
REALİTİ-NAĞIL
Rus Dram teatrının səhnəsinə "məhəbbət virusu" düşüb
Müəllif: Nailə BƏNNAYEVA Bakı
S.Vurğun adına Rus Dram Teatrı (RDT) tamaşaçılara "Akademiya" realiti-şousu ilə birgə layihəsini - "Məhəbbət virusu" tamaşasını təqdim edib. Aleksandr Şarovski və Brilliant Dadaşova sübut etdilər ki, birgə səylərlə onların onsuz da məşhur olan "övladları" - Dram Teatrı və televiziya şousu bir dəfəyə bir çox muzanın harmonik uzlaşması ilə tamaşaçıları valeh etməyə qadirdir.
Vladimir Neverovun məxsusi olaraq bu layihə üçün yaratdığı ssenari çoxsaylı musiqi əlavələri olan dramatik tamaşa nəzərdə tuturdu. Düzü, anonsa görə, bu qəbildən olan ssenarinin özünəməxsus məclisə, yaxud qeyri-standart aparıcılı konsertə çevrilməsi təhlükəsi vardı. Süjet xətti itə bilərdi. Lakin premyeradan da göründüyü kimi, belə bir şey baş vermədi. Əla alındı: gözəl musiqi nömrələri və bir-birinə heç də zidd olmayan süjetə malik müziklə bənzər bir tamaşa.
İkinci kimdir?
Möhkəm birliyin təmin olunmasında ssenari müəllifinin detektiv janrından yararlanmaq kimi hiyləgər gedişinin rolu böyükdür. Tamaşaçı sona qədər iki sualın cavabını gözləyir: ikinci cinayətkar kimdir və bütün bunlar nə ilə başa çatacaq? Əslində isə "cinayət" - casusların insanlarda güclü aşiqolma doğuran fantastik "məhəbbət virusu"nu yaymaqla son nəticədə xeyirxah əmələ çevrilir. Finalda hətta müəllif zarafatla "bioloji kütləvi qırğın silahı" adlandırdığından, Yaxın Şərqdə istifadə olunmasını da təklif edir.
Hadisələr "bir cənub ölkəsində", kliplər üçün meydançada dayanan yaxtada cərəyan edir. Dəniz mövzusu həm premyeranın baş tutduğu yay mövsümü ilə uğurla əlaqələndi, həm də əsaslı təmir dövrü üçün RDT-nin sığındığı Dənizçilər klubuna "qiyabi alqış" oldu.
Gənc səhnə ulduzlarını, yəni özləri özlərini (onların personajlarının adları öz adlarına uyğundur) oynayan altı "akademik" Azərbaycan, rus və ingilis dillərində köhnə və yeni hitlərin ifası ilə vokal çıxışlar etdilər. Tamaşanın məxsusi olaraq onun üçün aktrisa Aleksandra Nikuşinanın sözlərinə bəstələnən yekun mahnsını isə hamı bir yerdə oxuyur.
"Akademiklər"in rollarında dramatik yükün minimal olmasına baxmayaraq, onların bəziləri qibtə doğura bilən artistizm nümayiş etdirdi. Hər kəs özünəməxsus şəkildə maraqlı görünürdü: cəsur A.Cəfərova, incə E.Osmanlı, zərif A.Məmmədova və igid C.Dadaşov - müxtəlif tipajlar, xarakterlər və repertuarlar. Lakin Şakir Mərdanovla Xəyyam Mustafazadə estrada ilə teatr arasındakı şərti həddi aşkar və məmnuniyyətlə aşdılar. Bu parlaq gənclərdən - "romantik şahzadə" və "qəhrəman-məşuq"dan daha çox şey, daha qüvvətli ifa gözləyirdik. Heyf ki, onların rolları vokalla məhdudlaşırdı. Xəyyamın ifasında "Seks-bomb" və Şakirin ifasında (o, necə deyərlər, üç simanı - həm Kvazimodo, həm Frollo, həm də Feb obrazlarını əks etdirirdi) "Notrdam" müziklindən faciəvi "Esmeralda" mahnılarını əminliklə tamaşanın iki musiqili zirvəsi adlandırmaq olar.
Bənzəri və nümunəsi əsasında...
Göründüyü kimi, RDT aktyorları gözlənilməz janrda olan tamaşanı maraqla qarşıladılar və musiqi tamaşasının qeyri-ciddiliyinə heç bir güzəştə getmədilər. Obrazlar bir-birindən parlaq idi. "İşgüzar qadın", klip çəkilişinin prodüseri Suliko (aktrisa Lalə Süleymanova) obrazını rejissor kinayə ilə Stalin obrazına bənzətmişdi - aksentli tələffüz və əldə qəlyan (bir də telefon). İsterik rejissor Adik rolunda premyera ərəfəsində xəstələnən Səfa Mirzəhəsənovu əvəz edən gülüş ustası Məbud Məhərrəmov. Adikin yanında vurnuxan "dəmir-beton" rejissor assistenti Kisa (Filə Orucova) yadda qaldı.
Aktyor cütlüyü - yaxtanın kapitanı, arvadbaz və içki düşkünü (Ömür Nağıyev) və onun sərt xasiyyətli xanımı, gəmi həkimi (Aleksandra Nikuşina). Onların qızı - aşpaz Assolun rolunu Ruhiyyə Quliyeva oynadı. Tamaşadakı bütün rəqslərə quruluşu da o vermişdi və məhz bu səbəbdən RDT-nin gənc aktyorlarının (fanatların rollarını ifa edirdilər) rəqsləri çox gözəl idi. Bura gənc ulduzların özlərinin cazibə və istedadını da əlavə etsək, çıxışların lap elə "Avrovij"nə layiq alındığını deyə bilərik. Təbiidir, axı "akademiklər" Brilliant Dadaşovanın sərt məktəbindən keçiblər, RDT-də onlarca tamaşada rəqslərə quruluş verən tələbkar Ruqiyyə Quliyeva isə məşqlərdə nə özününkülərə, nə də özgələrə güzəşt etmirdi. Amma düzünə qalsa, həmin o birgə məşqlər ərzində burada "özününkü", "özgələr" anlayışları tamamilə aradan qalxdı və sadəcə aktyorlar qaldılar.
İkidibli çamadan kimi sürprizlərlə zəngin Yunqa Petroviç heyranlıq doğurdu. Bu rolu ifa edən Emil Tahirov nəinki öz aktyor istedadını, həm də az-az rast gəlinən plastikasını nümayiş etdirdi. "Petroviç-Plisetskaya" nə isə təkrarsız bir şey idi... Onunla yalnız füsunkar Nikuşina müqayisə oluna bilər - onun orta yaşlı ciddi, riyakarlığa meylli olmayan qadın qəhrəmanı bir neçə saniyəlik parlaq bir reperə çevrilmişdi.
Ssenari müəllifi zamanın bir çox əlamətlərinə üz tutur. Məsələn, finalda "məhəbbət virusu"nu niyə icad etməyə qərar verdiyini hamıya açıqlayan Sulikonun "sevgi macərası". Diqqət yetirsək, onun hekayəti, əslində, şəbəkə marketinqi şirkətləri əməkdaşlarının öz sadəlövh müştərilərinə danışdıqları riqqətə gətirən, lakin yalançı "uğur tarixçələri"nə kəskin parodiyadır. Bununla belə, qəhqəhə doğuran Sulikonun hadisəsi yox, tamaşadakı hadisələrin gedişində bu uydurmanın həqiqətə çevrilməsidir.
Zəmanənin heç də həmişə təmiz hava gətirməyən nəfəsi ssenarinin digər detallarında da hiss olunur. Belə ki, gizli yayılan "məhəbbət virusu" sayəsində yaranan cütlüklər arasında biri eynicinsli oldu - gənc müğənnilərin fanatlarından olan iki qız "Tatu"ya bənzər yaradıcı və məhəbbət dueti yaratdılar (onlardan birini - Naranı füsunkar Milana Mardaxanova ilhamla və çox həyati şəkildə ifa etdi). Səhnədə Teymur Rəhimovun möhtəşəm bir istedadla oynadığı ecazkar stilist Tahirçik obrazı son dərəcə əlamətdardır. Tahirçik, personajlardan birinin dediyi kimi, bir qədər "qəribə", qeyri-standart yönümü aşkar görünən bir gənc olsa da, "məhəbbət virusu" onu da dəyişir və bir qıza sevgi bəxş edir. Gənclər üçün müasir komediyalardan birinin qəhrəmanı olan qızın tez-tez təkrarlamağı xoşladığı kimi, sentimental, "amma bütövlükdə optimist". Həmin xarakteristikanı bütövlükdə tamaşaya da şamil etmək mümkündür. Yeri gəlmişkən, mövsümün sonuna qədər onu daha iki dəfə göstərəcəklər.
MƏSLƏHƏT GÖR: