14 Mart 2025

Cümə, 23:29

HƏR PARILDAYAN QIZIL DEYİL…

Rusiya və Gürcüstan şirkətləri azərbaycanın qızıl yataqları ətrafında şübhəli ittifaq yaradırlar

Müəllif:

15.09.2007

Artıq bir neÇƏ ildir, Azərbaycanın ABŞ-ın "R.V. Investment Group Ser-vices Llc" şirkəti ilə bağladığı "qızıl müqaviləsi" ətrafında narahatlıq hökm sürür. Şirkət üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə başlamır və bunu qızılın qiymətinin aşağı olması, ehtiyatların həcminin rentabelliyə imkan verməməsi və s. ilə əsaslandırır... Nəticədə isə vəziyyət dəyişməz qalır.

Doğrudur, "R.V. Investment" şirkətinin müqavilənin şərtlərinə əməl etməməsi üçün əsası var - onun razılaşdığı ərazinin bir hissəsi hazırda işğal altında olan Dağlıq Qarabağda yerləşir və onların bildirdiyinə görə, həmin yataqlar separatçılar, daha doğrusu, onların "tərəfdaşları" tərəfindən uğurla istismar edilir. Həmin "tərəfdaşlar" arasında isə indiyədək dəfələrlə qeyd olunduğu kimi, Rusiyanın işgüzar dairələrinin təmsilçiləri də var.

Azərbaycan tərəfi isə yenə də xəbərdarlıq edir, hiddətlənir, etiraz edir, amma... Görünür, daha cəsarətli və praktiki addımların atılması zamanıdır.

 

Açıq-aşkar oğurluq

Rəsmi məlumatlara görə, Dağlıq Qarabağ ərazisində 155 müxtəlif faydalı qazıntı mənbəyi vari, onlardan 5-i qızıl, 6-sı civə, 2-si mis yatağıdır və s. Ölkənin Zod, Söyüdlü, Qızılbulaq və Vəcnəli kimi qızıl ehtiyatlarına malik mədənləri də bu ərazidə yerləşir. Azərbaycanın qızıl süxurlarının 75%-i Söyüdlü ərazisindədir.

Bu ilin mayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğal olunmuş ərazilərdə təbii resursların oğurlanmasına dair məlumatları açıqlamışdı. Məlum oldu ki, son illər Dağlıq Qarabağda Azərbaycanın yeraltı sərvətlərinin emalı məqsədilə 30-dan artıq şirkət yaradılıb və onların sırasında "Sterlite Gold Ltd", "Sirkap Armenian", "Base Metals", "Manex and Valex", "Armeniam Copper Programme" kimi qurumlar var. Müxtəlif mənbələrin məlumatına görə, son illərdə bu ərazilərdə təbii resursların istismarına investisiya qoyuluşu artıb. Yalnız 2001-2003-cü illərdə separatçı "DQR"in iqtisadiyyatına 35 milyon dollar investisiya qoyulub ki, bu məbləğdən 25 milyon dolları xaricdən, 5 milyonu Ermənistandan, qalan hissəsi isə yerli sahibkarlar tərəfindən yatırılıb. Proqnozlara görə, yaxın illərdə bu məqsədlər üçün daha 15 milyon dollar sərmayə ayrılacaq. Hazırda Dağlıq Qarabağa ABŞ, Kanada, Fransa, Avs-traliya, İsveçrə, Livan, Rusiya, Ermənistan və digər ölkələrdə yaşa-yan ermənilər investisiya qoyurlar.

Aparılan tədqiqatlar göstərir ki, tanınmamış "respublika"da perspektivli istiqamət məhz filiz-mədən sənayesi hesab olunur. Xüsusilə, 2002-ci ildə yaradılmış "Base Metals" şirkəti Ağcabədi rayonunun işğal olunmuş Qızılbulaq kəndində qızıl mədənlərinin işlənməsi ilə məşğuldur. Bir ay ərzində orada 12 ton külçə əldə edilir. Konsentrat təkrarən Ermənistanda emal edilir və bundan sonra Avropaya ixrac olunur.

1997-ci ildə Ermənistanın Sənaye və Ticarət Nazirliyi Kəlbəcər rayonunun Söyüdlü yatağının işlənməsi ilə bağlı Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. FDM 1998-ci ildə Ermənistanın "Ararat Qold Recovery Company" şirkətinin aksiyalarının 50%-ni əldə edib və qızıl hasilatına başlayıb. 2002-ci ildən "Ararat Qold Recovery Company" şirkətinin tam sahibi olan şirkətlə bağlanan müqavilənin məbləği 63,3 milyon dollar təşkil edir. Əgər 2002-ci ilədək Ermənistanda qızıl hasilatının həcmi 2 tonu keçməyibsə, 2002-ci ildə 3,2 ton qızıl və 5,5 ton gümüş əldə edilib. Yalnız 2003-cü ildə Söyüdlü yatağından 2 ton, 2004-cü ildə isə 2,5 ton qiymətli metal hasil olunub. 2007-ci ildə Qarabağ ərazisində qızıl yataqlarının işlənməsinə 12 milyon dollar vəsaitin yönəldilməsi nəzərdə tutulub, ötən il isə bu rəqəm 22,1 milyon dollar olub. "Yataqların aydın metodlarla işlənməsi nəticəsində Kəlbəcər rayonunun 500 hektar ərazisinə ziyan vurulub", - deyə Ekologiya Nazirliyindən bildiriblər.

Ermənistan həmçinin mis yataqlarını da uğurla qarət edir. Ermənilərə məxsus "Armeniam Copper Programme" şirkəti Qızılbulaq yatağında 40 min ton konsentrat emal etməklə 9,5 ton qara mis əldə edib. Qeyd edək ki, bu şirkətin səhmlərinin 53,7%-i Lixtenşteyndə qeydiyyatdan keçmiş "Vallex FM Estabilhment", 46,3%-i isə İsveçrənin "Elecom" şirkətinə məxsusdur. 

Lakin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanla iş birliyi quran şirkətlərin siyahısı bununla bitmir.

 

"Alrosa" qanunları bilərəkdən pozur?

Rusiyanın məşhur "Alrosa" şirkətinin simasında rusiyalı investorlar Zod yatağından qızıl emal etmək niyyətində olduqlarını açıqlayıblar. Qeyd edək ki, ermənilər Söyüdlü yatağını məhz belə adlandırırlar. Bir müddət əvvəl hətta Rusiya şirkətlərinin Ermənistanda qızıl hasilatı ilə məşğul olması məsələsi bu iki ölkənin prezidentləri Vladimir Putinlə Robert Koçaryan arasında da müzakirə edilib. Qeyd edək ki, bu zaman söhbət Ermənistan ərazisində qızıl emalından gedib. Lakin heç kəs ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindəki yataqları investora özününki kimi təqdim etməyəcəyinə zəmanət verə bilməz.

Təxminən bir ay əvvəl "Alrosa" şirkətilə Ermənistan hökuməti arasında zərgərlik sahəsi və qızıl işində əməkdaşlığa dair razılaşma da imzalanıb. Hələ ki bu müqaviləyə Azərbaycanın işğal altındakı ərazisində yerləşən Söyüdlü yatağının da aid olub-olmadığı məlum deyil. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin bildirdiyinə görə, hazırda bu məsələ araşdırılır və ölkənin Rusiyadakı səfiri bununla bağlı lazımi tədbirləri görür.

X.İbrahim bildirib ki, Bakı daim xarici şirkətlərin ölkənin işğal altındakı ərazilərində işləmək cəhdlərinə adekvat reaksiyalar verir. Onun sözlərinə görə, bir sıra qurumlar situasiyanı bilmədikləri üçün regiona gəlir və yalnız bundan sonra real vəziyyət haqda məlumat alırlar. "Belə görünə bilər ki, Rusiya bilərəkdən Azərbaycanın işğal olunmuş ərazilərində biznes qurmağa çalışır. Lakin  o da ola bilər ki, Moskvada Zod yatağının bir hissəsinin Azərbaycanın işğaldakı ərazisinə düşdüyünü bilmirlər. İndiyədək dəfələrlə olub ki, xarici qurumlar Ermənistanın işğalında olan Azərbaycan torpaqlarında biznes qurmaq fikrinə düşüb, lakin  sonradan oranın işğalda olduğunu bilərək Azərbaycan hökumətindən üzr istəyib və fəaliyyətə başlamayıb", - deyə Xəzər İbrahim qeyd edib. - "Bundan əvvəl Gürcüstan və Çin kapitalı ilə şirkətlər də analoji biznes qurmaq niyyətinə düşsələr də, vaxtında geri çəkiliblər. Hətta sonuncusu Azərbaycan hökumətindən üzr də istəyib".

Yeri gəlmişkən, Qarabağın qızıl yataqlarına iddia edən Gürcüstanın "Madneuli" şirkəti bu yaxınlarda Rusiyanın "Sənaye investorları" maliyyə-sənaye qrupu tərəfindən alınıb. Gürcü ekspertlər bu məsələdə də siyasi təxribat görür. "Ümid edirəm ki, bu, Rusiya xüsusi xidmət orqanlarının Gürcüstan-Azərbaycan münasibətlərinin korlanması istiqamətində apardığı fəaliyyətin tərkib hissəsi deyil", - deyə iqtisadi məsələlər üzrə məşhur ekspert Qiya Xuxaşvili bildirib. 

Xəzər İbrahim isə bildirib ki, istənilən halda hazırda bu istiqamətdə danışıqlar aparılır və Rusiyanın bilərəkdən Azərbaycanın işğal altında olan torpaqlarında qızıl emalına başlayacağı təqdirdə, onun qarşısının alınması üçün lazımi tədbirlər görüləcək. Onun sözlərinə görə, ermənilərin işğalında olan torpaqlarda biznes yaratmaq istəyən şirkətlər bundan sonra Azərbaycanda iqtisadi maraqlarını təmin etmək imkanından məhrum olurlar.

 

Hələlik sənədlər toplanır...

Xatırladaq ki, Azərbaycan işğal olunmuş ərazilərindəki qızıl yataqlarının işlənməsi ilə əlaqədar dəfələrlə Ermənistana narazılığını bildirib. 2005-ci ilin dekabrında ekologiya və təbii sərvətlər naziri hətta Azərbaycanın bu məsələ ilə bağlı Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini bəyan etmişdi. "R.V. Investment" isə öz növbəsində dəfələrlə işğal altında olan torpaqlarda situasiya ilə tanış olmağa cəhd göstərib. "Lakin  ermənilər bizi atəşə tutub. Biz beynəlxalq qurum olaraq bizə razılaşma əsasında həvalə edilən işi görməyə - həmin ərazilərdəki vəziyyəti öyrənməyə çalışacağıq", - deyə Azərbayjan Beynəlxalq Dağ-Mədən Əməliyyat Şikrətinin rəhbəri Rza Vəziri bildirib. Şirkət artıq hüquqşünaslar vasitəsilə Ermənistan hökumətinə, həmçinin BMT, ABŞ, Kanada və Böyük Britaniyaya işğal altında olan ərazilərdə işlərin dayandırılması tələbilə müraciət edib. Bu müraciətlər cavabsız qaldığından, iddianın ABŞ Dövlət Departamentinə göndərilməsi planlaşdırılır.

"R.V.Investment" hələlik sözügedən qızıl yataqlarında işləyən şirkətlər haqda məhkəmə iddiası qaldırmaq üçün konkret sənədlərə malik deyil. Amma hər halda, qurumun mütəxəssisləri hər 2-3 həftədən bir peykdən həmin ərazilərin şəklini çəkir. Azərbaycanlı ekspertlərin fikrincə, bu məsələdə uduş şansı kifayət qədər çoxdur. Ən azı ona görə ki, beynəlxalq təşkilatlar və maliyyə institutlarının separatçı rejimlərlə əməkdaşlığı qəti şəkildə yolverilməzdir.

Lazımi sənədlərin əldə edilməsindən sonra məsələnin beynəlxalq məhkəməyə çıxarılacağına ümid etmək olar. Lakin problem ermənilərin Qarabağın bütün qızılını oğurlamasından sonra çözülməyəcək ki? Elə olarsa, artıq onlardan tələb olunacaq bir şey qalmayacaq...


MƏSLƏHƏT GÖR:

468