14 Mart 2025

Cümə, 22:35

PROBLEMLƏRƏ RƏĞMƏN…

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır

Müəllif:

01.07.2007

Rusiya daim Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biri sayılıb. Doğrudur, hərdən biznes sahəsində qarşılıqlı münasibətlərdə problemlər yaşanır, narazılıqlar olur. Məsələn, Rusiya qazının Azərbaycana ixrac qiymətlərinin artırılması kimi. Lakin ümumilikdə dövlətlər əməkdaşlıq, müxtəlif layihələrin investisyalaşdırılması, iqtisadi əlaqələr üçün müxtəlif imkanların yaradılması işini davam etdirir.

Məhz bu səbəbdən iki il əvvəl prezidentlər İlham Əliyev və Vladimir Putinin ölkələr arasında ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması haqda qarşıya qoyduqları məqsədə nail olmaq mümkün olur. Belə ki, 2007-ci il yanvarın 1-dən etibarən Rusiya qazının Azərbaycana nəqlinin dayandırılmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi bu ilin ilk 4 ayında 8,5% artıb. Halbuki "qaz məsələsi" sözügedən göstəricinin 450-500 milyon dollar azalmasına səbəb olmalı idi. Qaz və elektrik enerjisi nəqlinin həcmini nəzərə almasaq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 28,5% yüksəlib. Konkret desək, Azərbaycandan ixrac 71%, idxal isə 14,5% artıb.

 

Hədəf - 2 milyard dollar

Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrinin fikrincə, iki ölkə arasında ticarət dövriyyəsinin artması yüksək qiymətlərə malik maşınqayırma kompleksləri və digər məhsulların təchizatı ilə əlaqədardır. Belə ki, hazırda ticarət dövriyyəsinin 30%-ni maşınqayırma cihazları təşkil edir. Eyni zamanda, Rusiyadan Azərbaycana inşaat və ərzaq məhsullarının idxalı da artıb. Şedrinin sözlərinə görə, Azərbaycandan ixrac olunan malların nomenklaturasında metal boruların ixracı istisna olmaqla, ciddi dəyişiklik yoxdur. "Biz qaz nəqlinin dayandırılması ilə yaranan boşluğun doldurulması və yaxın illərdə prezidentlərin qarşıya qoyduğu məqsədə nail olaraq ticarət dövriryyəsinin 2 milyard dollara çatdırılması istiqamətində ciddi səylə çalışırıq", - deyə Şedrin qeyd edib. Onun fikrincə, bu məqsədə nail olmaq üçün imkanlar var və bunun üçün ticarət dövriyyəsi strukturunun təkmilləşdirilməsi, prosesə yüksək texnologiyaların tətbiqi, telekommunikasiya, informasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın təşkil edilməsi lazımdır.

Bununla yanaşı, Rusiya Federasiyasının subyektləri və ayrı-ayrı şirkətlər də Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar. "Rusiyanın Orenburq və Kemerovo vilayətləri Azərbaycana maraq göstərir. Hazırda onlarla "Azərbaycanla ticari-iqtisadi və mədəni əməkdaşlığa dair" razılaşma hazırlanır. Bundan başqa, Krasnodar vilayəti də Azərbaycana böyük maraq göstərir. Beləliklə, Rusiya Federasiyasının Azərbaycanla birbaşa əlaqələr quran subyektlərinin sayı 15-dək yüksələ bilər", - deyə Y.Şedrin bildirib. 

Onun sözlərinə görə, avqust-sentyabr aylarında Azərbaycanın nümayəndə heyətinin Sverdlovsk, sentyabrda isə Moskva vilayətinə səfərləri gözlənilir. "Bu səfərlərdə məqsəd ticari-iqtisadi əlaqələrin gücləndirilməsidir", - deyən Şedrin Tatarıstanla əlaqələrin də dinamik şəkildə inkişaf etdirildiyini söyləyib ("İnterfaks-Azərbaycan").

 

Qarşılıqlı fayda

Ayrı-ayrı şirkətlərə gəlincə, bu gün Azərbaycan hökumətilə "KamAZ" arasında danışıqlar gedir. Müzakirələr xüsusi respublika sektorunun yaradılması və ümumilikdə xalq təsərrüfatına aid aparılır ("İnterfaks-Azərbaycan"). "Ən prinsipial məsələ Azərbaycanın imtiyazlı şəraitin yaradılmasına razı olub-olmaycağıdır. İlk növbədə, söhbət vergi və elektrik enerjisinin tariflərindəki güzəştlərdən gedir", - deyə Şedrin qeyd edib. 

Qeyd etmək lazımdır ki, hələ bu məsələyə dair qərar olmasa da, "KamAZ" Azərbaycan bazarının fəal iştirakçılarından biridir. Rusiyadan Azərbaycana ixrac olunan avtomobillərin böyük bir hissəsi məhz "KamAZ"-da istehsal olunur. Bundan başqa, tərəflər arasında "KamAZ" markasının şassisinin Azərbaycana ixracı və onun bazasında tikinti və Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunan xüsusi texnikaların yığılmasına dair razılaşma var.

Yaxın zamanlarda "Ural Optik-mexanika Zavodu" İstehsalat Birliyinin Azərbaycana ixracla bağlı ciddi əlaqələr yaradacağı tamamilə mümkündür. Bu, bir müddət əvvəl Parisin  "Le Burce" aviasalonunda sözügedən şirkət və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndələri arasındakı görüşün nəticələrinə əsasən baş tuta bilər. Qeyd edək ki, hələlik tərəflər arasında sözügedən istehsalat birliyinin Azərbaycan nümayəndəliyinin açılmasına dair şifahi razılıq əldə olunub. "Bu şirkətin nümayəndələri Azərbaycanda olublar və müəyyən danışıqlar aparıblar. Lakin onlar yerli bazarın xüsusiyyətlərini bilmir. Belə ki, bunun üçün hər hansı qurumun burada daimi nümayəndəliyinin fəaliyyət göstərməsi lazımdır. Yaxın zamanlarda bu qurum Azərbaycanda öz nümayəndəsini yerləşdirəcək və artıq bu postu tutacaq namizədin kimliyi də müəyyənləşdirilib", - deyə Y.Şedrin bildirib.

Bununla yanaşı, Şedrinin sözlərinə görə, Rusiya şirkətləri Azərbaycanda traktor və digər kənd təsərrüfatı texnikalarının istehsalı və nəqlində, buraya tibbi avadanlıqların, avtobusların, dəmir yolu sisternlərinin, lokomotivlərin gətirilməsində, Bakı Metropoliteninin vaqon parkının yenilənməsində maraqlıdır.  Eyni zamanda o, Rusiyanın yalnız Azərbaycana investisiya qoymaqda deyil, həmçinin Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya yatırmasında maraqlı olduğunu söyləyib: "Azərbaycanın maliyyə imkanları artır və onun nəhəng regional layihələri maliyyələşdirmək imkanları yaranır ki, buraya Rusiyada həyata keçirilə biləcək layihələr də aiddir. Bu istiqamətdə icra edilməsi düşünülən və mümkün olan bir sıra perspektiv layihələr var". Qeyd edək ki, Rusiya Azərbaycana Volqo-Don kanalının ikinci hissəsinin tikintisində iştirakı təklif edib. Bundan başqa, hazırda Rusiya tərəfi "Azərsun Holding" şirkətinin Tomsk vilayəti və Krasnodarda çay fabriklərinin yaradılması təklifini öyrənir.

 

Problemləri çözmək lazımdır

Bütün bunlarla yanaşı, Azərbaycanla Rusiyanın iqtisadi ticarət əlaqələrində heç də hər şey tam aydın və problemsiz deyil. Belə ki, Rusiyanın bir sıra şirkətlərinin burada müəyyən problemlər yaşadığı məlumdur. Bu problemlər isə əsasən həmin qurumların lazımi dərəcədə şəffaf olmaması, monopoliyaya can atması, həmçinin zəif hüquqi bazaya malik olması ilə əlaqədardır. Şedrin də etiraf edib ki, bu  həm Azərbaycan, həm də Rusiya üçün xarakterikdir.

Sözügedən problemlərin aradan qaldırılması məqsədilə daimi əlaqələndirici metodik mərkəzin yaradılması qərara alınıb. "Hazırda Azərbaycanda 400-dən artıq şirkət Rusiya kapitalı ilə fəaliyyət göstərir. Onlarda aparılan monitorinqlər göstərib ki, bu şirkətlərdən 300-dən artığı sabit  şəkildə fəaliyyət göstərir. Lakin kiçik və orta sabibkarlıq fəaliyyəti ilə məşğul olanlar fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bir qədər dəstəyə ehtiyac duyur", - deyən Şedrin əlavə edib ki, Azərbaycanda "bir günlük"- maxinasiya məqsədi güdən Rusiya şirkətlərinin olmaması sevindirici haldır. Onun fikrincə, sərhəd və gömrük buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində işlər görülməli, nəqliyyat infrastrukturu yaxşılaşdırılmalıdır və "əks halda uğur əldə etmək mümkün deyil".


MƏSLƏHƏT GÖR:

351