Müəllif: Səkinə ƏLİYEVA Bakı
Yay tez başa çatır, axı yaxşı həyat uzun-müddətli olmur. Amma bəziləri üçün bu "yaxşı həyat" nə uzun, nə də qısamüd-dətli deyil - ilin bu vaxtının töhfələrindən zövq almaq imkanı hamıya qismət olmur.
Yayda Azərbaycanda ən müyəssər vaxtkeçirmə, ənənəvi olaraq, dəniz sahilində istirahətdir, əlini uzatsan, çatar. Amma çox vaxt əksəriyyət dənizdə istirahətdən vaz keçir ki, bunun da öz səbəbləri var.
Dənizin ekoloji durumu çoxdan nikbinlik doğurmadığından, Xəzərin dalğalarına baş vurmağa hər adam cəsarət etmir. Həm də bu yaxınlara qədər dəniz xalqın tam mülkiyyəti idisə, bu gün hər şey kökündən dəyişib. İndi hər şey, o cümlədən təmiz çimərlikdə istirahət üçün də pul ödəmək lazım gəlir, həm də az miqdarda yox. Əlbəttə, pulsuz dövlət çimərlikləri də var, lakin onlar elə vəziyyətdədir ki, ora getməmək daha düzgündür.
Pulsuz pendir qanunu
Tədbirli işbazlar mümkün olan hər şeyi ələ keçirərək, çimərliklərdə illərlə ağalıq edirlər. Deməli, günəş şüalarından zövq almaq istəyənləri xoşagəlməz sürprizlər gözləyir. Sahilin hasarlanmış hissəsinə - çimərliyə yaxınlaşan kimi, qarşına kimsə çıxır və "dənizdən istifadə" üçün pul ödəməyi tələb edir. Bu fakt təkcə çoxdan Abşeron çimərliklərində olmayan və Bakı Şəhər İcra Hakimiyyətinin (İH) məlumatlarına əsaslanan adamları təəccübləndirə bilər. Bu struktur hər il elan edir ki, paytaxtın istənilən çimərliyinə giriş pulsuzdur. Əslində isə bu heç də belə deyil. Bakının şəhər hakimiyyəti "çimərlik" işbazları ilə bacarmır. Nəticədə, Abşeronda pullu çimərliklərin sayı həndəsi silsilə ilə artır.
Bu gün "Min bir gecə" çimərliyi xalq arasında ən məşhurlardan biridir. Səbəb isə sadədir - o, Şıxda yerləşir və paytaxta daha yaxındır. Bu "şərq nağılına" hər adamın girişi 1 manatdır. Şezlonq, masa və ya duşdan istifadə üçün ayrıca haqq ödəmək lazımdır.
Bu, az məbləğ deyil, çünki istirahət edənlərin çoxu çimərliyə ailəlikcə gəlir. İnandırıcı olmaq, hər şeyin qanuniliyini göstərmək üçün "Min bir gecə"nin qonaqlarına üstündə hansısa "Qızıl Qum" şirkətinin adı göstərilən naməlum mənşəli qəbz verirlər. Bu "patent"in ancaq dənizdə çimmək üçün pul ödəməkdən imtina edən qəzəblənmiş qonaqları sakitləşdirmək məqsədilə verildiyini təxmin etsək, yanılmarıq. Həm də məlum olur ki, çirkli qumda uzanmaq və ondan da çirkli dənizdə çimmək imkanı üçün pul vermək lazımdır. Çimərliyin ərazisi zibillidir. Quma yemək qalıqları, siqaret kötükləri, şəxsi gigiyena vasitələri qarışıb. Əlbəttə, bu xoşagəlməz hallara görə günahın əsas hissəsi zibili plastik paketlərə yığıb zibilqabına atmağa tənbəllik edən əhalinin üzərinə düşür. "Min bir gecə" çimərliyinin yeganə üstünlüyü burada Fövqəladə Hallar Nazirliyinin xilasedici qülləsinin olmasıdır. Xilasedicilər oradan daim çimənlərə nəzarət edir, işarələrdən o yana üzməyin qadağan olunduğunu bildirirlər. Bundan əlavə, çimərlik ərazisində "təcili yardım" briqadası növbə çəkir.
Qonşuluqdakı "Aysberq" çimərliyinə giriş 5 manatdır. Bu məbləğə şezlonqdan və duşdan istifadə daxildir. Sanitar-gigiyena şəraiti isə, bütövlükdə, yuxarıda təsvir olunandan az fərqlənir. Şıx sahilindəki qalan pullu çimərliklərdə də təxminən eyni vəziyyəti müşahidə etmək olar.
Doğrudur, Şıxda hələ sahibkarların ayağı dəyməyən bir neçə çimərlik qalmaqdadır. Amma onlara ötəri baxış iddia etməyə imkan verir ki, bu çimərliklərdən danışanda "dövlət" və "sahibsiz" sözləri sinonim olur.
Xalq arasında çox məşhur pulsuz "Şıx bulağı" çimərliyi şüşə qırıqları və yemək qalıqları ilə o qədər zibillənib ki, orada qalın altlıqlı ayaqqabısız gəzmək sadəcə təhlükəlidir. Belə təəssürat yaranır ki, bu yerlərdən zibili bir neçə çimərlik mövsümü ərzində yığışdırmayıbrlar. Xilasedici qülləsindən, soyunub-geyinmə otaqlarından və belə yerlərin digər atributlarından isə heç danışmağa dəyməz. Əvəzində, burada xırda sahibkarlar lövbər salaraq, vəhşi çimərlikdə daşdan eybəcər köşklər tikib çay və su satırlar.
Şıxdan başqa, Pirşağı qəsəbəsindəki çimərliklər də xalq arasında məşhurdur. Onların ərazisinə keçmək o qədər də asan iş deyil, çünki ərazi elə tikilib ki, suya yaxın düşmək olmur. Haradasa bir parça boş torpaq qalıbsa, orada da, hətta bazar günləri belə, inşaatçılar növbəti daş hasar ucaltmaqla məşğul olurlar. Vətəndaşlara dənizdə pulsuz çimmək imkanı verən sahil zolağı o qədər zibillənib ki, belə antisanitariya şəraitində istirahət heç bir zövq vermir. Qumun üstü yay günəşi altında üfunət saçan zibil qalaqları ilə örtülüb. Nə çətir var, nə duş otağı. Sivilizasiyanın yeganə nişanəsi paslı tənəkə lövhələrdən qurulmuş soyunub-geyinmə yerləridir. Buradan bir az aralı pullu çimərlik yerləşir. Giriş 2 manatdır. Yerdə qalan üçün əlavə pul ödənməlidir.
Bakıda yalnız imkanlı şəxslərin dincələ biləcəkləri elit çimərliklər də var. Amma burada da su çirklidir. Adi günlərdə Bilgəhdəki "Amburan" çimərliyinə giriş haqqı adambaşı 10 manat, istirahət günlərində isə 15 manatdır. Aydındır ki, belə bədxərclik hər ailənin cibinə uyğun deyil.
Xəstə diri yox, ölüdür
Böyük çimərlik komplekslərinin inşasına nəhəng vəsait qoyan yerli iş adamlarının siyasətini başa düşmək olar. Ancaq qanunların aşkar və dəfələrlə pozulmasına göz yuman bu seqmentə cavabdeh strukturların siyasəti anlaşılmazdır. Əvvəllər Xəzər yalnız ölkələrarası sövdələşmə predmeti idi və onu beş Xəzəryanı dövlət öz arasında bölə bilmirdi, indi isə dəniz yerli işbazların nifaq almasına çevrilib. Yalnız öz mənfəətlərini güdən bu adamlar sahil zolağını onlarla, hətta yüzlərlə parçaya bölüb "şəxsi mülkiyyət" adlandırmağa hazırdır. Nəticədə, sıravi vətəndaşlar və dəniz ziyan çəkir.
Bakı İH-də bizə məlumat verdilər ki, sahil zolağının özəlləşdirilməsi çoxdan qadağan olunub. Odur ki çimərliyə giriş üçün haqq tələb olunması qanun pozuntusundan başqa bir şey deyil. Lakin İH əməkdaşları bu təcrübənin qalmaqda davam etməsi barədə suala cavab verə bilmədilər. Paytaxt hakimiyyəti işçiləri bizi ölkə çimərliklərinin reanimasiyasına dair hansısa bir proqramla da sevindirmədilər. İndiki mərhələdə belə proqramlar sadəcə yoxdur, "bəlkə, yaxın gələcəkdə hazırlandı".
Sanitar-gigiyena şəraitinə gəldikdə, paytaxt hakimiyyətinin ümumi şöbəsində bildirdilər ki, həmin sahə Bakı İH Mənzil-Kommunal Məsələləri Departamentinin nəzarətindədir. Bu qurumla əlaqə yaratmağa isə müvəffəq olmadıq. Ərazilərində daha çox çimərlik yerləşən Qaradağ və Əzizbəyov rayonlarının icra hakimiyyətlərində də çimərliklərdəki dözülməz durumu şərh etməkdən boyun qaçırdılar. Görünür, sadəcə öyünmək üçün heç bir səbəb tapa bilmirlər.
Bir qədər əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzərin Kompleks Ekoloji Monitorinqi İdarəsinin rəisi Lətifə Hüseynova daha bir problemin təmizlənməmiş çirkab sularının dənizə axıdılması olduğunu bildirmişdi: "Biz Xəzərin şimalında, daha dəqiq desək, Nabran və Xaçmazda olduq. Burada mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, çirkab suları təmizlənmədən Xəzərə axıdılır. Analizlər göstərdi ki, su bir sıra mikrobioloji göstəricilər baxımından çirklənmişdir. Sahilin bu zolağı ölkədə ən məşhur rekreasiya zonalarından olsa da, sahil özü həddən artıq zibillənib. Ötən il onun təmizlənməsilə biz məşğul olduq. Bu, nazirliyin, səlahiyyətlərinə aid olmasa da, 69 maşın zibil daşındı.
Xəzərin Sumqayıt zonası da çox çirklənib. Şəhərdə sənaye müəssisələrindən çoxunun işləməməsinə baxmayaraq, bu rayonda ekologiya əvvəlki kimi qeyri-qənaətbəxş səviyyədədir. Burada cəmi bir təmizləyici qurğu var, o da vaxtında təmir olunmadığı üçün, faktiki, işləmir; üstəlik, istismar müddəti də çoxdan bitib. Sovet dönəmində burada alüminium zavodu fəaliyyət göstərirdi. Beləliklə, bu gün də özünü göstərən çirklənmənin təxminən 70%-i məhz onun payına düşür. Sumqayıt sahilində götürülmüş su nümunələri göstərir ki, burada çimmək olmaz".
Bağırsaq çöpü ilə istirahət
Bakı buxtasını qənaətbəxş hala gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun təmizlənməsi layihəsini hökumətə təqdim edib. Layihə üzrə çalışacaq müəssisələr dəniz dibini illərlə yığılıb-qalmış tullantı və çirkabdan təmizləməklə yanaşı, sahil zolağında yaranmış neft və mazut gölməçələri barədə də düşünməli olacaqlar.
Layihə üzrə paytaxtın kanalizasiya sisteminin sahildən uzaqlaşdırılması problemini də həll etmək lazım gələcək. Güman ki, məhz bu layihə sayəsində 2010-cu il üçün buxta təmizlənəcək. Hələliksə kanalizasiya suları təmizlənmədən dənizə axıdıldığından və çirkab suları ilbəil artdığından, Abşeronun əksər çimərliklərində çimmək qadağandır. Amma yuxarıda qeyd olunduğu kimi, paytaxt əhalisinin əksəriyyəti bu xəbərdarlıqlara əhəmiyyət vermir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, 2007-ci il mayın 13-də qəbul olunmuş qətnaməyə əsasən, Əzizbəyov rayonu və Şıx sahil zolağı çimərliklərində çimmək qadağandır. "RGEM vaxtaşırı dəniz suyu nümunələrini yoxlamadan keçirir və analizlərin nəticəsi ürəkaçan deyil. Belə ki, Şıx çimərliyində dəniz suyunda bağırsaq çöplərinin miqdarı normadan 20 dəfə artıqdır ki, bu da kəskin bağırsaq iltihabı ilə nəticələnə bilər. Bü günə qədər yoluxma faktı qeydə alınmayıb, amma sabah nə olacağını heç kim bilmir. Başqa çimərliklərdə də suyun vəziyyəti idealdan çox uzaq olsa da, orada çimməyə icazə verilib. Mənə məlumdur ki, çoxsaylı xəbərdarlıqlarımıza baxmayaraq, əhali qadağalara əhəmiyyət vermir. Mərkəz adamlara çimərliklərə getməyi qadağan edə və risq zonasında yerləşən istirahət yerlərini bağlaya bilməz. Bizim işimiz xəbərdarlıq etməkdir, qalan işləri isə ərazisində çimərliklər yerləşən rayonların icra hakimiyyətləri və polis görməlidir. Bu istiqamətdə yalnız onlar hansısa köklü tədbirlər görə bilərlər".
Z.Kazımov çimərliklərin öz ərazisində sanitar-epidemioloji şərait məsələsinə də toxunaraq təsdiq etdi ki, bu işə nəzarət Bakı İH-nin adı çəkilən departamentinin səlahiyyətindədir. Söhbət özəl çimərlikdən gedirsə, sahibkar departamentlə razılaşma imzalamalı, sonuncu isə çimərlik ərazisində müəyyən ödəniş müqabilində təmizlik işləri apararaq, tullantıların daşınmasını təmin etməlidir. Dövlət çimərliklərinin təmizlənməsi də mənzil-kommunal departamentinin işidir.
Hamıya məlumdur ki, dəniz özü-özünü təmizləyir, amma bunun üçün ona vaxt lazımdır. Bu gün Xəzər son gücünü toplayıb, insanın ona səxavətlə "bəxş etdiyi" çoxsaylı məişət və sənaye tullantılarını "həzm etməyə" çalışır. Amma unutmaq olmaz ki, onun imkanları hüdudsuz deyil və belə vəhşi münasibət davam etsə, sonda Xəzər zibilli ölü gölə çevriləcək. Xələflərimiz isə onun təbii zənginlikləri barədə köhnə fotoşəkillər və videomateriallar əsasında məlumat alacaqlar...
MƏSLƏHƏT GÖR: