
DÜNYANIN O BAŞINDA
Bakı üçün Latin Amerikası dövlətləri ilə hərtərəfli əlaqələrin yaradılması vacibdir
Müəllif: İlqar MUXTAROV Bakı
Beynəlxalq arenada Azərbaycan təməli keçən əsrin 90-cı illərinin ortalarında qoyulan kursa ardıcıl olaraq riayət edir. Bu kursun əsasını Azərbaycan dövlətinin və onun vətəndaşlarının maraqlarının digər ölkələrlə qarşılıqlı münasibətlərdə dünya siyasəti və iqtisadiyyatının əsas coğrafi vektorları üzrə tarazlaşdırılmış yanaşma yolu ilə möhkəmləndirilməsi təşkil edir.
Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsinə 15 ildən çox bundan əvvəl başlanıb. Azərbaycanla bu bölgənin ölkələri arasında siyasi münasibətlərin inkişafı isə 90-cı illərin sonundan etibarən önəmli dərəcədə inkişaf etməyə başlayıb. Nəticədə, 1999-cu ilin iyun ayında Azərbaycanın ofisi Vaşinqtonda olmaqla, Meksikada ilk səfiri təyin edildi - Hafiz Paşayev. Qeyd etmək lazımdır ki, H.Paşayevin təşəbbüsü ilə Amerika Dövlətləri Təşkilatında (ADT) akkreditə olunan ölkələrin təmsilçiləri ilə (Qərb yarımkürəsinin 35 dövləti ADT üzvüdür) təmaslar quruldu. Bu, həmin təşkilatda müşahidəçi statusu qazanmaq məsələsinin araşdırılması üçün edilmişdi. ADT-də ölkəmizin təmsilçisinin akkreditə edilməsinin məqsədəuyğunluğunu bu ən qədim beynəlxalq təşkilatda cərəyan edən prosesləri diqqətlə izləmək imkanı, həmçinin, Latın Amerikası bölgəsi ölkələri ilə ikitərəfli təmasların asanlaşdırılması (bu qitədə Azərbaycanın səfirlik və təmsilçiliklərinin olmadığı nəzərə alınaraq) şərtləndirirdi. Belə bir şəraitdə diplomatik xidmətimizin ADT-yə öz müşahidəçimizi göndərmək məsələsinin həlli istiqamətində atdığı addımlar tamamilə düzgün və məqsədəuyğundur. Həmin təmaslar nəticəsində 2001-ci ilin aprel ayında Latın Amerikası ölkələri Azərbaycanı dəstəkləyərək, ona ADT-də müşahidəçi statusu verdilər. Bu, ölkəmizə ADT Baş Assambleyalarında, müxtəlif konfranslarda və i. a. rəsmi səviyyədə iştirak edərək, təşkilata daxil olan bütün ölkələri Azərbaycanın beynəlxalq siyasətinin əsas istiqamətləri, o cümlədən Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən işğalı barədə real informasiya ilə təmin etməyə imkan verir.
ADT-nin illik sessiyaları yüksək səviyyəli görüşləri hazırlamağa, BMT Baş Assambleyası çərçivəsində hazırlanan ikitərəfli və çoxtərəfli görüşlərin gündəliyi və məzmununu müəyyənləşdirməyə yardımçı olan işçi dialoqlar keçirməyə imkan verir. Bu sessiyalarda iştirak Latın Amerikası ölkələrinə münasibətdə uğurla gerçəkləşdirdiyimiz xarici siyasət kursumuzun müstəqilliyinə dəlalət edir.
Qeyd etmək lazımdır ki, hazırda Latın Amerikasında sabit iqtisadi inkişaf meyli müşahidə edilməkdədir. Üstəlik, daxili siyasi sabitlik də möhkəmlənməkdədir ki, bu da çox önəmlidir. Beynəlxalq birliyin fəal rol oynadığı tam bir sıra razılaşmaların bağlanmasından sonra, durum mürəkkəb və uzun sürən daxili silahlı münaqişələrdən demokratik inkişafa keçməyə imkan verdi ki, bu zaman konstitusiyaya əsaslanan dövlət institutları getdikcə daha çox möhkəmlənir, siyasi mübarizə isə hüquqi meydanda aparılır.
Bu gün insan ehtiyatları, iqtisadi, elmi və mədəni potensial nəzərə alınmaqla, Latın Amerikası ölkələrinin beynəlxalq arenada siyasi nüfuzunun güclənməsi meyli, onların BMT Təhlükəsizlik Şurasında və beynəlxalq birliyin digər rəhbər orqanlarında təmsil olunmağa (Braziliya) can atmaları müşahidə edilməkdədir.
Siyasi təmasların son-rakı genişlənməsi həm biznes və energetika, həm də iqtisadiyyat sahəsində iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsilə birbaşa bağlıdır.
İqtisadi islahat təkcə Azərbaycanın nəsibi deyil. Ölkəmizin həll etməyə cəhd göstərdiyi eyni problemlərlə (işsizlik, xarici borc, əmtəələrin dünya bazarında rəqabət qabiliyyətinin aşağı olması, beynəlxalq maliyyə institutları ilə qarşılıqlı münasibətlər) üzləşən ayrı-ayrı Latın Amerikası ölkələrində iqtisadi dəyişikliklər proseslərinin araşdırılması sosial-iqtisadi prosesləri proqnozlaşdırmağa, öz iqtisadi proqramının gerçəkləşdirilməsi zamanı səhvlərdən xilas olmağa imkanı verər.
Latın Amerikası ölkələri ilə münasibətlər qurulması sahəsində Azərbaycan müqavilə-hüquqi bazanın inkişaf etdirilməsinə böyük önəm verir ki, bu da ikitərəfli əməkdaşlığın əsas elementidir. Hazırda bölgənin Argentina, Braziliya, Meksika, Çili, Peru kimi ölkələrinin ekspertləri ilə bir sıra ikitərəfli sazişlərin razılaşdırılması prosesi gedir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Cənub yarımkürəsi ölkələri ilə münasibətlərində 2005-2006-cı illərdə müşahidə olunan önəmli irəliləyiş ölkəmizin bu bölgənin dövlətləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsinin təməlini qoydu. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun Cənubi Amerikanın aparıcı dövlətlərinə - Argentina, Braziliya, Çili, Kubaya ilk rəsmi səfərinin gedişində bir sıra ikitərəfli sazişlər imzalandı. Ölkə rəhbərliyi tərəfindən Argentina, Meksika və Kubada diplomatik təmsilçiliklər açılması barədə qərar qəbul edildi. 19-21 aprel 2006-cı ildə Bakıda Heydər Əliyev Fondu ilə birlikdə Latın Mədəniyyəti Akademiyasının (mənzil-qərargahı Rio-de-Janeyroda yerləşir) "Avrasiyanın mədəni fərqləri: Azərbaycan - sivilizasiyalar arasında dialoqda keçmiş və bu gün" adlı XII Beynəlxalq Konfransı keçirilib. Konfransda dünyanın, Latın Amerikası ölkələri də daxil olmaqla, 20-dən artıq ölkəsindən mədəniyyət xadimləri, alimlər, yazıçılar, ədəbiyyatşünaslar və tədqiqatçılar iştirak etdilər.
Latın Amerikası siyasətinin fəallaşdırılması Azərbaycanın həm cari, həm də uzunmüddətli maraqlarının diqtə etdiyi obyektiv zərurətdir. Ölkəmizin Latın Amerikası ölkələrində diplomatik fəaliyyət dairəsini genişləndirmək, bölgənin istisnasız olaraq bütün dövlətlərilə diplomatik münasibətlərini qurmaq, Latın Amerikası ölkələrinin BMT və digər beynəlxalq təşkilatlardakı təmsilçilərilə bir sıra beynəlxalq problemlər üzrə yaxın və ya üst-üstə düşən mövqelər əsasında təmasları gücləndirmək, dövlət başçılarının qarşılıqlı əsaslarla səfərlərinin, tələbə və müəllim-professor heyəti nümayəndələri mübadiləsinin, sərgilər təşkil edilməsi və mədəni proqramların və i. a. sayını artırmaq zəruridir.
Azərbaycanın xarici siyasət vektorunda Laıtn Amerikası vektorunun meydana çıxması ölkəmizin milli maraqlarına cavab verir, dünyanın aparıcı ölkələrinin bölgə dövlətlərilə əməkdaşlığının təhlilinə əsaslanır. Latın Amerikası bizim üçün Azərbaycanın dünya siyasi və təsərrüfat əlaqələrinə inteqrasiyası üçün körpülərdən biri kimi çox önəmlidir.
MƏSLƏHƏT GÖR: