
"ZƏRİF QIZIL"
Bakıda kölndə yaşayan Azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolovanın sərgisi nümayiş etdirilib
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Marqarita Kərimova-Sokolova bir müddətdir Kölndə yaşayan Azərbaycan rəssamıdır. Bu günlərdə Bakının Muzey Mərkəzində o öz işlərinin yeni seriyasını - "Venetsiya karnavalı"nı nümayiş etdirib. Əsərlər bu şəhərdə hər il keçirilən bayramda iştirakın təəssüratları altında yaranıb. Rəssamın Venetsiya karnavalında iştirak etməklə bağlı çoxdankı arzusu baş tutub. Bu karnavalın personajları şəhərin butun meydan və küçələrində pantomim səhnələri nümayiş etdirən yerli peşəkar aktyorlardır. Kostyumları aktyorlar özləri tikirlər. Səhnələrin süjetləri və kostyum ənənələri əsrlərlə cilalanıb, dəyişən yalnız texnologiyalardır. Materialından asılı olaraq, bu kostyumlar on-yüz min avro dəyərində olur. Karnavalın sonuncu günü Müqəddəs Mark meydanında karnaval kostyumlarına baxış keçirilir və ən gözəl geyimlər mükafatlandırılır. Əlbəttə, rəssam kimi, Marqarita xanım üçün karnavalda kostyumlar daha çox maraq kəsb edirdi.
Sakitlik sarsıdanda...
"Ötən il Venetsiya karnavalı məni sarsıtdı (sözün yaxşı mənasında), bu hissi indi də unuda bilmirəm. Və məni heyrətləndirən ilk şey sakitlik oldu. Ətrafda yalnız sirli pıçıltılar və obyektivlərini atkyorlara tuşlayan turistlərin nidaları eşidilirdi. Aktyorlar müraciətlərə cavab verirlər, amma çox az qonaq danışmağa çalışır - hamı şəkil çəkməyə can atır. Yeri gəlmişkən, əminəm ki, indiyədək heç bir turist bircə kadrı da korlamayıb - karnaval iştirakçıları elə professional hərəkət edirlər ki... Daha bir təəccüb yeri: bütün maskalı fiqurlar çox ucaboyludur. Əlbəttə, buna baş geyimlərinin hündürlüyü səbəb olur, amma çox güman ki, aktyorlar həm də koturnlarda gəzirlər. Və digər təəccüb yeri, sözsüz ki, Venetsiyanın özüdür, elə bil şəhərə heç zamanın əli dəyməyib. Bu təsirlər altında mən Venetsiya karnavalı kimi çox yayılmış və hamının sevdiyi mövzuda öz sözümü deməyə risk etdim. Bu günlərdə seriyanı Bakıda sərgilədim, işlər ilk dəfə nümayiş olunurdu və mən premyeranın məhz Vətənimdə baş tutmasını istəyirdim. Liana Vəzirova başda olmaqla, Muzey Mərkəzi kollektivinin əlbir işi məni heyran etdi. İsti havada onlar dəyanətlə ekspozisiya qururdular, baxmayaraq ki bu mərkəzin qalereyası yay tədbirləri üçün nəzərdə tutulmayıb - eksponatların saxlanması üçün burada kondisioner yoxdur. Bu, qəhrəmanlıq idi! Və vernisajıma çox tanınmış simalar da daxil olmaqla, xeyli adamın gəlməsi məni yaman sevindirdi. Bakıdan "Venetsiya karnavalı" Köln və Veselinqə gedəcək. Həm də dayanmadan genişlənəcək, çünki seriyanı davam etdirməyi planlaşdırıram. Təkcə materialı dəyişəcəyəm - pastel əvəzinə yağlı boya olacaq".
Obraz-maskalar
Marqarita Kərimova-Sokolovanın yeni seriyasının ən sirli hissəsi -"Portret qalereyası"nın ideyası karnavalın gedişində yaranıb. "Bir an heyrətamiz bahar kostyumu geymiş aktrisa gözümə dəydi. Və mən qəfildən, özüm də gözləmədiyim halda, tam aydınlıqla "bahar"da öz tanışımı, çox gözəl bir qadını (adını deyim: bu Lalə Kazımovadır) gördüm. Oradaca anladım ki, bu ideyanı Venetsiya haqqında işlər seriyasında həyata keçirməliyəm. Və başlandı... İndi bu "qalereya"da dostlarımın və yaxınlarımın portretləri toplanıb. Bununla belə, mən portret seriyası yaratmaq, yəni sadəcə insanları kostyumlarla bəzəmək fikrində deyildim. İntuisiyama əsasən, hər adam üçün onu maksimal səviyyədə açan uyğun obraz seçirdim. Məsələn, "Balaca şahzadə" mənim nəvəm, "Balaca pəri" onun bacısı, "Sinyorina" - anasıdır. O, yaşından böyük görünür, amma mən onu Pikassonun sözləri ilə sakitləşdirdim. Yadınızdadır? Gertruda Stayn onun çəkdiyi portretini görəndə, yaşının bir qədər artırılmasına etiraz etmişdi: "Axı mən belə deyiləm!". Pikasso cavab vermişdi: "Madam, siz belə olacaqsınız...". "Venetsiya incisi" - gəlinimin bacısı, "Kapuletti" isə gəlinim özüdür. Hələlik yeganə olan "Mefistofel" planlı kişi portreti - "Arzuların sirri" prototipinin, yaradıcı, hərtərəfli və temperamentli adamın dəqiq obrazıdır".
Bu portret həm də başqalarından daha az "karnaval" ruhludur - burada konkret adam çox qabarıq görünür. Digər istisna " Rene Maqritə ithaf"dır. Bu iş sanki "öz- özünədir", o, ümumi "Venetsiya" seriyasından həm tematikasına, həm də üslubuna görə seçilir. Venetsiya karnavalında "ədəbi" personajların kostyumlarına, məsələn, "Romeo və Cülyetta", yaxud "Dekameron" qəhrəmanlarına tez-tez rast gəlmək olar. Təsviri incəsənət obrazlarının aşıladığı maskalar da var. Və Marqarita xanım Venetsiyada eynilə dahi sürrealistin rəsmindəki kimi, üzünü bənövşə dəstəsi əvəz edən çətirli qadını gördü. Bu obrazda o, gəlininin anasını təsvir etdi, amma rəsmdə gül dəstəsini maska kimi, üzdən kənarda verdi...
Bizimkilər Kölndə
Almaniyada xeyli azərbaycanlı var, Kölndə isə onlar lap çoxdur. Bu şəhərdə minə qədər həmvətənimiz yaşayır. Peşələrdən danışsaq, Marqarita xanımın dediyinə görə, diasporumuzu daha çox həkimlər şöhrətləndiriblər. Çox gözəl peşəkarlar olan azərbaycanlıları almanlar yüksək qiymətləndirirlər. Avropada isə həkimlər qarşısında ciddi tələblər qoyulur. Bu, birincisi. Digər tərəfdən isə bizim mütəxəssislər bura artıq nisbətən yaşlı vaxtlarında köçüb-gəlirlər - bu dövrdə həyatı köklü şəkildə dəyişmək ağır olur. Buna baxmayaraq, onlar əla adaptasiya olunublar - artıq neçəsinin öz müsbət təcrübəsi var! Peşəkarlığa daha neçə sübut lazımdır? "Lətafət Zeynalovanın, Xanım Əzimovanın, Qafur İmanovun uğurlarını xüsusi qeyd etmək istəyirəm. Mədəniyyət nümayəndələri də fərqlənirlər. Məsələn, Kölndə İldırım Sultanov adlı bir fəalımız yaşayır. İxtisasca memar, məşğulluğuna görə qalerist olan İldırım özü də rəsmlər çəkir. O, tez-tez azərbaycanlı rəssamlarımızın sərgilərini təşkil edir. Biz hər il iki bayramı - Novruzu və Yeni ili təntənə ilə qeyd edirik. Birinci, Azərbaycan ənənəsidir, ikinci isə, yəqin ki, sovetlər dövründən qalan nostalji hissi ilə bağlıdır. Milli kolorit isə bu bayramda da hiss olunur - bayram yeməklərində də, başqa incəliklərdə də. Novruz şənliklərinə mütləq Azərbaycandan müğənni və musiqiçilər, həm də çoxlu qonaqlar dəvət edirik".
2001-ci ildə Marqarita Kərimova-Sokolova xatirəsini almanların çox əziz tutduqları məşhur dissident Kopelevin (yazıçı, Henrix Bölün dostu) adı verilmiş mərkəzdə öz sərgisini keçirdi. Kopelevin ölümündən sonra Almaniyada onun adına fond yaradılıb. Kopelev adına mərkəz isə mədəniyyət və elm adamlarının görüş klubuna çevrilib. Marqarita xanım diasporanın digər üzvlərinin köməyi ilə təşkil olunmuş sərgisini 28 May ərəfəsində təqdim etmişdi. Amma o, bir rəssamın fərdi sərgisindən daha geniş tədbirə çevrildi. Vernisaj diasporumuzun təşkil etdiyi Azərbaycan mədəniyyəti günlərinin mərkəzinə çevrildi. Onların təşkilində Almaniyadakı səfirliyimiz, eləcə də digər şəhərdə - Boxumdakı diasporumuz iştirak etdi. Burada onlar məşhur Azərbaycan filmi "Lətifə"ni nümayiş etdirdilər. Tədbirin davam etdiyi üç gün ərzində almanlar sərgiyə gəlir, filmə baxır, səfirimizin xanımı Rəfiqə Sadıqovanın Almaniya-Azərbaycan əlaqələrinin tarixinə dair məruzələrini dinləyirdilər. Mədəniyyət günlərimizi ARD ictimai telekanalının prezidenti Frits Pflyaytgen açdı. Marqarita Kərimova-Sokolova üçün bu çox xoş və şərəfli hadisə oldu - prezident öz ölkəsində yaman məşhurdur.
Rəssamın bir kitab layihəsi də nəzərdə tutulurdu. Onun üzərində iş bilavasitə diasporun xətti ilə getməsə də, Azərbaycanla birbaşa əlaqəli idi. Hazırda Almaniyanın Hannover şəhərində yaşayan əslən bakılı şair Dmitri Dadaşidze bütün həyatını tərcüməyə, ilk növbədə, Azərbaycan şairlərinin, o cümlədən cənublu qardaşlarımızın şerlərini çevirməyə həsr edib. Yaxınlarda o, şəxsi vəsaiti hesabına şairlərimizin tərcümələri toplanmış kitab nəşr etdirib, Marqarita xanım isə illüstrasiyaçı-rəssam kimi onun tərtibatını verib.
"Sərgilərimdə hökmən vurğulayıram ki, mən Azərbaycan rəssamıyam. 1993-cü ildə ABŞ-da keçirilən sərgimdə də bunu qeyd etdim və məmnunluqla gördüm ki, tamaşaçılar mat qalmadılar, "Hə, Azərbaycan! O, Xəzər dənizi!" və s. nidalarla ölkəmiz haqqında məlumatlı olduqlarını bildirdilər. Amma axı bu mənada, yəni başqa ölkələrə maraq baxımından, sıravi amerikalılar birincilər sırasında deyillər, bu, bütün dünyaya məlumdur. Almanlardan isə danışmaq artıqdır. Onlar yeni hər şey üçün açıqdırlar. Ölkəmizə ən güclü maraq isə hələ Heydər Əliyevin vaxtında almanların özləri tərəfindən sifariş olunmuş və çəkilmiş sənədli filmin ARD kanalı ilə nümayişindən sonra başlandı. Film "Bakının işıqları" adlanırdı. Burada yalnız neftdən deyil, Azərbaycana xidmətləri ilə şöhrətlənmiş, əslən alman olan görkəmli adamlardan, ümumiyyətlə, ölkələrimiz arasındakı tarixi əlaqələrdən ətraflı söhbət açılmışdı. İndi də afişada və ya dəvətnamədə "Azərbaycan" sözünü oxuyan almanlar deyirlər: "O, Azərbaycan! Bu ölkəni yaxşı tanıyırıq!" - deyə Marqarita Kərimova-Sokolova xatirələrini bölüşür.
Almaniyada bizi yalnız "qara qızıl"ımıza - neftə görə yox, həm də "zərif qızıl"ımıza - incəsənətimizə görə tanıdıqları çox xoşdur. Təsviri incəsənətimizə görə isə, xüsusilə...
MƏSLƏHƏT GÖR: