15 Mart 2025

Şənbə, 00:45

PEKİNƏ APARAN YOL BAKIDAN KEÇİR

Azərbaycan paytaxtı güləş üzrə lisenziyalı dünya çempionatına ev sahibliyi etməyə hazırdır

Müəllif:

15.09.2007

Sentyabrın 17-də Azərbaycan üçün ilin əsas idman hadisələrindən biri başlayacaq. Söhbət planetin güclülərinin qatılacağı sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya birinciliyindən gedir. Yarışın fərqli cəhəti ondadır ki, idmançılar burada yalnız dünya çempionu adı uğrunda deyil, həm də Olimpiadaya qatılmaq haqqı verən lisenziya uğrunda mübarizə aparacaqlar. Bu səbəbdən DÇ-2007 bütün yığmalar, həmçinin mundialdan maksimum nəticə ilə ayrılmaq istəyən ev sahibi üçün böyük əhəmiyyət kəsb edir.

 

"Qızıl" üçün zəmin

Azərbaycanlı idmançılardan Pekinə vəsiqə qazananlar, əsasən, sərbəst güləşçilər və "klassiklər" olmalıdır. Bununla yanaşı, komanda minimumla kifayətlənməyərək ən yüksək yerlər uğrunda mübarizə aparacaq. Bunun üçün isə lazımi imkanlar var. Xüsusilə, yunan-Roma güləşçilərinin tərkibindəki güclü "dördlük" ümidlənməyə əsas verir. Söhbət ötən ilin yekunlarına görə, Azərbaycanın ən yaxşı idmançısı Rövşən Bayramov (55 kq), Avropa çempionu Vitali Rəhimov (60 kq), Afina Olimpiadasının qalibi Fərid Mansurov (66 kq) və Daşkənddə keçirilən qran-pridə qızıl medal qazanmış İlqar Abdulovdan (74 kq) gedir.

Millinin baş məşqçisi Elçin Cəfərov hesab edir ki, son illər əldə edilən uğurun əsas səbəblərindən biri kollektivdə mövcud olan yüksək səviyyəli nizam-intizamdır. "Biz ciddi rejimdə işləyirik və belə rejimə heç də hamı dözmür. Hətta vaxtilə bəzi məşhur güləşçilərlə yollarımız ayrılmalı olub, bəziləri təlimlərdən kənarlaşdırılıb, digərlərinə isə xəbərdarlıq olunub. Bununla da komandada nizam-intizam yaradılıb. Eyni zamanda kollektivdə dostluq münasibətləri və sağlam atmosfer də hökm sürür", - deyə baş məşqçi bildirib. - "Bizdə uşaqlar çox gəncdirlər və ən yaşlısının 25 yaşı var. Onlar uğura tərəf 5 yaşından hərəkət etməyə başlayıblar və həmin vaxtdan müxtəlif beynəlxalq startlarda,  texniki-taktiki və fiziki təlimlərdə iştirak ediblər. Biz hər bir güləşçiyə inanırıq və özünü yaxşı tərəfdən göstərməsi üçün ona şans yaradırıq".

Bu gün Azərbaycan "klassikləri" ciddi rəqib hesab olunurlar və bir sıra yığmalar onları öz komandalarında görmək istəyir. "2006-cı ilin dünya çempionatından sonra bir sıra federasiyaların rəhbərləri mənə müraciət edərək atletlərin dəyişdirilməsi təklifi ilə çıxış ediblər. Onlar bizdə eyni çəkidə iki dünya səviyyəli güləşçi - Fərid Mansurov və Hüsaməddin Rəcəbovun çıxış etdiyini bildirərək, idmançılardan birinin onlara verilməsini istəyirdilər. Əvəzində isə bizim problem yaşadığımız ağırçəkili döyüşçüləri təklif edirdilər. Lakin  yetirmələrimizi dağıtmaq fikrində deyilik və belə təkliflərdən heç birini qəbul etməyəcəyik", - deyə E.Cəfərov qeyd edib. - "Rusiya, İran, Türkiyə və digər ölkələrdən olan çox sayda mütəxəssislər bizim idmançılarımızla hesablaşır və Azərbaycanın "klassik güləş"inin inkişafda olduğunu anlayırlar".

Lakin millidə ağır çəkidə daxili rəqabətin olmaması da faktdır. Bu, komandanın əsas problemlərindən biridir və bu səbəbdən də məşqçilərin legionerlərə üz tutmaqdan başqa çıxış yolu yoxdur. Dünya birinciliyinin Bakıda keçiriləcəyini nəzərə alsaq, ev sahiblərinin yarışa mümkün qədər tam heyətlə çıxması laxımdır. Amma say heç də keyfiyyətə zəmanət vermir...

 

Çempionatın məğzi

Mundiala əlavə ajiotaj verən daha bir məqam Ermənistan millisinin Azərbaycana gəlməsilə bağlıdır. Azərbaycan böyük beynəlxalq yarışlara ev sahibliyi edən ölkə kimi, bu turnirin də bütün iştirakçılarının, həmçinin erməni nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat verib. Bununla yanaşı, bir neçə ay əvvəl Ermənistanın Güləş Federasiyasının nümayəndələri Bakıya gələrək, yenidən təhlükəsizliyə zəmanət məsələsini qaldırıb və müsbət cavab alıblar. Artıq Ermənistanın sərbəst və yunan-Roma güləşçilərinin tam tərkibdə Azərbaycana gələcəkləri məlumdur.

Azərbaycan yığmasına qayıdaraq, qeyd etmək lazımdır ki, bu çempionat sərbəst güləşçilər, daha dəqiqi, kollektivin uzun illərdir lideri olan Namiq Abdullayev (55 kq) üçün xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, o, uzun illərdir dünya çempionu titulu uğrunda mübarizə aparsa da, hələ ki bu istəyinə çatmayıb. Odur ki Olimpiya çempionu və dəfələrlə Avropa birincisi olmuş Abdullayev üçün Bakı mundialında qızıl medal qazanmaq prioritet olacaq. Yaşının çoxluğuna baxmayaraq, o, hələ də yaxşı nəticələr göstərir və ötən il dünya üçüncüsü və Avropa ikincisi olması da deyilənlərə sübutdur.

Digər tərəfdən, millinin hazırkı məşqçisi Yaqub Məmmədov komandanın heyətini xeyli "qarışdırıb" və oraya legionerlər dəvət edib ki, bu da yığmanın potensialını kifayət qədər artırıb. Xüsusilə, Xetaq Qazyumovun (96 kq) Almaniya və Polşada keçirilən qran-prinin qalibi olmasını, Novruz Temrezovun (84 kq) Varşavada ilk yeri tutmasını, Elnur Aslanovun (74 kq) və Əli İsayevin (120 kq) ilk üçlükdə qərarlaşmasını qeyd etmək olar. Məşqçi hesab edir ki, onun yetirmələri "doğma divarlar arasında" lazımi qədər uğurla çıxış etmək və çoxlu sayda olimpiya lisenziyası qazanmaq iqtidarındadırlar. "Bizim bərabər və stabil komandamız yaranıb. Yüngül və orta çəkilərdə olduğu kimi, ağır çəkidə də güclü güləşçilərimiz var. Ümumilikdə, mən uşaqların işlərinə yanaşmalarından razıyam", - deyə Y.Məmmədov bildirib.

Qeyd edək ki, sərbəst güləşçilərimizin əsas rəqibləri Bakıya yeni heyətlə gələcək Rusiya idmançıları olacaq. Rusiyanın yeni millisinə uzun illərdir öz çəkilərində lider olan idmançılar daxil edilməyib. Söhbət altıqat dünya çempionu Buvaysar Saytiyev (74 kq-dək), Olimpiya oyunlarının mükafatçısı, ikiqat dünya çempionu Sajid Sajidov (84 kq-dək) və dünya çempionu Kuramaqomed Kuramaqomedovdan (120 kq-dək) gedir. Lakin belə məşhur pəhləvanların millidə olmamasına baxmayaraq, Bakıya Rusiyadan kifayət qədər güclü və qarşısına böyük hədəflər qomuş yığma gələcək. Başqa cür ola da bilməz. Belə ki, mundial ilk lisenziyalı yarış olacaq ki, əksər yığmalar minimum məqsədə məhz Bakıda çatmağa çalışacaq. Yarışda öz çəki kateqoriyasında ilk səkkiz yeri tutan atletlər Pekinə vəsiqə qazanacaq. Ümumilikdə isə, Azərbaycanda Olimpiadaya 56 sərbəst və o qədər də "klassik" güləşçi, üstəlik, 32 qadın idmançı vəsiqə əldə edəcək.

Yeri gəlmişkən, Bakıda keçirilən mundialda qadın güləşçilərimizin uğurlu çıxışı halında Azərbaycan ilk dəfə olaraq Olimpiadada zərif cinsdən olan güləşçilərlə təmsil oluna bilər. Qeyd edək ki, indiyədək cüdoda kifayət qədər uğurlu çıxış edən Sona Əhmədova da güləş üzrə yığma komandanın heyətinə qatılıb. Onun indiyədək qazandığı mükafatlar arasında gənclər arasında Avropa çempionu adı da var. Lakin Sona döyüşün başqa növündə gücünü sınayaraq, beynəlxalq turnirlərin hansındasa qələbə qazanmaq fikrindədir.

Mundialın təşkilatçılığı məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, artıq Azərbaycan belə nüfuzlu yarışları keçirmək təcrübəsinə malikdir. 2002-ci ildə Bakıda sərbəst güləş üzrə Avropa birinciliyi, bir neçə il sonra isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində komandalı Dünya Kuboku keçirilib ki, bu yarışda qələbəni döşək sahibləri əldə edib. Bir il əvvəl isə məhz Bakıda Qran-pri yarışının finalı baş tutub və orada da yerli pəhləvanlar yüksək səviyyədə çıxış ediblər. Bununla yanaşı, mundial tamamilə başqa yarışdır və burada mübarizə əzmi bir çox digər beynəlxalq turnirlərlə müqayisədə daha böyük olur. Azərbaycanlı güləşçilər isə ən yüksək hədəflərə nail olmaq gücündə olduqlarını dəfələrlə sübut ediblər. Atletlərimizin bu dəfə də qarşıya qoyulan məqsədlərə çatacaqlarına şübhə etməyə ehtiyac yoxdur.


MƏSLƏHƏT GÖR:

426