
AFİNA VƏ YEREVAN TÜRKİYƏ İLƏ AZƏRBAYCAN BİRLİYİNƏ ALTERNATİV İSTƏYİR
ŞÜBHƏLİ İTTİFAQ
Müəllif: NURANİ Bakı
Ermənistan üçün böyük diplomatik hadisə baş verib. Söhbət Yunanıstan prezidenti Karolos Papuliasın rəhbərlik etdiyi nümayəndə heyətinin Yerevana rəsmi səfərindən gedir. Ermənistan mətbuatının məlumatına görə, Yunanıstan prezidenti səfər çərçivəsində erməni həmkarı Robert Köçəryan, bu ölkənin parlamentinin spikeri Tiqran Torosyan, həmçinin baş nazir Serj Sarkisyanla görüşüb.
Səfər çərçivəsində əldə olunan konkret razılaşmalar və imzalanan sənədlər haqda Ermənistan mətbuatı da daxil olmaqla, KİV inadla susur. Lakin yüksək rütbəli yunan qonaqların bəzilərinin kameralar önündə söylədikləri fikirlər düşünməyə əsas verir.
Reverenslər və dost münasibətlərə əmin etmə istənilən səfər zamanı baş verən protokol qaydasıdır və hətta nümayəndələrinin görüşlər keçirdiyi iki ölkə arasında münasibətlər yüksək səviyyədə olmasa belə, belə açıqlamalar səsləndirilir. Odur ki T.Torosyanın Ermənistanla Yunanıstanı uzun dövrlər tarixin birləşdirməsi, iki ölkə arasında əməkdaşlığın yaxşı pers-pektivlərinin olması, Ermənistanla Yunanıstanın parlamentləri və hökumətləri arasında yüksək səviyyədə qarşılıqlı fəaliyyətin olması və s. haqda bəyanatları anlaşılandır və protokol qaydalarına uyğundur.
Yunanıstan prezidenti də öz növbəsində onun ölkəsində "uzunillik dostluq" və "ümumi sivilizasiyalar" dedikdə nəyin nəzərdə tutulduğunu aydınlaşdırıb: "İki ölkəni tarixi əlaqələr birləşdirir və tarixdə hər iki xalqın unuda bilməyəcəyi hadisələr var. Bu hadisələr daim insan haqları və xalqların şərəf və ləyaqətinə hörməti xatırladır". Bu fikirlə kifayətlənməyən yunan prezidenti bildirib ki, hər iki xalq milli və xüsusi hüquqların beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışır. "Lakin elə qüvvələr var ki, keçmişdən dərs almayaraq eyni səhvləri təkrarlayırlar. Bizim azadlıqsevər xalqlarımız sərhədlərin qapadılmasına, blokadalara, nə də Avropa İttifaqının üzvü olan Kiprdəki 40 minlik orduya dözə bilməz", - deyə K.Papulias qeyd edib. Dövlət başçısı bildirib ki, məhz bu səbəbdən Yunanıstan və Ermənistan demokratik azadlıq, insan haqlarına hörmət edilən və ədalətin mövcud olduğu bir dünya uğrunda mübarizə aparır.
Tiqran Torosyan isə dərhal ətrafda hamının "özününkülər" olduğunu başa düşərək, utanmaq yeri olmadığını anlayıb. Üstəlik, cavab reveransı da edilməli idi. Belə olan halda dərhal "təmas nöqtəsi" tapan spiker bəzən Kipri Dağlıq Qarabağla eyniləşdirmək istəyən hansısa qüvvələri hədəfə alıb: "Bir ümumi məqam var - hər iki xalqın bu ərazilərdə azad yaşamaq istəyi. Bu problemlər insan haqlarının qorunması baxımından müzakirə edilməli və bu əsasla çözülməlidir. Bütün beynəlxalq sənədlərdə insanların azad yaşamaq hüququ və öz taleyini özlərinin həll etməsi məsələləri əksini tapıb. Lakin bunu hamı başa düşmür və tarixdən nəticə çıxarmır. Həm Kipr, həm də Dağlıq Qarabağ insan haqlarına əsaslanan azadlığın əldə edilməsi yolunda uğur qazanacaq".
Hazırkı baş nazir, keçmiş müdafiə naziri və Xocalı faciəsinin iştirakçısı S.Sarkisyanla görüş də eyni ssenari üzrə gedib. Əvvəlcə Sarkisyan ölkəsinin "Ermənistan və Yunanıstan prezidentləri arasında görüşdə əldə edilən razılaşmaları öz səlahiyyətləri çərçivəsində həyata keçirməyə, həmçinin iki dost xalq arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini davam etdirməyə hazır olduğunu" bildirib. Daha sonra özünün keçmişi və həmin vaxt Yunanıstanın "maraqlı strukturları ilə" əməkdaşlığın yüksək səviyyədə olduğunu xatırlayan hökumət başçısı deyib: "Xüsusilə Ermənistanın NATO-nun Fərdi Tərəfdaşlıq Planını reallaşdırdığı bir vaxtda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi vacibdir. Bu planda Yunanıstanın köməyi və təcrübəsi Ermənistan üçün çox faydalı ola bilər".
Karlos Papulias isə keçmiş "səhra komandiri"ni də geridə qoyaraq bildirib ki, "əgər daim problemlər yaratmaqla məşğul olan Türkiyə kimi qonşu dəyişilərək Avropa dəyərləri və prinsipləri ilə idarə edilsəydi, Yunanıstan və Ermənistan əsas diqqəti təhlükəsizlik məsələlərinə deyil, sosial-iqtisadi problemlərə yönəldərdi".
Yəni o, faktiki olaraq etiraf edib ki, Yunanıstan onunla birlikdə NATO-ya üzv olan Türkiyəyə qarşı silahlanır. Halbuki, bu təşkilatın müqaviləsinin 5-ci maddəsinə əsasən, Türkiyəyə qarşı hərbi təcavüz baş verərsə, NATO-nun digər üzvləri kimi, Yunanıstan da Ankaraya hərbi yardım göstərməlidir.
Səfərin piki isə qonağın "erməni soyqırımı qurbanları"nın abidəsini ziyarəti zamanı baş verib. Yunanıstan prezidenti oradakı xatirə kitabına bunları yazıb: ""Erməni soyqırımı" (dırnaq işarəsi bizimdir - red.) insanlıq tarixinin qara səhifəsidir və onu həyata keçirənlər bu cinayəti etiraf etməli, məsuliyyət daşımalı və törətdikləri əmələ görə üzr istəməlidirlər".
Xatırladaq ki, K.Papuliasın "soyqırım" kimi qeyd etdiyi hadisə 92 il əvvəl baş verib. Erməni dairələrində onun "təşkilatçıları" adlandırılanlar elə erməni terrorçular tərəfindən 20-ci illərdə qətlə yetirilib. Odur ki, görünür, Türkiyə yalnız "etnik məsuliyyət"ə görə "peşmançılıq" və "məsuliyyət"i hiss etməlidir...
Əksər analitiklərin bildirdiyi kimi, Ermənistan-Yunanıstan münasibətləri daim Yerevan üçün əhəmiyyətli rol oynayıb. Bir tərəfdən, Ermənistanda Rusiya ilə tərəfdaşlıq, xüsusilə iqtisadi sahədə əlaqələrdən məyusluq hissi artmaqdadır. Qarabağda ərazilərin işğalının Rusiyanın fəal hərbi dəstəyi nəticəsində mümkün olduğunu həm Yerevanda, həm də Moskvada məlum səbəblərdən xatırlamamağa çalışırlar. İqtisadi nəticələr isə, "qərbpərəst" Azərbaycan və Gürcüstanla müqayisədə daha zəfidir. Bundan başqa, Qərbin regiondakı əsas forpostu olan Türkiyə ilə münasibətlərin pis vəziyyətdə olması Ermənistan üçün Qərblə münasibət yaratmaq üçün "arxa qapı"ya ehtiyac yaradır. Bu rola isə "təki Türkiyə dalana dirənsin" deyə istənilən avantüraya hazır olan Yunanıstan seçilib. Ötən əsrin 90-cı illərinin sonlarında Yerevan İran-Ermənistan qaz kəmərinin Yunanıstanadək uzadılması üzərində ciddi şəkildə düşünürdü. Daha sonra Yunanıstan, Ermənistan və İranın iştirakı ilə hansısa regional "üçlük" "bir nömrəli mövzu"ya çevrildi. Sonradan Gürcüstanı da sıraya cəlb etmək cəhdləri olsa da, planın reallaşması baş vermədi. Başqa sözlə, Yunanıstan Birinci Dünya müharibəsinin reallıqları ilə yaşamaqdadır.
Analitiklər Afinanın Kardak adasındakı təxribatlarını da xatırlatmağı lazım bilir. Qeyd edək ki, həmin hadisələr nəticəsində az qala Yunanıstanla Türkiyə arasında genişmiqyaslı müharibə başlayacaqdı. Həmin vaxtdan da adalar və Egey dənizinin sahil şelfi ilə bağlı mübahisə davam edir. Qeyd edək ki, burada ərazi suları Yunanıstanın tələbinə uyğun şəkildə bölünərsə, sərhəd az qala Antalyadakı çimərliklərin kənarından keçəcək.
Nəhayət, Yunanıstan Türkiyəni "Pont yunanlarının soyqırımı"nda günahlandırır və demək olar ki, açıq şəkildə onun həm Qara dəniz, həm də Aralıq dənizi sahillərinə iddia edir. PKK lideri Abdulla Öcalanın vaxtilə Yunanıstanın az qala bütün dünya ölkələrindəki səfirliklərində gizlənməsi də, çətin ki, təsadüf olsun.
Bütün deyilənləri nəzərə alsaq, Ermənistan-Yunanıstan birliyinin region üçün göründüyündən daha təhlükəli olduğu aydınlaşır. Ən əsası ona görə ki, söhbət regional və ya iqtisadi əməkdaşlıqdan deyil, Türkiyə və Azərbaycana qarşı hansısa birliyin yaradılmasından gedir. Bu isə "münaqişələr inteqrasiyası" təhlükəsini real edir. Yəni Qarabağda baş verən istənilən gərginlik, avtomatik olaraq Yunanıstan-Türkiyə münasibətlərində də gərginlik yaradacaq.
MƏSLƏHƏT GÖR: