
EVLƏR İSTİ VƏ İŞIQLI OLACAQMI?
Yaqub Eyyubov: "Azərbaycan qaza olan tələbatını öz ehtiyatları hesabına tam təmin edir"
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
2007-ci ildə Azərbaycan hökuməti yanacaq-energetika balansının təsdiqini bir qədər ləngitdi ki, bu da ölkənin tələbatının təmin edilməsi üçün Rusiya qazının idxalından imtinadan sonra neft məhsulları və təbii qaz hasilatının həcminin dəqiqləşdirilməsi zərurəti ilə izah olunurdu. Ölkənin yanacaq-energetika bazarındakı mövcud duruma isə "R+"un müxbiri ilə söhbətində baş nazirin birinci müavini Yaqub Eyyubov aydınlıq gətirib.
- Yaqub müəllim, Azərbaycanın 2007-ci il üçün yanacaq-energetika balansının hazırlanması hansı mərhələdədir?
- Yanacaq-energetika balansı artıq təsdiq edilib. Enerji daşıyıcılarının istehsalı və ixracının bütün həcmləri hesablanıb, həm də bu zaman bütün göstəricilər artıqlaması ilə nəzərdə tutulub. Əvvəllər ölkənin elektrik enerjisi istehsalına tələbatı elektrik stansiyalarına Rusiyadan qaz tədarükü hesabına təmin edilməsinə baxmayaraq, bu gün biz hətta başqa ölkələrə elektrik enerjisi və qaz satmağa da cəhd göstəririk.
- Zəhmət olmasa, Azərbaycanın təbii qaza olan tələbatını və bizim hansı həcmdə qaz ixrac edə biləcəyimizi konkretləşdirin...
- Hazırda ölkənin qaza tələbatı bütövlükdə daxili ehtiyatlar hesabına təmin olunur və bu ehtiyatlar təxminən, 8 mlrd kub.m təşkil edir. Müvafiq olaraq, artıq qalan həcm satılacaq. 2007-ci ildə "Şahdəniz" yatağından, təxminən, 5,6 mlrd kub.m qaz çıxarılması planlaşdırılır, özümüzün qaz hasilatımızın isə 6 mlrd kub.m səviyyəsində olacağı gözlənilir. Plana görə, gələn il yataqda hasilatın həcmi 8 mlrd kub.m təşkil edəcək, Dövlət Neft Şirkəti də elə bu qədər qaz hasil etməyi planlaşdırır. Hazırda Azərbaycan Gürcüstana sutka ərzində "Şahdəniz" yatağından 1 mln. kub m, öz ehtiyatlarımızdan da 1,3 mln kub.m qaz ixrac edir. Hələlik qazımızı təkcə Gürcüstana satırıq.
- Yaxın gələcəkdə hansı həcmdə təbii qaz satışından danışmaq olar və tarif parametrləri necədir?
- 2007-ci ildə Gürcüstana 500-700 mln kub.m həcmində qaz ixrac etmək planlaşdırılır. Bunun təxminən, 300 mln kubmetrini "Şahdəniz" yatağında hasil olunan qaz təşkil edəcək, Gürcüstana "Azəriqaz" SC-nin öz ehtiyatları hesabına nə qədər qaz tədarük ediləcəyi isə hələ dəqiqləşdirilir. Biz Gürcüstana tələbatı olan qədər qaz verməyi planlaşdırırıq. Lakin əsas məqsədimiz qazın Cənubi Qafqaz qaz kəməri ilə Türkiyəyə ixracı başlanan kimi Avropa bazarlarına çıxmaqdır. Xatırladım ki, prezident İlham Əliyev hələ dövlət başçılarının Polşa sammitindəki müzakirələri zamanı Avropa enerji təhlükəsizliyi təminatında Azərbaycanın iştirak etmək planlarını açıqlayıb. Biz Avropaya Türkiyə vasitəsilə çıxmaq fikrindəyik. Tariflərə gəldikdə, hazırda Gürcüstana "Şahdəniz" yatağından qaz hər min kub.m üçün $63 satılır, "Azəriqaz" isə öz qazını 120 dollara ixrac edir.
- Zəhmət olmasa, 2007-ci ildə neft hasilatı və neft məhsullarının istehsalı ilə bağlı durumu təsvir edin.
- Əvvəlki illərdə olduğu kimi, neft hasilatı həcmləri sabit olaraq qalmaqdadır və azalma yoxdur. Yeganə dəyişiklik ondadır ki, 2007-ci ildə Bakıdakı neftayırma zavodlarında mazut istehsalının həcminin 800-900 min ton artacağı gözlənilir. Bütövlükdə isə onlar 2,5-2,6 mln t mazut istehsal edəcəklər. Mazut istehsalı templərindəki belə artım 2007-ci il yanvar ayının 1-dən etibarən Rusiyadan 4,5 mlrd kub.m qaz idxalından imtina etməyimizlə bağlıdır. Bu səbəbdən mazut istehsalı üçün emala daha çox neft göndəririk. Əgər əvvəllər bu neft məhsulunun bir hissəsi ixrac edilirdisə, indi biz onun yalnız bir hissəsini satışa çıxarır, qalanını isə elektrik enerjisi istehsalına yönəldirik.
Ümumiyyətlə, Rusiyadan qaz idxalından imtina neft məhsulları ixracına qətiyyən təsir göstərməyib, çünki ARDNŞ elektrik stansiyalarına yanacaq tədarükünü qaz hasilatını artırmaq hesabına təmin edib. Azərbaycan qazının maya dəyəri xeyli ucuz olduğu halda, Rusiyadan hər 1000 kubmetrinin qiyməti $235 olmaqla qaz almağın nə mənası var?
- Tarif Şurasının elektrik enerjisinin tariflərinin qaldırılması haqqında 8 yanvar 2007-ci il tarixli qərarı ondan istifadəyə necə təsir göstərib və yanacaq-energetika balansında hansı istehsal həcmləri nəzərdə tutulub?
- Bölgələrdə elektrik enerjisindən istifadə təxminən 20% azalıb ki, bu da ilin əvvəlində tariflərin qaldırılması, ən əsası isə sayğaclar qoyulması sayəsində elektrik enerjisi sərfinin düzgün qeydiyyatının aparılması ilə bağlıdır. Yanacaq-enerji balansında 25 mlrd kvt/saat elektrik enerjisi istehsal etmək nəzərdə tutulsa da, fikrimcə, təxminən, 22-23 mlrd kvt/saat istehsal olunacaq. İstehsal həcminin azalması elektrik enerjisi istehlakının azalması ilə izah olunur. Biz elektrik enerjisi istehsalında bahalı yanacaqdan istifadə etməklə, sonradan onu satışa çıxarmağı zəruri saymırıq. Hərçənd artıq bu gün Azərbaycan Gürcüstan və Rusiyaya elektrik enerjisi ixrac edir. Gürcüstanla enerji axınları mübadiləsi edilir - Gürcüstan bizə yayda elektrik enerjisi verir, Azərbaycan isə onu elə həmin həcmdə qış dövründə geri qaytaracaq. Rusiyadan isə enerjini həm alır, həm də ona satırıq. Lakin indidən bu il nə qədər ixrac edəcəyimizi konkret demək çətindir və bu, ilk növbədə, ölkənin imkanları ilə bağlı olacaq. Satışı balansdan və yaranan durumdan asılı həyata keçirəcəyik.
- Əvvəlcədən ödənişlə işləyən qaz və elektrik sayğaclarının tətbiqi planları barədə nə deyə bilərsiniz?
- Artıq pilot layihəsinin həyata keçirilməsinə başlayırıq. Qaz sayğacları əvvəlcə Gəncədə quraşdırılacaq və artıq Fransanın "Actaris Metering Systems" şirkəti ilə 60 000 sayğac tədarükü barədə müqavilə də bağlanıb. Əvvəlcədən ödənişli elektrik sayğaclarının pilot layihəsi ilə quraşdırılması Gəncə və Şəki rayonunda həyata keçiriləcək. Abonentlərin sayı nəzərə alınmaqla, 80-100 min sayğac alınacaq. Gəncədə əhali üçün Çində yığılmış sayğaclar, Şəkidə isə "Actaris" şirkətinin sayğacları quraşdırılacaq.
Sayğacların quraşdırılması xərclərini "Azəriqaz" və "Azərenerji" çəkəcək, yəni bunun istehlakçılara təsiri olmayacaq. Bir qaz sayğacı $140 başa gələcək. Elektrik enerjisi sayğacının qiyməti bir qədər fərqli olacaq, çünki o həm komplektləşdirmədən asılıdır, həm də əlavə qoruyucular, qutular quraşdırmaq tələb olunur. "Actaris" şirkətinin istehsalı olan belə sayğacların özünün təxmini qiyməti $100 yaxın olacaq.
- Bütün respublikada belə sayğacları nə qədər müddətə quraşdırmaq olar?
- Əvvəlcə pilot layihəsinin nəticələrini gözləmək və belə idarəetmə sisteminin bizə nə verəcəyini görmək lazımdır. Enerjiyə qənaət edilməsi, istehlak olunan qaz və elektrik enerjisinə görə ödənişin 100% yığılması üçün belə sayğacların quraşdırılması bütövlükdə çox sərfəlidir. Prosesin sürətlənməsi əhalinin enerji daşıyıcılarından istifadə balansı əldə etmək üçün əvvəlcədən necə vəsait ödəyəcəyindən asılıdır. Azərbaycanın tam təmin edilməsi üçün, təxminən, 1 mln qaz və 1 milyondan artıq elektrik sayğacı lazımdır.
MƏSLƏHƏT GÖR: