15 Mart 2025

Şənbə, 00:41

RAKETİ KİM İDARƏ EDİRMİŞ?

Rusiya ilə Gürcüstan arasındakı "raket qalmaqalı" yeni gərginlik mənbəyinə çevrildi

Müəllif:

15.08.2007

Avqustun 6-da Gürcüstan rəhbərliyi ölkənin hava sərhədinin Rusiya tərəfindən Su-24 qırıcı təyyarələri tərəfindən pozulması haqda məlumat yayıb. Açıqlamaya görə, həmin təyyarələr gürcü-abxaz münaqişəsi zonasındakı Sitelubani gürcü kəndinin ətrafında iki raket atıb. Bu cür hallarda tələb olunduğu kimi, gürcü tərəfi sübutlarını da təqdim edib - vətəndaş aviasiyasının və Müdafiə Nazirliyinin radarlarının məlumatları, hava sərhədinin pozulmasına dair gürcü və rus dispetçerlərinin audioyazısı, raketlərin qalıqlarının ekspertizası və s. Hərbçilərin verdiyi məlumata görə, söhbət Rusiya istehsalı olan "Raduqa-KN-58" idarəolunan raketlərindən gedir (xoşbəxtlikdən, bu raketlər partlamayıb). 

Baş vermiş insidentə prezident Mixail Saakaşvili də operativ reaksiya verib. Hadisə yerinə diplomatik korpusla birlikdə təşrif buyuran dövlət başçısının bəyanatı olduqca sərt olub: "Bu insidentin yalnız bir məqsədi var: Gürcüstandakı sakitliyi daxildən partlatmaq, cəmiyyətdə panika, parçalanma yaratmaq, ölkəmizin siyasi kursunun dəyişməsinə nail olmaq. Lakin biz bu insidentə birlik və təmkinlə cavab verəcəyik ki, kimdəsə bu cür aktların Gürcüstanı qorxudacağına dair illüziya yaranmasın" - deyə M.Saakaşvili vurğulayıb.

Gürcüstan rəhbərliyi dünya birliyini, o cümlədən Birləşmiş Millətlər Təşklatının Təhlükəsizlik Şurasını  vəziyyəti araşdırmağa çağırıb. İnsidentdən dərhal sonra bir sıra ölkələr, o cümlədən Latviya, Litva, Estoniya və İsveç, rəsmi Tbilisinin insidentin araşdırılması üçün yaradılmasını xahiş etdiyi beynəlxalq ekspert qrupunda iştiraka hazır olduğunu bəyan ediblər. Gürcüstana  açıq şəkildə dəstək verənlər sırasında ABŞ və Avropa İttifaqı da oldu.

Öz növbəsində, rusiyalı hərbçilər  Gürcüstan tərəfinin səsləndirdiyi ittihamları dərhal rədd edərək, insidentin əvvəlcədən hazırlanmış təxribat olduğunu bildiriblər. Rusiya Baş Qərargahının rəhbəri Yuri Baluyevski bəyan edib: "Bu, Gürcüstanın Qarışıq Nəzarət Komissiyasının iclasını keçirməzdən əvvəl rusiyalı sülhməramlılar və ümumilikdə Rusiyaya qarşı yönəlmiş təxribatdır". 

Rusiya Hərbi Hava Qüvvələri Baş Qərargahının rəisi İqor Xvorov isə bəyan edib ki, rəsmi Tbilisinin Rusiyanın ünvanına səsləndirdiyi ittihamlar "siyasi uydurma"dır: "Rusiya təyyarələrinin Gürcüstan üzərindən uçması faktı olmayıb və ola da bilməz". Rusiyalı hərbçilər insidentin Gürcüstanın özü tərəfindən təşkil olunması barədə bəyanatları fonunla arqumentləşdirirlər ki, gürcülər beynəlxalq ekspertizanın rəyini gözləmədən, raketləri tələm-tələsik zərərsizləşdiriblər. 

Beləliklə, Gürcüstan-Rusiya mü-nasibətlərində yenidən çox gərgin bir vəziyyət yaranıb. Və hər iki tərəf, baş verənləri təxribat kimi qələmə verir. 

Hələliksə yalnız bir məsələ aydındır: Gürcüstana düşən raketlər idarəedilən olub. Amma kim tərəfindən? Bax, bu suala cavab tapmaq asan olmayacaq.

 


MƏSLƏHƏT GÖR:

460