14 Mart 2025

Cümə, 22:35

PAKİSTAN: MÖHKƏMLİK İMTAHANI

İslamçılar nüvə dövlətinin hakimiyyət institutlarına hücuma keçiblər

Müəllif:

01.08.2007

Pakistanda partlayış və terror aktları haqda məlumatların intensivliyi artmaqdadır. İyulun 17-də siyasi müxalifətin İslamabadda keçirdiyi nümayiş zamanı törədilən partlayış nəticəsində 12 nəfər həlak olub, 40-ı yaralanıb. Daxili işlər naziri Aftaba Xan Şerpaonun sözlərinə görə,  nümayişdə bu ilin martında prezidentin sərəncamı ilə vəzifəsindən azad edilmiş sabiq baş hakim İftixar Çoudri çıxış etməliydi. Çox güman ki, terrorçu-kamikadzenin əsas hədəfi də elə Çoudri olmalı idi. Amma keçmiş baş hakimə heç bir zərər dəyməyib.

Bundan bir neçə saat əvvəl isə Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan rayonundakı keçid məntəqəsində partlayış baş verib. Nəticədə, 3 əsgər və bir nəfər dinc sakin həlak olub.

Bundan sonra Dera İsmaio Xan şəhərindəki polis məntəqələrindən birinin partladılması 11 nəfərin həyatına son qoyub, daha 30 nəfər yaralanıb. Polisin məlumatına görə, bu partlayışı terrorçu-kamikadze törədib. 

Elə həmin gün Pakistan-Əfqanıstan sərhədi yaxınlığında bir qrup hərbçiyə silahlı basqın olub. Nəticədə 14 nəfər, o cümlədən 11 hərbçi həlak olub. 

Bir qədər də əvvəl isə Pakistanın qonşu rayonlarının birində terrorçu-kamikadze minalanmış avtomobili hərbi kolona çırpıb. Nəticədə, 24 nəfər ölüb, onlarca insan yaralanıb. Qeyd edək ki, bu insident də Pakistan-Əfqanıstan sərhədi yaxınlığında baş verib.

Müşahidəçilərin rəyi eynidir: çox güman ki, islamçılar İslamabadda "Qırmızı məscid"dəki (Las-Məscid) qiyamın yatırılmasına cavab olaraq, partizan müharibəsinə başlayıblar.

"Qırmızı məscid"  hələ hərbçilərlə tələbələr arasında 16 nəfərin ölümü və 150-nin yaralanması ilə nəticələnmiş ilk toqquşmadan əvvəl də qəzet səhifələrini "bəzəyirdi". O zaman yüzlərlə dindar polislərin nəzarət-keçid məntəqəsinə basqın etmiş, Ətraf Mühitin Mühafizəsi Nazirliyinə hücum etmiş, sonra isə onlarca qadın və uşağı girov götürərək, məsciddə "səngər" qurmuşdular.

"Qırmızı məscid" və onun nəzdindəki mədrəsə çoxdan talibançı ideyalarla silahlanmış tələbələrin istehkamı kimi tanınırdı. Amma sonradan vəziyyət daha da qəlizləşdi: tələbələrin dini lideri Əbdül Rəşid Qazi öz tərəfdarlarından, o cümlədən qadınlardan ibarət silahlı dəstələr yaratmağa başladı və tezliklə onun nəzarəti altında 6 mindən artıq silahlı şəxs toplaşdı. Əvvəllər dəstədəki qadınlar fahişələri oğurlayır, onlarla İslam mənəviyyatı haqda söhbətlər edib azadlığa buraxırdılar. Bundan başqa, qadınlar  audio və video kasset satışı ilə məşğul olan mağazaları da alt-üst edirdilər. 

Bir müddət sonra həmin qadınlar İslamabaddakı masaj salonundan 9 qadını oğurlayaraq, onları fahişəxana saxlamaqda ittiham etdilər. Bir neçə saatdan sonra oğurlanmış qadınlar (onların arasında 3 çinli qadın da var idi) azadlığa buraxıldı. "The Washington Times"ın yazdığına görə, bu ilin yanvarından etibarən, dindar qadınlar masajist qızların oğurlanması, uşaq kitabxanasının bağlanması və hətta polislərin oğurlanması kimi "əməliyyatlar" keçirirdilər. Özü də Qazi açıq şəkildə hakimiyyətə xəbərdarlıq edirdi: əgər iqtidar onların fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərsə, onun tərəfdarları olan kamikadze-qadınlar terror aktları törətməyə hazırdırlar. "Bu "kamikadze"ləri Pərviz Müşərrəflə Corc Buş yaradıblar. Mən demək istəyirəm ki, onları nə qədər çox sıxsalar, onların sayı bir o qədər çox olacaq", - deyə 50 yaşlı Qazi vurğulayırdı. 

Amma Qazinin tərəfdarları İslamabadın mərkəzində polislə toqquşmalar törətdikdən və sonra məsciddə möhkəmləndikdən sonra, hakimiyyətin başqa çıxış yolu qalmadı. Məscidin yerləşdiyi əraziyə ağır pulemyotlu 12 ədəd zirehli maşın gətirildi, gecə isə məscidin işığı kəsildi. Onun ətrafında komendant saatı elan edildi və dəqiqləşməmiş məlumata görə, polis tərəfindən bir nəfər öldürüldü. Nəhayət, hakimiyyət məsciddə sığınacaq tapmış tələbə oğlan və qızlara müraciət edərək, onları qan tökməməyə və dağılışmağa çağırdı. Bəziləri bu çağırışlara əməl etdi. Məsciddən çıxan qız tələbələr valideynlərinə təhvil verildi, oğlanların isə cinayət törədib-törətmədiyi araşdırılmağa başladı. Bundan sonra məscidin imamı Əbdül Əziz də qaçmağa cəhd göstərdi. Lakin qadın paltarı geyinərək qaçmağa çalışan imam həbs olundu. Bir daha sübut olundu ki, öz tərəfdarlarını qeyd-şərtsiz ölümə göndərənlərin heç də hamısı  ideya uğrunda ölümə hazır olmur.

Bütün bunlardan sonra hakimiyyət Lal-Məscidə hücum etmək qərarına gəldi. "Sakitlik" kod    adlı əməliyyat iyulun 10-da səhər tezdən başladı. Həmin vaxt məsciddə yüzlərlə tələbə və islamçı silahlılar var idi. Hücumun ilk dəqiqələrindəcə xüsusi təyinatlı qüvvələr silahlıların əsas istehkamı hesab olunan birinci mərtəbəni ələ keçirə bildilər.

Sonradan məlum olduğu kimi, hərbçilərə hücum əmri danışıqların nəticəsiz qalmasından sonra verilib. Özü də danışıqlar üçün məscidə göndərilmiş nümayəndə heyətinə Pakistanda tanınmış siyasətçilərin daxil edilməsi də nəticə verməyib. Nümayəndə heyətinin və hakim Müsəlman Liqası Partiyasının rəhbəri, keçmiş baş nazir Çaudxri Şudcat Hüseynin sözlərinə görə, uzunsürən gözləntidən sonra o, Qazi ilə əlaqə qurmağa nail olubmuş. Lakin Qazi hakimiyyətin şərtlərini yerinə yetirib məscidi boşaltmağa və təslim olmağa razılıq verməyib.

Ş.Hüseynin mətbuata verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri Qazidən məsciddəki qadın və uşaqların sərbəst buraxılmasını tələb ediblər. Bundan başqa, onlar tibbi yardıma ehtiyacı olan yaralıları məsciddən çıxarmaq istəyirlərmiş. 

Amma bütün bunlara cavabında Qazi bəyan edib ki, onlar ölümə hazırdırlar və bu ölümün ölkədə islam inqilabına təkan verəcəyinə əmindirlər.  "Biz bütün variantlara əl atdıq. Və sonradan baş verən hadisələr məni çox kədərləndirdi. Biz bu danışıqlara qadınları və uşaqları xilas etmək naminə getmişdik", - deyə Hüseyn qeyd edib. 

Sonradan məlum olub ki, məsciddə yüzlərlə qadın və uşaq girov saxlanılırmış. Sən demə, "din uğrunda savaşanlar" qadın və uşaqlardan canlı "qalxan" kimi istifadə edirlərmiş.

Əslində, hərbi qarşıdurmanın nəticəsi əvvəldən şübhə doğurmurdu. Məscidə hücum zamanı 100-dən artıq insan, o cümlədən Abdul Rəşid Qazi və onun anası da həlak oldu. 

Bundan dərhal sonra artıq hamıya aydın oldu ki, tezliklə prezident Pərviz Müşərrəf bütün ölkəboyu islamçıların aktivləşməsilə üz-üzə qalacaq.

Üstəlik, "Əl-Qaidə" təşkilatının ikinci şəxsi sayılan Ayman əz-Zəvahiri İnternet vasitəsilə Pakistan rəhbərliyinə açıq ultimatum verdi. Zəvahiri bu ölkənin vətəndaşlarını "Qırmızı məscid"ə hücuma görə Pakistan ordusundan qisas almaq üçün birləşməyə və cihad elan etməyə çağırdı. "Pakistan müsəlmanları, sizin xilasınız yalnız cihad yolu ilə mümkündür. Nə saxtalaşdırılmış seçkilər, nə də siyasətçilər sizi xilas etməyəcəklər. Alver, yaltaqlıq və cinayətkarlarla danışıqlar da xilas yolu deyil. Müşərrəf və onun ov itləri ABŞ və İsrailin istəyinə uyğun olaraq, sizin şərəf və ləyaqətinizi ayaqlar altına atıblar", - deyə Ayman əz-Zəvahiri müraciətində bəyan edib.

Zəvahiri məscidə hücum zamanı Abdulla Rəşid Qazinin öldürülməsini "çirkin və alcaq bir cinayət" adlandırıb və onun Müşərrəfin göstərişilə həyata keçirildiyini iddia edib. O, bəyan edib ki, bu cinayət "yalnız qanla yuyula bilər". 

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Zəvahirinin müsəlman ölkələrin əhalisini "satqın hakimiyyət"ə qarşı cihada çağırışı da geniş müzakirə obyektinə çevrilmişdi. Belə nəticəyə gəlmək olar ki, bu müsəlman ölkələrindəki radikal islamçılar özlərinin əsas məqsədinin həyata keçirilməsinə - hakim institutlara hücumlara başlayıblar. Qərb ölkələrindəki terror aktları isə adi "piar" üçün lazım imiş.

Müşahidəçilər bu fikirdədirlər ki, "Qırmızı məscid" ətrafında baş verənlər Pakistan iqtidarının radikalların nəzarətində olan mədrəsələrin fəaliyyətinə son qoymaq qətiyyətində olduğunu sübut etdi. Artıq bu mədrəsələrə əcnəbi tələbələrin qəbulu da qadağan edilib.

Baş verən hadisələrin fonunda Pakistanın sabiq baş naziri, Pərviz Müşərrəfə müxalifətdə olan və hazırda Londonda yaşayan Benazir Bhutto maraqlı bir bəyanatla çıxış edib. Tezliklə vətənə dönəcəyinə söz verən Bhutto artıq növbəti seçkilərə qatılaraq böyük siyasətə qayıtmaq niyyətində olduğunu vur-ğulayıb. Bhuttonun sözlərinə görə, onun seçkiqabağı proqramının əsas müddəalarından biri gənclərin ekstremistlərin təsirindən müdafiəsilə bağlı olacaq. Bu isə o deməkdir ki, artıq bir çox pakistanlı ekstremistlərə qarşı ən sərt tədbirləri dəstəkləməyə hazırdır.


MƏSLƏHƏT GÖR:

398