25 Noyabr 2024

Bazar ertəsi, 01:38

ƏLİN CİBİNDƏ OLSUN, TURİST!

Məzuniyyəti layiqli keçirmək üçün nə qədər pul lazımdır?

Müəllif:

01.07.2007

İndi artıq Azərbaycanın turizm sahəsinin son zamanlar əsl bum yaşamaqda olması fikrilə çətin ki kimsə razılaşmasın. Burada qeyri-adi bir şey də yoxdur - əlverişli təbii-iqlim şəraiti, ildən-ilə təkmilləşən infrastruktur və servis xidməti ölkəmizə çoxlu turist cəlb edir.

 

Statistika ümidvericidir

Statistik məlumatlara görə, cari ilin ilk 5 ayı ərzində Azərbaycanda xarici qonaqlara $44,5 mln həcmində, yaxud keçən ilin analoji dövründən $27,4 mln və 160,2% çox xidmətlər göstərilib. Bu isə o deməkdir ki, bu il turist xidmətlərindən əldə olunan gəlir 2 dəfədən də çox arta bilər. Qeyd edək ki, 5 ay ərzində turist xidmətlərinin ixracının ümumi həcmində qeyri-rezidentlərin xərcləri yalnız $13,7 mln, yaxud 30,8% təşkil edib. 2006-cı ildə ölkəyə 923 min turist gəlib, 2007-ci ildə isə onların sayının  bir  milyon olacağı gözlənilir. Üstəlik, turist axını infrastrukturun daha da inkişaf etdirilməsinə  dəstək olur. Belə ki, 2001-2005-ci illər arasında istismara 106 mehmanxana verilib və bunlardan 10-u 2005-ci ildə tikilib. Hazırda cəmi 25 turist obyektinin inşası aparılır. Şübhəsiz, bütün bu göstəricilər sevindiricidir. Əgər Azərbaycan səyahətlər üçün ildən-ilə daha maraqlı olursa, deməli, birincisi, ölkədə turizm sahəsində biznesin çiçəklənməsi üçün hər cür şərait yaradılıb, ikincisi, bu, beynəlxalq arenada ölkənin müsbət imicinin yaradılmasında möhtəşəm rol oynayır. Mədəniyyət və Turizm Nazirliyinin dəyərləndirməsinə görə, builki istirahət mövsümündə də Azərbaycanda turistlərin sayının artım tempi keçən illərdəkindən geri qalmayacaq, yəni  azı  110% təşkil edəcək. 

 

Qiymətlər ceyran belində 

Elə həmin statistikaya görə, Azərbaycanda turist şirkətlərinin sayı durmadan artır. Lakin nazirlikdə qeyd etdikləri kimi, kəmiyyət artımı hələ heç də turist obyektlərinin işinin keyfiyyətinin yaxşılaşmasına dəlalət etmir. Bəzən yaşamaq, qidalanmaq və digər xidmətlərə görə qiymətlər çoxsaylı göstəriş və tövsiyələrə uyğun olmur. Artıq bir neçə ildir ki, nazirliyin təmsilçiləri təqdim olunan xidmətlərin keyfiyyətini və obyektlərdə sanitariya şəraitini hər il yoxlayırlar. Məhz elə ona görə ki, belə obyektlərin bir çoxunda xidmət səviyyəsi kifayət qədər aşağıdır. Nəticədə, yoxlamaların yekunlarına əsaslanaraq, nazirlik orta statistik vətəndaş üçün ən müqəddəs bir şey - həsrətlə gözlənilən yay istirahətindən  yararlananları tənbeh edir. Bu zaman onu da qeyd etmək zəruridir ki, istirahət zonalarının sayının artmasına baxmayaraq, onlar arasında rəqabət, demək olar ki, yox dərəcəsindədir. Nəticədə, turist xidmətlərinin qiymətləri nəinki aşağı düşür, əksinə, durmadan artır. İqtisadçılar bunun səbəbinin çox sadə olduğunu göstərirlər - turizmə müvafiq infrastrukturun inkişaf etməməsi və ya ölkədə daxili turizmin inkişafı üçün ilkin iqtisadi şərtlərin, yəni orta sinfin təmsilçilərinin sayının kifayət qədər  olmaması. Lakin razılaşın ki, bu heç də ölkəmizdə istirahətin qiymətlərinin əvvəlki kimi yüksək olaraq qalması üçün bəhanə ola bilməz. Həm də təkcə bir çox həmvətənimizin deyil, xarici turistlərin də qeyd etdikləri kimi, Azərbaycanın bəzi istirahət zonalarında, məsələn, Nab-randa qiymətlər bütün dünyada məşhur olan Antalya kurortlarındakı qiymətləri də artıq arxada qoyub. 

Belə ki, çoxlarına tanış olan Nabran istirahət zonaları 1 və 2 yerlik birotaqlı nömrələri arzulayanlara, orada kondisioner olub-olmamasından asılı olaraq, sutkada 45-60 manata təklif edirlər. İkiotaqlı ikiyerlik nömrələrin qiyməti artıq 80 manat, üçotaqlı ikiyerlik nömrələrin qiyməti isə 100 manat təşkil edir. Lakin praktika göstərir ki, ən qızğın dövrdə - iyulun 15-i ilə avqustun 15-i arasında Nabranda sutkası 200 manata dincəlməyi də təklif edə bilərlər. Doğrudur, bəzi obyektlərdə bir az ucuz - sutkası 15-35 manata da dincəlmək mümkündür, lakin bu halda  həmin qiymətə səhər, günorta və şam yeməkləri daxil edilmir. Əlbəttə, yerli sakinlərdən otaq kirayələyə də bilərsiniz. Lakin onda ya yeməyi özünüz hazırlamalı, ya da qiymətləri "ümumi" qiymətlərdən heç də geri qalmayan kafelərdə qidalanmalı olacaqsınız. 

Ölkənin digər kurort zonalarında  vəziyyət bundan heç də yaxşı deyil. Məsələn, Quba, yaxud Masallının gözəlliklərindən həzz almaq istəyi sizə  azı 250-300 manata başa gələcək. Qusarın rayon mərkəzinin yaxınlığında yerləşən dağ kurortunda isə balaca evlərin kirayə qiyməti  $80-100 təşkil edir.

 

Ən varlılar üçün

Nabranda 4 nəfərin 18 günlük istirahəti üçün putyovkanın qiyməti 200-300 manat olan və elə bir rahatlığı ilə fərqlənməyən çoxsaylı turbazalar da fəaliyyət göstərir. Lakin ora düşmək üçün hansısa həmkarlar təşkilatının köməyindən istifadə etməli olacaqsınız. Abşeronun pansionatlarına da həmkarlar xəttilə düşmək mümkündür. Lakin "R+"a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" ASC-dən bildirildiyi kimi, bu il putyovkaların qiymətləri də təxminən 20% artıb. Bu təkcə elektrik enerjisi tariflərinin yüksəlməsilə deyil, ölkəmizdə əmək haqqının daim artması ilə də bağlıdır. Axı  indi pansionat işçiləri keçən ildəkindən daha yüksək maaş alırlar. Odur ki bu il sizə putyovka 250, hətta 500 manata da başa gələ bilər. Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) putyovkaların 85% ödənilməsi üçün hər il xeyli vəsait ayırır. Lakin bu istirahət də müstəsna olaraq o vətəndaşlara nəsib olur ki, onların aylıq gəliri  minimum 200 manat təşkil edir. Bu zaman pansionat və sanatoriya işçiləri daim Rusiyada putyovkaların baha olduğunu vurğulayır, amma orada maaş və müavinətlərin bizdəkindən yüksək olduğunu unudurlar. Bundan əlavə, sıravi vətəndaşın ayrı-ayrı idarələrə məxsus pansionatlara putyovkanı məqbul qiymətə (həmkarların güzəştilə - real qiymətinin 15%-nə), həm də yay mövsümü zamanı alması real deyil. Belə putyovkalar elə tam dəyərinə də bir göz qırpımında satılır.

Gəlin  çoxsaylı ekspertlərin sözlərinə görə, əcnəbi turistləri cəlb etməli olan istirahət zonalarına - Quba, Qax, Nabran, İsmayıllı, Şamaxı və s. üzərinə  qayıdaq. Bəli, məsələn, Britaniyanın orta statistik sakini Azərbaycanda bir həftə dincəlmək üçün, təxminən, min ABŞ dolları xərcləmək imkanına malikdir. Üstəlik, əmin ola bildiyimiz kimi, indi bizdə ən möhtəbər istirahət zonaları (digərlərindən danışmağa dəyməz - hamı ən yüksək səviyyədə dincəlmək istəyir. Elə deyilmi?) elə məhz xaricdən gələn turistlər üçün nəzərdə tutulub. Lakin belə  birmənalı qayda da var: bu cür səyahətlər həmvətənlərimiz üçün əlçatmaz olduqda, xarici qonaqların axınına o qədər də bel bağlamaq lazım deyil. Qərb turist şirkətlərinin dəyərləndirmələrinə görə, o qədər də mükəmməl olmayan turist infrastrukturunun son dərəcə bahalı olması, üstəlik, Azərbaycana gələrkən bir neçə minik dəyişdirmək zərurəti Qərbdən çoxlu turist gəlməsi ehtimalını çox azaldır.

Belə çıxır ki, ölkənin füsunkar bölgələrindəki o qədər də inkişafı etməmiş infrastruktur yalnız yerli varlıların gəlirlərinə müvafiqdir, çünki belə istirahətin qiymətləri yalnız Dubay, Türkiyə, Yunanıstan və ya Misirə səyahətin qiymətilə  müqayisə edilə bilər, bəzən isə hətta ondan da bahadır.

P.S. Hazırda Azərbaycanda 2007-2012-ci illərdə turizmin inkişaf etdirilməsi proqramı hökumətə təqdim edilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, proqram uğurla həyata keçirildiyi təqdirdə, yaxın 10 ildə Azərbaycana hər il gələn turistlərin sayı 3 mln nəfərə qədər arta bilər. Lakin məsələ heç də rəqəmlərdə deyil. Bu gün biz ona nail olmalıyıq ki, Azərbaycanda istirahətin gerçəkliklərini bir dəfə görən turistlərdə bura bir də gəlmək istəyi yaransın. Axı  ölkədə turist infrastrukturunun inkişaf etmiş olduğunu elə məhz bu istək sübut edir.


MƏSLƏHƏT GÖR:

444