
HƏDƏFDƏ OLİMPİADADIR
"Bakı istənilən mötəbər yarışı, hətta Yay Olimpiya Oyunlarını da keçirə bilər", - AOK-un prezidenti Patrik Hikki
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycanı 17 gün ərzində əhatə edən idman bayramı bitdi. Azərbaycanın 30 ay ərzində hazırlaşdığı mötəbər yarış uğurla başa çatdı. 50 ölkədən 6000 atletin iştirak etdiyi oyunlar yüksək təşkilatçılıqla yadda qaldı. İdmançılar, eləcə də rəsmi şəxslər üçün yaradılan şərait Azərbaycanın istənilən mötəbər yarışı keçirməyə hazır olduğunu sübut etdi. İlk Avropa Oyunlarının keçirilməsinə böyük əməyi olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ "R+"a yarışın yekunu, təşkilatçılığın səviyyəsi və həyəcanlı anlar barədə danışıb.
- Artıq sizi təbrik etmək olar. İlk Avropa Oyunları yüksək səviyyədə təşkil edildi və bütün dünya yeni möhtəşəm turnirin izləyicisinə çevrildi...
- Azərbaycan xalqını təbrik edirəm. Siz yeni tarixin yazılmasında iştirak etdiniz. Biz birgə beşinci qitə oyunlarını - Avropa Oyunlarını yaratdıq və onu yüksək səviyyədə təşkil etdik. Bu işdə böyük əməyi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Bakı-2015"in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya "Çox sağ ol" deyirəm. Bu insanlar ən kiçik detalı belə nəzərə aldılar. 17 günlük yarış üçün aylarla hazırlıq getdi. Hazırlıq zamanı bəzən qərarlar dəyişirdi, təşkilati işlərlə bağlı hər gün yenilik olurdu. Bununla belə, Təşkilat Komitəsi işini yüksək səviyyədə gördü. Mötəbər yarışı təşkil etməklə onlar dünyaya yeni oyunlar bəxş etdilər.
Bu oyunların ilk səhifəsində Azərbaycan paytaxtı Bakının adı yazıldı. Bizim sevincimiz böyükdür. İlk Avropa Oyunları, nəhayət, baş tutdu və bu bizi qürurlandırmaya bilməz.
- 50 ölkədən 6000-dən çox idmançı Avropa Oyunlarında mübarizə apardı. Qonaqların fikri ilə, yəqin, tanışsınız. Sizinlə söhbət zamanı əcnəbi idmançılar hansı fikirləri söyləyirdilər?..
- Atletlər kəndi, yarış zalları və ənənəvi toplantılar zamanı əcnəbi nümayəndələrin rəsmiləri ilə görüşümüz oldu. Bütün idmançılar təşkilatçılıqdan razı qaldı. Onları valeh edən Bakının gözəlliyi və ölkənin təşkilatçılığı oldu. Bu işdə, sözsüz, konüllülərin əməyini qeyd etməliyəm. On mindən çox könüllü ardıcıl bir neçə ay yarış üçün toparlanaraq, güclü yumruq formalaşdırdı. Könüllülər öz işlərini yaxşı yerinə yetirdilər. Həm açılışda, həm da arenalarda hamıya kömək oldu. İdmançılar söyləyirdilər ki, Atletlər kəndində yaranan hər hansı bir suala könüllülər dərhal cavab verirdi. Hər zaman əcnəbi idmançılara kömək etməyə hazır olurdular. Bakıdan ayrılanlar razılıq bildirdi və yenidən Azərbaycana gəlmək istəklərini gizlətmədilər.
- İlk Avropa Oyunlarının mediada işıqlandırılmasından razı qaldınızmı?
- Jurnalistlər də Avropa Oyunlarının təbliğində böyük işlər gördülər. Xarici mediada çoxlu sayda yazı dərc olundu. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri 50-dən çox ölkədə milyonlarla tamaşaçıya göstərildi. Bu isə çox böyük auditoriya deməkdir. Müqayisə üçün deyə bilərəm ki, Avropa Oyunlarının Soçi Qış Olimpiya Oyunlarını izləyən tamaşaçısı qədər auditoriyası olub. Bu oyunların gələcək tarixi baxımından vacib göstəricidir.
- İndi hamını bu sual maraqlandırır: ikinci Avropa Oyunları nə vaxt keçiriləcək?
- İlk Avropa Oyunlarını təşkil edən Bakı yarışın bünövrəsini qoydu. Sonrakı ölkələr mütləq ilk yarışın tarixini öyrənəcək. Sualınıza gəldikdə, hazırda 5 şəhərdən müraciət var. Mən istəməzdim, onların adını çəkim. Danışıqlar davam edir. İlin sonuna qədər Avropa Olimpiya Komitəsi növbəti Avropa Oyunlarının harada keçiriləcəyini rəsmən elan edəcək. Bakının ilk yarışı yüksək səviyyədə təşkil etməsi Avropa Oyunlarına marağı artırdı. Bizimlə əlaqə saxlayaraq növbəti yarışa ev sahibliyi etmək istədiklərini bildirirdilər.
- Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi bütün dünyaya bir nümunə oldu. Növbəti şəhər oyunları belə təşkilatçılıqla keçirə biləcəkmi?
- Avropa Olimpiya Komitəsi kimi, Azərbaycanın keçirdiyi yarışdan sonra yeni standartların yaranması bizə məlumdu. Növbəti yarışa ev sahibliyi edəcək şəhər bütün bunları nəzərə almalıdı. Digər tərəfdən, namizəd şəhər yarışa özünəməxsus tərzdə keçilməlidir. Ola bilər, Avropa Oyunları Bakıda da olduğu kimi, ideal səviyyədə olmasın. Amma iddiaçı şəhər hər şeyin yaxşı olacağına çalışmalıdır.
- Azərbaycan idmançıları qazandığı medallarla xalqı sevindirdi. Ümumiyyətlə, iştirakçı ölkələrin nailiyyətlərini izləmək imkanınız oldumu?
- Təşkilati işlərlə əlaqədar bütün oyunları izləmək mümkün deyil. Rusiya, Azərbaycan yığmalarının böyük uğur qazandığını bilirəm. Azərbaycan idman ölkəsidir. Sizin çoxlu sayda medal qazanmağınız məni təəccübləndirmədi. Əksər idman növlərində güclü və dünyada tanınan idmançılarınız var. Üstəlik, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi idmançılarınıza əlavə güc verdi. Güləş, cüdo, boks yarışlarında uğurlarınız böyükdü. Bəzi idman növləri yarışlar ölkənizdə ilk dəfə idi. Avropa Oyunları həmin idman növlərinin təbliğinə təkan olacaq. Yeni gənclər idmanla məşğul olacaq və bu idmanın inkişafını sürətləndirəcək. Mən eyni zamanda, bilet satışıyla bağlı maraqlı məqama toxunmaq istərdim. Avropa Oyunları ərəfəsində bizi biletlərin satışının vəziyyəti çox maraqlandırırdı. Lakin yarış göstərdi ki, ölkədə idmana böyük maraq var. Əksər yarışlara biletlər 3-4 gün ərzində satıldı. Camaat arenalara gələrək komandalara dəstək oldu. Bununla onlar Avropa Oyunlarının bir parçasına çevrildi.
- İlk Avropa Oyunları başa çatdı. Gələcəkdə Azərbaycan daha mötəbər yarışlara ev sahibliyi edə bilərmi?
- İlk öncə mən sizə və digər həmkarlarınıza oyunlara göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. İlk Avropa Oyunları ərəfəsində bəzi əcnəbi mətbuatda xoşa gəlməyən yazılar gedirdi. Amma gördüyünüz kimi biz haqlı çıxdıq. Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Açılışdan əvvəl həyəcanlı idik. Düşünürdük, necə olacaq. Lakin Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində yarış çox yüksək səviyyədə keçdi. Fikrimcə, ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın növbəti uğurudur. Əminliklə deyə bilərəm ki, Bakı istənilən mötəbər yarışı hətta Yay Olimpiya Oyunlarını da keçirə bilər. Açılış mərasimində iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax gördüklərindən məmnun qaldı. Açılış mərasimi özəlliklə yadda qalan oldu. Mən sizləri ilk Avropa Oyunlarının keçirilməsi münasibətiylə təbrik edirəm. İdmançılara yeni uğurlar diləyirəm.
MƏSLƏHƏT GÖR: