Müəllif: Çingiz ƏZİZLİ Bakı
"Qoca" Avropa Köhnə Qitənin idmançılarının iştirak edəcəyi Olimpiya formatında nəhəng idman turnirinin təşkilinə çoxdan çalışırdı. Bu cür yarışlar baxımından, Avropa digər qitələrdən xeyli geri qalmışdı - 1951-ci ildən etibarən, 4 ildən bir Panamerikan və Asiya Oyunları, 1965-ci ildən isə Ümumafrika oyunları keçirilir. Uzun illər idi ki, Avropa Oyunlarının təşkili planı kağız üzərində qalırdı. Lakin hər şey doğru hesablanarsa, yaxşı icraçı tapılarsa, istənilən ideyanı gerçəkləşdirmək olar. Nəticədə, 2012-ci ildə Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdi və 2015-ci ildə təşkil edilməsi planlaşdırılan turnirin təşkili Bakıya həvalə olundu. Bakıda keçirilən və 17 gün davam edən birinci Avropa Oyunları sanki bir göz qırpımında keçib getdi. Lakin o, Avropa idmanında və Azərbaycanın tarixində böyük, nəhəng iz qoydu. 50 ölkəni təmsil edən 6 mindən artıq idmançı 20 idman növü üzrə mübarizə apardı. Yarışlarda 253 dəst mükafat oynanıldı.
Ümumilikdə, Avropa Oyunlarında yer alan idman növlərini iki hissəyə ayırmaq olar - Olimpiya və qeyri-Olimpiya. Olimpiya ailəsindən Bakıda 16 növ təmsil olunurdu. Bəzi idman növlərində yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün lisenziya xarakteri daşıyırdı. Bu, kaman atıcılığı, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, masaüstü tennis, taekvando və triatlon idi. Bu idman növlərinə marağın daha çox olması, yarışların daha sərt keçməsi də bununla bağlı idi. "Bakı-2015"ə qatılmış ölkələr məhz bu idman növlərində turnirə ən güclü idmançılarını göndərməyə çalışmışdılar. Nəticədə, hər bir idmançı oyunlarda iştirakından maksimum nəticə əldə etmək üçün əlindən gələni edirdi.
"Bakı-2015"də bu gün Olimpiya idman növü sayılmayan növlər də var idi. Karate, çimərlik futbolu, sambo buna misaldır. Bu idman növləri Olimpiya ailəsinə aid olmasa da, Azərbaycanda böyük populyarlığa malikdir.
Gəlin, "Bakı-2015" birinci Avropa Oyunlarında təmsil olunmuş bəzi idman növləri üzrə yarış səviyyəsini qiymətləndirməyə çalışaq.
Güləş
Güləşdə 24 dəst medal oynanılırdı. Bu il güləş üzrə Avropa çempionatı keçirilməyib. Bu üzdən də Bakıya, demək olar ki, bütün güclü güləşçilər gəlmişdilər. "Bakı-2015" bir daha təsdiqlədi ki, kişilər arasında sərbəst və yunan-Roma güləşində Avropanın "1 nömrə"si Rusiya, Azərbaycan və Türkiyə olaraq qalır. 16 qızıl medalın hamısı bu ölkələrə qismət oldu. Rus güləşçiləri Bakıda 10, azərbaycanlılar 4, Türkiyə idmançıları isə 2 qızıl medal qazandılar.
Qadınlar arasında sərbəst güləşdə qızıl medalları 8 ölkə təmsilçiləri əldə etdilər. Azərbaycan və Macarıstan hərəyə 2 "qızıl" qazandı.
Ümumiyyətlə, güləşdə 23 ölkə medal əldə etdi. Onlardan 7-nə qızıl medallar qismət oldu. Qeyri-rəsmi komanda hesabında Rusiya yığması 18 medalla (11-2-5) birinci yeri, Azərbaycan 15 medalla (6-2-7) ikinci yeri tutdu. Aydındır ki, Azərbaycan Avropa Oyunlarının təşkilatçısı kimi, güləşin oyunların bəzəyi olmasına çalışırdı. O, öz istəyinə nail ola bildi.
Boks
Boks turnirinə də kifayət qədər güclü idmançılardan ibarət heyət toplanmışdı. Əlbəttə, iştirakçıların heç də hamısı turnirə ən əsas heyətlə qatılmamışdı, lakin, döyüşlərin əksəriyyəti çox baxımlı və fəal keçdi. Kişilər arasında 10 çəki dərəcəsində medallar oynanılırdı. Qadınlarda bu göstərici 5 idi. Turnirin yekununda Azərbaycanın kişi boksçuları 6 qızıl medal əldə etdilər. Bunu turnirin əsas sürprizi saymaq olar. Ümumilikdə, Azərbaycan boksçuları "Bakı-2015"də 9 medal qazandılar. Onlardan 1-i gümüş, 2-si bürüncdür. Daha 2 qızıl medalı rusiyalı boksçular əldə etdilər. İrlandiya və Böyük Britaniya boksçuları aktivlərinə hərəyə bir "qızıl" yazdırdılar. Ümumilikdə, boks yarışlarında 14 ölkədən olan idmançılar medal qazandılar.
Qadınlar arasında 5 qızıl medalın 2-si Rusiyaya getdi. Yeri gəlmişkən, Rusiya "Bakı-2015"ə boksçulardan ibarət əsas heyətini gətirmişdi.
Qadınlar arasında boks yarışı Böyük Britaniya, İrlandiya və Hollandiya üçün də hərəyə 1 qızıl medalla başa çatdı. Boksda 11 ölkədən olan qadın medal əldə etdi. Azərbaycan bu yarışda 2 bürünc medalla kifayətlənməli oldu.
Cüdo
Avropa Oyunlarında cüdoçular üçün xüsusi sürpriz var idi. Məsələ ondadır ki, cüdo yarışı, eyni zamanda, həm də Avropa çempionatı sayılırdı. Odur ki, "Bakı-2015"də qalib gələnlər eyni vaxtda 2 medal qazanacaqdılar: həm Avropa Oyunlarının qalibi, həm də Avropa çempionu kimi. Bundan başqa, cüdonun proqramına paralimpiyaçılar arasında yarış da daxil edilmişdi. Azərbaycanlı paralimpiyaçılar bu imkandan əla yararlandılar - 3 medal (1-1-1). Paralimpiya Oyunlarının ikiqat qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev "Bakı-2015"i qızıl medalla başa vurdu.
Paralimpiyaçılardan fərqli olaraq, Azərbaycan cüdoçularının çıxışını əsl fiasko adlandırmaq olar. Onlar yarışda cəmi 1 gümüş medal qazana bildilər. Azərbaycan cüdoçuları bu turnirdə anlaşılmaz döyüşlə, bir qayda olaraq, ilk döyüşdə məğlub olmaqla yadda qaldılar. Üstəlik, "Bakı-2015" birinci Avropa Oyunlarının açılışında Azərbaycan yığmasının bayraqdarı olan Elmar Qasımov bu baxımdan komanda yoldaşlarından "geri qalmadı".
Turnirdə cüdo yarışlarında ən çox medalı Almaniya (11) və Rusiya (10) idmançıları qazandılar. Lakin almanlar bu yarışda cəmi 1 "qızıl" əldə etdilərsə, Rusiya aktivinə 3 qızıl medal yazdı. Fransa və Hollandiya cüdoçuları turniri hərəyə 3 qızıl medalla başa vurdular. Gürcü cüdoçuları isə 2 qızıl medal əldə etdilər. Ümumilikdə, cüdo yarışlarında 13 ölkədən olan idmançılar medal qazandılar. Onların 6-sı aktivinə "qızıl" yaza bildi.
Gimnastika
Gimnastika üzrə yarışlar 5 növdə aparılırdı: bədii gimnastika, idman gimnastikası, batut, akrobatika və aerobika. Onlar 34 dəst medal uğrunda mübarizə aparırdılar. Gözlənildiyi kimi, bu idman növündə də komanda hesabında ilk yeri Rusiya tutdu. O, aktivinə 18-i qızıl olmaqla, 29 medal yazdı. Azərbaycan yığması gimnastika yarışlarını 7 medalla başa vurdu. Onların 1-i qızıl, 3-ü gümüş, 3-ü bürüncdür. Gimnatsika turnirində 20 ölkədən olan idmançılar medallar qazandılar. 11 ölkə təmsilçisi bu idman növündə yarışı qızıl medalla başa vurdu.
Üzgüçülük
Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları ən populyar və medalqazandıran yarışlardan sayılır. Olimpiadalarda bu idman növü üzrə 42 dəst medal oynanılır. Bakıda isə üzgüçülük yarışları o qədər də maraqlı alınmadı. Bu, iyulun sonunda Kazanda su idman növləri üzrə dünya çempionatının başlayacağı ilə əlaqədardır. Bu səbəbdən, üzgüçülük üzrə lider olan ölkələr Bakıya gəlməmişdilər. Avropa Oyunlarında 18 yaşadək olan üzgüçülər yarışırdılar. Odur ki, Bakıda 42 dəst medal həddindən artıq çox idi. Üstəlik, Azərbaycan üzgüçüləri yarışlara hələ ki, "Əsas qələbə yox, iştirakdır" şüarı ilə qatılırlar.
Bilavasitə yarışa gəlincə, burada da ilk yeri ruslar tutdu. Onlar 23-ü qızıl olmaqla, 42 medala sahib çıxdılar. Hovuzların kraliçası isə rusiyalı Mariya Kameneva sayıla bilər. O, birinci Avropa Oyunlarında qazandığı medalların sayına görə mütləq rekordçu oldu. Kameneva aktivinə 6 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırdı. Rusiyalılar Arina Openişeva və Polina Yeqorova müvafiq olaraq, 7 və 6 qızıl medal əldə etdilər.
Ümumilikdə, "Bakı-2015"də 18 ölkənin üzgüçüləri medal əldə etdilər. 10 ölkə bu idman növündə qızıl medal əldə etdi.
Atıcılıq
Atılıcılq yarışlarına isə Avropanın praktiki olaraq, ən güclü idmançıları qatılmışdılar. Bu idman növündə 19 dəst medal və Rio Olimpiadasına putyovka oynanılırdı. Atıcılar arasında ən yaxşı nəticəni italiyalılar göstərdilər. Onlar 4-ü qızıl olmaqla, 10 medal qazandılar. Serbiyadan olan atıcılar 4, almanlar isə 3 qızıl medal qazandılar.
"Bakı-2015"də, ümumilikdə, 10 ölkədən olan atıcılar medal əldə etdilər. Təəssüf ki, Azərbaycan atıcılarının səviyyəsi hələ ki, onlara medallar uğrunda mübarizə aparmaq imkanı vermir.
Avarçəkmə
Avropa Oyunlarında avarçəkənlər yalnız baydarka və kanoedə yarışırdılar. Akademik avarçəkmə oyunların proqramına daxil deyildi. Bununla yanaşı, yarışçıların sayı kifayət qədər çox idi. Avarçəkənlər birinci Avropa Oyunlarında 15 dəst medal uğrunda yarışırdılar. Baydarva və kanoedə yarışlarda ümumi hesabda macarlar hər kəsdən üstün oldular. Mingəçevirdə keçirilən yarışı onlar 5-i qızıl olmaqla, 10 medalla başa vurdular. Almaniya və Belarus idmançıları hərəyə 3 qızıl medal əldə etdilər, Serbiya avarçəkənləri isə 2 qızıl medal qazandılar.
Bu idman növündə, ümumilikdə, 16 ölkə təmsilçiləri medal qazandılar. Azərbaycan yığması bu yarışı yalnız 1 gümüş medalla başa vurdu.
Komanda idman növləri
"Bakı-2015" birinci Avropa Oyunlarında bəzi komanda idman növləri üzrə də medallar oynanılırdı. Bu, su polosu, voleybol, 3x3 formatında basketbol, kaman atıcılığı və qılıncoynatma idi. Təəssüf ki, komanda idman növlərində Azərbaycanın vəziyyəti heç də yaxşı deyil. Bakıda azərbaycanlılar yalnız qadın voleybolçulara və kişilər arasında 3x3 formatlı basketbola müəyyən ümid bəsləyirdəlir. Lakin bu komandaların da heç biri medal qazana bilmədi. Voleybolçular medallara daha yaxın idilər. Amma yarımfinalda və üçüncülük uğrunda qarşılaşmada onlar beşinci həlledici setdə türklərə və serblərə məğlub oldular. Basketbolçulara gəlincə, onlar? finaladək kifayət qədər inamla irəlilədilər. Bu mərhələdə isə komanda İspaniya yığması ilə qızğın mübarizədən hakimlərin də təsirilə, məğlub ayrıldılar. Yeri gəlmişkən, İspaniya millisi sonradan finaladək irəlilədi.
Digər komanda idman növlərində Azərbaycan yığmasının şansları əvvəldən zəif qiymətləndirilirdi. Reallıq bundan ibarətdir ki, Azərbaycan su polosu, kişilər arasında voleybol, qılıncoynatma kimi idman növlərində rəqabət qabiliyyətli yığma formalaşdıra bilmir.
Komanda idman növlərində də liderliyi rusiyalı idmançılar qazandılar. Məsələn, onlar qadınlar və kişilər arasında basketbol yarışlarını, qadınlar arasında su polosunu, qadınlar arasında qılıncoynatmanı qızıl medallarla başa vurdular. Qadınlar və kişilər arasında voleybol yarışlarının qalibi almanlar, kişilər arasında su polosu çempionu isə Serbiya oldu. Qılıncoynatma üzrə komanda yarışlarını Böyük Britaniya (kişilər arasında rapira), Fransa (kişilər arasında qılıncoynatma), İtaliya (kişilər arasında şpaqa), Rumıniya (qadınlar arasında qılıncoynatma), Ukrayna (qadınlar arasında şpaqa) qalib bitirdilər. Qılıncoynatma turnirində ən çox medal İtaliya yığmasına qismət oldu - 12 (3-2-7). Ümumilikdə, bu idman növündə, Azərbaycan da daxil olmaqla, 11 ölkə medal qazandı. Azərbaycan yığması aktivinə 1 gümüş və 1 bürünc medal yazdıra bildi. Bu uğura qadınlar arasında qılıncoynatma yarışında Bünyatova bacıları imza atdılar.
Medal hesabı
Gözlənildiyi kimi, ümumi medal hesabında böyük fərqlə Rusiya qalib gəldi. Rusiya idmançıları Bakıda, ümumilikdə, 164 medal qazandılar. Onlardan 79-u qızıldır. Yarış iştirakçılarının heç biri ümumilikdə Rusiyanın qızıl medallarının sayına bərabər medal qazana bilmədilər. Və bu, heç də təəccüblü deyil. Rusiya turnirə ən geniş heyətlə qatılmış ölkə idi. Əksər idman növlərində üstünlük məhz ruslarda idi. Odur ki, Rusiya Yay Olimpiya Oyunlarında nail ola bilmədiyinə "Bakı-2015" birinci Avropa Oyunlarında nail oldu. Əslində, qitə yarışlarında bir ölkənin hökmranlığı heç də təəccüblü hal deyil. Məsələn, Panamerikan Oyunlarında ABŞ, Asiya Oyunlarında Çin hər zaman "at oynadır". Odur ki, Avropa Oyunlarında da medal hesabına görə qüvvələr nisbətini fakt kimi qəbul etmək lazımdır. Rusiya turnirdə oynanılan qızıl medalların 32, ümumi medalların isə 19,5%-nə sahib çıxdı.
Azərbaycanın ümumi medal hesabında ikinci olmasını isə sürpriz saymaq mümkündür. Azərbaycanlı idmançıların bu uğuru kifayət qədər gözlənilməz oldu. Onlar, ümumilikdə, 56 medal qazandılar. Bu medalların 21-i qızıl, 15-i gümüş, 20-si bürüncdür. Avropa Oyunları öncəsi əksər ekspertlər və idman funksionerləri Azərbaycan idmançılarının ilk beşlikdə, yaxun ilk onluqda yer alacaqlarını düşünürdülər. Onların 8-10-u qızıl olmaqla, 25-30 medal əldə edəcəkləri proqnozlaşdırılırdı. Lakin Azərbaycan idmançıları ən cəsarətli gözləntiləri belə, geridə qoydular.
Hər halda, heç kəs onlardan bu qədər qızıl medal gözləmirdi: boksda 6, taekvondoda 3, karatedə 4, güləşdə 6. Bu idman növlərinin hər birində azərbaycanlılar proqnozlaşdırılandan artıq medal qazandılar. "Doğma divarlar" amili, şübhəsiz, nəticəyə öz müsbət təsirini göstərdi. Bundan başqa, oyunların proqramına daha çox Azərbaycanın maraqları baxımından daxil edilmiş karate və sambo kimi qeyri-Olimpiya idman növləri yığmaya 14 medal qazandırdı. Rio Olimpiadasına 1 il qalmış Azərbaycan idmançılarının güləş, boks, taekvondo, gimnastika kimi Olimpiya idman növlərində uğurla çıxış etmələri təbii ki, hər kəsi sevindirir. Digər tərəfdən, indi idmançılarımızın potensialını rəqiblər daha yaxşı biləcək. İndi onların bir çoxu heç kəsin tanımadığı sürpriz idmançılar deyillər. İndi onlar favorit olmasalar da, digər ölkələrin idmançıları üçün potensial güclü rəqibdirlər. Bu amil idmançılarımızın Braziliyada keçiriləcək Olimpiadaya hazırlığı zamanı nəzərə alınmalıdır.
Ümumi medal sayına görə üçüncü pilləni Böyük Britaniya yığması tutdu və o, buna əldə etdiyi qızıl medalların sayına görə nail oldu. Britaniyalıların Bakıda qazandıqları 47 medalın 18-i qızıl, 10-u gümüş, 19-u bürüncdür.
Medalların hansı əyarda olmasından asılı olmayaraq, ümumi sayını nəzərə alsaq, ikinci yer Almaniyanındır. Onlar yarışları 66 medalla başa vurdular (16-17-33).
"Bakı-2015" birinci Avropa Oyunlarında 42 ölkənin təmsilçiləri medallar qazandılar. 31 ölkədən olan idmançılar vətənlərinə qızıl medallarla döndülər.
Ümumilikdə, Avropanın idman bayramı yaxşı alındı. Orada idman dünyasında yüksək qiymətləndirilən hər şey var idi - intriqa, idmançıların zəfəri, sərt mübarizə, tamaşaçı marağı, favoritlərin fiaskosu, gözlənilməz qələbələr. Odur ki, Avropa Oyunları yaxşı perspektivə malikdir. "Bakı-2015" bunun üçün yaxşı platforma olmalıdır. Əlbəttə ki, oyunlarda təmsil olunan idman növlərinin sayı, iştirakçıların səviyyəsi dəyişəcək. Avropa Olimpiya Komitəsi Avropa Oyunlarını bütün idman federasiyalarının təqviminə harmontik şəkildə yazdırmaq üçün hələ çox işləməli olacaq. Hər halda, elə etmək lazımdır ki, daha üzgüçülük yarışlarına yalnız gənclər qatılmasın, yüngül atletikada cəmi 1 dəst medal oynanmasın. Yeri gəlmişkən, bunun səbəbi yüngül atletika elitasının avqustda Çində keçiriləcək dünya çempionatına hazırlaşmasıdır.
Bu mənada, nümunə kimi cüdo yarışlarının formatını göstərmək olar. Bu idman növündə birinci Avropa Oyunları həm də Avropa çempionatı idi. Bu təcrübədən digər idman növlərində də istifdə etmək olar. Bu, həm Avropa Oyunlarının statusunu artırar, həm də yarışa ən güclü idmançıların qatılmaları üçün stimul rolunu oynayar. Odur ki, Avropa Olimpiya Komitəsi ikinci Avropa Oyunlarının keçiriləcəyi ölkəni müəyyənləşdirdikdən sonra, təqvimin sinxronlaşdırılması üçün ayrı-ayrı federasiyalarla danışıqlara başlamalıdır.
Birinci Avropa Oyunları isə artıq tarixə çevrildi. Bizim tərəfimizdən yazılmış və təkrarlanması mümkün olmayan tarixə...
MƏSLƏHƏT GÖR: