
SOÇİ NÜMUNƏSİ
Rusiya şəhərinin qələbəsi göstərir ki, Bakının da “Olimpiada-2016” uğrunda mübarizədə şansları pis deyil
Müəllif: Teymur TUŞİYEV Bakı
"Pis nümunə sirayətedicidir". Rusiyanın Soçi şəhərinin 2014-cü ilin Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanmasından sonra, hamının eşitdiyi bu məsəl artıq tamamilə başqa məna kəsb etməyə başlayıb. İlk növbədə, əlbəttə ki, söhbət Bakının 2016-cı ilin Yay Olimpiya Oyunlarına iddiasından gedir. Soçinin qələbəsi bir çox ekspertlər üçün gözlənilməz oldu, çünki proqnozlara və statistik göstəricilərə görə Avstriyanın Zalsburq şəhərlərindən geri qalırdı.
İnamlı qələbə
Hələlik bir qədər "Olimpiada-2014"-ün paytaxtının seçkiləri haqda danışaq. Səsvermə qaydası çox sadə idi: birinci mərhələdə Beynəlxalq Olimpiya Komitəsinin 97 üzvü 3 namizəddən birini seçməli idi. Qeyd edək ki, BOK prezidenti Jak Roqqe səsvermə hüququna malik olsa da, ənənəyə uyğun olaraq, bundan imtina etdi. Belə ki, yalnız ikinci dövrədə səslər bərabər olacağı halda, Roqqenin səsi həlledici ola bilərdi. Bundan başqa, əvvəlcədən bəyan edilmişdi ki, səsvermədə Rusiya, Koreya, Avstriya və Almaniyanın, həmçinin Qvatemalaya gəlməmiş bir sıra digər ölkələrin nümayəndə heyətləri iştirak etməyəcəklər. İlk turda qələbə qazanmaq üçün namizəd-şəhərlər minimum 49 səs qazanmalı idi.
Əks təqdirdə (sonda elə belə də oldu), ən az səs yığmış şəhər mübarizədən kənarlaşmalıdır. İkinci tur elan olunur və burada artıq çoxluq qazanmış şəhər olimpiadanın paytaxtı elan olunur. Özü də seçki marafonundan kənarda qalmış ölkənin nümayəndələri də səsverməyə buraxılırlar.
Səsvermədən əvvəl 3 şəhər-namizəd nömrələndi - Pxençxan 4, Zalsburq 3, Soçi isə 5 rəqəmini aldı. İlk baxışdan, cəmi 3 ölkənin qatıldığı marafonda 3, 4 və 5 rəqəmləri bir qədər qeyri-adi səslənir. Amma unutmayın ki, ilkin olaraq 2014-cü ilin Olimpiya Oyunları uğrunda mübarizəyə 7 şəhər qatılmışdı. Əvvəlcə bu mübarizədə Qazaxıstanın Almatı, Gürcüstanın Borjomi, Bolqarıstanın Sofiya və İspaniyanın Xaka şəhərləri də var idi. Amma 2006-cı il iyunun 22-də BOK-un İcraiyyə Komitəsi finişə yalnız Soçi, Pxençxan və Zalsburqu buraxdı.
Beləliklə, səsvermənin ilk turunun nəticələrinə görə, Zalsburq cəmi 27 səs alaraq, mübarizədən kənarda qaldı. Koreyanın Pxençxan şəhəri isə 36 səslə birinci yeri tutdu. Soçi Koreya namizədindən 2 səs az qazandı.
Amma ikinci turda Rusiya şəhəri Pxençxandan 4 səs çox toplayaraq 51:47 "hesabı" ilə qalib gəldi və 2014-cü ilin Qış Olimpiya Oyunlarının paytaxtı elan edildi.
Qeyd edək ki, rusların bu qələbəsində Qvatemalada inamlı çıxışı ilə diqqəti cəlb edən prezident Vladimir Putin müstəsna rol oynadı.
Soçinin qələbəsi həm də ona görə diqqətəlayiqdir ki, bu şəhər hələ bir dənə də olsun hazır olimpiya obyektinə sahib deyil. Halbuki Avstriya Zalsburqu öz təqdimat mərasimində Avropanın mərkəzində yerləşməsi, təhlükəsizlik qaydaları və demək olar ki, tam hazır vəziyyətdə olan olimpiya obyektləri ilə qürurlanırdı.
Koreyalılara gəlincə, xatırladaq ki, bu ölkə artıq ardıcıl olaraq ikinci dəfədir Qış Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda yarışın finalında uduzur. Bundan əvvəl koreyalılar "Olimpiada-2010" uğrunda rəqabətdə Kanadanın Vankuver şəhərinə məğlub olmuşdular. Ona görə də koreyalılar növbəti məğlubiyyətlərini göz yaşları içində qarşıladılar. Yerli qubernator isə etiraf etdi ki, o, Pxençxanın 2010-cu ilin oyunlarını Vankuverə uduzduğu gün də bu cür ağlamışdı.
Amma bütün bunlar kömək etmədi və Soçi daha üstün oldu.
Rusiya şəhəri öz çatışmazlıqlarını gizlətmirdi və bunu əksinə, üstünlük kimi qələmə verirdi. Əsas arqumentlərdən biri isə o idi ki, Soçidə inşa ediləcək yeni olimpiya obyektləri dünyada ən qabaqcıl texnologiyalar əsasında hazırlanacaq.
Ümid etmək olar
Bu baxımdan, Bakının Soçi ilə oxşar cəhətləri çoxdur. Bakı inkişaf edən və iqtisadi artım tempinə görə MDB-də öndə gedən ölkədir. Bakıda da Olimpiya Oyunları miqyasında yarış qəbul etmək üçün tələb olunan idman obyektləri çox azdır. Amma onlardan bəziləri buna qadirdir. Məsələn, götürək elə Heydər Əliyev adına İdman-Konsert Kompleksini. Bu il bu kompleksdə artıq bədii gimnastika üzrə Avropa Çempionatı keçirilib, payızda isə güləş üzrə lisenziyalı Dünya çempionatı keçiriləcək.
Bundan əlavə, bu yaxınlarda məlum olub ki, paytaxtın rayonlarının birində 70 min tamaşaçı tutumu olan futbol stadionunun tikintisi planlaşdırılır. Bu stadion isə ölkənin yalnız bir nömrəli futbol arenası deyil, həm də 2016-cı ilin Olimpiya Oyunlarının əsas stadionu ola bilər.
Amma ən əsası odur ki, bizim paytaxtın 2016-cı ilin Olimpiya Oyunlarına iddiası çox vacib olan hökumət təminatına malikdir. Bu isə elə də balaca məsələ deyil və bəzən hətta həlledici amilə çevrilir (Soçi ilə bağlı olduğu kimi).
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin fikrincə, Soçinin uğur qazanmasında sifariş komitəsinin fəallığı və təşkil olunmuş PR-kampaniya əsas rol oynayıb. "Bəli, Koreyada hazır olimpiya obyektləri var, amma Soçinin sifariş komitəsinin aktivliyi və inadkarlığı, üstəlik, prezidentin də dəstəyi Rusiya şəhərinin şanslarını artırdı. Düzünü desəm, şəxsən mən Soçinin qələbə qazanacağını düşünürdüm. Məncə, biz rusiyalıların 2014-cı ilin Olimpiya Oyunlarına ev sahibliyi etmək istiqamətindəki təcrübəsindən istifadə edə bilərik, çünki bizim aramızda oxşarlıqlar çoxdur. Soçinin təcrübəsi göstərdi ki, əksər beynəlxalq ekspertlərin bədbin proqnozlarına rəğmən, bizim qələbə üçün kifayət qədər şansımız var. Ona görə də bu məsələyə tam ciddi yanaşılmalıdır, sifariş kampaniyasını peşəkarlıqla hazırlamaq və qələbə üçün bütün səyləri göstərmək lazımdır. Əminəm ki, bütün bunlara əməl olunsa və üstəlik, dövlət rəhbərliyinin idmana göstərdiyi qayğını da nəzərə alsaq, Bakının Olimpiya Oyunları uğrunda mübarizədə kifayət qədər şansı var", - deyə Ç.Hüseynzadə vurğulayıb.
Sonda onu da qeyd edək ki, 2016-cı ilin Yay Olimpiya Oyunlarının paytaxtının adı 2009-cu ilin sonundan gec olmayaraq, BOK-un 121-ci sessiyasında açıqlanacaq.
Bu isə o deməkdir ki, zaman gözləmir, hərəkət etmək vaxtıdır.
MƏSLƏHƏT GÖR: