
SƏRT RƏQABƏT
Litva MOK-un Baş katibi Valentinas PAKETURAS: "Bakıya Avropanın və dünyanın ən yaxşı atletləri gəliblər"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Birinci Avropa Oyunlarında Litva 72 idmançı ilə təmsil olunub. Komanda yarışında 1-i qızıl, 3-ü bürünc olmaqla, 4 medal qazanıb.
Litva Milli Olimpiya Komitəsinin Baş katibi Valentinas PAKETURAS "R+"a müsahibəsində birinci Avropa Oyunlarının təşkili haqqında təəssüratlarını bölüşüb.
- Bakıda birinci Avropa Oyunlarının təşkili səviyyəsini necə qiymətləndirirsiniz?
- Biz əmin idik ki, Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcək. Lakin ilk qitə yarışlarının bu qədər yüksək səviyyədə təşkili gözləntilərimizdən də çox oldu. Azərbaycanın cəmi 2 ildən bir qədər artıq vaxtda bu qədər nəhəng işlərin öhdəsindən gəlməsi təəccüblüdür: gözəl stadionlar, idman arenaları tikilib. Aeroportda qarşılanmadan Olimpiya şəhərciyində yerləşdirilməyədək, yarışların təşkili, bir sözlə hər şey möhtəşəm düşünülüb və əla həyata keçirilir. Bilavasitə yarışlar sərt rəqabət şəraitində keçir. Bakıya Avropanın və dünyanın ən yaxşı atletləri gəlib. Bu idman bayramının bütün təşkilatçılarına minnətdarlıq etmək istəyirəm.
Yeri gəlmişkən, bizim qonşularımız Latviya və Estoniya da turnirin möhtəşəm təşkil olunduğu qənaətindədirlər.
- Avropa Oyunlarının idman tərəfilə yanaşı, sosial hədəfləri də var - ölkələr arasında inamın, əməkdaşlığın artırılması. Avropada sülh və əməkdaşlığın təminində bu oyunlar hansı rola malik olacaq?
- Ta qədimdən, Qədim Yunanıstanda Olimpiadanın təşkili zamanı müharibələr dayandırılıb. Avropada münaqişələrin, müharibələrin olmasına baxmayaraq, Bakıda keçirilən yarışdan göründüyü kimi, idman dünyasında müharibə olmur. Əlbəttə ki, Avropanın praktiki olaraq bütün ölkələrinin qatıldığı bu oyunlar qitədə dialoqun qurulmasına, inamın artmasına öz töhfəsini verir.
- Avropa Oyunlarının perspektivini necə görürsünüz?
- Qitə yarışlarının keçirilməsi məsələsi 20 ildən artıq idi ki, müzakirə olunurdu. Azərbaycan möhtəşəm işin görülməsi baxımından əla nümunə göstərdi və 2015-ci ildə əsl Olimpiya Oyunları keçirdi. Biz - müxtəlif ölkələrin Olimpiya Komitələri - artıq növbəti Avropa Oyunlarının yüksək səviyyədə təşkili üzərində çalışmalıyıq. İlk növbədə, oyunlarda yüngül atletika və üzgüçülük üzrə daha yüksək səviyyəli idmançıların iştirakı təmin olunmalıdır. Bu idman növlərinə cavabdeh olan federasiyalar əsas kimi bu turnirin dünya çempionatları ilə üst-üstə düşdüyünü göstərir. Amma bu fikirlər əsassızdır. Bakıda təşkil olunmuş yarış dünya idman ictimaiyyəti tərəfindən Avropa Oyunlarına marağın nə qədər yüksək olduğunu göstərdi. Olimpiya Oyunları arasında Avropa Oyunlarının keçirilməsi bütün Avropa ölkələrinin milli Olimpiya komitələrinin arzusudur. Odur ki, Bakıda keçirilən Avropa Oyunları ilə yüksək səviyyəli daha bir kompleks beynəlxalq idman yarışının əsası qoyuldu.
- Bəs Bakı sizdə hansı təəssüratı yaratdı? Birinci Avropa Oyunları, üstəlik, Azərbaycanı tanımaq imkanı...
- Mən Azərbaycanda 10 il əvvəl olmuşdum. Bu müddətdə Azərbaycan paytaxtı tamamilə yeni şəhərə çevrilib, daha da gözəlləşib. Şəhərin mərkəzini gəzdik, dənizkənarı bulvarda olduq. Bakını çox bəyəndik: gözəl şəhər, gülərüzsakinlər.
- Avropa Oyunlarında ən bəyəndiyiniz, ən çox yadınızda qalan nə oldu?
- Açılış mərasimi, sadəcə, fantastika idi. Avropa Oyunlarının təşkili və keçirilməsi yaddaqalan oldu.
- Litvalı idmançıların yarışda göstərdikləri nəticədən razısınızmı?
- Litva yarışa 72 idmançı ilə qatılmışdı. Olimpiya Oyunlarında da biz, təxminən, bu sayda idmançı ilə təmsil olunuruq. Avropa Oyunlarında kanoedə avarçəkmə üzrə qızıl, çimərlik voleybolu və sambo üzrə bürünc medallar qazanmışıq. Litvanın iki yerli telekanalı - "TV3" və "TV6" Avropa Oyunlarını canlı yayımlayır. Düşünürəm ki, Bakıda qazanılmış medallarla həmvətənlərimizi sevindirə bilmişik.
MƏSLƏHƏT GÖR: