
KUKLA OVSUNÇUSU
Azərbaycan Kukla Teatrının baş rejissoru Qurban Mənsimov: "Teatra iş yeri kimi yanaşmıram, elə bil, hər gün məni gözləyən istirahət və sevinc yerinə gedirəm"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Kukla teatrının tamaşa zalına düşəndə, insanın ürəyi nə isə sehrli və naməlum bir hissdən dayanır. Axı, çox tezliklə burada kuklalar canlanacaq, heyvanlar insan səsi ilə danışacaq və nağıllar sizi uşaqlıq illərinə aparacaq. "Kukla tamaşaları uşaqlara çoxlu sevinc və məmnunluq hissi bəxş edir. Lakin istənilən tamaşa həm də özündə tərbiyəvi əhəmiyyət daşıyır. Axı, xeyri və şəri, doğrunu və yalanı körpələr hələ uşaq ikən öyrənirlər", - deyə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru və baş rejissoru Qurban MƏNSİMOV hesab edir.
- Uşaqlıqda kim olmağı arzulayırdınız və nə üçün rejissorluğu seçdiniz?
- Şəkidə anadan olmuşam. Ta uşaqlıqdan rəsm çəkirdim, ağac oyması ilə məşğul idim, maraqlı əhvalatlar uydururdum və evdəkilərin qarşısında tamaşalar edirdim. Evdə tək qalanda, atamın alətlərini tapardım və ağacdan müxtəlif fiqurlar oyardım. Həmin əl işlərinin bəziləri indiyə kimi mənim kabinetimdə qalır. Bir də kinoya baxmağı həddindən artıq çox sevirdim və tez-tez valideynlərimlə Şəki Dram Teatrının tamaşalarına gedərdim. Yadımdadır altı yaşım olanda, anam məni "Məlik Məmməd" nağılının tamaşasına aparmışdı. Tamaşa zamanı gözlənilmədən baş qəhrəman mənə yaxınlaşdı və hərarətli baxışlarımı görüb, öz qılıncını çıxardı. Həmin an parlayan silaha toxunanda, məni sanki ildırım vurdu. Elə hiss yarandı, mənimlə sehrli nə isə baş verdi... Yəqin, məhz onda mən dönməz şəkildə və həmişəlik səhnə incəsənətinə vuruldum. Yuxarı sinifdə artıq dəqiq bilirdim ki, rejissor olacağam. Şəkidə məşhur taksi sürücüsü olan babam - Dadaş kişi bu işdə mənə kömək etmək qərarına gəldi və öz tanışından, o isə Rasim Ocaqovdan həmkarı Tofiq İsmayılovu məni imtahanlara hazırlaşdırmaq üçün razı salmağı xahiş edib. Tofiq müəllim razılaşdı və bir neçə aydan sonra mən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq və aktyor sənəti fakültəsinin birinci kursuna daxil oldum. Şəkidə sabit stereotip formalaşmışdı ki, aktyor - kişi sənəti deyil. Ona görə də qonşular hara daxil olduğumla maraqlananda, rejissorluq fakültəsinə cavab verirdim. "Rejissor nə ilə məşğul olur?" - qonşular sakitləşmirdilər. Mənim cavabım - "Rejissor - aktyorların direktorudur" - onlar tam qane olurdular və məndən əl çəkirdilər. Universitetdə məni rejissor sənətindən başqa, səhnə hərəkətləri də maraqlandırırdı. Bu, aktyorun rolu üzərində işində istifadə edə biləcəyi bacarıqlardır. Öz bədəni və plastikanı idarə etmək bacarığından, qəhrəmanın bədən dili ilə daxili aləmi və həyəcanını ötürmək qabiliyyətindən asılıdır. Bir dəfə öyrəndim ki, bizim universitetdə Bəxtiyar Xanızadənin məşğul olduğu qrup var. Bəxtiyar müəllim onlara qoşulmağı təklif edənə qədər, uzun müddət tələbələrin dərslərini açar yerindən izləyirdim. "Aç, qapıları, nəhayət, aç və içəri daxil ol", - dedi. Beləcə mən daha sonra Dövlət Pantomim Teatrı statusu alan "Dəli yığıncağı" pantomimasının studiyasına düşdüm.
- Bildiyim qədər, siz Bakı Musiqi Akademiyasının vokal bölməsini bitirmisiniz. Səhnədə oxumaq istəmisiniz?
- Xeyr. Mənsiz də müğənni kifayət qədərdir. Musiqi akademiyasında oxumağım, musiqi teatrının bədii xüsusiyyətlərini anlamaq və sonradan öz biliklərimi tamaşalarda istifadə etməyim üçün zəruri idi. Mən, həmçinin Tiflisdə Robert Sturuanın Beynəlxalq teatr ustad dərslərini də keçmişəm. Mən oxumağı, nə isə yeni bir şeyi bilməyi, eksperiment etməyi sevirəm. Hesab edirəm ki, həyat bizə ona görə verilib ki, hər gün nə isə yeni bir şey öyrənək, təcrübə toplayaq. Ali təhsil müəssisəsini bitirdikdən sonra özünü "elmli", artıq hər şeyi bilən və bacaran insanları anlamıram. Öyrənmək və inkişaf etmək heç vaxt gec deyil...
- Abdulla Şaiq adına Kukla Teatrına necə gəldiniz?
- Bir neçə il əvvəl Kukla Teatrının direktoru Rəşad Əhmədzadədən gözlənilmədən baş rejissor olmaq təklifi gəldi. Mən razılaşdım və yaradıcılığıma göstərdiyi diqqətə görə ona minnətdaram, o cümlədən mənim namizədliyimi təsdiqləyən Mədəniyyət və Turizm Nazirliyinə də təşəkkür edirəm. Uşaqları sevirəm və onlarla işləmək üçün artıq təcrübəm var idi. Uzun illər bundan əvvəl - pantomim teatrının aktyorları - Pərviz Məmmədrzayev, Elşən Rəfiyev və mən - ciddi şəkildə klounadanı öyrənirdik. Hər bir klounun öz obrazı və xarakteri var idi. Donquldanan və sadəlövh, ağlağan Zır-Zır - Pərviz, qayğısız və hər şeyi bilmək istəyən Ni-ni-Elman və ciddi və ağıllı Appa - mən. Demək olar ki, biz doğum günləri və uşaq şənliklərinə dəvət olunan, Bakıda səhnədə ilk klounlar və ilk animatorlar idik. Uşaqlar bizim çıxışlarımızda, zarafatlarımıza və oyunlarımıza heyran idilər. Bilirsiniz, uşaq sevgisinin sirri nədə idi? Çıxışlarımız zamanı biz uşaq olurduq. Uşaqlarla onların dilində danışırdıq və onlar bizdə öyrədilməli olan, gizlənqaç oynamaq, dəcəllik etmək və tullanıb-düşmək mümkün olan böyükləri görürdülər.
- Uşaqlarla işdə nə əsasdır?
- Sevgi. Uşaqları sevmək və onların psixologiyasını bilmək lazımdır. Uşaqlar - son dərəcə həssas varlıqlardır və hansı maskada gizlənməyinə baxmayaraq, onları aldatmaq mümkün deyil. Uşaqlar var ki, onlara evdə az vaxt ayrılır və onlar özlərinə qapanırlar və iynəli kirpilərə çevrilirlər. Və bizim məqsədimiz - onların bu qaranlıq məkandan geriyə cəmiyyətə qaytarmaqdır. Elə etməliyik ki, uşaqların teatrdan xoşları gəlsin və təkcə bəyənməsinlər, özləri üçün yeni, mühüm həqiqətlər kəşf etsinlər, daha xeyirxah, daha ağıllı, daha yaxşı olsunlar. Və bunun üçün biz artistlər, uşaqlarla ciddi məsələlər haqda danışırıq: sevgi və nifrət haqqında, xeyir və şər haqqında. Kukla Teatrının bu mənada böyük vəzifələri var. Axı, kuklalar hər şeyin öhdəsindən gələr: komediya, faciə, nağıl, dram, təmsil, istənilən ibrətli hekayə, metafora ... Ancaq bizdə predmetlər canlanır.
- Maraqlıdır, telekanallarda "dolanan" cizgi filmləri barəsində nə düşünürsünüz?
- Mən uşaqların bu aqressiv əcnəbi cizgi filmlərinə baxmaqlarına qarşıyam. Onlar nə öyrədirlər? Öldürmək, dağıtmaq və məhv etmək. Televizorda yayımlanan əksər müasir cizgi filmləri uşağın inkişafına pis təsir edə, onda aqressiyaya meyillilik, müxtəlif növ asılılıqlar yarada bilər və hətta cizgi filmlərinin psixi pozuntulara gətirib çıxardığı hallar da var. Ona görə də uşaqları animasiya məhsulu ilə nəzarətsiz tamaşa etməyə imkan vermək olmaz. Bu gün əksər valideynlər uşaqlarına nağıl oxumurlar - vaxt da çatmır, həyat da indi elədir ki, bu çətin dünyada sehrbazlıq da gözdə yoxdur. Və əgər uşaqlardan soruşsaq ki, sevimli nağılları hansıdır, əksəriyyəti susacaq. Sevimli nağıl qəhrəmanının adının əvəzinə isə məşum kosmik gəlmə haqda hansı isə bir cizgi filminin və ya kompüter oyununun personajını deyəcəklər. Belə çıxır ki, müasir uşaqlar köhnə nağıl qəhrəmanlarını tanımırlar, yenilərini isə yazıçı-nağılbazlar hələ düşünməyiblər. Düşünürəm ki, nağılların xoş ənənəsini bərpa etmək və uşaqlara xeyirxahlıq, mərdlik və insanlıq öyrədəcək yeni nağıl personajları yaratmaq zamanı yetişib. Mənim qızım böyüyür. O, tamaşalarımıza gəlməyi və sonra nağılın süjetini mənimlə mütləq müzakirə etməyi çox sevir. Ondan çox şey öyrənirəm. Ümumiyyətlə, mən uşaqlardan çox şey öyrənirəm. Böyüklər tez-tez unudurlar ki, nə vaxtsa uşaq olublar. Həmişə böyüklərdəki uşağı oyatmağı sevmişəm.
- Teatrınızın repertuarından danışın. Səhnənizdə yeni nə görmək olar?
- "Çəkməli pişik" - fransalı yazıçı Şarl Perronun ən məşhur nağıllarından biridir. XVII əsrdə yazılmasına baxmayaraq, nağıl artıq neçə yüzilliklərdir uşaqların sevimlisi olaraq qalır. Tamaşanın quruluşçu - rejissoru Anar Məmmədovdur. Tamaşaya bəzi dəyişikliklər ediləcək, xüsusən tamaşanın əsas mövzularını açmağa kömək edəcək yeni qəhrəmanlar olacaq. Tamaşanın quruluşçu rəssamı - Rəvanə Yaqubova, bəstəkarı - əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Bizim teatrda görə biləcəyimiz daha bir tamaşa - nağıl "Ağ babanın nağılı"dır, ssenarisini mən yazmışam. Bu marionetlərlə (mexanizm ilə hərəkət edən kukla) olan ənənəvi kukla tamaşası deyil, böyük kuklalarla (maskotlar) olan interaktiv tamaşadır. Maskotlar - içərisində insan olan kukla-kostyumdur. Kostyum və maska geyinən aktyorlar öz emosiyalarını bədən hərəkətləri və jestlərlə göstərməli olur. Tamaşada uşaqlar təkcə izləyici deyillər, həm də suallara cavab verən, onlara kömək edən, onlarla birgə oxuyan aktiv iştirakçılardırlar. Səhnəmizdə maskotlarla tamaşa qoymaq qərarına gələndə, əksəriyyət buna şübhə ilə yanaşırdı - adətən, ikimetrlik kuklalar böyük səhnələrdə və stadionlarda çıxış edirlər. Lakin bizdə alındı! Teartın baş rəssamı İqbal Əliyev bizim sexlərin əməkdaşlarından ibarət komanda ilə aktyorlar üçün altı çox gözəl kostyum və plüş (xovlu məxmər) və fetrdən (ən zərif keçə) olduqca parlaq dekorasiya hazırladı. Yumşaq və səliqəli evciyin yanında eləcə yumşaq və rahat meşə alındı. Balaca tamaşaçılar çox bəyəndilər!
Digər yeni tamaşa "Tıq-tıq və Tak-tak nağıl"ı mən Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı motivləri əsasında yazdım. Balaca tamaşaçıları kədərləndirməmək üçün qəmli finalı dəyişdim və qayğısız Tıq-tıq xanım üçün yeni dost Taq-taq fikirləşdim. O, Tıq-tıqla qonşuluqda yaşayır və ona sadiq dost olmağa hazırdır. Lakin Tıq-tıq xanım düşüncəsizdir, onu heç sezmir də. Bir dəfə qışda Tıq-tıq ona böyük bir göl boyda görünən gölməçəyə düşür. Onu cəsur Taq-taq xilas edir. Mahnılara musiqini Vüqar Camalzadə yazıb.
Tamaşa zamanı balaca tamaşaçılar qəhrəmanların halına acıyırlar - onlara məsləhətləri ilə kömək etməyə çalışırlar, ədalətsizliyə hiddətlənirlər və xoşbəxt sonluğa sevinirlər. Dekorasiyalar sönən işıqda dəyişdirilir. Çalışıram həmişə işığı tam söndürməyim, çünki uşaqların əksəriyyəti qaranlıqdan qorxur. Uşaq zalda oturarkən qorxu hiss etməməlidir. Teatra yenidən gəlmək istəyinin olması üçün uşaq burada özünü komfortlu və rahat hiss etməlidir. Axı, böyük dramatik incəsənətə sevgi Kukla Teatrına belə səfərlərdən başlayır.
- Maraqlıdır, uşaqlıqda balaca Qurbanın nağıl qəhrəmanları kimlər idi?
- Məlik Məmməd və İlya Muromets. Mən doğma torpağını hər cür şeytandan azad edən, divlər və əjdahalarla döyüşən cəsur və güclü nağıl qəhrəmanlarını xoşlayırdım. Bir də mən "Morozko" sovet filmində Georgi Millyarın ifasında Baba-Yaqanı çox sevirdim. Onun qəribə xışıldayan səsini yamsılamağı xoşlayırdım. Ümumiyyətlə, mən həmişə aktyor və müğənniləri parodiya etməyi sevmişəm. Hətta Hərbi-Dəniz Qüvvələrində xidmətim zamanı mahnı və rəqs ansamblında öz parodiyalarım və çıxışlarım ilə hamını əyləndirirdim.
- Sizin kino və teatrda çoxsaylı rollarınızdan başqa, tamaşaçılar sizi həm də kulinariya şousunda Nəm-nəm məzəli varlıq obrazında da xatırlayırlar. Bu sizin kukla janrı ilə ilk tanışlığınız idi?
- Bəli. Mən "Nəm-nəm" yaratdım və 10 ildən artıq müddətdə biz onunla ayrılmaz idik. Mən əllərim vasitəsilə bu qəribə varlığın obraz və şəxsiyyətini yarada bildim. Sağ və sol əlimi birləşdirdim və şən nağılvari insancıq - mətbəxtdə yaşayan evdar və qulyabanı alındı. Bilirsiniz, mən həmişə universal olmağa çalışmışam. Hər dəfə nə isə yeni bir şeyə başlayanda, fikrimdə tutduğumun bütün aspektlərini öyrənirdim. Nəticədə, videomaterialları çəkmək və montaj etmək, teatr dekorasiyalarının eskizlərini çəkmək, şəkil çəkmək, oxumaq və rəqs etməyi öyrəndim.
- Kənardan siz xoşbəxt görünürsünüz...
- Belədir. Mənim problemlərim - mənimdir və onları heç kimə vermərəm. Hamıya gülüş, sevinc və xoşbəxtlik vermək lazımdır. Deyinməyi və gileylənməyi ... Bülbülə - Quldura saxlayaq ... Bizim işimiz - gözəl olanı yaratmaqdır. Məşğul olduğum iş mənim üçün zövqdür. Düşünürəm, xoşbəxtliyim də elə bundadır. Axı, həyat ondan zövq alanlara ən yaxşısını verir. Teatra isə mən işə getdiyim kimi deyil, məni gözləyən istirahət və sevinc yerinə gedirəm.
MƏSLƏHƏT GÖR: