Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakı-2015 ilk Avropa Oyunları yüksək təşkilatçılıq və Azərbaycan idmançılarının parlaq qələbəsiylə əlamətdar oldu. Qazanılan 56 medal bütün idman növlərinin inkişafda olduğunu təsdiqləməklə yanaşı, həm də azərbaycanlıların idmana olan marağını göstərdi. 17 günlük idman yarışı Azərbaycan paytaxtı Bakının istənilən kütləvi yarışa ev sahibliyi etməyə hazır olduğunu sübut etdi. Sadalanan amillərlə yanaşı, "Bakı-2015" ilk Avropa Oyunlarının yaddaqalan məqamları az olmadı.
Anşlaq
Sirr deyil ki, kütləvi yarış təşkil edən ölkə yüksək təşkilatçılıqla yanaşı, həm də davamiyyətlə fərqlənməlidir. Avropa Olimpiya Komitəsi Avropa Oyunları ərəfəsində azərbaycanlıların idman növlərinə marağı olub-olmayacağını söyləməkdə çətinlik çəkirdi. Çünki böyük yarışlarda idman zallarında əsasən yerli əhali olur. İlk Avropa Oyunları kütləvi yarışlara gözləniləndən çox maraq olduğunu göstərdi. Açılış və bağlanış mərasiminə biletlər vaxtından əvvəl satıldı. Üstəlik, yarışlar ərəfəsində boks, güləş, karate, cüdo, voleybol, bədii gimnastikaya biletlər tükəndi. İlk Avropa Oyunlarında bütün idman növlərinə maraq yüksək oldu. Sadə azərbaycanlı seçim edərək istədiyi idman növünə bilet almaqla idmançılarımıza dəstək nümayiş etdirdi. Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarından birində 5000 azarkeşin olması çox yüksək göstərici kimi tarixə düşdü. Yarışların final mərhələsində kassalarda olan növbələr yaxşı mənada bizləri təəccübləndirdi. İlk Avropa Oyunları göstərdi ki, Azərbaycanda keçirilən istənilən yarışda zallar boş olmayacaq.
Ailəvi dəstək
İlk Avropa Oyunları idmanda olan kütləviliyi göstərdi. Azərbaycanlılar yarışa ailəvi şəkildə yollanmaqla idman bayramından kənarda qalmadılar. Yarışlarda azyaşlı uşaqların olması gələcəkdə çoxlu sayda yeniyetmələrin boks, güləş, gimnastika və digər növlərlə məşğul olacağına səbəb olacaq. Bu isə idmanda kütləviliyi artıracaq, uşaq məktəblərində rəqabət yaradacaq. İlk Avropa Oyunlarına qədər biz heç bir yarışda ailəvi şəkildə idmançılarımıza dəstəyin şahidi olmamışdıq.
Prezidentin dəstəyi
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və ailə üzvlərinin bütün yarışlarda arenada olması idmançılarımıza böyük ruh yüksəkliyi verdi. İlk Avropa Oyunlarının ən unudulmaz məqamlarından biri dövlət başçısı İlham Əliyev və "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qızıl medalları çempionlarımıza şəxsən təqdim etməkləri oldu. Mükafatlandırma mərasiminin möhtəşəmliyini artıran bu məqam hər bir idmançımızı maksimum nəticə göstərməyə sövq etdi. Bütün idmançılarımız dövlət başçısı İlham Əliyevin arenada olmasının onlara böyük dəstək olduğunu söyləməsi fikirlərimizi təsdiqləyir.
Könüllülər ürəklə işlədilər
İlk Avropa Oyunlarında, ümumilikdə, 12 mindən çox könüllü çalışdı. Onlar müxtəlif arenalarda azarkeşlərə, jurnalistlərə və rəsmi şəxslərə kömək etməklə yarışın yüksək səviyyədə keçməsinə yardımçı oldu. Açıq-göy geyimdə olan könüllülər mötəbər yarışın ayrılmaz hissəsinə çevrildi. Üstəlik, ilk Avropa Oyunlarında çalışan onlarla tərcüməçinin işi yaxşı mənada unudulmamalıdır.
Mənim polisim məni qoruyur
İlk Avropa Oyunlarında hüquq mühafizə orqanları işlərini yüksək səviyyədə yerinə yetirdi. Qızmar günəş altında səliqəli kostyumlarda çalışan polislərimiz kütləvi yarışlara hazır olduqlarını işlərilə sübut etdilər. Axşam seanslarında arenalara böyük axın zamanı hüquq mühafizə orqanları özlərini itirmədilər. Hamıyla mehribancasına davranan polislər təhlükəsizliyi qorumağın öhdəsindən gəldilər. Bu mənada ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində onların rolu danılmazdır. Dövlət Yol Polisinin əməkdaşları arenaların yaxınlığında, mərkəzi küçələrdə tıxac yaranmaması üçün lazımi işləri peşəkarcasına həyata keçirdilər.
Oyunlar xalqı birləşdirdi
İlk Avropa Oyunlarında şəhərdə çoxlu sayda fan-zonalar açıldı. Arenalara bilet tapa bilməyən şəhər sakinləri və qonaqlar idmançılarımızı Dənizkənarı Parkda quraşdırılan monitorda izlədi. Minlərlə azərbaycanlı idmançılarımızın qələbəsinə xalqla birgə sevindi. Yarışları parklarda izləyən minlərlə azərbaycanlı xalq olaraq birləşdi və qələbə sevincini bir-biriylə bölüşdü.
Media ümidləri doğrultdu
Sözsüz, ilk Avropa Oyunlarında ən böyük yük idman mediasının üzərinə düşdü. Yarışların keçirildiyi müxtəlif idman obyektlərindən tamaşaçıya və oxucuya ən son xəbəri çatdıran jurnalistlərimiz onlara bəslənən ümidləri doğrultdular. Unutmayaq ki, əksər jurnalistlərimizin kütləvi yarışlarda işləmək təcrübəsi olmayıb. Bu mənada gün ərzində 12 saat çalışan jurnalistlərimiz işini yüksək səviyyədə yerinə yetirdi. Hətta lazım gələndə müxtəlif TV və ya saytların əməkdaşları bir-birilərinə köməyini əsirgəmədilər.
Göz yaşları
İlk Avropa Oyunlarında sevinclə yanaşı, göz yaşlarının da şahidi olduq. Cüdo və qadın voleybolçularımızın çıxışı zamanı idmançılarımız hisslərini cilovlaya bilmədilər. Medalsız qalan təmsilçilərimiz media qarşısında ağladılar. Bu mənada millimizin kapitanı Oksana Parxomenkonun, taekvandoda gümüş medal qazanan Fəridə Əzizovanın, güləşdə bürünc medalçı olan Həsən Əliyevin göz yaşlarını unutmaq çətindir. Əgər Parxomenko üçüncü yer uğrunda görüşdəki məğlubiyyətə görə ağlayırdısa, Fəridəylə Həsən qızıl medal qazana bilmədikləri üçün göz yaşlarını saxlaya bilmədilər.
Himn
İlk Avropa Oyunlarında Azərbaycan idmanının şərəfini qoruyan milliləşdirilmiş legionerlər himnimizi ürəklə oxumaqla böyük rəğbət qazandılar. Özəlliklə karateçi İrina Zaretskaya, güləşçi Mariya Stadnik bir neçə ay ərzində öyrəndikləri Azərbaycan Respublikasının himnini fəxrlə oxudular. Əvvəllər futbol matçlarında rastlaşdığımız - himnin minlərlə azarkeş tərəfindən eyni zamanda oxunması ilk Avropa Oyunlarında təkrarlandı. Azarkeşlər də hər qələbədən sonra himnimizin birgə oxunması ənənəyə çevrildi.
"Bakı-2015" ilk Avropa Oyunları tarixdə yüksək təşkilatçılıqla yanaşı, həm də idmançılarımızın zəfəriylə yadda qalacaq. Kütləvi yarışları yalnız güclü dövlətlər keçirə bilər. Bu mənada Azərbaycan və onun idmançıları növbəti dəfə sübut etdilər ki, böyük gücə sahibdirlər. Və bu son deyil - yaxın illərdə bizi İslamiada, Şahmat Olimpiadası, "Formula-1" yarışları və futbol üzrə Avropa çempionatı gözləyir.
MƏSLƏHƏT GÖR: