlarda, həmçinin Avropa arenalarında qarşılıqlı fəaliyyəti məsələləri olacaq. Bakı üçün Zaqrebin Avroatlantik məkana inteqrasiya, Avropa İttifaqı və NATO ilə qarşılıqlı fəaliyyət sahələrindəki təcrübəsi xüsusi maraq kəsb edir. Qeyd edək ki, Xorvatiya Aİ-yə qəbul istiqamətində ilk addımı 1999-cu ildə atıb. 2004-cü ilin iyununda ona namizəd ölkə statusu verilib, 2005-ci il oktyabrın 3-də isə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə Xorvatiyanın quruma qəbulu ilə bağlı danışıqlara start verilməsinin formal proseduruna başlanılıb. 

Və artıq Aİ-nin növbəti üzvünün məhz Xorvatiya olacağını söyləmək üçün kifayət qədər əsas var. Ölkə rəhbərliyi Brüssellə dialoq və əməkdaşlığa dair çox effektiv sxem müəyyənləşdirib və Azərbaycan tərəfi də bu modeldən istifadə edə bilər. 

Bu səbəbdən iki ölkə arasında qarşılıqlı fəaliyyət Aİ, həmçinin NATO, ÜTT və ATƏT məsələlərində böyük perspektivlər vəd edir və bu sahələrdə Zaqrebin təcrübəsindən yararlanmaq son dərəcə faydalı olardı.

İki ölkə arasında Cənub-Şərqi Avropa və ümumilikdə Avropa qitəsinin enerji təhlükəsizliyinin təminatı sahəsində qarşılıqlı fəaliyyət və əməkdaşlığın vacibliyi də Bakı ilə Zaqrebi yaxınlaşdıran daha bir əhəmiyyətli faktordur. Qeyd edək ki, Xorvatiya ənənəvi olaraq, Avropanın enerji mənbələri və marşrutlarının diversifikasiyasının tərəfdarı kimi çıxış edir. Odur ki Avropanın müasir enerji siyasəti sahəsində iki ölkənin mövqeləri üst-üstə düşür. Bakının Avropanın neft və qaz bazarlarına çıxışda Moskvanın sərt rəqabəti ilə üz-üzə qaldığı bir vaxtda Balkan regionunun əsas paytaxtı olan Zaqrebin Azərbaycanın müttəfiqinə çevrilməsi ölkəmiz üçün vacib əhəmiyyət daşıyır. Bu baxımdan, Xorvatiyanın, Nabucco da daxil olmaqla, Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın iştirakı ilə həyata keçirilən layihələrə dəstəyi vacibdir.

Qeyd edək ki, hazırda sözügedən hədəflərə çatmaq üçün kifayət qədər əlverişli atmosfer var -  Avropa İttifaqının rəhbərliyi, həmçinin qurumun üzvü olan ölkələr Avropanın aparıcı qaz şirkətləri Nabucco layihəsinin reallaşmasına böyük dəstək verir. Aİ hətta layihə üzrə xüsusi əlaqələndiricisini də müəyyənləşdirib və Nabucconu Avropanın enerji təhlükəsizliyinin təminatı sahəsində 4 prioritet layihənin siyahısına daxil edib. Sentyabrın ortalarında Budapeştdə keçirilən beynəlxalq konfransda əvvəllər sözügedən layihəyə ehtiyatla yanaşan Macarıstan hökumətinin başçısı, həmçinin iqtisadiyyat naziri onun reallaşdırılmasının vacibliyini birmənalı şəkildə bəyan ediblər. "Qaz artıq evlərimizin isidilməsi vasitəsi yox, bizim milli təhlükəsizlik məsələmizdir. Nabucco ilə bağlı yeganə problem onun reallaşdırılmasının son dərəcə ləng həyata keçirilməsidir. Bizim məqsədimiz isə Rusiyadan asılı olmayan qaz mənbələrinin tapılmasıdır", - deyə macar baş nazir Ferens Dyurçani çoxları üçün, ilk növbədə isə Moskva üçün gözlənilməz olan bəyanatla çıxış edib. 

Bununla da o, ölkəsinin sözügedən məsələ ilə bağlı siyasətinin prinsipial şəkildə dəyişdiyini ortaya qoyub. 

Ölkənin iqtisadiyyat naziri, hakim koalisiyanın üzvü olan Azad demokratların liberal alyansının lideri Yanoş Koka isə özünütənqidə üstünlük verərək, Macarıstanın indiyədək bu layihəyə effektli dəstək vermədiyini etiraf edib: "Məsələ ondadır ki, biz indiyədək bu layihənin sadəcə xəyal olduğunu təkrarlamaqla, əslində, onun hələ də xəyal kimi qalmasına şərait yaratmış olmuşuq".

Fransanın "Gaz de France" şirkətinin Nabucco layihəsinin tərəfdaşı olmaq haqda qərarı da layihənin reallaşması istiqamətində atılan vacib addımdır. 

Beləliklə, Fransanın qaz nəhəngi Avstriyanın "OMV", Macarıstanın "MOL", Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz" və Türkiyənin "Botas" şirkətlərindən sonra konsorsiuma qoşulan altıncı səhmdar ola bilər.

Bakı üçün Zaqreblə iqtisadi-ticari sahədə münasibətlər də son dərəcə böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi (2007-ci ilin ilk altı ayına görə) 1 milyon dollardan da aşağı düşərək, 0,858 milyon dollar təşkil edir. Ötən ilin eyni dövründə isə bu rəqəm 5,1 milyon dollar təşkil edib. Belə vəziyyətin Azərbaycanı qane etmədiyi aydındır. Qeyd edək ki, Xorvatiya gəmiçilik, aqrar-sənaye, yol tikinisi və digər infrastrukturun qurulması, qida sənayesi kimi sahələrdə böyük təcrübə və potensiala malikdir. Bunları həmçinin Zaqrebin enerji sahəsində problemlərə diqqətini nəzərə alsaq, demək olar ki, Azərbaycan hökuməti və özəl sektorun nümayəndələri Xorvatiya ilə iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlıq məsələlərinə daha diqqətlə və maraqla yanaşmalıdır. Bu baxımdan, ikitərəfli əməkdaşlığın hüquqi bazasının inkişaf etdirilməsi də vacibdir.

S.Mesiçin Bakıya səfərinin gedişində iki ölkənin aktual beynəlxalq və regional problemlərə vahid yanaşmasını əks etdirən birgə bəyannamənin, həmçinin çoxşaxəli əməkdaşlığın təmin edilməsi üçün daha əlverişli şəraitin yaradılmasını nəzərdə tutan bir sıra ikitərəfli razılaşmaların imzalanacağı gözlənilir. Buraya hər şeydən əvvəl investisiyaların qarşılıqlı təşfiqi və qorunması, iqtisadi-ticari sahədə əməkdaşlıq, ticarət palataları arasında tərəfdaş münasibətlərinin qurulması, həmçinin iki ölkənin diplomatik akademiyalarının əməkdaşlığına dair razılaşmalar aiddir.


MƏSLƏHƏT GÖR:

418