
AZƏRBAYCANA İTHAF EDİLMİŞ QƏLƏBƏ
Bakıda keçirilmiş Avropa Çempionatında Azərbaycanlı nazəninlər ölkənin bədii gimnastika tarixində yeni səhifə açdılar
Müəllif: Teymur TUŞİYEV Bakı
Azərbaycanda bədii gimnastikanın şanlı ənənəsinin olmadığını söyləyənlər yanılırlar. Bu fikirlərin əksinə olaraq, tam inamla söyləmək mümkündür ki, bundan sonra Azərbaycanda bədii gimnastika sahəsində nəinki yaxşı ənənə, hətta yüksək nailiyyətlər də var. Son Avropa çempionatında komanda hesabında qazanılan bürünc medalı və Aliyə Qarayevanın qazandığı qızıl medalı məhz belə ifadə etmək olar.
Təbii ki, Rusiya məktəbinin bu idman növündə hökmranlığını qeyd etməmək olmaz. Gimnastlarımızın bu uğura özlərinə doğma olan Bakının Heydər Əliyev adına İdman-Konsert Kompleksində imza atmaları isə rəmzi məna daşıyır.
Qitə birinciliyində Azərbaycan gimnastlarının sensasiyaya imza ataraq Belarusu geridə qoyması, komanda hesabında bürünc medal qazanması çoxlarında belə fikir yaratmışdı ki, onlar artıq maksimum nailiyyət əldə ediblər və Ukrayna və Rusiya gimnastlarını üstələmək hazırkı mərhələdə əlçatmazdır. Lakin Avropa çempionatının fərdi çıxışları zamanı məlum oldu ki, mümkün olmayan heç nə yoxdur. Onu da qeyd edək ki, komanda yarışında gimnastlarımız dərhal ilk mükafatçılar sırasına iddia etdiklərini ortaya qoydular və bu yolda onların əsas rəqibi Belarus idmançıları hesab olunurdu.
Amma qızlarımız həyəcanın öhdəsindən gəlsəydilər, hətta daha böyük uğura ümid etmək olardı.
Ciddi nəticə
Nəticələrə gəlincə, iplə hərəkətdən sonra komandamız belaruslu həmkarlarını, təxminən, bir xal qabaqlayaraq, üçüncü yeri tutublar (33,575-32,700). Bu yarış növündə 33,950 xal toplayan Ukrayna da əlçatmaz deyildi. Lakin qurşaq və toppuzla çıxışda azərbaycanlı gimnastların nəticəsi bir qədər zəif oldu (qurşaqla 32,725, toppuzla isə 32,625 bal). Belarus isə bu yarış növündə müvafiq olaraq 33,550 və 32,750 bal toplayaraq üçüncülüyü əldə etdi. Lentlə hərəkət həlledici olub və bu yarışda qızlarımız gözəl nəticəyə imza ataraq, 34,500 bal toplaya biliblər. Belaruslar bu elementdə daha zəif olublar (32,700) və onların sıralarında Svetlana Rudalovanın xüsusilə fərqləndiyini söyləmək olar. Beləliklə, azərbaycanlı gimnastlar ümumilikdə 133,425 xal toplamaqla bürünc uğrunda yarışda Belarusu (131,700) qabaqlayıblar. Gözlənildiyi kimi, Qitə birinciliyinin qızıl medalı 142,450 bal toplamış Rusiya-ya, "gümüş" isə ukraynalılara (137,925) qismət oldu.
Çempionatın son günündə gənc qruplar medallar uğrunda mübarizə aparıb. Komandamızın dördüncülüyü qazanmasını uğur saymaq olar. Belə ki, ötənilki Avropa birinciliyində onlar 12-ci yerlə kifayətlənmişdilər. Qeyd edək ki, gənclərimiz final mərhələsinə səkkizinci yeri tutmaqla gəlmişdilər (finala cəmi səkkiz komanda qatılır). Lakin Qitə birinciliyində onlar kifayət qədər uğurlu nəticəyə imza ataraq 24,500 bal toplayıb və dördüncü olublar. Bürüncü qazanmaq üçün idmançılarımıza cəmi 0,475 xal çatmayıb. Bu uğura isə belaruslar imza atıblar.
Çempionatın sensasiyası
Bundan sonra təəccübləndirmək növbəsi Aliyə Qarayevaya çatıb. İplə hərəkətdə 18,150 bal toplayan gimnastımız karyerasında və Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə Avropa çempionu adını qazanmaqla Qitə birinciliyinin sensasiyasına imza atıb.
Qeyd edək ki, o, final mərhələsinə dördüncü yeri tutaraq qatılıb. Yarışda onun ən yaxın izləyicisi olan rusiyalı Vera Sessina işinin öhdəsindən o qədər də uğurla gələ bilməyərək 18,050 bal qazanıb ki, bu da yalnız gümüş medal üçün kifayət edib.
İlk üçlüyü 17,750 xal toplayan Olqa Kapranova qapayıb.
Yeri gəlmişkən, bu növ üzrə finalda daha bir azərbaycanlı gimnast, Anna Qurbanova da çıxış edib və yeddinciliklə kifayətlənməli olub (16,550).
"Mən özümü necə xoşbəxt saydığımı sözlə ifadə edə bilmirəm. Açığı, hələ də Avropa çempionu olduğumu tam anlamıram. Düşünürəm ki, tezliklə bunu dərk edə bilməyəcəm", - deyə Aliyə Qarayeva "R+"a bildirib. - "Yarışın ilk günündə son dərəcə həyəcan keçirirdim və bu səbəbdən çıxış etmək çətin idi. İkinci gün isə özümü inamlı hiss edirdim və ola bilsin ki, məhz bu mənə qızıl medal qazanmağa kömək edib. Əlbəttə ki, qələbəmin ilk səbəbi çoxlu və ciddi işləməyimizdir. Amma açığını desəm, mən birinciliyə ümid etmirdim. Gimnastika mənim üçün həyatdır, hər şeydir. Bu qələbəmi ilk növbədə yaxınlarıma, məşqçimə ərməğan edirəm və düşünürəm ki, məhz onun hesabına bu uğur Azərbaycana qismət olub. İnanıram ki, biz Yunanıstanda keçiriləcək lisenziyalı Dünya birinciliyində də belə uğurla çıxış edəcəyik və orada Olimpiadaya qatılmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İstənilən halda, hesab edirəm ki, biz artıq bədii gimnastikanın yuxarı təbəqələrinə çıxmışıq və heç bir halda aşağı düşmək olmaz".
Qeyd edək ki, qurşaqla çıxış zamanı nə Anna Qurbanova, nə də Aliyə Qarayeva finala çıxa biliblər. Onlar müvafiq olaraq 16,600 və 16,125 bal toplayaraq 10 və 12-ci pillələrdə qərarlaşıblar. Qələbəni isə rus Olqa Kapranova əldə edib (18,325). Toppuz və lentlə hərəkətlərə gəlincə, burada Aliyə Qarayeva medal qazanaraq yerli bədii gimnastika həvəskarlarını sevindirə bilərdi. Lakin hər iki növdə onun uğur qazanması üçün lap azacıq xalı çatmayıb və gimnastımız 4-cü pillə ilə kifayətlənməli olub. Qeyd edək ki, toppuzla çıxışda Aliyə finala səkkizinci yerdən çıxsa da, Qitə birinciliyində kifayət qədər "artıraraq" 17,750 xal toplayıb və ukraynalı Anna Bessonovadan cəmi 0,100 bal geri qalıb. Yeri gəlmişkən, rusiyalı gimnastlar Vera Sessina və Olqa Kapranova eyni bal toplasalar da (18,000), əlavə göstəricilərə görə, Sessina birinci olub. Anna Qurbanova da toppuzla yarışda finala 16,750 balla səkkizinci pillədən çıxıb.
Lentlə yarışda isə Aliyə Qarayeva (17,675) rusiyalı həmkarı Vera Sessinaya (17,825) cüzi xal fərqi ilə uduzaraq dördüncü olub. Lentlə çıxışda Dinara Gimatova finala çıxsa da, 16,975 bal qazanan gimnastımız yalnız yeddinci yeri əldə edə bilib. Bu növ üzrə Avropa çempionu adını son anda Alina Kabayevanı əvəzləyən Yevgeniya Kanayeva qazanıb.
Aliyə Qarayevanın Bakıda keçirilən Avropa çempionatındakı çıxışını məşhur mütəxəssis, Rusiya millisinin baş məşqçisi İrina Viner də qiymətləndirib: "Mən Aliyə Qarayevanın ölkəsinə tarixdə ilk Avropa çempionu adını qazandırması ilə fəxr edirəm. Bizim qadın idman növü üzrə çempionatımızda müsəlman ölkəsinin üzərində ulduz və aypara olan bayrağının dalğalanması çox rəmzi təsir bağışlayır".
Kənardan baxış
Azərbaycanın uğuruna əcnəbi gimnastlar da münasibət bildiriblər. Bakıda keçirilən Qitə birinciliyinin ən təcrübəli idmançılarından olan Almudena Sid azərbaycanlı həmkarını təbrik edib. "Mən növbəti dəfə Bakıya gəldiyim üçün çox şadam və bura çox xoşuma gəlir. Bakıya yenə gəlmək istərdim. Eyni zamanda Aliyə Qarayevanı əldə etdiyi uğur münasibətilə təbrik edirəm. O, buna layiq idi", - deyə Sid "R+"a bildirib.
Məşhur ukraynalı gimnast Anna Bessonova da hesab edir ki, Aliyə qazandığı çempion adına layiqdir: "Biz Aliyə ilə birgə yarışlara qatılmışıq və onu pis tanımıram. O, daim məqsədli şəkildə bu qızıl medala tərəf gedirdi və düşünürəm ki, ona layiq idi. Öz çıxışıma gəlincə, mənim ciddi səhvlərim və itkilərim olmadı. Amma düşünmürəm ki, ikincilik qazana biləcəyim son həddir. İnsanın imkanları sərhədsizdir. Ümumilikdə yaxşı çıxış etdiyimi düşünürəm. Bilirsiniz, mən, ümumiyyətlə, yalnız hakimlər üçün deyil, həm də tamaşaçılar üçün çıxış edirəm. Çıxışım zamanı göstərdiyim fəndləri tamaşaçılara ərməğan etmək istəyirəm. Tamaşaçı da hakimdir".
Çempionatın yekunlarına Azərbaycan millisinin baş məşqçisi Valentina Ukleina da nəzər salıb. "R+"un əməkdaşı ilə söhbətində o deyib: "Təbii ki, bu nəticəni bizim üçün yaxşı adlandırmaq olar. Düşünürəm ki, bizim üçün ən başlıcası stabillikdir. Prinsipcə, Aliyə Qarayeva və belaruslu Svetlana Rudalovanın son çıxışınadək biz üçüncü pilləyə sahib olacağımıza əmin deyildik. Qarayevanın lentlə çıxışındakı stabillik, Rudalovadakı isə qeyri-stabillik vəziyyəti bizim xeyrimizə dəyişdi. Fərdi növlərə gəlincə, Aliyə daim iplə hərəkətdə güclü olub və o, bu hərəkətləri yüksək səviyyədə həyata keçirmək üçün bütün imkanlara malikdir. Axı orada əsas olanı hoppanma hərəkətləridir... Ona görə də Aliyə layiq olduğu birinciliyi qazandı".
Baş məşqçinin sözlərinə görə, onlar ümumilikdə mükafata ümid etsələr də, bunun qızıl medal olacağını gözləmirlərmiş: "Toppuz və lent ilə yarışda isə onun mükafatçılar sırasına düşməsinə bir şey qalmamışdı. Çünki o, ilk gündən fərqli olaraq, çox stabil çıxış edirdi. Gimnastımız yarışın birinci günündə çox həyəcanlanırdı və buna səbəb zalın tərtibatının təsvir edilməyəcək effekti idi. Məsələn, amfiteatr Qədim Yunanıstanı xatırladırdı. Bütün bunlar mükəmməl düzəldilmişdi ki, bu da Azərbaycan Gimnastika Federasiyasının son dərəcə mükəmməl zövqə malik olan prezidenti Mehriban Əliyeva üçün plyusdur".
MƏSLƏHƏT GÖR: