
ÖZ AXARINA BURAXILMIŞ UŞAQLIQ
Deyəsən, artıq bir neçə ildən sonra ölkəmizdə bircə dənə də olsun uşaq düşərgəsi qalmayacaq
Müəllif: İnna SULTANOVA Bakı
Yay dedikdə, bir çoxları, ilk növbədə, dolğun istirahəti təsəvvür edir və bu doxsan gün ərzində insanlar irəlidəki bütün il üçün güc toplamağa çalışırlar. Lakin vətəndaşlarımızın əksəriyyəti bunu çox arzulasalar da, ümumiyyətlə, nəfəslərini belə dərə bilmirlər: özlərini və ailələrini dolandırmaq üçün onlar hətta yayda da işləmək məcburiyyətindədirlər. Təəssüf ki, yaşamaq uğrunda bu gərgin mübarizədə yaşlılar çox vaxt uşaqları yaddan çıxarırlar. Sonuncular dolğun istirahət etmək arzusu ilə yayı böyük səbirsizliklə gözləsələr də, bu heç də onların hamısına qismət olmur.
Tədris ili ərzində gündüzlər uşaqlar günlərini məktəbdə keçirir, axşamlar isə valideynlərin nəzarəti altında olurlar. Tətil dövründə isə məktəblilərin külli miqdarda asudə vaxtı yaranır, işdə olan valideynlər isə əksər hallarda uşaqların onu necə keçirdiklərinə nəzarət edə bilmirlər. Bu isə uşaqların çoxdan arzusunda olduqları yay tətilini təbiət qoynunda, dəniz kənarında dincəlmək əvəzinə, tozlu, tüstülü şəhərdə keçirmələrinə gətirib çıxarır.
Son zamanlar uşaq və yeniyetmələrin böyük əksəriyyətinin yeganə əyləncəsi aramsız olaraq "sabun operaları" nümayiş etdirən televizordur. Təmiz havada olma isə, ən yaxşı halda, oğlanların futbol oynamaları, qızların isə sakamyalarda oturub, növbəti teleserialı müzakirə etmələrilə məhdudlaşır. Halbuki çox yaxın keçmişdə uşaqların yay vaxtı asudə vaxtlarını necə keçirmələri problemi, ümumiyyətlə, mövcud deyildi. Bakıda məktəblilər üçün çoxlu yay istirahət düşərgəsi fəaliyyət göstərirdi. İndi isə hər şey kökündən dəyişib və həmin düşərgələr barədə yalnız xatirələr qalıb. Bəs uşaqlar yay tətili zamanı nə ilə məşğul olsunlar? Məzuniyyətə çıxmaq imkanı olmayan valideynlər nə etsinlər? Bu problemi kim həll edə bilər? Problemin həlli vaxtı çatsa da, təəssüf ki, bu gün bütün bu sualları birmənalı şəkildə cavablandıra bilən yoxdur.
Alternativsiz yay...
Ramazanovlar ailəsində iki uşaq var - 11 yaşlı Samir və 9 yaşlı Toğrul. Uşaqların valideynləri - Sevda və Elçin Ramazanovlar özəl şirkətlərdə işləyirlər. Onların sözlərinə görə, qazandıqları pul yalnız yemək və geyim almaq, kommunal xidmətləri ödəmək üçün bəs edir. Yayda harasa getmək üçün vəsait toplaya bilmirlər. Üstəlik, şirkətləri pulu ödənilən məzuniyyət də vermir və işə qəbul zamanı rəhbərlik bu barədə düşünməyi belə ağıllarına gətirməmələri barədə onlara xəbərdarlıq da edib. Bu səbəbdən, nə Sevda, nə də Elçin işə qəbul olunduqları vaxtdan məzuniyyətə çıxmayıblar.
Sevdanın bütün yayı sevimli nəvələrilə keçirən anası ötən il vəfat etdiyindən, valideynlər uşaqlarının yayı mənalı keçirmələri üçün onları hara yerləşdirəcəklərini təsəvvür belə edə bilmirlər. Uşaqlar daim onları çimərliyə, təbiət qoynuna aparmalarını istəsələr də, həftədə cəmi bir istirahət günləri olan valideynlərin paytaxta yaxın çimərliklərdən birinə getmək üçün həmin günü gözləməli olduqlarını deməkdən başqa çarələri yoxdur. Qalan altı günü isə Samirlə Toğrul mənzildə dörd divar arasında keçirirlər, çünki valideynləri evdə olmayanda onlara həyətə düşməyi qadağan ediblər və bu tamamilə başa düşüləndir.
Tanışları Sevdaya uşaqları yay istirahət düşərgələrindən birinə göndərməyi məsləhət görsə də, deyəsən, bu ideyanı da gerçəkləşdirmək onlara nəsib olmayacaq. S.Ramazanova öyrənib ki, Azərbaycan ərazisində belə düşərgələr var, lakin onların sayı çox az olduğundan, ora düşmək, demək olar ki, mümkünsüzdür. Məsələ ondadır ki, dövlət düşərgələri əhalinin, ilk növbədə, güzəştlərə malik olan kateqoriyalarına (qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri və b.) üstünlük verirlər, idarə və müəssisələrə məxsus düşərgələrdə isə onları dəstəkləyən müvafiq nazirlik və idarələrin işçilərinin övladları dincəlirlər. Yeri gəlmişkən, belə düşərgələrə həmin qurumlara aidiyyəti olmayan "kənar adamlar" göndəriş ala bilsələr də, bu onlara çox baha başa gəlir - bir uşağın bir ay dincəlməsi üçün 200 manat ödəmək lazımdır.
Nə etməli? Uşağın yaxşı dincəlməsi üçün onu hara göndərməli? Sevda uşaqlar üçün göndərişlərin valideynlərin çalışdıqları müəssisələrdə verildiyi öz uşaqlıq illərini kədərlə xatırlayır. Valideynlər övladlarının yaxşı dincəlmələri üçün bu imkandan məmnuniyyətlə istifadə edirdilər. Üstəlik, göndərişin qiymətinin böyük hissəsini həmkarlar təşkilatı ödəyir, valideynlərin payına isə rəmzi bir məbləğ düşürdü... Bundan başqa, yay istirahət düşərgəsinə getmək yaxşı oxumaq üçün stimul da olurdu - əlaçıları, olimpiada qaliblərini "Orlyonok", "Artek" kimi elit düşərgələrə göndərirdilər ki, ora getmək hər bir uşağın ən pünhan arzusu idi.
İndi Azərbaycan ərazisindəki düşərgələrin əksəriyyəti (yeri gəlmişkən, hətta Bakının özündə, paytaxt parklarının ərazisində də bir neçə yay düşərgəsi vardı) ləğv edilib, onların yerində daha "lazımlı" obyektlər - şadlıq evləri, restoranlar ucaldılıb. Hələ də qalmaqda olan düşərgələr isə tənəzzülə uğrayıb və sanki nə vaxt dağıdılacaqlarını gözləməkdədir. İdarə tabeliyindəki (məsələn, DİN-in və s.) yay düşərgələrində vəziyyət yaxşı olsa da, hazırda onlardan yalnız imkanlı insanlar istifadə edə bilirlər. Bəs imkansız valideynlərin uşaqları? Dövlət Statistika Komitəsinin 1 yanvar 2007-ci il üçün məlumatına görə, belələri ölkə əhalisinin 32%-ni təşkil edir.
Dəryada bir damla?
Gənclər və Turizm Nazirliyindən bizə verilən məlumata görə isə, bu sahədə işlər bir o qədər də pis deyil və hökumət həmin istiqamətdə, hər halda, müəyyən iş aparır. Belə ki, yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili şöbəsinin rəisi Namiq Cəfərovun sözlərinə görə, ölkəmizin ərazisində yay düşərgələri hələ də mövcuddur və onlar hər il minlərlə uşaq və yeniyetməni qəbul edir. Məsələn, bu il Sumqayıtda aztəminatlı ailələrdən olan iki mindən artıq uşaq üçün nəzərdə tutulan gündüz düşərgəsi təşkil olunacaq. "Qeyd etmək lazımdır ki, Sumqayıt yay düşərgəsinin fəaliyyət göstərəcəyi yeganə şəhər deyil. Belə düşərgələr Azərbaycanın bir neçə bölgəsində - Şəkidə, Nab-randa, İsmayıllıda və s. təşkil olunacaq.
Təxmini hesablamalara görə, orta hesabla, bu yay mövsümündə ölkənin yay düşərgələrində 10 mindən artıq uşaq dincələcək. Yeri gəlmişkən, Nabranda idman düşərgəsi də fəaliyyət göstərir. Bundan başqa, Gənclər və Turizm Nazirliyi tərəfindən təşkil olunan bütün düşərgələr pulsuzdur.
Xatırlatmaq istərdik ki, ölkə prezidenti bu ili Gənclər ili elan edib. Odur ki biz vətəndaşlarımızın bu yaş kateqoriyasına xüsusi diqqət yetiririk. Nazirliyin gənclər təşkilatlarının liderləri, həmçinin tələbələr üçün yay düşərgələri açmaq planları da var. Keçən il istedadlı uşaqlar üçün düşərgə təşkil edilmişdi, bu il Müdafiə Nazirliyilə birlikdə hərbi-vətənpərvərlik düşərgəsi açmaq planlaşdırılır. Onu da qeyd edək ki, bizim artıq belə düşərgələr açmaq təcrübəmiz var.
Ən yaxın dövr üçün planlarımızda Azərbaycanda bütün dünya standartlarına cavab verən beynəlxalq səviyyəli (vaxtilə Sovet İttifaqındakılara bənzər) yay uşaq istirahət düşərgəsi yaradılması nəzərdə tutulub", - deyə N.Cəfərov qeyd etdi.
Müsahibimizin sözlərinə görə, bu il yay asudə vaxtı ilə bağlı olan əsas hadisə iyulun 5-dən avqustun 8-dək Böyük Britaniyada fəaliyyət göstərəcək beynəlxalq düşərgənin təşkili olacaq. Bu hadisə skaut təşkilatının yaradılmasının 100 illiyinə həsr olunub və orada dünyanın 200 ölkəsindən gəlmiş skautların toplantısı olacaq. Bu tədbirdə, bütövlükdə, 40 minə yaxın adam, o cümlədən Azərbaycandan olan nümayəndə heyəti də iştirak edəcək.
N.Cəfərov deyir ki, ölkəmizdə skaut hərəkatı mənşəyini 1997-ci ildən götürür, onun 12-25 yaş arasında 1200 üzvü var.
Azərbaycanın bəzi ictimai təşkilatlarının uşaqların asudə vaxtına biganə qalmadığını və bu problemin həlli üçün imkan daxilində bacardıqlarını əsirgəmədiklərini də qeyd etmək lazımdır. Belə ki, hər il ölkəmizin rus icması, Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklər yay düşərgələri təşkil edirlər. Lakin onların fəaliyyəti heç də əhalinin geniş kütlələrinin deyil, müstəsna olaraq həmin strukturlara yaxın olanların uşaqlarını ehtiva edir.
Bu sırada Suraxanı bələdiyyəsinin dəstəyilə Bülbülə qəsəbəsində məhdud fiziki imkanlara malik uşaqlar üçün yay-sağlamlıq düşərgəsi açan "Oriqami" uşaq-gənclər ictimai təşkilatı istisna təşkil edir.
Yeri gəlmişkən, nə üçünsə, ölkəmizin bu kateqoriyadan olan vətəndaşlarını hamı unudub, halbuki rəsmi statistik məlumatlara görə, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan 52 mindən artıq əlil uşaq var.
Hazırda bu düşərgədə aralarında uşaq serebral iflici, oliqofreniyaya düçar olan, Daun sindromlu, nitq qüsurlarına malik 67 uşaq dincəlir. Uşaqların yaşı 4-16 arasındadır.
"Oriqami" birliyinin sədri Namiq Cəfərovun sözlərinə görə, bu düşərgədə bütün xidmətlər pulsuzdur, uşaqlar səhər 9-dan axşam 5-ə qədər orada olurlar, düşərgədə 6 tərbiyəçi, fiziki tərbiyə üzrə rəhbər, musiqi rəhbəri, psixoloq və iki həkim-loqoped çalışırlar.
"Gün ərzində burada 3 dəfə yemək verilir, uşaqlarla pedaqoji iş aparılır, onlar şəkil çəkmək, oriqa, fiqurlar düzəltməklə məşğul olurlar, həftədə 3 dəfə onlarla musiqi məşğələləri keçirilir. Düşərgədə aparılan iş sayəsində inkişaflarında bəzi fərqli xüsusiyyətlər olan uşaqlar ünsiyyətə daha meylli və cəmiyyətə daha uyğunlaşmış olurlar".
Düşərgənin bütün yay ərzində 3 növbədə işləməsini arzulasaq da, buna sadəcə vəsaitimiz yoxdur və bu səbəbdən də yalnız iyul ayının 11-dək işləyəcəyik. Lakin inanmaq istərdik ki, əhalinin bu ən məzlum təbəqəsini təmsil edən belə uşaqlara yardım göstərməyə hazır olan xeyriyyəçi insanlar tapılacaq", - deyə N.Cəfərov qeyd etdi.
Biz "uşaqlar bizim gələcəyimizdir", "onlar dövlətin təməlini təşkil edir" deməkdən yorulmasaq da, təəssüf ki, bəzən bu gözəl sözlərin arxasında heç nə dayanmır.
Aydındır ki, gənc dövlətimizin dərhal həllini gözləyən çoxsaylı problemləri var, vəsait isə məhduddur və hamısına çatmır. Lakin fikrimizcə, ölkənin böyüməkdə olan vətəndaşlarının yay asudə vaxtının və istirahətinin təşkili gündəlikdə duran məsələlərin heç də sonuncusu deyil.
Özbaşına qalan, faydalı bir şeylə məşğul olmayan uşaqlar, müəyyən şərait yarandığı halda, azyaşlı cinayətkarların sıralarına qoşula, zərərli vərdişlər qazana bilərlər ki, bu da cinayətkarlığın növbəti artımına gətirib çıxarar. Odur ki təkcə uşaqların deyil, məhz bu səbəbdən, dövlətin də rifahının asılı olduğu yayda istirahətin necə təşkil edilməsi barədə indidən düşünmək lazımdır.
MƏSLƏHƏT GÖR: