Müəllif: Vəfa ZEYNALOVA Sabirə MUSTAFAYEVA Bakı
Bir mənzərəni xatırlayın. Qızmar yay günü, böyük bir şəhər məktəbi və ya ali məktəb. Hər kəs övladının qəbul imtahanından çıxmasını gözləyir. Valideynlər, hətta abituriyentlərdən artıq həyəcanlanır. Axı, hər bir imtahan, sadəcə, uzun müddət davam etmiş gərgin işin nəticəsi yox, həm də istər imtahanı verən, istərsə də onun yaxınları üçün əsl stressdir. İndisə mənzərəni bir qədər dəyişək, təsəvvür edək ki, bir müddət sonra (daha dəqiq desək, saatyarımdan sonra) təhsil ocağının qapısından 16-17 yaşlı həyəcanlı oğlanlar və qızlar deyil, qorxu içərisində olan 5-6 yaşlı körpələr çıxacaq. Bununla yanaşı, "böyüklər"dən fərqli olaraq, uşaqların qəbul imtahanları iki mərhələdə keçirilir: yazılı və şifahi.
Bir qədər qanunvericilik haqda
Əlbəttə ki, daha sürətli xarakter almış həyat ritmi, informasiya həcminin, eyni zamanda təhsillə bağlı tələblərin artması və ümumiyyətlə, zaman öz normativlərini diktə edir. Lakin "avropalaşmağa" və beynəlxalq standartlara can atmaq bir sıra hallarda təhsil sistemimizdə biabırçı vəziyyətin yaranmasına da yol açır. Jurnalımız təhsildə olan problemlərə, valideynlərin şikayətlərinə dəfələrlə yer ayırıb. Keyfiyyətli təhsil axtarışında olan valideynlər "məktəb bazarı"nda övladlarına az-çox layiqli bilik verəcək məkan axtarışındadırlar. Bu işdə əsas diqqət şəhərin mərkəzində yerləşən məşhur məktəblərə, liseylərə və gimnaziyalara yönəlir. Təbii ki, istənilən bazarda olduğu kimi, buranın da öz qanunları var. Təhsilə həvəsli uşaqların yolunda çoxsaylı imtahan barrikadaları düzülüb. Üstəlik, bu "barrikadalar"ın hündürlüyü məktəbdən məktəbə fərqlənir. Məktəbə - ibtidai sinfə qəbul mövsümünün başlanmasından əvvəl (cari il bu, apreldə baş verib) təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri səlahiyyətlərini icra edən Ceyhun Bayramov məktəb və ümumtəhsil ocaqlarının direktorlarına uşaqların ibtidai sinfə qəbulu üçün işçi qrupunun yaradılmasına dair müvafiq göstəriş verib. Bu qruplarda direktorla yanaşı, tədris-tərbiyə hissəsinin rəhbəri, psixoloq, həkim və valideynlər şurasının nümayəndələri də yer alır. Nazirlik nümayəndəsinin tövsiyəsinə əsasən, məktəbə qəbul zamanı qrup əsas diqqəti uşağın fiziki və zehni inkişafına, həmçinin bilik səviyyəsinə yönəltməlidir.
Məktəbəqədər aqibət
Beləliklə, maariflənmə yoluna yeni qədəm qoymağa hazırlaşan bu balaca adamlar ilk andan böyüklərdən ibarət böyük bir heyətin qarşısına çıxmalıdırlar. Üstəlik, əksər hallarda valideynlər imtahana buraxılmır və bu mənada sözügedən sınağın uşaq üçün nə qədər ağır keçə biləcəyini təsəvvür etmək mümkündür. Bu, uşağın məktəbə olan həvəsini öldürməyə bilməz. İmtahanlara gəlincə, respondentlərimizin - gələcək birinci sinif şagirdlərinin valideynlərinin dediklərinə görə, uşaqlara verilən suallar və misallar məktəbə görə fərqlənir (bu, onların rəsmi şəkildə təsdiqlənmədiyini bir daha sübut edir). Məsələn, bəzi məktəblərdə uşaqlara yanaşma az-çox adekvatdır. Onlarda uşağın ümumi inkişafını yoxlamaqla kifayətlənirlər: adını, soyadını, yaşını deyə bilsin, rəngləri, formaları fərqləndirsin, həftənin günlərini, ev heyvanlarının adlarını sadalamağı bacarsın və s. Bəzi məktəblərdə isə üstünlük vətənpərvərliyə verilir: uşaq hansı ölkədə yaşadığını, paytaxtın necə adlandığını, ölkənin hansı dövlətlərlə həmsərhəd olduğunu və s. bilməlidir.
Psixoloq Mədinə Sabitova bildirir ki, uşaqlarda vətənpərvərlik xeyli sonralar inkişaf etməyə başlayır. Onların materialı mənimsəməsi isə mexaniki əzbərləmədən başqa bir şey deyil. Demək, bu, uşağın inkişaf səviyyəsinin göstəricisi sayıla bilməz.
"Məntiqi" məsələləri isə xrestomatiya saymaq olar. Orada statistik uşaq üçün bu məsələlərin həlli çox çətin, yaxud mümkünsüzdür. Yeri gəlmişkən, bir çox məktəbəqədər təhsil mərkəzlərində uşaqlara məntiq hazırlığı da keçirilir. Lakin uşaqda bədii və məntiqi düşüncənin inkişafı uzun, çətin və dəyişkən prosesdir. İmtahan suallarına gəlincə, görünən odur ki, onlar eyni mənbədən götürülür. Bu, 2002-ci ildə "Eskmo" nəşriyyatı tərəfindən çap olunmuş və nədənsə "Riyaziyyat kitabı" adlandırılmış kitabdır. Ən xoşagəlməz olanı isə odur ki, uşağın suallara yanlış cavab verməsi onun məktəbə qəbul edilməməsilə nəticələnə bilər.
Uşağın özünə qapanmaması üçün
Uzun illər məktəbdə işləmiş psixoloq Humay Axundzadə onlarda bu imtahanların necə keçirildiyi haqda danışır: "Biz qəbul zamanı uşaqları test edirdik. Lakin bu, şən, oyun elementlərilə olurdu. Əks təqdirdə, bunun mənası yoxdur. Uşaq özünə qapanacaq və hər şey puç olacaq. Uşaqla söhbətin hansı tonda aparılması çox böyük əhəmiyyət daşıyır. Bir böyük bir uşaqla söhbət etməli, yaxud bir neçə uşaq bir böyük insana imtahan verməlidir. Əks təqdirdə, böyüklər uşağa təsir göstərəcəklər. Bundan başqa, imtahan zamanı qərəzliliyə, yaxud əksinə, etinasızlığa yol verilməməlidir. Bu halın hər ikisi uşaqda sarsıntı yarada bilər. Test zamanı sərt şəkildə çərçivəyə riayət etmək də vacib deyil. Uşaqla yumşaq, müxtəlif mövzularda danışmaq, ona dəstək verməyə çalışmaq lazımdır. Məktəb yaşına çatmamış uşaqlara gəlincə, onlar vaxtlarının böyük hissəsini oyunlar oynamaqla, oyun prosesində nələrisə öyrənməklə keçirməlidirlər. Onlar nə fiziki, nə də psixoloji cəhətdən uzun müddət parta arxasında əyləşməyə hazırdırlar. Bundan başqa, psixoloqlar valideynlərin uşaqları məktəbə vaxtından əvvəl vermək istəyini heç cür dəstəkləmirlər. Uşağın əqli inkişafı yaşını qabaqlayırsa belə, 1-2 il sonra o, fiziki cəhətdən tükənir. Odur ki, bu işdə tələsmək lazım deyil".
Məntiq testlərinə gəlincə, psixoloq deyir: "Uşaqla doğulduğu andan məşğul olmaq lazımdır. İlk dövrdən bunu etmək çətin deyil. Çünki o, təbiətcə hər şeyi öyrənməyə həvəsli olur. Sadəcə, böyüklər uşaqla məşğul olmaq üçün vaxt tapmalıdırlar. Bundan başqa, uşaq bağçaları məsələsi də var. Uşağa nəsə öyrətmək heç də mütləq parta arxasında əyləşmək demək deyil! Uşağın əsas fəaliyyəti oyunlar olmalıdır. Bağçalarda uşaqları inkişaf etdirəcək oyunlardan ibarət proqram düşünülməlidir".
Şöhrət xatirinə
Təhsil Nazirliyinin adının açıqlanmasını istəməyən eksperti "R+"a açıqlamasında bildirib ki, ən nikbin bölgüdə, ən yaxşı şəraitdə belə, bu və ya digər məktəbə qəbul zamanı uşaqların bir hissəsi imtahandan keçə bilmir: "Misal kimi, musiqi məktəblərinə və ya incəsənət universitetinə qəbulu götürmək olar - bütün uşaqlar nə qədər istedadlı olsalar da, konkurs anlayışı var. Yəni qəbul üçün yerlərin sayı məhduddur". Ali, xüsusi və peşə tədris ocaqlarında bu cür yanaşmanın məntiqi var. Ali təhsil ocaqlarına qəbul yerlərinin məhdud olduğu şəraitdə idealda xüsusi və texniki-peşə təhsili kimi alternativlər olmalıdır. Bəs, məcburi ibtidai təhsil sahəsində vəziyyət niyə belədir? Axı, qanunvericiliyə əsasən əgər məktəb uşağın yaşadığı rayonun ərazisindədirsə, onun məktəbə qəbulu üçün imtahan vacib şərt deyil və uşağın məktəbə qəbulundan imtina oluna bilməz.
Problem ondadır ki, periferiya və adi rayon məktəbləri öz təhsil və tərbiyə funksiyalarının öhdəsindən gələ bilmirlər. Nəticədə, geniş populyarlıq qazanmış liseylərlə, gimnaziyalarla, bir sıra mərkəzi şəhər məktəblərilə rəqabət güclənir. Uşaqlarına səviyyəli təhsil vermək istəyən valideynlər təhsil ocaqlarını "nüfuzuna", orada yaxşı müəllimlərin işləməsinə görə süzgəcdən keçirir. Məktəblər və liseylər isə həddindən artıq uşaq axınından xilas olmaq üçün kifayət qədər sərt (və özbaşına) qəbul normativləri, imtahanlar müəyyənləşdirirlər.
Yeri gəlmişkən, obyektiv göstəricilərdən belə məlum olur ki, bütün bu sərt normativlər heç də keyfiyyətli təhsilin olacağına zəmanət vermir. Qəbul imtahanlarının nəticələri ildən-ilə pisləşir və bu, deyilənlərə sübutdur. "Abituriyent" jurnalının məlumatına görə, 2011/2012-ci tədris ilində buraxılış imtahanlarında minimum bal (0-100) toplamış abituriyentlər 38,66% təşkil edib. Sonrakı illərdə bu göstəricinin artım dinamikası müşahidə olunmaqdadır: 41,70% - 2012/2013, 42,98% - 2013/2014, 43,89% - 2014/2015. Beləliklə, sərt qəbul imtahanları məktəb xidmətləri bazarının, sadəcə, bir mərhələsidir.
Əsas problem isə hər bir uşağa fərdi yanaşmanın vacibliyidir. İdealda uşağın məktəbdə təhsil sisteminə hazır olub - olmadığını müəyyənləşdirmək üçün 3 göstərici var.
Uşaq o zaman hazırdır ki...
Birinci parametr uşağın emosional-psixoloji vəziyyəti, yəni məktəbə getməyə hazır olmasıdır. Psixoloqlar bu vəziyyəti müəyyənləşdirmək üçün dəqiq mexanizmlərə, indikatorlara malikdirlər. Yeri gəlmişkən, belə testlərdən biri uşaqdan insan və öz ailəsinin şəklini çəkməsini istəməkdir. Uşağın insan şəklini necə çəkməsi onun özünə, ətraf mühitə münasibətilə əlaqədardır. Bu, mütəxəssisə uşağın necə düşündüyünü göstərir. Ailənin şəklinin çəkiliş forması isə uşağın ailədəki vəziyyətini ortaya qoyur (variantlar - uşaq anasına sıxılıb, ata isə kənarda dayanır, uşaq balaca, valideynlər isə həddindən artıq böyükdür - uşağın ailədəki mövqeyinin indikatorudur).
İkinci parametr gələcək şagirdin fiziki durumunun qiymətləndirilməsidir. O, 6 yaşında olarkən müəyyən fiziki inkişaf səviyyəsinə çatmalı, çətinlik çəkmədən çömbəlib qalxa bilməli, sola, sağa dönməlidir və s.
Üçüncü parametr uşağın zehni səviyyəsinin yoxlanılmasıdır: nitqi, rəngləri seçə bilmə bacarığı, formaları fərqləndirməsi, saya bilməsi. Ən yaxşı test isə zəngin şəkilli kitablardır. Bu, uşağın danışıq qabiliyyətini də (onun şəkildə gördüklərini necə "rahat" izah edə bilməsi), bacarığını da göstərəcək.
Ələmək yox, qəbul etmək
Bu cür test etmə istənilən məktəbdə var və o, arzuedilməz şagirdlərin "ələnməsinə" deyil, inkişaf, qabiliyyət səviyyəsindən asılı olaraq, hər kəsə düzgün yanaşmanın təmininə xidmət edir. Bu məsələdə yalnız ixtisaslaşmış məktəblər istisnadır: musiqi, rəsm məktəblərində, həqiqətən, müəyyən bacarıqlara ehtiyac var. Eyni sözləri xüsusi sertifikatlaşdırılmış tədris proqramına sahib xüsusi istedadlı uşaqlar üçün olan Bakı Avropa Liseyi haqda da söyləmək olar. Bu məktəbə qəbul üçün keçirilən hazırlığın xüsusiyyətlərini nəzərə alsaq, uşaqlardakı qeyri-adi bacarıqların üzə çıxarılması üçün ciddi sual-cavab, həqiqətən, vacibdir. Bununla yanaşı, bəzi valideynlər şöhrətpərəstlik edərək uşaqlarını "istedadlı" adlandıraraq, belə məktəblərə verməyə çalışırlar. Lakin onlar anlamırlar ki, istedadlı olmaq ağır öhdəlik və məsuliyyətdir və orta bacarıqlara malik uşaqlar heç də hər zaman bu yükü daşıya bilmir. Bundan başqa, əksər valideynlərin düşünmədikləri daha bir məqam var: nazirlik tərəfindən hazırlanmış tədris planı bütün məktəblər üçün eynidir. Odur ki, məktəbə qədəm qoyan hər bir uşağa vahid tədris proqramı keçilir.
Uşaqlar üçün nəzərdə tutulan qəbul imtahanlarının keçirilmə vaxtı da lazımi səviyyədə düşünülməyib. 6 yaşlı uşaq üçün inkişaf baxımından bir neçə ay çox vacibdir və bu, imtahanın nəticələrinə təsir göstərə bilər. Odur ki, imtahanların mayda deyil, avqustda və ya sentyabrda keçirilməsi daha optimal variantdır.
Bütün bunlarla yanaşı, valideynlərə veriləcək əsas məsləhət subyektivizmdən xilas olmaları, uşağı 6 yaşı olmadan məktəbə qoymaq istəyindən əl çəkmələridir. Ümumiyyətlə, məktəblər uşaqları 6 yaşında qəbul etməməlidirlər. Uşağın orqanizminin imkanları, sistematik biliklərə yiyələnmə bacarığı baxımından ən optimal dövr 7 yaşdır.
Heç bir uşaq təhsilsiz qalmamalıdır. Bu təbii humanist prinsip məktəbəqədər təhsil sisteminin əsasını təşkil etməlidir. Bu işdə ixtisaslı, peşəkar kadrlar, lisenziyalı psixoloqlar və sistemli iş həyati əhəmiyyət daşıyır.
MƏSLƏHƏT GÖR: