14 Mart 2025

Cümə, 23:36

EPOPEYA BAŞLAMADAN BİTDİ

Zəif fiziki hazırlıq azərbaycanlı futbolçulara avrokuboklarda uğur qazanmağa imkan vermədi

Müəllif:

15.08.2007

Azərbaycanın futbol klubları avrokuboklarda çıxışlarını, demək olar ki, heç başlamadan başa vurdular. Həm Çempionlar Liqasında çıxış edən hazırkı çempion "Xəzər-Lənkəran", həm də UEFA Kuboku uğrunda turnirə qatılan paytaxtın "Neftçi" və İmişlinin "MKT-Araz" komandaları birinci kvalifikasiya  mərhələsini keçə bilmədilər.  Özü də hər üç klubun az çəkən kubok epopeyasında oxşarlıq həddindən artıq çox idi.

Hazırkı çempionun lap əvvəldən bəxti gətirmədi: vaxtilə "Neftçi"lə Çempionlar Liqasının kvalifikasiya raundunun ilk mərhələsini adlamağı bacarmış Ağasəlim Mircavadovun yetirmələrinə püşk birinci mərhələnin ən güclü klublarından birini - Zaqreb "Dinamo"sunu rəqib seçdi. Həm xarici, həm də yerli mütəxəssislər lənkəranlıların güclü rəqibə bütün komponentlərdə uduzacağını proqnozlaşdırırdı. Amma "Xəzər-Lənkəran" xorvatlara əməlli-başlı müqavimət göstərdi: hər iki matçda hesabı Azərbaycan klubu açsa da, təəssüf ki, üstünlüyü qoruyub-saxlaya bilmədi. Amma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk matçda "Xəzər-Lənkəran" hesabda cəmi 5 dəqiqə irəlidə olduğu halda (yekunda oyun 1:1 hesabı ilə bitdi), rəqib meydanında Mircavadovun yetirmələri, az qala, bir taymdan artıq dövrdə hesabda irəlidə idilər və etiraf etmək lazımdır ki, həmin anlarda bütün Xorvatiyanı şoka salmışdılar. Həmin matç da Bakıda olduğu kimi, 1:1 hesabı ilə bitdi və yalnız əlavə vaxtda azlıqda oynayan komandamız meydan sahiblərinin təzyiqlərinə tab gətirməyərək 2 top buraxdı... 

Futbolumuzun flaqmanı sayılan "Neftçi" də ünvanına səslənən çoxsaylı tənqidlərə layiq deyil. Avstriyanın "Rid" klubuna qarşı layiqli oyun göstərən bakılılar rəqib meydanındakı ilk matçda qapılarında top görsələr də, hesabı bərabərləşdirə bildilər. Yalnız oyunun sonunda avstriyalılar Qurban Qurbanovun yetirmələrinin müqavimətini qıraraq, qapımıza 2 top göndərə bildilər. 

İlk matçdan sonra "Neftçi"nin növbəti mərhələyə çıxmaq üçün kifayət qədər şansı var idi. Çünki rəqib meydanında vurulan qol çox vacib sayılırdı. Yeri gəlmişkən, ötən çempionatın vitse-çempionu Avrokuboklarda qələbə qazanmış yeganə klubumuz oldu - cavab oyununda "Neftçi" 2:1 hesabı ilə qalib gəldi, amma bu, ümumi qələbə üçün kifayət etmədi və növbəti mərhələyə vəsiqə "Rid"ə qismət oldu. 

Ən yorucu qarşdurma isə İmişlinin "MKT-Araz" klubu ilə Polşanın "Qroslin" komandası arasında oldu. Bakıda keçən ilk matç çox maraqsız oldu və qolsuz bərabərliklə bitdi. Cavab matçında isə imişlililər sona qədər müqavimət göstərsələr də, əsas vaxtın bitməsinə bir neçə dəqiqə qalmış həlledici topu buraxdılar. Və bununla da, iki oyunluq qarşıdurmadan məğlub çıxdılar.

Qeyd edək ki, hər üç klubumuzun Avrokuboklardakı uğursuz çıxışlarında oxşar cəhətlər çoxdur. Demək olar ki, hər matçda Azərbaycan klublarının oyunçuları qırmızı vərəqə ilə cəzalandırılıblar. "Xəzər-Lənkəran" klubu xorvatlara qarşı hər iki oyunu azlıqda başa vurub - Bakıdakı matçda komandanın kapitanı Emin Quliyev, rəqib meydanında isə fransalı legioner Edmnt N'Timoa meydandan qovulub. 

"Neftçi" də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən təkrar matçı kapitan Zaur Tağızadəsiz başa vurdu: oyun ərzində iki dəfə sarı vərəqə alan Zaur klubunu azlıqda qoydu. 

Polşada keçirilən cavab matçında İmişlinin "MKT-Araz" klubu da oyunu tam heyətlə başa vura bilmədi: moldovalı legioner Anatoli Doroşa qırmızı vərəqə ilə cəzalandırıldı.

Əlbəttə ki, qeyd olunan hər bir epizod matçların nəticələrinə birbaşa təsir göstərdi və azlıqda qalan klublarımız meydanı məğlub tərk etməli oldular. Ümumilikdə, Azərbaycan klublarının iştirakı ilə keçirilən 6 oyunda hakimlər 4 dəfə qırmızı vərəqə göstəriblər və onların hamısı bizim futbolçuların "taleyinə" düşüb. Bundan isə olduqca sadə, lakin məntiqi nəticə çıxarmaq olar: Azərbaycan klubları şəxsi heyət arasında nizam-intizamı möhkəmləndirməlidir. Doğrudan da, əgər "Xəzər-Lənkəran" və "Neftçi" klublarında qırmızı vərəqəni məhz kapitanlar alırsa, onda hansı nizam-intizamdan danışmaq olar?! Bizcə, bu problem üzərində işləməklə, klublarımız bir çox çatışmazlıqları aradan qaldıra və gələcəkdə həm ölkə çempionatında, həm də Avrokuboklarda daha uğurlu çıxışa ümid bəsləyə bilərlər.

Klublarımızın digər problemi isə fiziki hazırlığın olduqca aşağı səviyyədə olmasıdır. Komandalarımızın matçın hansı dönəmində qol buraxdığına nəzər yetirsək, aydın olar ki, klublarımızın Avropadakı uğursuz çıxışlarının əsas səbəblərindən biri məhz zəif fiziki hazırlıqdır. Məsələn, "Xəzər-Lənkəran" Zaqrebdəki cavab qarşılaşmasında cavab topunu ikinci hissənin sonunda, digər iki topu isə artıq əlavə vaxtda buraxıb. 

Paytaxtın "Neftçi" klubu da ilk matçda 2 topu oyunun son dəqiqələrində öz qapılarında görüb. Cavab oyununda "Neftçi" birinci hissədə rəqibi tam üstələyərək, lazım olan 2 qolu vurmağı bacarmışdı. Amma ikinci hissədə bakılıları sanki dəyişmişdilər: onlar faktik olaraq, meydanda qaçmır - gəzirdilər, fiziki baxımdan rəqibə bütün mübarizələri uduzurdular və nəticədə, sona 5 dəqiqə qalmış növbəti mərhələyə vəsiqəni əldən verdilər.

Eyni sözləri, həlledici topu Varşavada son dəqiqələrdə buraxmış "MKT-Araz" haqda da söyləmək olar. 

Qeyd etmək lazımdır ki, fiziki problem Azərbaycan klubları üçün artıq neçə ildir ən aktual məsələlərdən biri kimi qalsa da, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Yeri gəlmişkən, bu mövzuya toxunarkən, milli komandamızın oyunlarını da xatırlamaq olar: Şahin Diniyevin yetirmələri həm Qazaxıstan, həm də Polşa ilə matçda hesabı açmağa nail olsalar da, sonradan üstünlüyü qoruyub-saxlaya bilməyiblər. 

Odur ki fiziki hazırlıq bütün Azərbaycan futbolunun problemidir və bu istiqamətdə irəliləyiş olmasa, klublarımız Avropa və dünya futbolunda heç nəyə nail ola bilməyəcəklər.


MƏSLƏHƏT GÖR:

386