25 Dekabr 2024

Çərşənbə, 09:21

RİNQİN SAHİBLƏRİ

Azərbaycanın boks yığması Avropa Oyunlarının ən yaxşı komandası seçildi

Müəllif:

30.06.2015

Bakı-2015 I Avropa Oyunlarının boks yarışlarında iştirak edən Azərbaycan millisi mötəbər yarışın ən yaxşısı adını qazanıb. Belə ki, 15 çəki dərəcəsində mübarizə aparan boksçuların yarışında yığmamız 11 medal qazanıb. Hesabında 6 qızıl, 1 gümüş və 4 bürünc mükafat olan komandamız bu göstəricidə hamını qabaqlayıb. Avropanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyicisi olan Rusiya Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan yalnız 1 medal geri qalan şimallılar 10 dəfə fəxri kürsüyə qalxıb. Bunlardan 4-ü qızıl olub. Medal siyahısında İrlandiya 3-cü, Böyük Britaniya 4-dür. Onların hərəsinin iki çempionluğu var. Boks yarışlarında himni çalınan 5-ci ölkə isə Hollandiyadır. "Bakı-2015"də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 16 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Boks yığmamızın aktivində Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Xaybulla Musalov (75 kq) 2-ci, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Yana Alekseyevna (60 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.

91 kq-dan yuxarı çəkidə çıxış edən ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov ardıcıl üç qələbədən sonra yarımfinala adladı. Amma ciddi zədə alan boksçumuz həkimlərin rəyinə əsasən, yarımfinalda rinqə çıxmadı və ilk Avropa Oyunlarını bürünc medalla başa vurdu. "R+"a açıqlamasında Məhəmmədrəsul zədənin ciddi olduğunu etiraf edib: "14 finalda zədəli olduğum halda görüşü qələbəylə başa vurdum. Sadəcə, sonradan həkimlər dedi ki, belə vəziyyətdə rinqə çıxmaq olmaz. Əks halda, uzun müddət idmandan ayrı düşə bilərəm. Belə də onların dediyini etməli oldum. İlk Avropa Oyunlarında qızıl medal qazanmaq istəyirdim. Sadəcə, alınmadı. İndi əsas məqsəd Qətərdə keçiriləcək dünya çempionatında lisenziya qazanmaqdır. Bundan sonra Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında çempion olmağı arzulayıram".

Mingəçevir boks məktəbinin yetirməsi Pərviz Bağırov 69 kq-da sözünü dedi. Bütün rəqiblərinə qalib gələn Bağırov finalda da səhvə yol vermədi. Rusiya idmançısı Aleksandr Besputinlə görüşdə aşkar üstünlüyə malik boksçumuz ilk Avropa Oyunlarının qızıl medalına layiq görüldü. "Döyüş çətin keçdi. Çünki finala ən güclülər yüksəlir. Rusiyalı rəqibim güclü idmançı, Avropa çempionu idi. Ancaq mən taktikalarımla qalib gəldim. Qələbəmi ilk öncə anama, sonra da bütün yaxınlarıma həsr edirəm. Hər bir yarış təcrübə qazandırır. Oktyabrda dünya çempionatı keçiriləcək. Avropa Oyunları həmin yarış üçün bir təcrübə verdi. Ümid edirəm ki, dünya çempionatında da qələbə qazanacam", - deyə P. Bağırov bildirib.

Ukraynanı təmsil edən Gevorq Manukyanın sağlamlığında problem yarandığına görə, Abdulqadir Abdullayev döyüşə çıxmadan, 91 kq çəki dərəcəsində fəxri kürsünün ən yuxarı pilləsinə qalxdı. Boksçumuz qeyd etdi ki, final görüşü keçirilsəydi, mütləq qalib gələcəkdi: "Çox istərdim ki, finalda döyüşüm. Mütləq qalib gələcəkdim. Qələbəmi valideynlərimə həsr edirəm. Çünki onlar mənim qalibiyyətimi çox gözləyirdilər. Eyni zamanda, qələbə sevincimi Azərbaycan xalqı ilə də bölüşürəm. Çünki onlar məni çox dəstəklədilər. Müəyyən müddət istirahət edəcəm. Bundan sonra isə dünya çempionatına hazırlaşacağam".

75 kq çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz Xaybulla Musalov məğlubiyyətlə üzləşdi. Nəticədə Musalov yarışı ikinci pillədə başa vurdu. "R+"a açıqlamasında idmançı qazandığı nəticədən tam razı olmadığını dedi: "Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təsəlliverici odur ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orda yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacam".

52 kq-da çıxış edən Elvin Məmişzadə finalda Vinçenso Pikkardiyə qalib gəlməklə çempionluq sevinci yaşadı. Bütün görüşlərdə yüksək peşəkarlıq nümayiş etdirən Elvin həm azarkeşlərin rəğbətini qazandı, həm də məşqçilərin ümidini doğrultdu: "Qızıl medalın bir addımlığında idim. İstəməzdim ki, bu cür şansı rəqibə verim. Buna görə də, var gücümlə döyüşüb, italyan rəqibimə qalib gəldim. İstəyimə çatdım. Rəqibim güclü idi. Olimpiya Oyunlarının, dünya birinciliyinin mükafatçısıdır, təcrübəli boksçudur. Amma ona qarşı döyüşmək asan oldu. Final döyüşünə başqa cür hazırlaşmışdım. Psixoloji cəhətdən də tam hazır idim. Həlledici an idi, döyüşü vermək olmazdı. Bilirdim ki, ölkə başçısı döyüşümü zaldan izləyəcək. Bundan əlavə, bütün xalqımızın gözü məndə idi. Bu mənada, həyəcan da çox idi. Amma əvvəl həyəcanıma qalib gəldim, sonra rəqibimə".

Bakı-2015 I Avropa Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Albert Səlimov finalda fransalı Sofian Oumiya üzərində qələbə qazanaraq çempion oldu. Dünya və Avropa çempionu olan Səlimov Avropa Oyunlarında qazandığı qələbəni bu cür şərh etdi: "Mənim hər qazandığım medal böyük əziyyət tələb edib. Hər bir medal üçün böyük güc sərf etmişəm. Ona görə də, qazandığım bütün medallar əziyyətimin bəhrəsidi. İlk Avropa Oyunlarının medalını əldə etmək çox önəmlidir. Özümə söz vermişdim ki, qızıl medal qazanacam və onu əldə etdim. Bir az dincələndən sonra məşqlərimə qayıdacağam. Mənə dəstək olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm".

Ümumilikdə, ölkəmizi mötəbər yarışda layiqincə təmsil edən dəri əlcək sahibləri qitənin ən güclüsü olduqlarını təsdiqlədi. İlk Avropa Oyunlarında qızıl medal qazanan boksçular payızda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil etmək imkanı qazandılar. Mundialda iştirak edəcək son heyət sentyabrda açıqlanacaq.



MƏSLƏHƏT GÖR:

465