Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bu təsirli anın foto və videogörüntüləri bütün interneti dolaşdı - Avropa Oyunlarında qalib gələn Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev ali kürsünün ən yüksək pilləsini sevincdən, az qala, gözləri dolmuş Prezident İlham Əliyevlə bölüşür.
Zəfəri, Prezidentin qələbəsi və ən nəhayət, insanlığın təntənəsi idi. Erməni gülləsindən gözünün nurunu itirmiş ilk Avropa Oyunlarının məşəlini alovlandıran İlham Zəkiyev Azərbaycan ruhunun sınmaz olduğunu bir daha sübut etdi və bu, həm də Xeyirin Şəri üstələməsi idi.
Cüdo üzrə 90 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanan paralimpiyaçımız hələ yarışlardan əvvəl ölkə başçısına verdiyi vədinə əməl etdi. Beləliklə, ikiqat paralimpiya çempionu, ikiqat dünya çempionu və beşqat Avropa çempionumuz kolleksiyasına daha bir qitə miqyaslı qızıl medal əlavə etdi.
Özünün Avropa Oyunlarındakı zəfər yürüşündən sonra, İlham Zəkiyev təəssüratlarını "R+"la bölüşüb.
- İlk olaraq sizi parlaq qələbə münasibətilə təbrik edirik. Rəqibləriniz sizinlə bacarmadı. Sankı qələbəni rahatlıqla qazandınız...
- Kənardan elə görünə bilər. Amma bu qələbənin arxasında illərlə hazırlıq, böyük təcrübə dayanır. Görüşlər zamanı arenada minlərlə azarkeş mənə dəstək oldu. Onların dəstəyi mənə əlavə güc verdi. Məğlubiyyəti heç ağlıma belə gətirmirdim.
- Finaldakı rəqibiniz Aleksandr Pominovla əvvəllər də qarşılaşmısınız. Səhv etmirəmsə, indiyə qədər Pominov sizi məğlub edə bilməyib...
- 2013-cü ildə Pominovla komanda yarışında üz-üzə gəlmişik. Onunla görüşümüz heç iki dəqiqə çəkmədi. Uddum onu və o mənə dedi ki, məşq edib sənə qalib gələcəyəm. Mən də cavab verdim ki, get, məşq elə. Avropa Oyunlarında tərəziyə çıxanda qolundan tutub dedim ki, məni məğlub etmək üçün məşq etmisənmi?! Cavab verdi ki, İlham, səni yenmək olar?
- Bütün görüşləri ipponla başa vurdunuz. Bəlkə rəqiblər İlham Zəkiyevdən çəkinir və risk edə bilmir?
- İpponla qələbə qazanmağımın sirri Avropa Oyunlarına ciddi hazırlaşmağım idi. Mən bu məsuliyyəti dərk edirdim. Xırda zədələr olsa da, şükürlər olsun, qələbə qazanmağıma mane olmadı. Bütün Azərbaycan bu qızılı məndən gözləyirdi. I Avropa Oyunlarında cənab Prezident İlham Əliyev və "Bakı-2015"in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən mənə xüsusi missiya tapşırılmışdı. Açılış mərasimində məşəli alovlandırdım.
Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, iyunun 26-da Silahlı Qüvvələr Günündə qızıl medal qazanacağam. Ali Baş Komandana medal söz vermişdim. Bu qızıl medalı cənab Prezidentə, Azərbaycan xalqına həsr edirəm. Bir də ki oğlum Həmzənin 2 yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədir.
- Qızıl medalı sizə prezident İlham Əliyev şəxsən təqdim etdi. Orada ölkə başçısına nə deyirdiniz?
- Cənab Prezident İlham Əliyev qızıl medalı mənə təqdim edəndə ona dedim ki, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Prezident də söylədi ki, sən layiqli çempionsan. Mən ona hər şeyə görə təşəkkür etdim. Silahlı Qüvvələr Günü Ali Baş Komandana vəd verdiyim qızıl medalı gətirdiyim üçün xoşbəxtəm.
- İlk Avropa Oyunlarının məşəlini yandırmaq sizə nəsib oldu. Hansı hissləri keçirirdiniz?
- Avropa Oyunlarının açılış mərasimindən üç ay əvvəl dedilər ki, bu möhtəşəm yarışa məşəli ən son sən gətirəcəksən. Həm sevincli idim, həm də həyəcanlı. Çünki dünyanın diqqəti Azərbaycanda idi. Tam səmimi deyim ki, bu günə qədər qazandığım qələbələrdə bu qədər həyəcan yaşamamışdım.
Gənclər və idman naziri Azad Rəhimov deyəndə ki, cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış günü məşəli mənim yandırmağımı istəyir, çox həyəcanlı idim. Qarabağ müharibəsi əlili kimi, məşəli mənim stadiona gətirməyim mənfur qonşularımıza bir mesaj idi. Bayraqdarımız da, bildiyiniz kimi, Elmar Qasımov idi. O, İrəvanda keçirilən yarışlarda Azərbaycan Bayrağını dalğalandırmış və himnimizi səsləndirmişdi. Bu, bir təsadüf deyildi. İnşallah, bayrağımızı da Qarabağda qaldıracağıq, məşəlimizi də alovlandıracağıq.
- Məşəli Olimpiya Stadionuna gətirəcəyini sirr saxlamaq çətin olmadı?
- Heç kimə söyləməmişdim. Hətta evdə yaxınlarıma da demədim. Həyəcanlı anlarda dua edirdim ki, heç bir problem olmasın. İlk məşqlər zamanı çox şeyi öyrəndim. Açılış ərəfəsində artıq hər şey hazır idi. Rahat hərəkət edərək məşəli yandırmaq mümkün olurdu.
- İlk Avropa Oyunlarında qələbə qazanmaq İlham Zəkiyev üçün nə deməkdir?
- Mən bu möhtəşəm idman bayramı münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu, tarixi hadisədir. Belə böyük yarışın keçirilməsi xalqımızın uğurudur.
Sözsüz, doğma divarlar arasında keçirilən yarışda qalib gəlmək həm çətindir, həm şərəfli. Qızıl medalı cənab Prezidentin təqdim etməsi isə məsuliyyətimi daha da artırırdı. İlk Avropa Oyunlarının qızıl medalının kolleksiyamda ayrıca yeri olacaq. Bu qələbə mənim üçün xüsusilə əhəmiyyətlidir.
- İki dəfə paralimpiya çempionu, beş dəfə Avropa və iki dəfə dünya çempionu İlham Zəkiyevin növbəti hədəfi nə olacaq?
- Bir qədər istirahətdən sonra, hazırlığa başlamalıyıq. 2016-cı ildə Braziliyada Yay Olimpiya Oyunları keçiriləcək. O yarışda iştiraka lisenziya qazanmaq lazımdır, ardınca isə Azərbaycanı yüksək səviyyədə təmsil etmək vacibdir. Üçüncü dəfə paralimpiya çempionu olmaq istəyirəm. Bunun üçün gecə - gündüz çalışmağa qadirəm.
Sizin vasitənizlə ilk Avropa Oyunlarında medal qazanan bütün idmançılarımızı təbrik edirəm. Medal qazana bilməyənlərin isə həvəsdən düşməməsini istərdim. Yaxşı hazırlaşıb növbəti yarışlarda özlərini göstərə bilərlər.
- Deməli, İlham Zəkiyev uğurlarını davam etdirəcək...
- Azərbaycanda idmana bu qədər diqqət var. Biz idmançılar xoşbəxt adamlarıq. Qələbə qazanmaq üçün hər cür şərait yaradılıb. Sadəcə, məşq etmək gərəkdir. Nə qədər Azərbaycan Bayrağını yüksəltməyə gücüm çatacaq, o qədər də uğurları davam etdirmək fikrim var.
MƏSLƏHƏT GÖR: