15 Mart 2025

Şənbə, 00:33

BÜTÜN UMİDLƏR MANÇESTERƏDİR

Azərbaycanlı hokkeyçi qızlar dumanlı albionu fəth etmək və olimpiya lisenziyaları uğrunda mübarizə aparmağa hazırlaşırlar

Müəllif:

15.08.2007

İngiltərənin Mançester şəhərində azərbaycanlı hokkeyçi qızlar üçün ilin ən vacib turniri - otüstü hokkey üzrə Avropa Çempionatı başlayır. Bu turnirin əhəmiyyətini artıran amillərdən biri də burada gələn il Pekində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqələrin oynanılmasıdır.

 

Şanslarımız

Dumanlı Albiona yola düşməzdən əvvəl pakistanlı mütəxəssis Tair Zamanın  yetirmələri Litvada keçirilən beynəlxalq turnirə qatılaraq, Avropa Çempionatı ərəfəsində son sınaqdan çıxdılar. Bu turnirdə yığma komandamız Litva və Belorus milliləri üzərində qələbələr qazandı.

Xatırladaq ki, Mançesterdə keçiriləcək Avropa Çempionatında qızlarımız Almaniya, İspaniya və Ukraynanın da yer aldığı "V" qrupunda yarışacaq. 

"A" qrupunda isə Hollandiya, İngiltərə, İrlandiya və İtaliya yığmaları mübarizə aparacaqlar. Qrup turniri çərçivəsində ilk matçı komandamız almaniyalı hokkeyçilərə qarşı keçirəcək. Birgünlük istirahətdən sonra millimiz İspaniya ilə üz-üzə gələcək. Qrupdakı son matçda isə T.Zamanın yetirmələrini ukraynalılarla çətin mübarizə gözləyir.

Reqlamentə görə, qrupda 1-2-ci yerləri tutan komandalar yarımfinala vəsiqə qazanırlar. Bu turnirin finalçıları avtomatik olaraq, 2008-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Daha bir vəsiqə uğrunda isə yarımfinalda məğlub olmuş komandalar yarışacaqlar: üçüncü yer uğrunda matçın qalibi də gələn il Pekinə gedəcək.

Azərbaycan komandasının baş məşqçisi Tair Zamanın fikrincə, qızlarımızın qarşısında duran əsas tələb Avropa Çempionatının yarımfinalına vəsiqə əldə etməkdir. "Biz yarımfinala çıxmaq üçün əlimizdən gələni edəcəyik, bu bizim əsas məqsədimizdir. Bilirik ki, bu çox çətin olacaq, çünki rəqiblərimiz olduqca güclü komandalardır. Amma əminəm ki, oyunçularımızın hər biri meydanda öz bacarığı və imkanlarından 100% istifadə etsə, rəqiblərimizi məyus edə biləcəyik.  

Bir sözlə,  dünya reytinqində 15-ci yeri tutan Azərbaycan yığmasının rəqibləri çox güclüdürlər. Amma hesab edirəm ki, bizim hokkeyçilərimizin şansları kifayət qədərdir", - deyə "R+"a müsahibəsində T.Zaman bə-yan edib.

Litvada keçirilən son turnirə gəlincə, pakistanlı mütəxəssisin fikrincə, bu turnir lap yerinə düşdü. "Bu turnir Avropa Çempionatına hazırlıq baxımından çox önəmli oldu və biz gənc oyunçulara oynamaq üçün maksimum imkan yaratdıq. Litvadakı oyun təcrübəsi sayəsində Mançester turniri ərəfəsində zəif tərəflərimizi müəyyənləşdirdik və bu bizə çox lazım olacaq. İki milli komanda üzərində qələbə qazanaraq turnirin qalibi olduq", - deyən baş məşqçinin sözlərinə görə, Litvadakı turnirdə azərbaycanlı qızlar künc zərbələri zamanı qol imkanlarından istifadə üzərində xüsusilə çalışdılar. Çünki milli komandamızın ən zəif yerlərindən biri məhz bu standart vəziyyətdən istifadədir. "Düzdür, Litva və Belorus komandaları Almaniya və İspaniya kimi aparıcı yığmalar sayılmırlar. Amma hiss edirəm ki,  biz oyunun bu komponentində (künc zərbələri) müəyyən müvəffəqiyyət əldə etdik. Ümumiyyətlə, Avropa çempionatına hazırlığı lazımi səviyyədə keçirmişik və ümid edirik ki, Almaniyaya qarşı ilk matçı qələbə və ya ən azı, heç-heçə ilə başa vuracağıq. Bu nəticə bizim artıq yarımfinala çıxmağımızı həll edəcək. Mançesterə yola düşməzdən əvvəl rəqiblərimizin oyununu lazımi səviyyədə analiz etmişik, onların zəif və güclü tərəflərini müəyyənləşdirmişik", - deyə baş məşqçi qeyd edib.

 

Yalnız bir imkan  

Xatırladaq ki, Mançesterdəki hər hansı uğursuzluq halında, milli komandamızın Pekin Olimpiadasına düşüb-düşməyəcəyi Bakıdakı lisenziyalı turnirdən asılı olacaq. "Amma heç Bakı turniri haqda düşünmürük və əsas diqqətimizi Mançesterə yönəltmişik. Bizim nəzərimizdə Pekinə vəsiqə qazanmaq üçün yeganə şansımız Mançesterdəki çıxışımızdan asılıdır. Oyunçularımızı inandırmağa çalışırıq ki, onların Olimpiadaya düşmək üçün yalnız bir şansı var, o da Avropa Çempionatındakı uğurlu çıxışdır", - deyə T.Zaman vurğulayıb. Onun sözlərinə görə, milli komanda Mançesterə çempionatın başlanmasından xeyli əvvəl getmək niyyətindədir. Bu yolla qızlarımız yerli iqlimə uyğunlaşmağı düşünürlərr: "İngiltərə və Hollandiya komandalarına müraciət edərək, artıq Mançesterdə yoldaşlıq görüşləri keçirməyi təklif etsək də, rədd cavabı aldıq. İrlandiya və İtaliya ilə qarşılaşmaq cəhdlərimiz də nəticəsiz qaldı".

Milli komandamızın əsas problemlərindən biri də qələbə hesabını sonadək qoruyub-saxlaya bilməməsidir. Bundan başqa, zəif fiziki hazırlıq ucbatından azərbaycanlı hokkeyçilər həm sonuncu Çempionlar Kubokunda, həm də "AtaHolding" turnirində son dəqiqələrdə top buraxaraq məğlub olurdular. "Masallıda keçirilən təlim-məşq toplanışı zamanı oyunçuların fiziki hazırlığı üzərində xüsusilə işlədik və mənə elə gəlir ki, bu dəfə əvvəlki problemlər təkrarlanmayacaq.  Avropa Çempionatında biz bir qədər fərqli sxemlərdən istifadə edəcəyik və ümidvaram ki, bu sxemlər bizə kömək edəcək. İndi bizim üçün əsas məsələ - rəqibin təzyiqlərinə son saniyəyədək davam gətirməyi öyrənməkdir", - deyən T.Zaman onu da əlavə edib ki, hazırda radikal şəkildə komandanın heyətini cavanlaşdırmağı düşünmür, çünki "hələlik layiqli alternativlər yoxdur".

Qeyd edək ki, Avropa Çempionatı ərəfəsində Azərbaycan milli komandasının heyətinə Koreyadan olan 6 hokkeyçi də qatılıb. Baş məşqçinin sözlərinə görə, koreyalılar millimizin uğurlu çıxışına kömək edəcəklər. "Onlar Azərbaycan yığmasının heyətində çıxış edəcəklər və artıq sənədləri tam qaydasına salınıb. Koreyalı hokkeyçilərin özləri də beynəlxalq arenada Azərbayan komandasını təmsil etmək istəyirlər. Məncə, Mançesterdə koreyalılar özlərini göstərə biləcəklər, çünki onlar rəqibin təzyiqi və sərt pressinqinə tab gətirməyi bacarırlar. Onlar yalnız bu yaxınlarda komandanın heyətinə cəlb edilsələr də, gündən-günə daha sərbəst oynayırlar və kollektivə tam uyğunlaşıblar. Milli komandadakı əhval-ruhiyyə yüksək səviyyədədir və məncə, Mançesterdə azərbaycanlı və koreyalı qızar bir-birilə dil tapa biləcəklər", - deyə T.Zaman bəyan edib.

P.S.Jurnalın sayı çapa hazırlanan zaman, Azərbaycan yığmasının 6 koreyalı üzvünə viza verilməsi və onların Bakı-Frankfurt-Mançester reysi ilə Avropa Çempionatına yola düşə biləcəkləri haqda məlumat aldıq. Komandanın daha 9 nümayəndəsi Britaniyaya növbəti, Bakı-London-Mançester reysi ilə yola düşəcək.


MƏSLƏHƏT GÖR:

451