13 Mart 2025

Cümə axşamı, 09:00

"QANLI CÜMƏ"

Tunisdən Fransayadək: terrorun qarşısını nə ala bilər?

Müəllif:

07.07.2015

KİV iyunun 26-nı "Qanlı cümə" elan edib. Bu, Tunisdə, Küveytdə və Fransada, demək olar ki, eyni anda terror aktları silsiləsinin baş verdiyi gündür. Eyni vaxtda Somali və Suriyada da partlayışlar, hücumlar haqda xəbərlər gəlib. Lakin çoxdan müharibənin tüğyan etdiyi Suriya və Somalidən qanlı hadisələrlə bağlı az qala gündə gələn xəbərlərə hər kəs sanki vərdiş edibsə, sabitliyin hökm sürdüyü Fransa və Küveytdəki hadisələr, həmçinin Tunis çimərliyində günün günorta çağı, əsasən, britaniyalı və almaniyalı turistlərin amansızcasına güllələnməsi dünya ictimaiyyəti üçün əsl şok olub.

İlk xəbərlər Fransadan gəlib. Lion yaxınlığında Air Products Zavodunun əməkdaşı olan Yassin Sali adlı bir nəfər işə gedərkən yolda rəhbərinin başını kəsib. Daha sonra rəhbərin kəsilmiş başını hasarın üstünə keçirən Sali başsız bədəndə ərəb dilində bir neçə söz yazıb və meyitlə "selfi" çəkib. O, fotonu Kanadadakı "islamçı dostu, son zamanlaradək Suriyada vuruşmuş tanışının" mobil telefonuna göndərib. Sali daha sonra qaz balonu vasitəsilə partlayış da törətməyə çalışsa da, buna macal tapmayıb və onu həbs ediblər.

Bir qədər sonra şok xəbər Tunisdən gəlib. Burada terrorçular qayıq vasitəsilə dənizdən "Imperial Marhaba" hotelinin ərazisinə daxil olub, çimərlikdə dincələn insanları atəşə tutmağa başlayıblar. Terror aktı nəticəsində 40 nəfər həlak olub, 40-dan çox insansa yaralanıb.

Küveytdə isə kamikadze cümə namazı vaxtı şiə məscidinə girərək üzərindəki partlayıcını işə salıb. Nəticədə, 24 nəfər dünyasını dəyişib, 200-dən çox insan yaralanıb.

Son iki terror aktına görə məsuliyyəti "İslam Dövləti" təşkilatı öz üzərinə götürüb. Qeyd edək ki, qruplaşma cəmi 1 gün əvvəl tərəfdarlarını Ramazan ayı zamanı "fəallaşmağa", "kafirlərə əzab verməyə" çağırmışdı.

Fransada törədilmiş terror aktına gəlincə, prokurorluq Salinin də İD ilə əlaqələrini üzə çıxarıb.

İlk baxışdan, sanki, bunların heç biri indiyədək görünməmiş hadisə deyil - terror aktları əvvəllər də baş verib. Onlar sərtliyinə, həlak olan insanların sayına, hətta ssenarisinə görə əvvəlki terror aktlarına bənzərdir. 2013-cü ilin mayında Londonun Vulviç rayonunda kazarma yaxınlığında terrorçular Britaniya ordusunun 25 yaşlı hərbçisi Li Riqbinin başını kəsmişdilər. Bu, Lionda yaşananlarla çox oxşardır. Küveytdə törədilmiş terror aktına gəlincə, o, əksər Yaxın Şərq ölkələrində sünnilərlə şiələr arasında gedən qarşıdurmanı xatırladır: sərt, sürəkli, barışmaz. Bu qarşıdurmanın terrorçuların xeyrinə işlədiyi aydındır.

Bütün bunların fonunda bir "əmma" var. "Əl-Qaidə" dövrülə müqayisədə, İD-nin mövcud olduğu dövrdə dünya ictimaiyyəti özünü daha narahat hiss edir - İD daha miqyaslı və daha iddialıdır. İndi mümkün terror təhlükəsi durmadan artır, onun qarşısının alınmasına yönəlmiş səylər isə, demək olar ki, nəticə vermir. Amerikalıların İD ilə hətta İraq və Suriya kürdlərinin, İraq şiələrinin dəstəyilə apardığı mübarizə hələlik ciddi nəticələr vermir. Səudiyyə Ərəbistanı nümayişkaranə şəkildə Yəməndəki qarşıdurma ilə məşğuldur, Türkiyə arqumentlərinə əsaslanaraq, mübarizəyə tam qoşulmur. Bu üzdən də, müşahidəçilər artıq Amerika-İran, İsrail-Misir, hətta... İran-İsrail ittifaqları haqda danışırlar. İran qonşularının fonunda, həqiqətən də, İD-yə cavab verə biləcək qüvvə təsiri bağışlayır. Moskvaya gəlincə, o, bütün region dövlətlərinin səylərini birləşdirəcək koalisiyanın yaradılması ideyasını dəstəkləyir. Bununla yanaşı, ruslar Suriya prezidenti Bəşər Əsədin də oyunda qalmasını istəyir. Buna Böyük Britaniyanın baş naziri Devid Kemeronun reaksiyası konkret olub. Onun fikrincə, İD ilə mübarizə üçün Əsədlə birləşmə birmənalı şəkildə yanlış addım olardı. Bununla yanaşı, böyük regionun kiçik terror təşkilatları arasında İD-yə sadiqlik nümayiş etdirənlərin sayı durmadan artır. Bu mənada İD, həqiqətən də, dövlətə, lakin orta əsrlərə aid dövlətə bənzəyir: vassallar süzerenə sadiqliklərini nümayiş etdirmək üçün sanki yarışa giriblər. Lakin İD-ni "dövlət" adlandırmaq çox təhlükəli və yanlışdır. Onlar bunu bütün dünyanın beyninə yeridiblər və bu, heç də əbəs deyil. Məsələ ondadır ki, İD hələlik öz "dövlət"ini məhz ona görə uğurla "yaratmaqdadır" ki, onun ərazilərini ələ keçirdiyi dövlətlər əsas funksiyalarını lazımınca həyata keçirə bilmirlər. Terrorçulara yalnız effektiv ordu, daxili qoşunlar, xüsusi xidmət orqanları formalaşdırmaq, onu nəzarətdə saxlamaq iqtidarında olan dövlətlər sinə gərə bilər. Bunun üçün isə müəyyən gücə malik iqtisadiyyat və siyasi sabitlik tələb olunur. Hazırda Yaxın Şərqdə bu göstəricilərinə görə öyünə biləcək dövlətlərin sayı çox azdır. Xüsusilə son illərdə "ərəb baharı" fonunda bu ölkələrdə dövlət institutlarının zəiflədiyi müşahidə olunur. Odur ki, indi beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədləri nəzərə alınmadan, böyük ərazilərdə varvarlar hökmranlıq edir. O varvarlar ki, insanları qəfəslərə dolduraraq yandırır, suda batırır və s. İD-nin əsas hədəfi hansı yolla olursa olsun, xaos və qorxu yaratmaqdır.

Tunis - yeri gəlmişkən, "ərəb baharı" məhz bu ölkədən başlayıb - də güclü iqtisadiyyatı, qüdrətli ordusu ilə öyünə bilməyəcək dövlətlərdəndir. Daim lokal radikal qruplaşmalarla mübarizə aparan bu dövlət indi "özbaşına" olan Liviya və Əlcəzairlə qonşudur. Tunis turizmdən çox asılıdır. Milli gəlirlər arasında turizmdən gələn gəlirlər ikinci yerdədir. Terrorçuların hədəfi də şübhəsiz ki, Afrikanın Aralıq dənizi bölgəsində turistləri qorxutmaq olub - məzuniyyət mövsümü ən qızğın çağına yenicə qədəm qoymaqdadır. Xatırladaq ki, martda Tunisdə 2 terrorçu Bardo Milli Muzeyinə hücum edərək 22 nəfəri qətlə yetirmişdilər. Ölkənin turizm naziri Selma Rekik Elluminin sözlərinə görə, 2015-ci ildə terror aktlarının Tunis iqtisadiyyatına vurduğu zərər 450 milyon avrodan artıq ola bilər.

Bu arada ərəb dünyasının ən güclü dövlətlərindən olan Misirlə bağlı narahatlıq durmadan artır. Sinaya mütəmadi olaraq, İD ilə əlaqəli terrorçuların hücumları baş verir. Tunis, Fransa və Küveytdə törədilmiş terror aktlarından bir neçə gün sonra Şimali Sinay əyalətində bir neçə Misir postuna, həmçinin Şeyx Züveyd şəhərində polis məntəqəsinə hücumlar olub. Nəticədə, təxminən, 50 nəfər həlak olub, hansısa müddətə şəhərə nəzarət itib. Bundan başqa, iyunun 30-da Qahirədə baş prokuror Hişam Barakat qətlə yetirilib. Bu, hökumətin ünvanına sərt tənqidlərə yol açıb - rəsmi Qahirə təhlükəsizliyə nəzarət edə bilməməkdə təqsirləndirilir. Misir HHQ isə Sinayın şimalında yerləşən yaraqlı bazalarına bir neçə aviazərbə endirib, vəziyyətə nəzarət etdiyini, durumun "sabit, lakin qorxulu" olduğunu bəyan edib. Misirin baş naziri İbrahim Mahlab isə ölkənin "müharibə şəraitində" olduğunu açıqlayıb. Misir hökuməti xüsusilə İD ilə hazırda ölkədə terrorçu qurum sayılan "Müsəlman qardaşlar" təşkilatının ittifaq yarada biləcəyindən narahatdır. Qeyd edək ki, "Müsəlman qardaşlar" qonşu Tunisdə, Liviyada, Suriyada da böyük nüfuza malikdir və Qahirədən qisas almaq üçün məqam gözləyir.

Bununla yanaşı, Tunisdəki terror aktı həm də avropalılara qarşı yönəlib. Bu, avropalıların Məğrib və Yaxın Şərqin heç bir ölkəsində özlərini təhlükəsizlikdə hiss edə bilməyəcəkləri deməkdir. Amma onlar özlərini heç evlərində də təhlükəsizlikdə hiss etmirlər. Hakim Sosialist Partiyasından deputat Patrik Menuççi bildirib ki, "Fransa müharibə şəraitindədir". Tanış ifadədir? Avropalı siyasətçilər hadisələrin istənilən formada inkişafına hazır olduqlarını göstərməyə çalışırlar. Fransanın baş naziri Manuel Vals pərt şəkildə bildirib ki, terror aktlarının davam edəcəyi istisna deyil. Məsələ, sadəcə, onların harada və nə vaxt törədiləcəyindədir. Baş nazirin sözlərinə görə, Fransa ölkənin tarixində görünməmiş terror təhlükəsilə üz-üzədir. Hazırda ölkədə 15 minədək radikal sələfi var və onların əksəriyyəti döyüşmək üçün Suriyaya, İraqa yollanır, oradan Fransaya böyük döyüş təcrübəsilə qayıdırlar. Vals Fransa parlamentinin artıq iki antiterror qanununa səs verdiyini xatırladıb, hökumətin 5 min xüsusi obyektinin mühafizəsinə 30 min polis, jandarm və hərbçi cəlb etdiyini yada salıb.

Böyük Britaniyanın baş naziri Devid Kemeron isə İD-nin Birləşmiş Krallıqda silsilə terror aktları törətməyə hazırlaşdığını bəyan edib.

İtaliya da istisna deyil. İtalyan polisi tərəfindən saxlanılmış Pakistan vətəndaşı Romaya və Vatikana hücumlar hazırlamaqda şübhəli bilinir. İtaliya və Albaniyada həyata keçirilmiş antiterror reydləri nəticəsində İD ilə əlbirlikdə şübhəli bilinən onlarla insan saxlanılıb. Bənzər addımlar digər Avropa ölkələrində də, xüsusilə strateji obyektlərin, dövlət qurumlarının mühafizəsi sahəsində atılır. Amma məgər hər bir zavodun, ofisin, supermarketin və ya bulka istehsalçısının qarşısına mühafizəçi qoymaq mümkündürmü? Elə Fransanın özündə bu yaxınlarda Kauşi qardaşları "Charlie Hedbo" nəşrinin jurnalistlərini güllələmədilərmi? Yaxud supermarket ziyarətçilərini girov götürmüş Əhməd Kulibali bu günədək müzakirə mövzusu deyilmi? Məgər, hər kəsi güdmək mümkündürmü və mümkündürsə belə, avropalılar üçün təhlükəsizlik neçəyə başa gələcək? Bəziləri cəmiyyətin səfərbər olmasının vacibliyini bildirir. Amma siyasətçilər və liderlərin sayı baxımından prezidentsiz olan terrora qarşı marşın bir köməyi olmadı. Bəs, Avropa hansı taktikanı seçməlidir?

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Federika Moqerini bu terror aktlarının Avropanı, həmçinin ərəb dünyası ölkələrini terrorçuluqla mübarizədə birləşdirdiyini bildirib. Amma, elə eyni Avropa multikulturalizm siyasətinin iflasa uğradığını etiraf edir, Yaxın Şərqdən, Məğribdən gələn miqrant axını qarşısında şok yaşayır, Aİ ölkələri onlar üçün faydasız olan bu insanların öhdəsindən necə gəlməklə bağlı müzakirələr aparır. Miqrantları isə çətin ki, nəsə şoka salsın - onlar öz vətənlərində elə bəlalar yaşayırlar ki, Brüsselin onlara qarşı gördüyü heç bir tədbir miqranta "ağır" gəlmir. Bəs, onlar terror təhlükəsinə qarşı fransızlarla, italyanlarla və ya britaniyalılarla çiyin-çiyinə dayanacaqlarmı? Bu, başqa məsələdir.

Maraqlıdır ki, terrorçular haqda ilkin rəylər neytral və təəccüblüdür. Çimərlikdə təşkil edilmiş hücumda iştirak etmiş 22 yaşlı tunisli tələbə Seyfuddin Ruzqui (o, "turist kimi" geyinib və avtomatı əraziyə çimərlik çətirində keçirib) haqda deyirlər ki, o, polisdə qeydiyyatda deyilmiş. Terrorçunun Liondan olan qonşuları onu sakit insan kimi xarakterizə edirlər.

35 yaşlı 3 uşaq atasını isə ümumiyyətlə, məsciddə görən olmayıb. İnsanlar Salinin bu əməli niyə Ramazanda törətdiyini anlaya bilmir və bunu dinlə əlaqələndirmirlər.

Fransa nəşrləri yazır ki, əksər miqrantlar, hətta artıq ötən nəslə aid olanlar assimilyasiya olunmurlar, çox cüzi gəlir əldə edirlər və əksər hallarda kriminala cəlb olunurlar. Miqrantların valideynləri övladlarına təhsil sahəsində heç nə, heç bir perspektiv vəd edə bilmirlər. İD isə üfunətli miqrant məhəllələri əvəzinə onlara yeni romantik reallıqlar vəd edir. Get-gedə belə bir fikir səslənir ki, İD özünü gözdən salmış və ölmüş kommunizmin bayrağını qaldırır və hər kəsin yalnız özünü düşündüyü liberalizmlə kapitalizmə cavab olaraq mağar ədalətini təklif edir. İstənilən halda, belə çıxır ki, terrorçular yalnız avtomatlara deyil, "yumşaq güc" ilə təsir rıçaqlarına da malikdirlər. "Qanlı cümə" bir daha göstərir ki, Tunisdən Böyük Britaniyayadək bütün beynəlxalq birliyin İD təhlükəsinə sinə gərə bilməsi üçün "indi biz müharibə şəraitində yaşayırıq" kimi sadə fikri təkrarlamaqdan daha çox şey tələb olunur.



MƏSLƏHƏT GÖR:

595