14 Mart 2025

Cümə, 22:36

ELM HAQQINDA SÖZ DEYİN!

Azərbaycanı hələlik elm üçün "xərc çəkən" dövlətlər sırasına daxil etmək olmaz

Müəllif:

15.08.2007

Azərbaycanda tez-tez belə bir sual verirlər: alimlərimiz nə işlə məşğuldur? İlk baxışda onların fəaliyyəti o qədər də nəzərə çarpmır. Belə bir rəy formalaşıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ştatı şişirdilib. Elmi dərəcələrin verilməsi isə o qədər asanlaşdırılıb ki, indi az qala hər gün akademik olmaq mümkündür. Burada həqiqət var, amma... Azərbaycan alimləri işləyirlər, lakin əksəriyyət bunu "stol üçün" edir. Lazımi vəsait çatışmadığından onların əməyi sadəcə dövlətə gərək olmur. Hətta bu tədqiqatlarla təkcə ölkəmiz yox, bütün dünya maraqlansa belə.

 Alimlərin əmək haqqı çox aşağıdır, baxmayaraq ki son illər onların məvacibi xeyli artıb. Nəticədə Azərbaycanın fəxr edə biləcəyi dahi ideyaların əksəriyyəti naməlum qalır. Müqayisə ücün aşağıdakı rəqəmlərə baxaq. Yəhudi dövlətinin ümumi daxili məhsulunda (ÜDM) elmə subsidiyaların payı dünyada ən yüksək - ÜDM-in 5%-i  qədərdir. Son illər ərzində xərclər xüsusilə artaraq bu kiçik ölkədə ildə 5,5 mlrd dollardan çox  olub.

Bəs Azərbaycanda nə baş verir?  2007-ci ildə dövlət büdcəsi layihəsində elmə 39,6 mln manat ayrılması nəzərdə tutulmuşdu. Əlbəttə, 2006-cı illə müqayisədə bu, 3,3 mln manat çoxdur. Amma hər halda, bu da  cüzi məbləğdir.  Maliyyə, əsasən, fundamental elmi tədqiqatlara, elmi-tədqiqat institutlarının fəaliyyətinə və saxlanmasına ayrılır. Vəsaitin 68%-i  fizika-riyaziyyat elmləri sektoruna və mexanika şöbələrinə, bioloji, humanitar və ictimai, kimya elmləri sektorlarına istiqamətləndirilir. Rəqəm ekvivalentində bu, 27 mln manat edir.

Maraqlıdır ki, AMEA prezidenti Mahmud Kərimov elmin kifayət qədər maliyyələşdirilməməsindən  dəfələrlə söz açıb. O qeyd edib ki,  dünyada qəbul olunmuş təcrübəyə görə, elmə çəkilən xərclər ÜDM-in 2%-dən azdırsa, o, iqtisadi inkişafın səviyyəsinə təsir etmək iqtidarında olmur. Bizdə bu göstərici 2007-ci ildə ÜDM-in 0,7%-ni təşkil edəcək. Elmi işlərin iqtisadi proseslərə təsir edə bilməsi üçün bu, kifayət deyil".

M.Kərimov əlavə edib ki, Milli Elmlər Akademiyası sistemində əmək haqları kifayət qədər yüksək deyil. "Məsələn, Ukraynada EA işçisinin orta əmək haqqı 200 dollara, Rusiyada 300 dollara, Azəbaycanda isə bu yaxınlara qədər 79 manata (təxminən 93 dollar) qədər idi. Biz hələ İsrail və ABŞ alimlərinin məvacibindən danışmırıq".

Doğrudur, 2007-ci il yanvarın 23-də Azərbaycan prezidenti AMEA-nın elmi və elmi-tədqiqat müəssisələri işçilərinin əmək haqlarının 50% artırılması haqqında Sərəncam imzaladı. Bununla da alimlərin məvacibi 79 manatdan 118 manata qədər yüksəldi. Bu, sözsüz ki, yaxşı haldır və məsələnin həllində müəyyən irəliləyişə işarədir. Əmək haqlarının artırılması haqqında Sərəncamda  belə də deyilir: "Elm sahəsində çalışan işçilərin sosial müdafiəsinin  daha da gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədi ilə". Lakin indiki qiymətlərlə müqayisədə 118 manat da kiçik məbləğdir.

Şərhə ehtiyac yoxdur. Yalnız əlavə etmək mümkündür ki, inkişaf etmiş ölkələrdə doktorluq və namizədlik dərəcələri olanlar yüksək texnologiyalı şirkətlərin özəyini təşkil edirlər. Bu aspekt həm də dövlətin iqtisadi göstəriciləri sırasına daxil olur. Azərbaycanda bu elmi dərəcələrin daşıyıcısı çoxdur, amma onların faydalı iş əmsalı necədir? - Təəssüf ki, çox aşağıdır. Lakin axı Azərbaycan elmi fikrin zəngin tarixinə malikdir!

 

Parlaq keçmiş

Sovet dövrü - 70-ci illər Azərbaycan elmi üçün Qızıl Əsr oldu.  Akademiya  əhəmiyyətli sıçrayışlar etdi. Yeni istiqamətlər yarandı: aerokosmik tədqiqatlar, mikrobiologiya, biofizika, istehsalatın elm yüklü sahələri - elmi cihazqayırma, kosmik cihazqayırma, elektronika, mikroelektronika, polimer materialların istehsalı və s. Kənd təsərrüfatı sahəsində yeni yüksək məhsuldar sortlar, qabaqcıl aqrotexniki üsullar yaradıldı, aqroistehsalat kompleksinin əsasları qoyuldu. Bu irəliləyiş bütün sahələrdə müşahidə olunurdu.

Akademiyanın institutları nəzdində burada aparılan elmi-tədqiqat işlərinin nəticələrinin həyata keçirilməsində mühüm rol oynamış və oynayan təcrübə-konstruktor büroları və təcrübə zavodları yaradılmışdı. Hələ nə qədər tələbə, aspirant Rusiyanın, Ukraynanın, Belorusiyanın aparıcı elm və təhsil mərkəzlərində təhsilini davam etdirir, staj  keçirdi! 

SSRİ-də elmin ən mühüm nailiyyətləri sırasına Azərbaycan alimlərinin mindən çox tədqiqatının nəticələri  daxil olunub. Onlar neft geologiyasının banisidirlər. Riyaziyyat və Mexanika İnstitutu bütün sovet riyaziyyatının inkişaf istiqamətlərini müəyyənləşdirməli olan elmi kollektivlər sırasına daxil edilib. Fizika İnstitutu SSRİ-də selen və tellur fizikası üzrə baş institut idi.  Daha çox neft kimyası alimləri sayəsində respublika "Neft Akademiyası"  adlandırılırdı. Bitkilərin molekulyar, fiziki-kimyəvi biologiyası sahəsində alimlərimizin işləri dünya şöhrəti qazandı. Humanitar sahədə qədim yunan, Roma, yəhudi, ərəb, fars və türk ədəbi qaynaqlarının çoxillik tədqiqi, arxeoloji qazıntılar  nəticəsində müasir Azərbaycan ərazisində yerləşmiş dövlətlərin və qonşu ölkələrin qədim və zəngin tarixlərini, azər-baycanlıların etnogenezini təsvir edən çox-cildli monoqrafiyalar yazıldı.

Elmin bütün sahələrində Azərbaycan alimlərinin nailiyyətləri dünya şöhrəti qazandı. Bu, funksional təhlil, elastiklik nəzəriyyəsi, laylı kristallar və yarımkeçirici dəyişdiricilər fizikası, molekulyar spektroskopiya və nüvə fizikası sahəsində araşdırmalar, kimyaçıların resirkulyar proseslər və neft kimyası nəzəriyyəsi, kimyəvi texnologiya və katalizin nəzəri problemlərinə dair fundamental tədqiqatları idi. Geoloq və geofiziklərimiz  neft və qazın genezisi, palçıq vulkanizminin geokimyası və geologiyası, geotektonika, fiziki-kimyəvi və molekulyar biologiyanın fundamental problemləri,  fotosintez və genom problemləri sahəsində Azərbaycan elminin qabaqcıl mövqelərini müəyyənləşdirdilər. Genetiklər seleksiya yolu ilə kənd təsərrüfatında uğurla tətbiq olunan sortlar yetişdirdilər. Akademiyada bütün dünyada tanınmış alimlər işləmiş və işləyirlər.

Bütün bu elmi sərvətə baxmayaraq, Azərbaycan alimləri mühüm elmi tədqiqatların müstəqil  aparılması  imkanlarını məhdudlaşdıran səbəblərdən birini, vacib aparat və cihazların olmamasını xüsusi  vurğulayırlar.  Alimlərimizin yeni aparatlarla tanışlığı xarici həmkarları vasitəsilə gerçəkləşir: AMEA hazırda çoxsaylı beynəlxalq elmi layihələr həyata keçirir. Ümid etmək istərdik ki, hökumətin ən vacib vəzifələrindən biri elmi  tələb olunan səviyyədə maliyyələşdirmək olacaq. Axı elm və təhsil insan həyatının və istənilən ölkənin sabit inkişafının əsas sistemyaradan amilləridir.


MƏSLƏHƏT GÖR:

426