15 Mart 2025

Şənbə, 00:44

MÜNAQİŞƏSİZ BİZNES

Azərbaycan əhəmiyyətli qaz ixracatçısına çevrilir

Müəllif:

15.06.2007

Bütün bədbin proqnozlara baxmayaraq, bu gün Azərbaycan dünyanın neft bazarında öz yerini tutub. Bir azdan isə ölkə Avropaya qaz ixrac edən əhəmiyyətli ölkəyə də çevriləcək. İstənilən alternativ marşrut Köhnə Dünyanın Xəzərin Azərbaycana aid sektorundan hasil olunan "mavi yanacaq"a marağını azalda bilməz.

Bu məsələnin ölkə üçün nə qədər vacib olmasına ən yaxşı izahı prezident İlham Əliyev bir müddət əvvəl Bakıda keçirilən ənənəvi "Xəzər neft və qaz" sərgisinin açılışında çıxış edərkən verib: "Ötən ilin noyabrında biz Avropa İttifaqı ilə enerji məsələlərində qarşılıqlı anlaşma və strateji tərəfdaşlığa dair memorandum imzalamışıq. Bu çox əlamətdar və deyərdim ki, tarixi hadisədir. Belə ki, Azərbaycan qaz ixrac edən ölkəyə çevrilməklə öz qazını Avropa bazarlarına çıxartmaq fikrindədir. Analoji sənəd - enerji sahəsində strateji tərəfdaşlığa dair razılaşma Azərbaycanla ABŞ arasında da imzalanıb. Bütün bu məsələlər bizim müstəqilliyimizin möhkəmlənməsi və uğurlu inkişafımız üçün mühüm əhəmiyyət daşıyır".

 

Bir proqrama yarım milyard

Bu gün Azərbaycanın başlıca məqsədi özünü qazla tam təmin etmək və Avropa bazarlarına çıxmaqdır. İlk hədəfə artıq nail olunur. Amma... "Bu il ARDNŞ-ın geniş qaz proqramının icrasına başlamasına baxmayaraq, hələ ki neft şirkətimizin hasil etdiyi "mavi yanacaq" tələbatı tam ödəmir. Amma ötən illə müqayisədə neft şirkətinin hasil etdiyi qazın həcmi iki dəfə artacaq. Yəni, yalnız ARDNŞ 8 milyard kubmetr qaz hasil edəcək. Gələn il "Şahdəniz" yatağından da eyni həcmdə qaz əldə ediləcəyini nəzərə alsaq, Azərbaycanın qaza olan tələbatının tam ödəniləcəyini, həmçinin, ölkəmizin etibarlı qaz ixracatçısına çevriləcəyini söyləmək olar", - deyə İ.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycanda ARDNŞ tərəfindən həyata keçirilən qaz hasilatının artırılmasına dair proqram 500 milyon manat dəyərində qiymətləndirilir və ona bu il 300 milyon manat qoyulacaq. Şirkətin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu gün ARDNŞ sutkada hasil edilən qazın həcmində rekord əldə edib: 15,5 milyon kubmetr. O, bu rəqəmin artacağını da əlavə edib. Bu qazın şəbəkəyə vurulması üçün isə infrastrukturun müasirləşdirilməsinə ehtiyac var. İlk növbədə, "Günəşli" yatağında böyük işlər görüləcək. Bu işlər 27 yeni yatağın qazılması, neft hasilatı zamanı atmosferə buraxılan qazın sistemə qaytarılması, kəmərlərin çəkilməsi, "Azəriqaz" Səhmdar Cəmiyyətinin kəmər infrastrukturunun normal hala gətirilməsi və s. əhatə edir. 

Ən vacibi odur ki, bütün bunlarla yanaşı aşkar olunan karbohidrogenlərin həcmində artım tendensiyası müşahidə olunur. Belə ki, artıq dəqiqləşdirilmiş hesablamalara görə, "Azəri-Çıraq-Günəşli" yatağında əlavə olaraq 500 milyon ton karbohidrogen ehtiyatı aşkar edilib. İndi buradakı karbohidrogen ehtiyatının həcmi 1,350 milyard tondur. Bu isə səkkiz yeni yatağın tapılmasına bərabərdir. 

"Şahdəniz" yatağında isə 1,2 trilyon kubmetr qaz var, daha 330 milyard isə "Azəri-Çıraq-Günəşli"dən çıxarılacaq.

"Öz tələbatımızı ödəmək üçün bu bizə ən azı 100 ilə bəs edəcək. Eyni zamanda mən qarşıdakı illərdə yeni yataqların aşkar olunacağına da əminəm", - deyə İlham Əliyev bildirib.

ARDNŞ-də də əmin edirlər ki, qurum nikbin proqnozlara əsaslanaraq, "əllərini yanına salıb" oturmağı düşünmür. "Biz yeni kəşfiyyat işləri həyata keçirəcəyik. Bu isə karbohidrogenlərin Qazaxıstan və Türkmənistanın iştirakı olmadan da boru xətti ilə ixracına imkan yarada bilər", - deyə ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, bir neçə ay öncə Fransanın "Total" şirkəti boru kəmərinin nəql gücünün kifayət etməyəcəyindən narahatlığını ifadə edərək, yeni variantların axtarışının zəruri olduğunu bildirib: "Onlar bunu dedikdə mən güldüm. Əvvəl şirkətdə bildirirdilər ki, mövcud karbohidrogenlər boru xətlərinin doldurulması üçün kifayət deyil. İndi isə əlavə tədbirlər haqda danışılır. Bir sözlə, biz boruları dolduracağıq və yataqlarımızdakı ehtiyatlar buna imkan verir".

 

Avropa bazarlarında yeni oyunçu

"Şahdəniz" yatağından üçüncü quyunun istismara verilməsi ilə yatağın hasilatı sutkada 15 milyon kubmetrədək artıb ki, bu da yanacağın Türkiyəyə ixracına başlamağa imkan verir. Amma bu hələ yalnız birinci mərhələdir. "Avropanın qaz təchizatında alternativ marşrutlara ehtiyac duyduğu məlumdur. Azərbaycanın ümumi qaz ehtiyatları 3 trilyon kubmetrdir və lazım gələrsə, biz Avropanın qaz təchizatı sistemlərinin diversifaksiyasına dəstək verə bilərik", - deyə ARDNŞ-in investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib. - "Azərbaycan-Avropa marşrutu üzrə qaz nəqlinin artırılması regionun qaz sisteminin əsas elementlərindən biridir. Biz bu məsələ ilə bağlı kommersiya danışıqlarına başlamağa hazırıq". Onun sözlərinə görə, bu məsələnin həllində əsas faktor Azərbaycanın bu layihələrdə iştirakının kommersiya şərtləridir: "Azərbaycan artıq bəyan edib ki, o, Xəzər qazının, heç bir siyasi aspektdən asılı olmayaraq, Avropa bazarlarına etibarlı və şəffaf şəkildə çatdırılmasını həyata keçirməyə hazırdır".

Başqa sözlə, Türkmənistan, Qazaxıstan və Rusiya arasında ilk iki ölkənin qazının sonuncunun ərazisindən keçməklə Avropa ölkələrinə nəqli haqda əldə edilmiş razılaşma Azərbycanın Avropa bazarlarına çıxmaq planlarına mane olmur. Bunu ABŞ dövlət katibinin müavini Metyu Brayza da təsdiqləyib: "Qazprom" 20 il ərzində Avropanın qazla təminatını həyata keçirən əsas şirkətlərdən biri olub. Lakin bu sistemin tələbatçıları üçün o, ideal olmayıb və bu səbəbdən şəbəkənin yenilənməsinə ehtiyac var". 

İqtisadi səmərəlilik baxımından yanaşdıqda məlum olur ki, Azərbaycan ərazisindən qazın nəqli 2,5, türkmən qazının Rusiya ərazisindən nəqli isə 2,9 dollara başa gəlir. "Bu çox yaxşı marjadır. Niyə də ondan istifiadə olunmasın?" - deyə M.Brayza qeyd edib.

Bu məsələdə söhbət Rusiya və "Qazprom"la hər hansı qarşıdurmadan getmir. Bu sadəcə rəqabətin şahlıq etdiyi biznesdir. ABŞ dövlət katibinin müavini fikrini belə davam etdirib: "Biz hansısa ölkələri bir-birinə qarşı qoymaq istəmirik. Bizə lazım olan sadəcə Avropaya qaz nəqli ilə bağlı alternativ mənbələrin əldə edilməsidir. Heç kəsi bazardan sıxışdırmırıq və yalnız marşrutun müxtəlifliyinin səmərəli olduğunu göstəririk".

ARDNŞ-in vitse-prezidenti Nəsirov hesab edir ki, Azərbaycan ərazisindən qaz nəqlinin gerçəkləşməsi Asiya ölkələri üçün də səmərəli olacaq. Belə ki, bu, vasitəçi olmadan bazar qiymətləri ilə yanacağın əldə edilməsi, gələcək infrastrukturda nəqlə görə paya sahib olmaq, həmçinin, əlavə tariflər deməkdir. "Eyni zamanda Avropaya yeni infrastrukturun qurulması, vaxtlı-vaxtında nəqlin reallaşması, qaz borusunun keçəcəyi hər bir ölkədə fasiləsiz nəqlin təmin ediləcəyinə zəmanət lazımdır. Daha uzunmüddətli bazarlara marşrutun olması Xəzəryanı ölkələrin marağındadır. Ona görə də alternativ marşrutla bağlı qərarın qəbul ediləcəyinə heç bir şübhə yoxdur", - deyə Elşad Nəsirov bildirib.

 

İştirakçıdan tamhüquqlu səhmdara

Bu gün artıq dəqiq məlumdur ki, Türkmənistan, Qazaxıstan və Rusiya arasında əldə edilmiş razılaşma birincinin qazının Avropa bazarlarına yalnız Rusiya ərazisindən keçməklə nəql olunacağı demək deyil. Əksinə, Avropada əmindirlər ki, məhz bu Mərkəzi Asiya ölkəsi Azərbaycanla birlikdə lazımi həcmdə qaz verəcək ki, bu da onun NABUCCO kəməri ilə nəqlinə kifayət edəcək. "Biz türkmən qazına yol açmaq üçün Azərbaycan kəmərinin Transxəzər vasitəsilə uzadılmasını, sahil sistemlərinin qurulması variantlarını da nəzərdə tutmuşuq", - deyə bir müddət əvvəl NABUCCO Gas Pipeline International GmbH beynəlxalq qaz kəmərinin icraçı direktoru Raynhard Mitçek bildirib.

Onun sözlərinə görə, layihə üçün qaz təchizatçıları Azərbaycan, Türkmənistan, Rusiya, İran, İraq və Misir olacaq. "2006-cı ildə Avropa 5 milyard kubmetr qaz istehlak edib ki, onun da böyük hissəsi Rusiya, Afrika və Şimal dənizindən nəql olunub. 2030-cu il üçün Avropanın qaza olan tələbatının 700-800 milyard kubmetrə çatacağı proqnozlaşdırılır ki, həmin dövrə "mavi yanacaq"ın istehsalı 200-dən 120 milyard kubmetrədək azalacaq", - deyə o bildirib. Bununla yanaşı, Rusiya Avropaya qaz nəql edən yeganə və əsas ölkə olaraq qalacaq: "Xəzər regionu və Yaxın Şərq qaz ixracı planında vacib regionlardır. Bizə Xəzər regionu,Türkiyə, Bolqarıstan, Macarıstan və Avstriyanı birləşdirəcək yeni marşrut lazımdır ki, bu da NABUCCO olacaq".

Qeyd edək ki, NABUCCO Rusiya və Mərkəzi Asiyadan yan keçməklə Avropa İttifaqı ölkələrinə, ilk növbədə, Avstriya və Almaniyaya uzanacaq 3,3 min km uzunluğunda qaz boru xəttidir. Layihədə onun ildə 26-32 milyard kubmetr qaz nəql etməsi nəzərdə tutulub və borunun inşasının 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin qiyməti isə 6,2 milyard dollara bərabərdir. Onun inşası üzrə konsorsiumda bu şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulqarqaz (Bolqarıstan), S.N.T.G.N. Transqaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan). 

İlk olaraq 2004-cü ildə təqdim olunan NABUCCO layihəsi İran və Fars körfəzindən qaz nəqlini nəzərdə tuturdu. 2006-cı ildə İranın nüvə proqramı ətrafında yaranan problemlə əlaqədar olaraq layihəyə dəyişiklik edilməsi və Türkmənistan, Özbəkistan və Azərbaycandan (Fineko) qaz nəqlinə imkan yaratmaq haqda qərar qəbul edilib.

Bununla yanaşı, Türkmənistan qazının İran ərazisindən keçməklə Azərbaycana nəqlinə dair Tehranla Bakı arasında aparılan danışıqlar hələ nəticə verməyib. "İran türkmən qazını yalnız Türkmənistanın satmaq istədiyi həcmdə almağa razıdır. Azərbaycan üçün Qazaxıstan və Türkmənistan qazının öz ərazisindən keçməsi daha sərfəlidir, nəinki kiçik həcmdə "mavi yanacaq" almaq və onunla bazarda alver etmək", - deyə E.Nəsirov bildirib.

İstənilən halda, bu gün Azərbaycan yalnız layihə çərçivəsində tranzit ölkəsi olmağa yox, həmçinin onun səhmdarlarından birinə çevrilməyə hazırdır və görünür, Avropa şirkətləri Bakının bu istəyini dəstəkləmək fikrindədir. Hər halda, elə həmin Mitçek ARDNŞ-in prezidenti R.Abdullayevlə görüşündə Avstriya şirkətləri adından bu təklifə razılığını verib.


MƏSLƏHƏT GÖR:

412