Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Ukrayna yığması Avropa Oyunlarında 35 medal qazanıb. Onlardan 6-sı qızıl, 11-i gümüş, 18-i bürünc medaldır. Komanda qızıl medallardan birini qılıncoynatmada əldə edib. Ukrayna Qılıncoynatma Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Vadim QUTSAYT "R+"a müsahibəsində Bakıda keçirilən birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüb.
- Ukrayna komandası üçün yarışlar necə keçir?
- Biz Bakıya güclü idmançılardan ibarət heyətlə gəlmişik. Müxtəlif idman növləri üzrə medalların qazanılması millimizi və Ukraynadakı həmvətənlərimizi sevindirir.
Andrey Yaqodkanın qılıncoynatma üzrə qazandığı qızıl medal bizi çox sevindirdi. İdmançıların belə yarışlarda əldə etdikləri uğurlar ağır məşqlərin, ciddi zəhmətin nəticəsidir. Birinci Avropa Oyunları kimi məsuliyyətli və nüfuzlu yarışa yaxşı hazırlaşmışıq.
- Avropa Oyunlarına hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Yarışlar əla təşkil olunub. Düşünürəm ki, dünyada kiminsə qitə oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevdən yaxşı təşkil edə biləcəyi sadəcə çətin məsələdir. Azərbaycanın Avropa oyunlarında müəyyənləşdirdiyi standartları, digər təşkilatçının təkrarlaması elə də asan olmayacaq. Təmsil olunan idman növlərinin çoxluğuna, bütün yarışlardakı sərt rəqabətə, müxtəlif idman arenalarının sayına görə, bu Avropa Oyunları əsl Olimpiya Oyunlarıdır. Hər şey əla təşkil edilib. Belə ölkəyə əhsənf!
- Bəs Ukraynanın nümayəndə heyəti oyunlardan sonra vaxtını necə keçirir?
- Əla. Atletlər kəndində idmançıların istirahəti üçün bütün şərait yaradılıb. Hər birimiz Azərbaycan milli mətbəxinin təamları ilə qidalanırıq və xörəklərinizə vurğunuq. Bakının gözəlliyindən həzz almaq imkanından da yararlanırıq. Şəhərin görməli yerlərini gəzir, dincəlir, təzə dostlarımızla söhbətləşirik. Avropa Oyunlarının daha bir vacib tərəfi yeni dostlar tapmaq imkanı, dünyanın müxtəlif ölkələrindən olan idman nümayəndələrilə əlaqə yaratmaq şansıdır.
- Ukraynlı idmançılar, demək olar ki, bütün təkbətək döyüşlərdə güclü rusiyalı rəqiblərilə qarşılaşmalı olublar. Siyasətdəki gərginlik idmana təsir göstərirmi?
- Birinci Avropa Oyunlarında müşahidə etdiyimiz təmiz idman yarışı idmanın siyasətdən kənarda olduğunu bir daha təsdiqlədi. Belə yarışlar xalqlar arasında anlaşmaya kömək edir. İdmançıların münasibətinə idmandan kənar heç bir amil təsir göstərməyib. Bu, sırf idman yarışı idi.
MƏSLƏHƏT GÖR: