14 Mart 2025

Cümə, 11:22

GÜC TOPLAMAQ VAXTI

Dünyaşöhrətli bank Azərbaycanın özəl sektoruna etimad göstərib, böyük məbləğdə kredit ayırdı

Müəllif:

01.08.2007

2007-ci ildə "Kom-mersant"  "Bank Standart"ı Azərbaycanın ən sürətlə böyüyən bankı kimi müəyyənləşdirib. "2006-cı ilin nəticələrinə görə MDB-nin 1000 bankı" renkinqində o, bu göstəriciyə görə 29-cu, ümumi aktivlərinin həcminə görə isə 228-ci yeri tutub. Lap bu yaxınlarda "Bank Standart"  nizamnamə kapitalının 5 dəfə artırıldığını bildirdi. Həm də bunun üçün dünyanın ən iri banklarının birindən - İsveçrənin "Credit Suiss" bankından kredit alınıb.

-Kapitalın bu qədər böyük həcmdə artırılması zərurəti nədən irəli gəlirdi?

-Nizamnamə kapitalı bankların maliyyə gücünün həlledici göstəricilərindən biridir. İstənilən bank, ilk növbədə, kapitalının həcmi, həmçinin potensialı və artım templərinə görə qiymətləndirilir. Bankın real dəyəri barədə təsəvvür məhz bu göstəricilər üzrə yaranır. Son zamanlar "Bank Standart"ın inkişafı kifayət qədər yüksək templərlə gedir. Təkcə son 1,5 ildə aktivlərimiz 5 dəfədən çox artıb. Təbii ki, belə bir dinamik inkişaf nizamnamə kapitalının adekvat artımına gətirməyə bilməzdi. Digər tərəfdən, yaxın gələcəkdə həm bütövlükdə milli iqtisadiyyat, həm də onun maliyyə sektorunun yüksək inkişaf templəri səngiməyə-cək. Bankın bütün bunlardan çıxış edən səhmdarları nizamnamə kapitalını 50 mln manata qədər artıraraq, "Bank Standart"ın lider mövqelərinin gələcəkdə də möhkəmləndirilməsi və onun daha da inkişaf etməsi üçün zəruri ehtiyat yaratmaq qərarına gəldilər. 

-Deməli, indi siz digər özəl  banklardan xeyli "irəlidə" çalışacaqsınız?

-Artıq əldə edilən uğurlarla yanaşı, nizamnamə kapitalının 3 dəfə artırılması, şübhəsiz, bizə yeni böyük üstünlüklər verir. İlk növbədə, bu, keyfiyyətcə yeni səviyyəyə yüksəlmə deməkdir. Böyük nizamnamə kapitalı aktivlərin getdikcə artırılması və onların keyfiyyətinin yaxşılaşdırılması üçün səmərəli təməldir. Bu material çapa gedəndə bankımızın aktivləri, fikrimcə, 0,5 mlrd manatdan çox ($600 mln) olacaq...

-Lakin digər tərəfdən, o da sirr deyil ki, ölkə iqtisadiyyatı bank sektorundan daha sürətlə inkişaf edir?

-Bu, həllini tələb edən kifayət qədər aktual məsələdir. Bazarımızda dövriyyələri və fəaliyyət həcmləri on milyonlarla dollarlıq kredit imkanları olmasını tələb edən şirkətlər fəaliyyət göstərir.

-Bəs onlar hansı banka müraciət etsinlər? 

-Bankımızın kapitallaşmasının artırılmasına bizi həm də bu problemin təhrik etdiyini deyə bilərik. Bu gün nizamnamə kapitalımız təxminən $57 mln təşkil edir və bu, yaxın dövr üçün heç də son hədd deyil. İl ərzində onun artırılması planlaşdırılır. Beləliklə, biz ciddi vəsait cəlb edə və kifayət qədər iri layihələri maliyyələşdirə biləcəyik. 

-Bütün dünyada məşhur maliyyə institutunun ölkəmizin özəl bankına  nizamnamə kapitalını artırmaq üçün ondan pay almadan belə iri məbləğ ayırması  Azərbaycanda ilk belə təcrübədir. Niyə məhz "Bank Standart"? Belə bir etimad nə ilə qazanılıb? 

-Azərbaycanın sabit inkişaf edən siyasi sistemə malik ölkə olduğu göz önündədir. Daha bir aşkar fakt: yüksək makroiqtisadi göstəricilər. Bütün bunlar Azərbaycanı xarici sərmayədarlar üçün çox yüksək dərəcədə cazibədar bir ölkəyə çevirir. ÜDM onlarca faiz artıb, əhalinin gəlirləri yüksəlib. Bütün bunlar bizi bank sisteminin kifayət qədər böyük imkanları barədə düşünməyə vadar edir. Razılaşın ki, hələlik buna layiqli qiymət verilmir. Ölkəmizdə bank sisteminin ÜDM-də payı təxminən 25% təşkil etdiyi halda, qonşu ölkələrdə, məsələn, Rusiya və Qazaxıstanda bu göstərici 60%-ə çatır. Düşündürücü faktdır. Azərbaycan iqtisadiyyatının özəl sektoru da xarici sərmayədarlarda böyük maraq doğurur. Biz bankımızın artım üçün böyük imkanlara malik olduğunu başa düşür və bu səbəbdən də səhmlərimizin satışa çıxarılmasını məqsədəuyğun saymırıq. Bunu etmək hələ tezdir, çünki bankın potensial qiyməti bu gün bizə təklif oluna biləndən qat-qat yüksəkdir, yəni səhmdarlar hələlik arzu etdikləri qiyməti ala bilməyəcəklər. Beləliklə, nizamnamə kapitalının məhz qlobal beynəlxalq qurumdan borc alınması vasitəsilə artırılması barədə tamamilə düzgün qərar qəbul edildi.  Strateji tərəfdaş qismində trilyon dollardan artıq vəsaiti idarə edən "Credit Suisse" bankının - dünyanın ən iri banklarından birinin cəlb edilməsi isə, şübhəsiz, bizim ciddi uğurumuzdur. Bu sövdə çox mürəkkəb olduğundan, onu yarım il ərzində hazırlamışıq, sonra isə "Credit Suisse" mütəxəssisləri tərəfində yoxlamadan keçirilib. 

-Onları cəlb edən nə oldu? 

-Birincisi, səhmdarımızın - "AB Standart holdinq"in güclü mövqeləri. Bundan başqa, bank yaxşı templə inkişaf edərək, bazarda Azərbaycan Beynəlxalq Bankından sonra inamla ikinci yeri tutur. Bankın gəlirliliyinin və səmərəliliyinin artması da göz qabağındadır. Nəhayət, fikrimcə, onlar üçün də Azərbaycan bazarına ölkənin aparıcı kommersiya bankı vasitəsilə daxil olmaq maraqlı idi.

-Nizamnamə kapitalının artırılması banka daha uzun müddətə və daha əlverişli şərtlərlə maliyyə ehtiyatları cəlb etmək üçün beynəlxalq bazarlara birbaşa çıxış imkanı yaradacaq. Bu, bankın müştərilərinə nə verir?

-Universal bank olmaqla, biz korporativ müştərilərlə fəal işləyirik, eyni zamanda pərakəndə biznesdə də güclü mövqelərimiz var. Şübhəsiz, korporativ müştərilər üçün məhsulların yeni növlərini təklif edəcəyik. Özəl sektora, korporativ biznesə daha aşağı dərəcələrlə və daha uzun müddətə kreditləşdirmə təklif edə bilərik, həm də bu zaman bankın biznes-planında nəzərdə tutulan gəlir payını da itirmirik. Fiziki şəxslər üçün ən zəruri olanı ipoteka kreditləşdirməsidir. Biz ucuz və uzunmüddətli ehtiyatlarsız mümkünsüz olan öz ipoteka kreditləşdirməsi proqramımızı genişləndirəcəyik. Aydındır ki, belə ehtiyatlara beynəlxalq banklar malikdir. Sualınıza cavabı yekunlaşdıraraq demək olar ki, müştəri bankın ona münasibətdə daha sərfəli və mütəhərrik siyasətini qazanır.

-Bu gün "Bank Standart"ın xidmətləri həm özəl sektorda, həm də əhali arasında çox dəbdədir. Yeni bank məhsullarının tətbiqinə dair hansı planlarınız var?

-Fiziki şəxslər üçün yeni genişləndirilmiş və təkmilləşdirilmiş ipoteka proqramı hazırlayırıq. Yeni plastik məhsullar da hazırlanır - yaxın vaxtlarda plastik biznesə üstünlük verəcəyik.  Hesab edirik ki, bazarda fiziki şəxslərin kredit kartları vasitəsilə maliyyələşdirmənin böyük imkanları var. Planlarımızda əhalinin bankın xidmətlərindən istifadəsini genişləndirmək üçün filial bazasının əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulub. 

Korporativ müştərilərlə işdə əsas diqqət beynəlxalq qiymətli kağızlar bazarına yönəldiləcək. Bu sahədə boşluq var: Azərbaycanda, demək olar ki, heç bir bank bu məsələ ilə ciddi məşğul olmur. Fikrimizcə, bu, qiymətli kağızların - borc və pay kağızlarının buraxılması vasitəsilə  maliyyələşdirmə sahəsində, həmçinin qovuşma və tərkibə daxiletmə sövdələşmələri üzrə məsləhətlər şəklində olacaq. Hazırda Azərbaycanda belə bir praktika da yoxdur. 

Əlbəttə ki, biz ticarət maliyyələşdirməsi, həmçinin valyuta əməliyyatları ilə bağlı qiymətyaratma üzrə digər imkanlar da əldə edəcəyik. 

-MDB ölkələrinin bu yaxınlarda keçirilən İstiqraz Konqresində Azərbaycanın özəl banklarından biri qiymətli kağızların xarici bazara ilk çıxışını həyata keçirdi. Bu sahədə də birinci olmağınıza nə mane oldu?

-Bu sahədə "Muğanbank"a uğurlar arzulayırıq. Bunun bizim üçün qiymətyaranma baxımından sərfəli olmadığı qənaətinə gəldik. Bahadır. Vəsaitlərin cəlbi və qaldırılmasına dair ciddi proqram hazırlayırıq və orada qiymət tamam başqa olacaq.

Avrobondlara gəldikdə, bu bazara Azərbaycan Beynəlxalq Bankının, yaxud dövlətin çıxmasını gözləyirik ki, durumu dəyərləndirə və öz qiymətyaratmamızı müəyyənləşdirə bilək. Başqa sözlə, elə bir etalon buraxmaq lazımdır ki, ondan sonra biz öz qiymətli kağızlarımızı təklif edə bilək. Əminəm ki, bankımıza münasibətdə $150 mln barədə danışmaq realdır. Bu, qüvvəmiz daxilində olan və müştərilərimiz arasında kifayət qədər tez yerləşdirə biləcəyimiz məbləğdir.

- Bu, gələn ilin planlarına aiddir? 

- Bəli, 2008-ci ilin mart-aprel aylarına. İndi "Moody's" Agentliyindən beynəlxalq reytinq alınması prosesi başa çatmaq üzrədir və ümid edirik ki, o, sərmayədarlar üçün cəlbedici olacaq. Reytinq alan kimi, avrobondlar üzrə planlarımızın real şəkildə gerçəkləşdirilməsinə başlayacağıq. Hər şeyin öz vaxtı var.


MƏSLƏHƏT GÖR:

434