
QƏBƏLƏ SINAĞI
Azərbaycan qlobal təhlükəsizliyə misilsiz töhfə verə bilər
Müəllif:
Sentyabr ayında Bakıda ABŞ, Rusiya və Azərbaycanın xarici işlər nazirliklərinin nümayəndələri və ekspertlərin iştirakı ilə Qəbələ RLS-dən birgə istifadəyə dair məsləhətləşmənin keçirilməsi planlaşdırılıb. Hazırda çox sayda rusiyalı və amerikalı ekspertlər danışıqların Bakı raundunun da nəticəsiz başa çatacağını proqnozlaşdırırlar. Onların fikrincə, qlobal təhlükəsizliyin aparıcı halqası olan bu məsələ ilə əlaqədar Moskva və Vaşinqtonun maraqları çox fərqlidir. Həqiqətən də, Rusiya prezidentinin Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə haqda ABŞ-a verdiyi təklif, həmçinin onun regional monitorinq və ilkin xəbərdarlıq mərkəzi yaradılmasına dair son təklifi Vaşinqton üçün gözlənilməz olub. Belə görünür ki, Vaşinqton Putinin təklifinin baza hissəsi - ABŞ və Avropa dövlətlərilə 2020-ci ilədək potensial raket təhlükəsinin birgə analizi məsələsində əməkdaşlığa meylli deyil. Rusiya prezidenti hesab edir ki, belə kooperasiya təhlükəsizlik sahəsinədə Moskva-Vaşinqton əməkdaşlığının keyfiyyətinin dəyişilməsinə gətirib çıxara, onu daha yüksək səviyyəyə qaldıra bilər.
Maraqlıdır ki, Vladimir Putinin təklifinə tərəfdar olanlar ABŞ-da da var, özü də onlar ən yüksək səviyyəli ekspertlərdir. Dünya Təhlükəsizlik İnstitutunun (Vaşinqton) məsləhətçisi, raketəleyhinə müdafiə sahəsində ekspert, 1994-cü ildən 2001-ci ilədək ABŞ-ın müdafiə nazirinin müavini və silahların, həmçinin Raketlərin Sınağı və Qiymətləndirilməsi İdarəsinin direktoru işləmiş Filipp Koyl, nüfuzlu "Global Affairs" dərgisində nəşr etdirdiyi məqaləsində yazır ki, Putin Amerikaya mükəmməl texniki və siyasi həll variantı təklif edib. Ekspertin rəyinə görə, Azərbaycandakı stansiyanın coğrafi kordinatlarının öyrənilməsi zamanı məlum olur ki, Qəbələ RLS Polşa (10 raketəleyhinə qurğu) və Çexiyada (radar) yerləşdirilməsi planlaşdırılan sistemlərdən daha böyük üstünlüklərə malikdir. "Bu RLS bütün Avropanı - cənub-şərqi də daxil olmaqla - qorumağa imkan verir", - deyə F.Koyl bildirib.
O, ABŞ tərəfinin mövqeyindəki zəif cəhətləri də göstərib: "ABŞ-ın planı bütün Avropanı əhatə etmir və bu, istər-istəməz ziddiyyət yaradır. Sual olunur: nəyə görə Birləşmiş Ştatlar Avropanın bir hissəsini qorumaq istəyir, digər hissəsini isə yox? Bundan başqa, əgər güman olunan ABŞ-İran münaqişəsi zamanı Vaşinqton həqiqətən də düşmənin raketlərini məhv edə biləcəksə, onun qalıqları Rusiya ərazisinə düşəcək. Azərbaycan ərazisindəki RLS isə belə nəticənin qarşısını almağa imkan verir".
Bütün bu tənqidlərin fonunda Vaşinqton Polşa və Çexiya ilə bu ölkələrin ərazisində raketdən müdafiə sistemlərinin (RMS) yerləşdirilməsi ilə bağlı fəal danışıqları davam etdirir. Polşalı diplomatlar hesab edirlər ki, tərəflər məsələ ilə bağlı artıq bu ilin sonunda yekun razılıq əldə edə biləcəklər. "Amerikaya məxsus raket bazasının bizim ölkəmizin ərazisində yerləşdirilməsi məsələsi yaxın üç ay ərzində razılaşdırıla bilər. Biz ümumi məqsədlərdə ABŞ-la birlikdəyik və artıq yalnız müəyyən hüquqi və maliyyə məsələlərini həll etməliyik", - deyə sentyabrın 7-də amerikalı nümayəndə heyətilə aparılan ikigünlük məsləhətləşmələrin yekununda Polşanın xarici işlər nazirinin müavini Vitold Vaşşikovski bildirib. Qeyd edək ki, Vaşinqtonla RMS-ə dair danışıqlara məhz o rəhbərlik edir.
Həmin vaxt Polşada iqtisadi foruma qatılan ABŞ dövlət katibinin müavini Daniel Frid də oxşar açıqlama verib: "Düşünürəm ki, tərəflər arasında razılaşma əldə edilənədək danışıqların bir neçə raundu keçiriləcək. Lakin hər şey ilin sonunadək həll olunmalıdır".
ABŞ Konqresinin RMS-in dəstəklənməsi üzrə fraksiyasının rəhbəri, respublikaçı Trent Frenksin fikirləri də fərqli deyil. Onun sözlərinə görə, ABŞ-da prezident postunu hətta demokrat namizəd də tutsa, Polşa və Çexiyada RMS quraşdırılacaq. O, Rusiyanın məlum təklifinin Vaşinqtonun Şərqi Avropada RMS yerləşdirilməsi planına alternativ ola bilməyəcəyini deyib və Moskvaya "Avropa ölkələrinə nəzarət etmək üçün ABŞ ilə qılınc oynatmamağı" məsləhət görüb.
NATO-nun baş katibi Yap de Hoop Sxeffer də həmkarlarından geri qalmaq istəmir. O, bir müddət əvvəl Rusiyanı ABŞ-ın planlarına dair "mənasız və effektsiz tənqidlərdən əl çəkməyə" çağırıb və bildirib ki, NATO-nun çexiyalı və polşalı müttəfiqlərinin ünvanına xəbərdarlıqlar səsləndirilməsi müasir Avropada yolverilməzdir.
ABŞ və NATO-nun Rusiya ilə yaşadığı ziddiyyət fonunda Azərbaycanın mövqeyi vacib əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu məsələdə Azərbaycan nəhənglərlə müqayisədə daha kiçik rola malikdir. Lakin bu "raketəleyhinə oyun"da yerlər həddindən artıq bahadır. Bu səbəbdən də Bakı Moskvanın təşəbbüsünü və Qəbələ RLS-lə bağlı danışıqlar prosesini dəstəkləməklə, bütün imkanlarından istifadə etməli və regionda ABŞ ilə Rusiya arasında qlobal strateji müttəfiqliyin formasının tapılmasına daha fəal şəkildə çalışmalıdır. Uğur qazanılacağı təqdirdə Azərbaycan öz xarici siyasət tarixində qlobal təhlükəsizliyin təmin edilməsi, həmçinin Avropa və dünya siyasətində tarazlığın əldə olunması baxımından, indiyədək presidenti olmayan rol oynamaq imkanı əldə edəcək. Bu isə ölkəmizin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına və onun dünya siyasətində statusunun daha da yüksəlməsinə səbəb ola bilər.
MƏSLƏHƏT GÖR: