
TERRA INCOGNITA: TANIŞLIQ BAŞ TUTDU
Azərbaycanın iş adamları Kaliforniya bazarında işləmək və okeanın o tayından iqtisadiyyatımızın qeyri-neft sektoruna sərmayə cəlb etmək niyyətindədirlər
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Mayın sonunda İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanın Qərbi Amerikadakı baş konsulluğunun təşəbbüsü ilə birinci Azərbaycan-Amerika biznes-konfransı təşkil olundu. Sevindirici haldır ki, bu biznes-forum harada gəldi deyil, Kaliforniya ştatında, 14 mln əhalisinin yarım milyondan çoxunu ermənilərin təşkil etdiyi Los-Ancelesdə keçirilirdi.
Forumun işində iqtisadi inkişaf nazirinin müavini M.Cabbarovun rəhbərliyilə nümayəndə heyəti iştirak edirdi. Forumu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və Beverli Hills şəhərinin meri Cimmi Delşad açdılar. Dünyanın ən varlı şəhərlərindən birinin meri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq, Azərbaycan cəmiyyətinin tolerantlığını ön plana çəkdi.
Artıq bir ildən çoxdur ki, Los-Ancelesdə Azərbaycanın baş konsulluğu fəaliyyət göstərir və o, 13 ştatı əhatə edir. Diplomatik korpusun fəal işi Azərbaycan diasporunun fəallaşmasına, Azərbaycanın əməkdaşlıq sahəsində böyük potensiala malik və qarşılıqlı mənfəət gətirəcək əlaqələrə hazır ölkə kimi tanınmasına yönəlib. Konsulluq bu yöndə vaxtaşırı müxtəlif tədbirlər keçirir. Onlardan biri də Amerikada Azərbaycan günlərinin təşkilidir.
Azərbaycanda İdxal və İnvestisiyalara Yardım Fondu - AZPROMO-nun prezidenti Emil Məcidov səfər təəssüratları ilə bizimlə də bölüşüb:
- Los-Ancelesdəki Azərbaycan konsulluğu bizi bu ölkəyə dəvət etdi və AZPROMO-nun müşahidə şurası bır sıra səbəblərdən onun ideyasını dəstəklədi. ABŞ nəhəng imkanlar ölkəsi, Kaliforniya isə inkişaf etmiş ştatlardan biri olsa da, Avropa və Amerikada Azərbaycanın potensialı tam təmsil edilməyib.
Qeyd etmək lazımdır ki, konsulluğumuz kifayət qədər maraqlı tədbir keçirməyə, işgüzar konfransda iştiraka çoxlu şirkət cəlb etməyə və birgə müzakirələr üçün şərait yaratmağa müvəffəq olmuş, cəmi 1 illik fəaliyyət ərzində vətənimizin pozitiv imicinin formalaşdırılması, Azərbaycanın həm də kommersiya sahəsində böyük potensiala malik ölkə kimi təbliğ olunması yönündə sox böyük işlər görmüşdür.
- İşgüzar təmasların ilk nəticələri necədir?
- Deyə bilərəm ki, Amerika biznesinin həm iri, həm də orta təbəqəsinin təmsilçiləri əlaqələrdə çox maraqlıdırlar və missiyamızın üzvləri bir sıra potensial tərəfdaşlarla danışıqlar apardı. Forumun nəticələrinə əsasən, kifayət qədər ciddi müqavilələr nəzərdə tutulur. Səfərdən öncə, Kaliforniya barədə yalnız ümumi məlumatımız var idi. Ştatın biznes imkanları haqqında konkret heç nə bilmədiyimizdən, bizim tərəfdən müxtəlif sahələri təmsil edən biznesmenlər qrupu iştirak edirdi.
Azərbaycana həsr olunmuş təqdimetmə mərasimi amerikalı həmkarlarımızın böyük marağına səbəb oldu. Ölkənin indiki durumu, həmçinin onun inkişaf perspektivləri nümayiş etdirildi.
Gələcək iş, birgə əməkdaşlıq biznes subyektlərinin maraq dərəcəsindən asılı olacaq. Sonadək obyektiv olsaq, aydındır ki, iş adamlarımıza yaxın bazarlarla işləmək daha sərfəlidir. Amma hadisələri yalnız kommersiya, sərfəlilik baxımından nəzərdən keçirmək heç də həmişə düzgün olmur. "Vətənpərvərlik" adlı bir anlayış var və biz azərbaycanlı biznesmenlərin bu gün öz ambisiyalarını dünyanın ən inkışaf etmiş ölkələrindən birində reallaşdırmaq qətiyyətində olduqlarını gördük.
İşgüzar imkanlarımızı necə qiymətləndiririk? Kaliforniyanın uzaqda olmasına baxmayaraq (12 saat fərq), müəyyən plan və məqsədlərimiz var. ABŞ-ın qərbində, hələlik məhdud çeşiddə olsa belə, Azərbaycanın ixrac mallarını görmək istəyirik. Birinci mərhələdə bu, alkoqollu və alkoqolsuz ənənəvi Azərbaycan içkiləri ola bilər. Satış nöqtələri və reallaşdırma bazarlarını necə axtaracağıq? Başlanğıc üçün ənənəvi, etnik cəhətdən bizə yaxın, məsələn, türk və İran supermarketlərinin imkanlarından, yəni artıq sahmanlı, fəaliyyətdə olan ticarət şəbəkəsindən istifadə etmək olar.
Bizi çox cəlb edən digər prioritet istiqamət, şübhəsiz, texnologiyaların transferidir. Etiraf etmək lazımdır ki, ABŞ bu sahədə dünyada aparıcı ölkədir, bizdə isə bazarın bu seqmentinin inkişafına, texnologiyaların ekspertizasına böyük tələbat var.
Bank sektorunda müəyyən istəklərimiz olsa da, onlar bir qədər təxirə salındı, çünki Kaliforniya bankları daxili bazara daha çox istiqamətlidir.
Bizim üçün çox önəmli tədbirlərdən biri Azərbaycanın Respublika günü şərəfinə keçirilən qəbul oldu. Burada ştatın çox nüfuzlu adamları iştirak edirdi. Beverli Hills şəhərinin (xatırladım ki, bu, Los-Ancelesin ən varlı rayonudur) meri bizi salamladı, Kaliforniyanın digər rayonlarından da nümayəndə heyətləri vardı, siyasi liderlərdən Kaliforniya qubernatoru Arnold Şvarseneggerin və Los-Anceles merinin təbrikləri oxundu. Qeyd etmək lazımdır ki, tədbirin təşkilatçısı olan baş konsulluğumuz həm Kaliforniya ştatının mərkəzi hakimiyyətində, həm də bölgələrdə müttəfiqlər axtarır, ölkəmizə dost münasibətilə seçilən və erməni lobbisinin nüfuz etmədiyi strukturlarla fəal əlaqələr yaradır. Bundan əlavə, biz konsulluğun azərbaycanlıları birləşdirmək səhəsində davamlı işinin şahidi olduq, yəni aparılan "Açıq qapı" siyasəti bütün səviyyələrdə əməkdaşlığa yardım edir. Diplomatik nümayəndəliyimiz böyük deyil, 6 nəfərdən ibarətdir. Odur ki bu prosesin fəallaşdırılması üçün işə Kaliforniyada yaşayan azərbaycanlıların cəlb olunması tamamilə məntiqidir.
Tədbir iştirakçısı, "Caspian Service" şirkətinin direktorlar şurasının sədri Rəhim Ələddin oğlu Sultanov isə Beverli Hillsdə keçirilmiş ilk Azərbaycan-Amerika biznes-forumuna münasibətini belə açıqladı:
- Bu, ABŞ-a ilk işgüzar səfərimiz olsa da, amerikalı həmkarlarımızın ölkəmizdə baş verən pozitiv proseslər, neft müqavilələri, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialı haqqında məlumatlı olmaları bizi çox məmnun etdi. Əlbəttə, bu, ilk növbədə, Los-Ancelesdəki Azərbaycan konsulluğunun əməyidir. Biz onun ətrafında möhkəm birləşmiş, həmrəy və fəal Azərbaycan diasporu gördük. Beverli Hillsdə Los-Ancelesin ən nüfuzlu yerlərindən biri - Regency Clubda keçirilən forumun iştirakçıları arasında ABŞ-da öz bizneslərini qurmuş azərbaycanlılarla yanaşı, Amerika şirkətləri də var idi. Azərbaycana maraq kifayət qədər yüksək səviyyədə nümayiş olundu: sabit siyasət, iqtisadi inkişafın yüksək göstəriciləri, Azərbaycan bazarında hələ tutulmayan boş yerlərin olması - bütün bunlar amerikalı investorların diqqətini stimullaşdırır. Tikinti sektorunun prezentasiyası ilə yanaşı, şirkətimiz turizm biznesinin imkanlarını da sərgilədi. İnvestisiya baxımından, amerikalı həmkarlarımız otel, istirahət evi, turist bazalarının tikintisi sahəsinə xüsusi maraq göstərdilər. Naftalanda sanatoriya, Hacıkənddə mehmanxana kompleksi inşası üçün təqdim etdiyimiz layihələrə əsasən, müştərək fəaliyyətin müxtəlif formaları mümkündür. Gələcəkdə bu kompleksləri Amerika şirkətlərinin idarəsinə vermək olar, axı heç kim üçün sirr deyil ki, bizim xidmət və servis sahəsində kadrlar yetişdirməyə ehtiyacımız var.
Üzlük materiallar, pəncərə detalları və karnizlər istehsal edən şirkətlə tanışlıq kifayət qədər məhsuldar oldu. Azərbaycanda belə istehsal yoxdur. Amerikalı mütəxəssislər ölkəmizdə bu materialların istehsalı üçün zəruri avadanlığı quraşdırmağa hazırdırlar.
Qurduğu işin gələcəyi barədə ciddi düşünən hər bir sahibkar yeni texnologiyalardan istifadədə maraqlıdır. "Caspian Service" şirkəti də bu sıradadır. Konsulluq bizim üçün yeni texnologiyalarla məişət lampaları istehsal edən "LEDtronics" şirkətilə görüş təşkil etdi: adi 100 vattlıq lampa cəmi 10 vatt sərf edir - bu, elektrik enerjisinə on dəfə qənaət etməyə imkan yaradan xüsusi texnologiyadır. Adi lampadan baha olmasına baxmayaraq, bu, sabahın məhsuludur. Şirkət 25 ildir ki, yeni texnologiyaların hazırlanması ilə məşğuldur, o, konkret olaraq, bu məhsulun istehsalı üzrə ixtisaslaşıb. Bu lampalar qənaətli və uzunömürlü olduğundan, bir sıra ölkələr onlardan yararlanmaq qərarına gəlib. Bundan əlavə, onlar adi lampalar kimi isti şualar yaratmır və bu, məsələn, qızmar yay günlərində əlavə narahatlıq törətmir. Təsəvvür edin ki, axşamlar şəhərin, reklam lövhələrinin və digər obyektlərin işıqlandırılmasında bu necə nəhəng qənaət imkanları yaradır! Tikdiyimiz evləri istismara verdikdən sonra şirkətimiz özü onlara xidmət etdiyindən, sakinlərin məsrəflərini azaltmaq üçün biz tikinti obyektlərimizdəki həyət və pilləkənlərin işıqlandırılmasında bu lampalardan istifadə etməyi planlaşdırırıq. Hazırda bizi maraqlandıran məhsulun istehsalı üzrə ixtisaslaşmış zavodla danışıqlar aparırıq.
Əməkdaşlıqda maraqlı olan bütün şirkətlərin dəvət olunduğu bu görüşləri təşkil etdiyinə görə Azərbaycan konsulluğuna minnətdarıq. Konkret bizim biznesimiz üçün bu forum uğurlu oldu. Gələcəkdə ölkəmizin işgüzar imkanları ilə tanış olmalarına şərait yaratmaq məqsədilə amerikalı həmkarlarımız üçün analoji səfərin təşkili planlaşdırılır.
Amerikada Azərbaycan günlərinə həsr olunmuş tədbirlər - işgüzar görüşlər, biznes-forum və s. əməyi, bacarığı və istedadı dünyanın ən inkişaf etmiş ölkələrinin birində səmərəli istifadə olunan azərbaycanlıların birləşməsinə xidmət edir.
P.S. Azərbaycanın biznes nümayəndələrinin səfəri çərçivəsində həm də Ervayn şəhərində Azərbaycan-Amerika Şurasının ofisinin açılışı oldu. Ən maraqlısı isə bu açılışın bizim üçün çox əlamətdar bir hadisə ilə üst-üstə düşməsi idi - 28 May Kaliforniyanın Oranj dairəsində Azərbaycan günü elan edildi. Nəzərə alsaq ki, 28 May həm də Ermənistanın müstəqillik günüdür, ermənilər isə bu dairədəki əhalinin böyük hissəsini təşkil edirlər, diplomatlarımızın belə qısa müddətdə Los-Ancelesdə qazandıqları uğurları xüsusi qeyd etmək vacibdir.
MƏSLƏHƏT GÖR: