
CAZ BAKINI FƏTH ETDİ
Musiqi festivalı küləklər şəhərinə yeddi təkrarsız gün bağışladı
Müəllif: Afaq RAUFQIZI Bakı
Düz bir həftə Azərbaycan paytaxtı caz ritmlərilə yaşadı. Bakıda keçirilən növbəti "Baku İnternational Jazz Festival" düz bir həftə - iyunun 7-dən 14-dək bizə dünya caz ulduzlarının unudulmaz konsertlərini bəxş etdi. Caz-festivalın təşkilatçıları - Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Azərbaycan Mədəniyyəti Dostları Fondu və Bakı Caz Mərkəzinin rəhbərliyi hələ xeyli öncədən qeyri-adi sürprizlər vəd edirdilər. Və etiraf olunmalıdır ki, vədlərinə əməl etdilər. Ötən il olduğu kimi, festival açıq meydançada qala-konsertlə açıldı. Bakılıların böyük sevincinə rəğmən, bu dəfə festivalın açılışı vaxtilə sovet gənclərinin kumirlərinin çıxış etdiyi, 10 ildən artıq fəaliyyət göstərməyən, köhnə, amma yaxınlarda təmir olunmuş Yaşıl Teatrda baş tutdu.
Bu dəfə Yaşıl Teatrın səhnəsinə azərbaycanlı və xarici ifaçılar çıxıb, festivala start verərək, iki min dinləyiciyə öz caz improvizələrini təqdim etdilər. Festival çərçivəsində Rusiya, ABŞ, Türkiyə, Fransa, Hollandiya, Macarıstandan gələn tanınmış caz musiqiçilərinin konsertləri baş tutdu. İlk dəfə burada xarici ölkələrin 11 kollektivi iştirak etdi, bundan başqa, Bakı Caz Mərkəzində bu sənətin ən coşğun həvəskarlarını toplayan altı master-klass təşkil olundu. Ənənəvi olaraq, festivalın proqramında gündəlik cem-seyşnlər keçirildi; onların təşkili üçün mərkəzdə əvəzsiz səslənmə keyfiyyəti təmin edən xüsusi aparatura quraşdırılmışdı.
Əzizə və hamı, hamı, hamı...
Bakılılar üçün ən gözlənilməz sürpriz görkəmli Azərbaycan cazmeni Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin solo-konserti oldu. Uzun müddət vətəndən uzaqda yaşayan Əzizə Opera və Balet Teatrındakı yeganə konsertində tamaşaçılara özünün Avropada daha çox tanınmış albomlarından ən yaxşı kompozisiyaları, eləcə də klassiklərin əsərlərini təqdim etdi. Ovsunlanmış dinləyicilər çoxdan gözlədikləri Əzizənin ifasında cazın sirli musiqisinə iki saat yarımdan artıq heyranlıqla qulaq asdılar. Konsertdən sonra isə o etiraf etdi ki, doğma şəhərə qayıdışla onun üçün yeni həyat başlayıb və Bakıda bir daha çıxış etməyə söz verdi.
Festival çərçivəsində təkcə tanınmış musiqiçilər deyil, gənclər də məharətlərini nümayiş etdirdilər. Caz Mərkəzinin səhnəsi 2 gün dalbadal onların ixtiyarına verildi. Onlardan biri - Bülbül adına Musiqi Məktəbinin məzunu İsfar Sarabski orijinal ifasıyla tamaşaçıları heyran qoydu. Festivalın ən gənc iştirakçısı Sarabskinin komandasının tərkibində məşhur nağaraçalan Natiq Şirinov da çıxış etdi. Virtuoz pianoçu Şahin Növrəsli, eləcə də artıq bakılılara yaxşı tanış olan ABŞ-lı basçı Natan Pek və barabançı Aleksandr Maşin triosunun konserti ən yaddaqalan gecələrdən oldu. Caz və muğamın orijinal uyarlığına laqeyd qala bilməyən tamaşaçılar musiqiçiləri uzun sürən alqışlarla mükafatlandırdılar.
Əslində, caz həvəskarlarının bəxti gətirdi - festival onlara xeyli unudulmaz ifaçı tanıtdırdı. Onların arasında əfsanəvi barabançı, bakılılara təqdim olunmuş Culture Mix layihəsində sənətkarlığı xüsusilə parlaq əks olunmuş Billi Kobemin konserti ən yaddaqalan hadisələrdən oldu. O, müasir elektron texnologiyaları və onların inkişafını cazla qovuşduran ilk ifaçılardan biridir. Musiqiçinin fantastik texnikası, onun kvintetinin enerjili və qüdrətli musiqisi festivalın layiqli bəzəyi oldu.
Festival çərçivəsində Bakı Caz Mərkəzində Moskva caz səhnəsinin liderlərindən biri, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru, Rusiyanın əməkdar artisti Aleksandr Oseyçukun kvarteti də çıxış etdi. Kvartetin tərkibinə saksafonçu Janna İlmer də daxil idi. Rusiya daha bir güclü kollektivlə - Moskvanın MosGorTrio qrupu ilə də təmsil olunmuşdu. Qrupun tərkibində dinləyicilərimizə yaxşı tanış olan pianoçu Yakov Okun, zərb alətlərinin mahir ifaçısı Aleksandr Maşin və basçı Anton Revnyuk var idi.
Amerika gitaraçısı Xayram Bullokun fank stilində yüksək enerjili və dinamik musiqi səsləndirdiyi konsert bakılılara xüsusi ovqat bəxş etdi.
Xüsusi qeyd etmək lazımdır ki, "Baku İnternational Jazz Festival-2007" proqramının rəngarəngliyinə görə əvvəlki iki festivalı kölgədə qoydu: əvvəllər ulduz adlara üstünlük verilirdisə, bu il hətta bakılılara məlum olmayan tərkiblərdə də çox tanınmış musiqiçilər var idi. Bundan başqa, festivalda ilk dəfə keçmiş sosialist düşərgəsi ölkələrindən - Macarıstan və Polşadan musiqiçilər iştirak edirdilər. Hazırda ABŞ-da yaşayan bakılı musiqiçi, məşhur Berkli Caz Kollecinin məzunu Zülfüqar Bağırovun və onun "ZJAZZ" kollektivinin çıxışı xüsusi maraqla qarşılandı. Eləcə də Volcano (ABŞ), hollandiyalı vokalçı Deniz Cann və bütün bakılıların çoxdan səbirsizliklə gözlədiyi, dahi Vaqifin qızı Əzizənin konsertləri müvəffəqiyyət qazandı. "Baku İnternational Jazz Festival-2007"-nin əvvəlkilərdən daha bir fərqi tanınmış musiqiçilərin: saksafonçular Aleksandr Oseyçukun və Janna İlmerin, Zülfüqar Bağırovun, Rusiyanın ən tanınmış pianoçularından Yakov Okunun, barabançı Billi Kobemin, braziliyalı perkussionist Marko Lobo və hollandiyalı müğənni Deniz Cannın çoxsaylı master-klassları oldu.
Caz həvəskarları heyranedici Əzizənin sehrli musiqisini, Billi Kobemin qeyri-adi mikslərini və Xayram Bullokun cazibədar ritmlərini hələ uzun müddət xatırlayacaqlar. Təəssüratlar lap növbəti musiqi bayramına, bu ilkindən də ulduzlu və möhtəşəm olacaq festivala qədər bəs edər.
MƏSLƏHƏT GÖR: