
YIĞMAYA GÖRƏ TƏŞVİŞ
Ermənilər iki matçda bizim millimizin indiyədək Dünya və Avropa Çempionatının seçmə mərhələsində edə bilmədiyini gerçəkləşdirdilər
Müəllif: Kamil ƏLİYEV Bakı
Futbol üzrə Azərbaycan millisi 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində daha iki qarşılaşmanı arxada qoydu və bu matçlar haqda təəssüratlar heç də birmənalı deyil. Rəqiblər - Polşa və Qazaxıstan müxtəlif olduğu kimi, onlarla qarşılaşmada alınan hesablar da müxtəlif oldu: birincilərlə matçda Şahin Diniyevin yetirmələri 1:3 hesabı ilə məğlub oldular, Qazaxıstanla qarşılaşma isə heç-heçə başa çatdı - 1:1.
Tofiq Bəhramov adına Respublika Stadionunda Finlandiya yığması üzərində qazanılan sensasion qələbədən sonra (1:0), millinin tərkibində çıxış edən uşaqlar uğuru Polşa millisi ilə matçda da təkrarlamaq fikrində idilər. Üstəlik, polyaklarla azərbaycanlı futbolçuların köhnə hesabı olduğu məlumdur. 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu millinin komandamızı darmadağın etdiyi də unudulmamışdı (0:5). 2006-cı ildə keçirilən ötən seçmə mərhələdə dünya birinciliyinin finalları uğrunda yarışda isə Polşa daha böyük hesabla üstün olmuşdu (səfər qarşılaşmasında 0:8!).
Matça qayıdaraq qeyd edək ki, qarşılaşmanın əvvəli qonaqlar üçün kifayət qədər gözlənilməz oldu və polyaklar baş verənlərdən çaşıb qaldılar. Artıq 6-cı dəqiqədə Azərbaycan millisi rəqibin qapısından bir top keçirdi: Alim Qurbanovun sol cinahdan verdiyi dəqiq ötürməni ələ keçirən Branimir Subaşiç iti bucaq altında vurduğu zərbə ilə Şotlandiyanın "Seltik" klubunun da qapısını qoruyan Artur Borutsu məğlub etdi.
Qoldan dərhal sonra meydan sahibləri daha bir neçə təhlükəli vəziyyət yaratmağa nail oldular. Bu məqamlarda xüsusilə qonaqların müdafiə xəttini yorulmadan gərginlikdə saxlayan Ramazan Abbasov, həmçinin, ardıcıl olaraq hücumlara qoşulan, lakin nəticə əldə edə bilməyən Xəqani Məmmədov daha fəal görünürdü. Bununla yanaşı, etiraf etmək lazımdır ki, ilk yarının sonlarına yaxın Azərbaycan futbolçuları mövqelərini rəqibə verməyə və hesabı qorumaq uğrunda oynamağa başladılar.
Oyunçu dəyişikliyi kömək etmədi
Fasilədən sonra da oyunun axarı dəyişmədi və qonaqlar meydanda özlərini ev sahibi kimi aparmaqda davam etdilər. 50-ci dəqiqədə hücumu gücləndirmək istəyən Şahin Diniyev Xəqani Məmmədovun yerinə perspektivli Vaqif Cavadovu buraxsa da, bu, əks-effekt verdi. "Qarabağ"ın hücumçusu qalan müddət ərzində nəinki hücumu gücləndirmədi, hətta meydanda itib-bataraq heç bir ciddi epizod yarada bilmədi. Leo Beenxakkerin yetirmələri isə əksinə, tempi artıraraq 73-cü dəqiqədə hesabı bərabərləşdirə bildilər. Cinahdan cərimə meydançasına atmadan sonra müdafiəçilərdən hündürə tullanan Smolyarek topu Fərhad Vəliyevin qoruduğu qapıya göndərdi.
Diniyev oyunu xilas etmək ümidi ilə meydana Alim Qurbanovun əvəzinə hücumçu İlqar Qurbanovu buraxsa da, bu da kömək etmədi və bir qədər sonra "Volfsburq"un yarımmüdafiəçisi Yasek Krjınovek ikinci topu millimizin qapısına vurdu.
Əsas vaxtın son dəqiqəsində isə o özünün ikinci, komandasının isə üçüncü qolunu Azərbaycan millisinin qapısından keçirdi.
Oyundan sonra keçirdiyi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi komandasının bundan artığına qadir olmadığını etiraf etdi. "Məğlubiyyətə baxmayaraq, bizim rəqibə layiqli müqavimət göstərdiyimizi və ləyaqətlə uduzduğumuzu düşünürəm. Komandamız pis oynamadı və rəqibə layiqli müqavimət göstərdi", - deyən Şahin Diniyev fikirlərinə belə davam edib. - "Etiraf etməliyəm ki, bizim lazımi nəticəni əldə etməyə gücümüz çatmadı. Futbolçularımız oyuna yaxşı başladılar, hesabı açdılar və demək olar ki, bütün birinci hissəboyu meydanda ağalıq etdilər. Lakin fasilədən sonra onlar yoruldular və fiziki formaları oyunçulara rəqibləri ilə sonadək mübarizə aparmağa imkan vermədi. Hesab edirəm ki, qonaqlar bizə səviyyə və dayanıqlı xarakterləri sayəsində qalib gəldilər".
Polşa yığmasının baş məşqçisi Leo Beenxakker isə oyu-nun əvvəlində belə iflasla üzləşəcəklərini gözləmədiyini etiraf edib: "Qarşılaşma bizim üçün çox uğursuz başladı. Oyundan əvvəl heç kim qapımızda erkən qol görəcəyini düşünmürdü. Düşünürəm ki, həmin qol bizim oyunun əvvəllərində yol verdiyimiz ciddi səhvlərin nəticəsi idi. Vəziyyəti yalnız fasilədən sonra xeyrimizə dəyişə bildik. Qoldan sonra azərbaycanlılar müdafiəyə keçərək, faktiki olaraq bütün komanda ilə hesabın qorunmasına oynadılar ki, bu da bizim üçün ciddi çətinliklər yaratdı. Xoşbəxtlikdən, futbolçularım ikinci hissənin ortalarında oyunun gedişini dəyişdirə bildilər və təşəbbüsü ələ aldılar. Düşünürəm ki, oyunun dönüş anı Smolyarekin qolu oldu və ondan sonra biz şansı əldən verməyəcəyimizə inandıq. Etiraf edirəm ki, həmin qoladək mən oyunu xilas edə bilməyəcəyimizdən qorxurdum. Varşavadakı qarşılaşma ilə müqayisədə sizin milliniz möhtəşəm oyun göstərdi və görünür ilk matçdan sonra Azərbaycan millisinin məşqçi heyəti müvafiq nəticələrə gələrək qərarlar qəbul edib".
Vaxtsız qələbə
Polşa millisi ilə qarşılaşmadan sonra komandamız Qazaxıstan yığması ilə oynamaq üçün bu ölkəyə yollandı. Qeyd edək ki, bu matçdan əvvəl qazaxlar öz meydanlarında gözlənilmədən ermənilərə məğlub olmuşdular. Görünür, rəqib hələ ermənilərə məğlubiyyətin təsirindən çıxmamışdı və bu səbədəndir ki, millimiz meydana çıxan zaman diktor Qazaxıstan millisinin Ermənistan yığması ilə (Azərbaycan millisi əvəzinə) qarşılaşdığını bəyan etdi. Amma bir qədər sonra o, səhvini düzəltdi.
Matça gəlincə, ilk dəqiqələrdən Qazaxıstan millisinin qapısı "Xəzər-Lənkəran"ın 20 yaşlı forvardı Vüqar Nadirovun həmlələrinə məruz qaldı. O, 5 və 20-ci dəqiqələrdə real qol şanslarını əldən verdi. Üçüncü cəhddə isə axır ki, David Loriyanı üstələyə bildi. 30-cu dəqiqədə Ceyhun Sultanovdan pas alan Vüqar cərimə meydançasının sağ küncündən vurduğu dəqiq zərbə ilə topu rəqib qapısından keçirdi.
İlk hissənin sona çatmasına dəqiqələr qalarkən isə qarşılaşmanın lüksenburqlu baş məşqçisi Albert Tousant bizim cərimə meydançamızda millimizin oyunçusu Ramin Quliyevə qarşı kobudluğa görə Maksim Jalmaqambetovu meydandan qovdu. Bundan sonra düşünmək olardı ki, hesabda irəlidə olan və bir oyunçu üstünlüyə malik millimiz rəsmi qarşılaşmalarda ilk səfər qalibiyyətini əldən buraxmayacaq. Amma Şahin Diniyevin yetirmələri, görünür, qələbələrinə vaxtından əvvəl əmin oldular. Birinci hissənin bitməsindən sonra dəyişək otağına yollanan zaman onların bir-birlərini qələbə münasibətilə təbrik etmələri də belə düşünməyə əsas verirdi.
İkinci hissəyə mübarizə əzmi ilə çıxan qazaxların oyunçusu Ruslan Baltiyev artıq 49-cu dəqiqədə təhlükəli zərbə endirsə də, top qapıdan azca aralı keçdi. Lakin cəmi üç dəqiqə sonra o, Jumuskaliyevin pasını qəbul edərək hesabı bərabərləşdirə bildi. 64-cü dəqiqədə meydan sahiblərinin kapitanı millimizin qapıçısı Cahangir Həsənzadənin səhvindən yararlanaraq, qapımızdan daha bir qol keçirsə də, hakim topun oyundankənar vəziyyətdən vurulduğu səbəbilə onu hesaba almadı. Qalan vaxt ərzində millimizin oyunçularından Branimir Subaşiç və sonradan Aslan Kərimovun yerinə meydana çıxan Emin İmaməliyev qol üçün imkan əldə etsələr də, son anda dəqiq oynaya bilmədilər.
Beləliklə, Azərbaycan milli futbol komandası səfər matçları sindromundan yaxa qurtara, Avropa və dünya çempionatlarının seçmə mərhələləri çərçivəsində səfərdə ilk qarşılaşmasını qazana bilmədi. Qazaxıstan millisi ilə heç-heçə oynayan Azərbaycan yığması 5 xal toplayaraq, 2002-ci ildə seçmə mərhələnin sonunda eyni xal toplayan İqor Ponomaryovun rəhbərlik etdiyi komandanın rekordunu təkrarladı.
Qazaxlarla qarşılaşmadan sonrakı mətbuat konfransında Şahin Diniyev ilk olaraq rəqibi yaxşı oyun münasibətilə təbrik etdi: "Hazırda biz Avropa futbolunun ortababları sayılırıq. Lakin artıq beş xal toplaya bilmişik. Bir müddət əvvələdək seçmə mərhələdə komandamız iki xaldan artıq qazana bilmirdi. Amma indi biz bəzi Avropa milliləri üçün başağrısına çevrilirik. Qazaxıstanla qarşılaşmaya gəlincə, hər iki yığma qələbə qazanmaq istədiyindən kifayət qədər qol epizodları yarandı. Düşünürəm ki, qazax futbolçuların yaranan vəziyyətləri qola çevirmələri üçün sadəcə ustalıqları çatmadı. Ümumilikdə mən nəticədən çox, yetirmələrimin göstərdiyi oyundan məmnunam".
Rəqibin baş məşqçisi Arno Paypersin fikirlərini dinləyək: "Hər iki komandanın qələbə şansı eyni idi. Xatırladım ki, bizim Bakıda keçirdiyimiz ilk qarşılaşma da heç-heçə başa çatmışdı, növbəti oyunda isə biz üstün olmuşduq ("Alma TV" turnirində Qazaxıstan millisinin Azərbaycan yığması üzərində 1:0-lıq qələbəsi nəzərdə tutulur - red.). Bu dəfə biz yenidən heç-heçə ilə ayrılmalı olduq. Düşünürəm ki, qarşılaşmanın əvvəlində oyunçularım Ermənistan millisi ilə oyunda olduğu kimi, çoxsaylı səhvlərə yol verdilər. Baxmayaraq ki biz bir xal qazanmışıq, özümü dünyanın ən xoşbəxt insanı saymıram. Əminəm ki, bu matçda daha artığına nail ola bilərdik. Qırmızı vərəqəyə gəlincə, mən həmin oyunçuma qarşı çox əsəbiyəm".
Maraqlıdır ki, Polşa və Qazaxıstan ilə son iki qarşılaşmada millimiz hesabı açan tərəf olsa da, hər iki halda üstünlüyünü qoruya və ya hesab arasında fərqi daha da artıra bilməyib. Beləliklə, əgər əvvəl səfər sindromundan danışılırdısa, indi biz Azərbaycan millisinin yeni sindrom yaşadığını müşahidə edirik. Söhbət əldə edilmiş üstünlüyün qorunub saxlana bilməməsindən gedir. Görünür, millinin məşqçi heyəti məhz bu məqam üzərində işləməlidir.
Amma təbii ki, işlənilməli olan digər məqamlar da yox deyil. Bununla yanaşı, müsbət məqam da var. Belə ki, son üç qarşılaşmanın hər birində (Finlandiya, Polşa və Qazaxıstan milliləri ilə) komandamız qol vura bilib ki, bu da bizi sevindirməyə bilməz.
Erməni sensasiyası
Ən maraqlısı isə Azərbaycan-Qazaxıstan qarşılaşmasından sonra baş verdi. Belə ki, millimizin oyunundan bir qədər sonra, Polşa yığmasını öz meydanında qəbul edən Ermənistan komandası ən böyük sensasiyaya imza ataraq rəqibə 1:0 hesabı ilə qalib gəldi.
Qeyd edək ki, dörd gün ərzində (2-6 iyun) Azərbaycan və Ermənistan milliləri eyni rəqiblərlə qarşılaşıblar - Polşa və Qazaxıstan. Amma Şahin Diniyevin yetirmələri Tofiq Bəramov adına Respublika Stadionunda Polşaya 1:3 hesabı ilə məğlub olublar, qazaxlarla isə səfərdə 1:1 oynayıblarsa, ermənilər ilk matçı 2:1, ikinci oyunu isə 1:0 hesabı ilə qazanıblar.
Son qələbədən sonra ermənilər qrupda altıncı yerə yüksəliblər və onların hesabında 7 xal var. 6 xallı Qazaxıstan millisi yeddinci, millimiz isə 5 balla sonuncu pillədədir.
Yəni, ermənilər son iki matçda bizim bütünlükdə dünya və Avropa birinciliklərinin seçmə mərhələləri çərçivəsində reallaşdıra bilmədiyimizi həyata keçiriblər - 5 xaldan çox xal qazanmaq. Azərbaycan millisinin "Avro-2008"in seçmə mərhələsi çərçivəsində növbəti qarşılaşmaları ermənilərə qarşı keçirəcəyini düşündükdə isə insanı sadəcə təlaş hissi bürüyür...
MƏSLƏHƏT GÖR: