
ENERJİ HALQALARI
Moskvanın Avropa neft və qaz bazarlarını ələ keçirmək planları nə dərəcədə mümkündür?
Müəllif: İbrahim AYXAN Bakı
Son həftələr KİV-də Rusiyanın baş rolda olduğu yeni-yeni enerji layihələri barədə kifayət qədər mütəmadi məlumat verilirdi. Moskva Xorvatiyanın paytaxtında Balkan dövlətləri liderlərinin, həmçinin, Aİ və OPEK təmsilçilərinin iştirakı ilə keçirilən enerji sammitinin nəticələrini önəmli uğur kimi qiymətləndirdi.
Birincisi, Rusiya prezidenti Vladimir Putin bölgə ölkələrilə energetika sahəsində əməkdaşlıq planlarını müzakirə etdi. İkincisi, danışıqların nəticələrinə əsasən, Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək "Cənubi axın" boru kəmərinə qoşulacağını bildirdi. Rusiya neftinin Rumıniyadan İtaliyaya çəkilən yeni Panavropa neft kəmərinə ötürülməsi barədə də qərar qəbul edildi. Qara dənizin dibi ilə qaz kəməri çəkilməsi barədə memorandumu "Qazprom"la İtaliyanın ENİ şirkəti Romada imzaladılar. "Cənubi axın" (South Stream) adı almış bu boru ilə Rusiya qazı Cənub-Şərqi Avropaya - Bolqarıstana çatdırılacaq, oradan isə bir qolla Rumıniya və Macarıstandan keçməklə Avstriyaya, digər qolla isə Yunanıstandan keçməklə İtaliyaya nəql olunacaq. Kəmər ildə 30 mlrd kub. m qaz ötürülməsi üçün nəzərdə tutulub.
"Qazprom"un idarə heyətinin sədr müavini Aleksandr Medvedev Balkan energetika sammitini məhsuldar kimi qiymətləndirdi. Jurnalistlərə "İtaliyadan olan ENİ ilə "Qazprom"un sazişi nəzərə alınmaqla, sammit xüsusi önəm kəsb edir. Cənub-Şərqi Avropa ölkələri enerji təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və bu məsələnin siyasiləşdirilməsindən uzaqlaşmağın zəruri olduğu ilə razılaşıblar", - deyən Medvedev onu da bildirib ki, "Cənubi axın" hər hansı bir digər layihənin əleyhinə yönəldilməyib. Medvedev layihəyə başqa ölkələrin də qoşulacağını istisna etməyib, lakin onların iştirakının qaz kəmərinin yalnız yerüstü hissəsinə aid olacağını deyib. Qara dənizin dib ilə keçən hissə isə 50%-lik bərabər paylarla ENİ və "Qazprom"a məxsus olacaq. "Cənubi axın" qaz kəmərləri sisteminin Qara dəniz hissəsinin uzunluğu təxminən 900 km, maksimal dərinlik isə 2 min metrdən artıq olmalıdır. Yerüstü hissə üçün Bolqarıstandan şimal-qərb və cənub-qərb istiqamətlərində iki marşrut nəzərdə tutulub.
Sammitdə Panavropa neft kəmərinin (Konstansa-Triyest marşrutu ilə) çəkilməsi barədə də razılaşma əldə edilib. Onun bir qolu Rumıniyadan Serbiya, Xorvatiya və Sloveniyadan keçməklə, İtaliyaya çəkiləcək. Bu marşrut artıq hazır olan Transalp neft kəmərinə qoşulacaq. Layihənin gerçəkləşdirilməsinə 2009-cu ildən başlamaq, 2011-2012-ci illərdə isə onu istifadəyə vermək nəzərdə tutulur. Kəmərin ildə 60-90 mln t xam neft ötürə biləcəyi, uzunluğunun 1800 km-dən çox, dəyərinin isə $3 mlrd olacağı planlaşdırılır. Nefti Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan şirkətləri tədarük edəcəklər.
Lakin əsas mövzu "Cənubi axın" olaraq qalır ki, onunla əlaqədar Rusiya KİV-lərində kifayət qədər şərhlər yer alıb: guya nəticədə, "Nabukko" layihəsi - Rusiyadan yan çəkməklə boru kəməri inşası layihəsi havadan asılı vəziyyətə düşür. "Əslində, Avropa diversifikasiyası maskası altında çox vaxt sadəcə rəqiblərin maraqlarına lobbiçilik edilir. Bəli, onların həyəcanları heç də əbəs deyil. "Nabukko" layihəsi Rusiyadan yan keçməklə çəkilir və onu ABŞ dəstəkləyir. Türkiyədən yan keçməklə çəkilən "Cənubi axın", faktiki, onu təkrarlayır. Bundan başqa, "Nabukko" Mərkəzi Asiyanın xammalına əsaslanaraq layihələşdirilmişdi. İndi isə Rusiya Qazaxıstan və Türkmənistanla Xəzəryanı boru kəməri barədə razılığa gəldikdən sonra, həmin "Nabukko" inşa edilsə də, tamamilə boş da qala bilər. Təbii ki, autsayderlər pərişan olublar", - deyə Medvedev məmnun-məmnun bildirib.
Lakin ekspertlər güman edirlər ki, "Nabukko" layihəsini kənara atmaq, ən azı, hələ tezdir. İlk növbədə, ona görə ki, Putinin 40 il ərzində Rusiyanın öz müqavilə öhdəliklərini bircə dəfə də olsun pozmadığını vurğulamasına baxmayaraq, Moskva etibarlı tədarüklə bağlı şübhələrə son qoymağa nail olmayıb. O cümlədən siyasi risklə əlaqədar. Belə ki, Rusiya KİV-ləri Albaniya, Bolqarıstan, Serbiya, Sloveniya, Makedoniya, Rumıniya, Çernoqoriya, Bosniya və Herseqovina liderlərinin bəyanatına yekdilliklə etinasızlıq göstərdilər. Onların fikrincə, enerji ehtiyatları siyasi alət kimi istifadə edilməməlidir. Liderlərin görüşünün nəticələri əsasında qəbul edilən sənəddə deyilir: "Enerji hamının bazar şəraitinə müvafiq olaraq, aydın və transparent şərtlərlə istifadə edilməsi mümkün olan əmtəədir". Üstəlik, çətin ki, Avropada 2005-2006-cı illərin qışında baş verənləri unutsunlar. O vaxt Rusiya postsovet məkanının "ipə-sapa yatmayan" dövlətləri üçün qazın qiymətini qəfildən bir neçə dəfə dəyişdirdi. İlham Əliyev "Exo Moskvı" radiostansiyasına müsahibəsində Moskvanın "oyun qaydaları"nı bir neçə dəfə dəyişdirdiyini və Azərbaycana qaz tədarükü üzrə müqavilə öhdəliklərinə bir neçə dəfə düzəlişlər etdiyini açıqlayanda, bundan təkcə Bakıda nəticə çıxarmırdılar. Hər hansı bir halda, Moskvanın enerji həmləsinin əks-sədası səngiməyə macal tapmamış, artıq Fransanın "Le Temps" qəzeti xəbərdarlıq edirdi: "Moskva və haqqında danışılan halda onun aparıcı qaz hasilatçısı "Qazprom" qaz tədarükünə dair vədlərinə artıq 2010-cu ildən etibarən əməl edə bilməyəcək. Kreml enerji sektorunu yenidən əlinə keçirdiyi andan Rusiya get-gedə daha az qaz və neft hasil edir. Sibirdəki yeni yataqlara gəldikdə, Kremlin onları hasil etmək üçün nə zəruri texnologiyaları, nə də kapitalı var. Bu yaxınlarda bp-nin Sibirdəki qaz yataqlarının işlənməsindən kənarlaşdırılması Fransanın İfri İnstitutunun (Fransa Beynəlxalq Münasibətlər İnstitutu) eksperti Kristofer-Aleksandr Pelların "enerji intiharı üzrə tövsiyələr" adlandırdığını daha da kəskinləşdirəcək".
Həqiqətən, Rusiyanın enerji balansı fəlakətli durumdadır və günbəgün pisləşir. Qazpaylaşdırma şəbəkəsində itkilər və ya qazın sadəcə oğurlanması hasil olunan xammalın 30%-nə qədər təşkil edir, ölkə elektroenergetikasının qaza tələbatı artıq təmin olunmur və Qərbi Avropaya qaz tədarükünü birtəhər təmin etmək üçün bəzi şəhərlərdə qazın paylaşdırılması sistemi tətbiq edilməyə başlanıb".
Hər hansı bir halda, ARDNŞ Azərbaycanın qaz ixracına başlamaq planlarını açıqlayanda, Rusiyanın əksər KİV-ləri bunu diqqət mərkəzinə çəkdi, "Vremya novostey" qəzeti isə birbaşa bəyan etdi: "Bakı Yunanıstanı "Qazprom"un əlindən alır". Daha sonra qəzet yazır: "Azərbaycanın Dövlət Neft Şirkəti, vəd etdiyi kimi, "Şahdəniz" yatağından Türkiyəyə qaz ixracına başlayıb və bir aydan sonra qazın bir hissəsini Yunanıstanın DEPA şirkətinə satmaq niyyətindədir". Sonra qəzet aşağıdakı qənaətə gəlir: "Doğrudur, buna qədər hələ Azərbaycandan iri həcmdə "mavi yanacaq" alınması barədə müqavilə bağlayan türkiyəli həmkarlarla razılaşmaq lazım gələcək. Çox güman ki, tərəflər kompromis əldə edə biləcəklər və bu, yəqin ki, "Qazprom"a Türkiyə və Yunanıstana qaz satmaq məsələsində yaxın illərdə müəyyən problemlər yaradacaq. Axı Rusiya qazı indi ARDNŞ-in təklif etdiyindən xeyli - demək olar ki, iki dəfə bahadır". Üstəlik, Mərkəzi Asiyada "Transxəzər" marşrutlarını heç də istisna etmədiklərinə eyham vururlar ki, bu da Moskvada ciddi əsəbilik doğurur.
MƏSLƏHƏT GÖR: