
DƏNİZİN O TAYINA YATIRILAN SƏRMAYƏ
"Açıq qapı" siyasəti Azərbaycan iş adamla-rının qərbi Qazaxıstana marağını artırır
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Regional tərəfdaşlığın səmərəli nümunələrindən biri də Azərbaycanla Qazaxıstanın əməkdaşlığıdır ki, nəticədə, Qazaxıstanda Azərbaycana İxrac və Sərmayə Yatırımının Dəstəklənməsi Fondu - AZPROMO-nun təmsilçilik ofisi fəaliyyətə başlayıb. Ofisin rəhbəri Elşən Qurbanovun sözlərinə görə, fondun əsas fəaliyyət istiqamətləri hələ keçən ilin payızında müəyyənləşdirilib. Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarının yerli bazara çıxarılması, həmçinin mədəniyyət və turizm sahəsində münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlər kimi nəzərdə tutulub. Bu məqsədlə yaxın ölkələrin - Rusiya, Qazaxıstan, Gürcüstan, İran, Türkiyə, Türkmənistanın bazarlarının hərtərəfli təhlili həyata keçirilib. Əlbəttə, Qazaxıstan bazarının potensialı çox böyük olsa da, lakin diqqət bütün Qazaxıstan deyil, onun qərb hissəsi üzərində cəmləşdirilib. Həm də bu bölgəyə diqqət yetirilməsinin özəl səbəbləri də var.
2006-cı ildə Astanada iqtisadi inkişaf naziri Heydər Babayevin bu dost ölkənin rəsmi şəxsləri ilə görüşləri nəticəsində, Azərbaycana Manqıstau vilayətinin hakimi (qubernatoru) Krımbek Kuperbayev dəvət aldı. Səfər çərçivəsində onun ölkəmizin prezidenti və digər rəsmi şəxslərlə görüşləri baş tutdu ki, onların gedişində regional əməkdaşlığın formaları müəyyənləşdirildi, iki ölkənin təmsilçilərinin iştirakı ilə biznes-forum keçirildi. 2007-ci ilin may ayında iş adamlarımızın Aktauya işgüzar səfəri təşkil edildi. Səfərdə əsas məqsəd Azərbaycanın iş adamlarını Manqıstau vilayətində iri investisiya layihələri ilə - Aktau-sitinin inşası, Kurık şəhərində dəniz limanı və gəmi təmiri zavodunun inşası, Kəndərlidə yeni turist klasteri, Aktau beynəlxalq dəniz ticarət limanında azad iqtisadi zonalar yaradılması və i. a. tanış etmək idi. Bu layihələri həyata keçirən beynəlxalq və qazax işgüzar dairələri ilə bir sıra görüşlər nəticəsində Azərbaycanın iş adamları onların da tərəfdaşlıq, yaxud subkontrakt əsası ilə iştirakda yüksək səviyyədə maraqlı olduqlarını göstərdilər.
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin qeyd etdiyi kimi, iki ölkənin tarixi, mədəni, coğrafi yaxınlığı onların xalqları arasında məhsuldar münasibətlərin inkişafını şərtləndirir. Nazir yaxın vaxtlarda kommersiya strukturları arasında da möhkəm tərəfdaşlıq münasibətlərinin qurulacağına əmin olduğunu bildirdi.
Qazaxıstan bazarına böyük maraq göstərən və onun potensial imkanlarını qiymətləndirən ilk Azərbaycan şirkətlərindən biri "Caspian Service" şirkəti olub. Bakıdakı Biznes-Mərkəzdə keçirilən sərgini gəzərkən, Manqıstau vilayətinin hakimi K.Kuşerbayev şirkətin layihələri ilə maraqlandı.
Əslində, o, Aktau şəhərində 150 mənzilli bələdiyyə binası inşa edən və artıq onu istismara verən bu şirkətin fəaliyyəti ilə tanışdır. Şirkətin digər bir layihəsi isə şəhərin işgüzar mərkəzində 16 mərtəbəli binanın (ticarət mərkəzi və restoran kompleksilə birlikdə) inşa edilməsidir.
Bazarın xüsusiyyətləri və şirkətin Qazaxıstandakı qurumunun fəaliyyəti haqqında "Caspian Service" şirkətinin direktorlar şurasının sədri Rəhim Ələddin oğlu Sultanovla təqdim etdiyimiz söhbətdən məlumat əldə etmək olar.
- Fürsətdən istifadə edərək, K.Kuşerbayevi Bakıda və bölgələrdə, Gürcüstan, Rusiya, Əfqanıstanda həyata keçirdiyimiz layihələr barədə məlumatlandırdıq, onu Aktauda bulvarın abadlaşdırılması planı ilə tanış etdik. Layihə qubernatoru maraqlandırdı və o, bizi Aktauda "Qərbi Qazaxıstanın investisiya imkanları" seminarının işində iştiraka dəvət etdi.
Azərbaycana ən yaxın olan bu bölgə Xəzərdə ən qədim şəhərdən - Bakıdan hava ilə cəmi 50 dəqiqəlik uçuş məsafəsindədir. Bizdə onların qibtə edə biləcəyi bir potensial var. Belə ki, Aktauda Azərbaycanın bir neçə tikinti şirkəti işləməyə başlayıb. Azərbaycan şirkətinin ölkə hüdudlarından kənarda fəaliyyətinin önəmini dərk etdiyimizdən, yeni binanın təməlinin qoyulmasını məhz həmin səfər dövrünə saldıq ki, əməkdaşlığımızın sözdə, maket və layihələrdə deyil, real işdə olduğunu bir daha nümayiş etdirək. Təməlqoyma mərasimində Azərbaycanın iqtisadi inkişaf naziri H.Babayev, Manqıstau vilayətinin qubernatorunun müavini Mixail Bortnik, Qazaxıstanın ölkəmizdəki səfiri A.Şukputov, Azərbaycanın Qazaxıstanda səfiri L.Qəndilov iştirak edirdilər ki, bu da ikitərəfli əməkdaşlığımızın nə dərəcədə önəmli olduğunu göstərir. Bu kompleksin "Khazar Palace" adlandırılması da təsadüfi deyil və təməli qoyulan kapsulda prezident Nursultan Nazarbayevin Xəzərin bizi ayırmadığı, əksinə, birləşdirdiyi barədə sözləri də var idi.
Rəsmi şəxslərin, dövlət və özəl strukturların təmsilçilərinin iştirakı kommersiya münasibətlərinin qurulmasına olan maraqdan, həmçinin sahibkarlığın dəstəklənməsindən xəbər verir. Bu tədbirə KİV-lər, televiziya böyük diqqət göstərdi. Təməlqoyma bütün dünyada kifayət qədər əlamətdar fakt sayılır və bu, sülh, yeniləşmə, yeni imkanlar rəmzidir.
İki dövlətin iqtisadi siyasəti həm siyasət, həm də işgüzar münasibətlər sahəsində qarşılıqlı faydalı münasibətlərin inkişafına yönəlib. Bu səfər çərçivəsində iş adamlarının iştirakı ilə biznes-forumlar keçirilir, yeni əlaqələr yaradılır, təmas nöqtələri tapılır. Özəl şirkətlərin daha yüksək maraq göstərmələri isə dövlətin timsalında müdafiəyə zəmanət verilməsinə əsaslanır.
"Yer. Hava. Dəniz" proqramı çərçivəsində təşkil olunan sərginin işində tikinti sektoru, qida sənayesi, neft maşınqayırması, mühəndislik və s. təmsil edən Azərbaycan şirkətlərinin iştirak etmələrinə baxmayaraq, şirkətlərimizin öz bizneslərini diversifikasiya edərək, Qərbi Qazaxıstana daha böyük maraq göstərmələrini istərdik. Bu bazar çox perspektivlidir. Bu, şumlanmağa ehtiyacı olan xam torpaqdır. Məsələn, indi Azərbaycanın meyvə-tərəvəz məhsullarına kəskin tələbat var. Bundan başqa, onlar mütəxəssislərimizin bu və ya digər proqramın gerçəkləşdirilməsi üzrə təcrübəsinə üz tuturlar - daş üzərində oyma işlərinə böyük maraq göstərilib. Fəal tikinti bumu illəri ərzində binaların fasadının üzlənməsində XX əsrin əvvəllərindəki ənənələrimizi bərpa etmişik. Qazaxıstan inşaatçıları üçün keramoqranit və alkaponla yanaşı, Abşeronun "gülbax" daşı ilə işləmək də maraqlıdır. Başqa sözlə, əməkdaşlıq üçün geniş imkanlarımız var.
Öz tərəfindən, Azərbaycan Respublikası İqtsadi İnkişaf Nazirliyi də kommersiya münasibətlərinin qurulması üçün hər cür şərait yaradır. Qazaxıstanda AZPROMO qurumunun açılması buna daha bir nümunədir.
MƏSLƏHƏT GÖR: