Müəllif: Sənan NADİROĞLU Bakı
Avropa çempionu, London Yay Olimpiya Oyunlarının mükafatçısı Teymur Məmmədov (81 kq) I Avropa Oyunlarının boks üzrə yarışlarında qızıl medala layiq görüb.
"R+"a qələbəyə gedən yol haqqında danışan boksçu mötəbər yarışın təşkilatçılığını olimpiada ilə müqayisə edib.
- Bir daha təbrik edirik. İlk Avropa Oyunlarının qalibi olmaq nə deməkdir?
- Bu mənim üçün ikiqat bayramdır. Bütün rəqiblərimə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Digər tərəfdən, qızıl medalı mənə prezident İlham Əliyev təqdim etdi. Dövlət başçısı hər zaman idmana yüksək diqqət göstərib. Bu gün federasiyaların müasir baza, təlim-məşq mərkəzlərinin olması onun işinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti idmanı çox sevir. Bu gün Bakıda belə səviyyəli yarışın təşkili dövlətimizin qüdrətini göstərir. Mükafatı dövlət başçısından qəbul etmək məsuliyyətimi daha da artırır.
- Hansı görüşdən sonra çempion olacağına inam yarandı?
- Avropa Oyunları ərəfəsində bu yarışda qızıl medal qazanmaq əsas hədəfim olub. Yaxınlarıma söyləmişdim ki, Avropa Oyunlarının qalibi olacağam. İlk görüş hər zaman olduğu kimi, çətin keçdi. Müəyyən mənada, hələ tam formamı bərpa etməmişdim. Yarımfinalda rus boksçusuna qalib gələndən sonra, çempion olacağıma inandım. Final asan olmasa da, rəqib üçün məndən daha çətin idi. Artıq yarışın ab-havasına uyğunlaşmışdım. Başa düşürdüm ki, geriyə yol yoxdur. Məni yalnız qələbə razı sala bilər. Əgər optimal formanı bərpa etmişəmsə, məni heç kim saxlaya bilməz.
- Finalda sanki erkən qələbə qazanmaq istəyirdin...
- Səhv düşünürsünüz. Çünki tələskənlik yox idi. Sadəcə, güclü zərbələr vururdum. Tam üstünlüklə qələbə qazanmaq niyyətindəydim. İtaliya təmsilçisi yaxşı fiziki hazırlığa malik olsa da, onu yaxşı öyrənmişdim. Rəqibin heç bir şansı yox idi.
- Avropa Oyunlarında 15 boksçu ilə təmsil olunduq. Onlardan 11-i yarımfinalda mübarizə apardı. Belə yüksək nəticə olacağına inanırdınmı?
- Azərbaycanda boks hər zaman sevilib. Görüşlərimiz zamanı arenada anşlaq olması dediklərimizi təsdiqləyir. Son illər bir qayda olaraq, dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer alırıq. Boks üzrə millimiz hazırda qitənin ən güclüləri sırasındadır. Rusiya komandasından 10 boksçu mükafata layiq görülüb. Biz hətta Rusiya kimi güclü ölkəni də arxada qoymuşuq. Boksçularımızın uğuru heç kimi təəccübləndirməsin. Güman edirəm ki, Yay Olimpiya Oyunlarına lisenziya verən yarışlarda da idmançılarımız ümidləri artıqlaması ilə doğruldacaq.
- Avropa Oyunlarının qızıl medalı karyeranda hansı yeri tutacaq?
- Xüsusi yeri tutacaq. Bakıda keçirilən hər bir yarış bizim üçün bayramdır. Çünki biz orada doğmalarımız qarşısında çıxış edirik. Bakıda yerli idmançılarımız üçün özünü göstərmək asan deyil. Axı məsuliyyət artır. Azarkeşlər qələbə tələb edir. Bir səhv bütün arzuları puç edə bilər.
- İlk Avropa Oyunları yaddaşında nə ilə qalacaq?
- Möhtəşəm açılış mərasimi, qızıl medal və dövlət başçısının medalı təqdim etməsini unutmayacağam. Üstəlik, bütün idman növlərində yaxşı nəticə göstərdik. Təşkilatçılıq yüksək səviyyədədir. İnanın, London Yay Olimpiya Oyunlarında belə təşkilatçılıq görməmişəm. Könüllülər hər addım kömək etməyə hazırdır. Atletlər kəndində hər cür şərait var. Açılışa gəlincə, belə kütləvi səhnələr London Olimpiadasında da yox idi. Ona görə bəzi məqamlarda Londondakı mərasimi arxada qoyduğumuzu deməliyəm.
- Qələbəni kimə həsr edirsən?
- Bu medal Azərbaycan xalqına məxsusdur. Medal mənim deyil, bizim hamımızındır. Eyni zamanda, 2 həftədən sonra ata olmağa hazırlaşıram. Medalı həm də yeni doğulacaq oğluma həsr edirəm.
- London Olimpiadasını bürünc medalla başa vurmuşdun. Qarşıdan isə Rio Olimpiadası gəlir. Bu dəfə medalın əyarı qızıl olacaqmı?
- Avropa Oyunları, Avropa və dünya çempionatları bizim üçün yeni sınaqdır. Əsas diqqəti Olimpiadaya yönəldəcəyəm. Londonda 3-cü yeri tutmuşdum. Gələn il isə məqsədim qızıl mükafat qazanmaq olacaq.
- Rio Olimpiadasında hazırkı çəkidə çıxış edəcəksiniz, yoxsa əvvəlki çəkiniz olan 91 kiloya qayıtmaq istəyirsiniz?
- Çəkimi 81 kiloya saldım. Görürəm ki, bu çəkidə işlərim yaxşı gedir. Belə olan halda, çəkimi niyə dəyişməliyəm? Çalışacağam ki, 81 kq-da çıxışıma davam edim.
- Komanda yoldaşın Məhəmmədrəsul Məcidov 14 finalda aldığı zədəyə görə mübarizəni dayandırdı. Səncə, zədə olmasaydı, Məcidov ölkəmizə daha 1 qızıl medal qazandıra bilərdimi?
- Məhəmmədrəsul çox təcrübəli boksçudur. Sadəcə, bəxti gətirmədi. Əgər zədə olmasaydı, o, finala vəsiqə qazanacaqdı. Həlledici görüşdə isə qızıl medalı qazana bilərdi. Mən ona tez bir zamanda sağalmağı arzu edirəm. Yay Olimpiya Oyunlarında mütləq yanımızda olmalıdır. İnanıram ki, o, Braziliyada sözünü deyəcək.
- İlin sonunda boksçuları daha bir güclü yarış gözləyir. Siz yenidən özünüzü sübut etməyə hazırsınızmı?
- Qalib idmançı hər an özünü sübut etməlidir. Payızda bizi dünya çempionatı gözləyir. Orada dünyanın ən güclü boksçuları iştirak edəcək. Yarış 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bəzi çəkilərdə mükafatçılar, bəzilərində isə yalnız finalçılar lisenziya qazanacaqlar. Bu, millimiz üçün çox vacib yarış olacaq. Medalla yanaşı, olimpiadaya lisenziya qazanmaq da vacibdir. Bundan sonra isə olimpiadaya hazırlığa başlayacağıq. Çox istərdim, adım Olimpiya çempionları siyahısında səslənsin.
MƏSLƏHƏT GÖR: